Dağıdılmış torpaqları necə sağaltmalı?

Aşağıdakı şəkillər Sumqayıt şəhərinin 5-ci mikrorayonunda çəkilmişdir.

Şəkillərdən görünən həddən artıq aşınmış və möhkəmləşmiş torpaqlar və bunun əsas səbəblərindən biri olan yanlış parklanmadır (qırmızı haşiyələr). Oxşar mənzərələr bu tipli mikrorayonlarda yaşayan insanlar üçün qeyri-adi bir görüntü deyil. Mikrorayon ərazilərində vahid idarəetmə və servis sisteminin olmaması bu ərazilərdə torpaqların qanunsuz, kortəbii istifadəsinə yol açır. Mövcud mənzil kommunal istismar sahələrinin həyətiçi ərazilərin qorunmasında və inkişaf etdirilməsində oynadığı minimal rol torpağın düzgün idarəsini ayrı-ayrı fərdlərdən asılı edir və bu da çox vaxt yuxarıdakı şəkillərdəkinə bənzər mənzərələrlə nəticələnir. Belə ki, çox vaxt mikrorayon ərazilərində torpağın idarəsiz və nəzarətsiz istifadəsi onun kompaktlaşmasına və eroziyasına, bu isə öz növbəsində şəhər mühitində həddən artıq tozlu havaya gətirib çıxarır. Abşeron yarımadasında yaranan tozlu havanın ictimai sağlamlıq üzərindəki nəticələri araşdırılmış olmasa da, bu mövzu müvafiq sahələrdə çalışan insanları narahat etməlidir. Kompaktlaşma və eroziya, eyni zamanda, əslində kifayət qədər münbit ola biləcək torpağı qeyri-məhsuldar səhraya çevirir (torpağın nə qədər məhsuldar ola biləcəyini şəkillərdəki ağaclardan görmək mümkündür) və beləliklə dəyərli bir resursu, quraq bir səhraya çevirir.

Təsvir etməyə çalışdığımız bu vəziyyət özlüyündə elmi baxımda bizim üçün bir neçə cəhətdən maraqlıdır. İlk növbədə, bu hal Garrett Hardin-in 1968-ci ildə dərc etdiyi Ortaqlıqların Faciəsi (Tragedy of Commons) adlı məqaləsində bəhs etdiyi faciənin ən klassik örnəyi kimi görünür. Ortaqlıqların faciəsi hallarında ortaq sosial institutlar və rəsmi qaydalar tərəfindən tənzimlənməyən ortaq resurslara çıxışı olan fərdlər öz mənfəətləri naminə, ortaq maraqların əksinə, müstəqil şəkildə hərəkət edib kortəbii fəaliyyət nəticəsində həmin ortaq resursun yox olmasına gətirib çıxarırlar. Sözügedən faciə məsələnin sosial tərəfidir və ümidvarıq ki, gələcəkdə bu mövzunu layiq olduğu detalda əhatə edə biləcəyik. Bu həftənin sualı isə faciənin ekoloji tərəfidir: kompaktlaşmış və eroziyaya məruz qalmış bu əraziləri yenidən yaşıllaşdırmaq üçün torpağı ən yaxşı hansı yollarla sağaltmaq mümkündür? Böyük sağlamlıq riski daşıyan bu prosesin qarşısını hansı yollarla almaq mümkündür?

Cavabınızda sizdən ümumi yanaşma ilə bərabər onun konkret detallarını gözləyirik. Problemi araşdırma və dəyərləndirməyin ən yaxşı metodları hansılardır (torpaq testləri və s.)? Testlərin nəticəsindən asılı olaraq torpağı sağaltmaq üçün hansı istiqamətlərdə hərəkət etmək olar?

Həmişə olduğu kimi, bu dəfə də ən yaxşı, ətraflı cavabın müəllifi bizdən kiçik amma mənalı bir hədiyyə əldə edəcək. Cavabınız bizə aşağıdakı form vasitəsilə göndərə bilərsiniz.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top