Campbell Biologiya kitabının hüceyrə bölümü

İlk, borunun içində linzalardan ibarət mikroskop 1590-cı ildə Hans və Zacharias Janssen tərəfindən icad olunmuşdur. Giovanni Faber “mikroskop” terminini ilk dəfə 1609-cu ildə Galileo-nun icad etdiyi aləti təsvir etmək üçün istifadə etmişdir. Yəni çoxumuzun düşündüyü kimi mikroskopiya Antoni van Leeuwenhoek (1632-1723) və Robert Hook-la (1635-1703) başlamamışdır1. Van Leeuwenhoek və Robert Hooke-u bu gün hüceyrə biologiyası adlardığımız sahənin yaradıcıları edən şey onların mikroskopun canlı aləmi öyrənmək potensialını kəşf etmələri, bu alətdən istifadə edərək çox sayda yeni müşahidələr aparmaları, o vaxtadək bilinməyən canlı aləmlərini kəşf etmələri və bu müşahidələrini elmi nəşriyyatlar üzərindən geniş ictimaiyyətlə paylaşmalarıdır. Hooke-un 1665-ci ildə dərc etdiyi (və “hüceyrə” terminini ilk dəfə ortaya atdığı) Micrographia adlı kitabından bu yana keçən 356 ildə həyatın təməl vahidi olan hüceyrə haqqında çox şey öyrənsək də, onun haqqında öyrənilməli hələ çox şey var; hətta iddia etmək olar ki, hüceyrənin canlıların təşkilindəki oynadığı mərkəzi rol hələ də yaxşı anlaşılmamışdır və bu, onun öyrənilməsindəki çətinliklərdən qaynaqlanır. Bu çətinliklər isə öz növbəsində gələcək nəsil hüceyrə bioloqları üçün üfüqlər açır.

Habitat Tərcümə Layihəsi (HTL) çərçivəsində tərcümə etməkdə olduğumuz Campbell Biologiya kitabının yeni bölümü də məhz hüceyrə biologiyası haqqındadır 2. Ümumilikdə yeddi fəsildən ibarət olan bu bölüm hüceyrənin tərkib hissələrini (§6); bu hissələri bir arada tutaraq hüceyrəni ətrafından ayıran və onu həyatın təməl vahidi edən membranı (§7); hüceyrənin dağılıb nizamsız hala keçməsinin qarşısını alan metabolik reaksiyaları (§8); bu metabolik proseslərin arasından canlılar üçün ən vacib olan iki prosesi, qəbul olunan qidaları istifadə oluna bilən enerjiyə çevirən hüceyrəvi tənəffüsü (§9) və bu qidaları istehsal edən fotosintezi (§10); hüceyrənin tərkib hissələrini bir-birilə və ətrafı əlaqədə saxlayan hüceyrəvi xəbərləşmə mexanizmlərini (§11); və son olaraq hüceyrənin və ümumiyyətlə həyatın geoloji zaman miqyasında davamlılığını qorumasına imkan verən bölünməni (§12) ələ alır.

Dərsliklərin əsas məqsədi müəyyən sahədəki biliyi yığcam şəkildə oxucuya təqdim etmək olsa da, Campbell-i bizim üçün maraqlı edən xassələrindən biri kitabda çox sayda praktiki məşğələlərin və klassik eksperimentlərin olmasıdır. Demək olar ki, hər fəsildə mövcud olan bu praktiki bilgilər dərslikdən istifadə edən müəllimlər üçün tələbələrə daha zəngin təcrübə vermə imkanı verə bilər. Məsələn, Şəkil 10.10-da (səh. 194) 1883-cü ildə Theodor W. Engelmann-ın fotosintezin hansı dalğa uzunluqlarında daha fəal getdiyini öyrənmək üçün lifli yosunlar üzərində apardığı təcrübə göstərilmişdir. Müəllim və tələbələrin laboratoriya şəraitində belə bir klassik təcrübəni təkrarlaması tələbələrə nəinki mövzunu daha yaxından anlamağa imkan verəcək, həm də onlara müəyyən elmi suala necə yanaşmağı anlamağa imkan verəcək. Bundan əlavə, təcrübə mühitini quraşdırarkən daha öncə işləmədikləri materiallar və alətlərlə yaxından tanış olacaq, onların işləmə prinsiplərini öyrənəcək, məhdudiyyətlərini və verdiyi imkanları anlayacaqlar.

Hər yeni işdə, birinci nüsxədə olduğu kimi bu bölümdə də səhvlərin və çatışmazlıqların olması labüddür. Ona görə də, kitabın oxucular üçün daha yaxşı bir resursa çevrilməsini istəyən hər kəsi kitabın səhifəsindəki formdan istifadə edərək təsbit etdiyi səhvləri bizimlə paylaşmağa çağırırıq. Digər məsələlərdə olduğu kimi, burada da əməyi keçən hər kəsin əməyini kitabın son versiyasında lazımi formada qeyd etməyi borcumuz olaraq görürük.

İstinadlar

1. Wollman, A. J., Nudd, R., Hedlund, E. G., & Leake, M. C. (2015). From Animaculum to single molecules: 300 years of the light microscope. Open biology, 5(4), 150019.

2. Urry, L. A., Cain, M. L., Wasserman, S. A., Minorsky, P. V., & Reece, J. B. (2021). Campbell Biologiya (A. Zeyniyev, Ə. Alışbəyli, Tərc.). Habitat Tərcümə Layihəsi, Elmi Spektr.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top