İnsan hüquqlarına yenidən baxış – ictimai dəyərləndirmə cəhdi

İnsan hüquqları post-Sovet məkanında son 30 ilin siyasi diskursunda aktiv şəkildə istifadə olunmuş hüquqi sənəddir. Lakin bu sənədə istinad çox vaxt dövlətin fərdin həyatında iştirakını sərhədləyən bəzi neqativ azadlıqlarla bağlı maddələrlə məhdudlaşmışdır. Sənəd ancaq bu maddələrdən ibarət deyil və müzakirə olunmayan maddələrdən yola çıxaraq siyasi sferada iştirak edənlərin sosial və iqtisadi məsələlərdə hansı mövqe tutduğunu başa düşmək mümkündür. Bunu başa düşmək bizə verilən seçimlərin nə olduğunu başa düşmək və alternativlər axtarmaq üçün vacibdir. Məhz buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas mətnini buraya yerləşdirib, kollektiv müzakirə üçün məkan yaradırıq. Məqsəd fərqli maddələrin üzərindən keçib artıq 70 ildən artıq yaşı olan bu sənədə yenidən baxmaq, üzərinə düşünmək, dəyərləndirmək, boşluqları və ya potensial əlavələri qeyd etmək, bir sözlə əslində universal olmalı olan bu sənədi siyasətçilərin əlindən alıb özümüzküləşdirməkdir.

Bu istəyin arxasında bir neçə səbəb durur. Ayrı-ayrı fərdlərin istəkləri ilə deyil hamıya bərabər şamil olunan hüquqla idarə olunmaq insanlığın razılaşa biləcəyi bir şey olsa da, hüquqların nələr olması və kimlər tərəfindən yazılması siyasi məsələ olub rahat-rahat razılaşıla bilən bir məsələ deyil. İnsan Hüquqları Bəyənnaməsini yazan komitə aşağıdakı fərdlərdən ibarət idi: Eleanor Roosevelt, ABŞ (sədr), P. C. Chang, Çin, Charles Malik, Livan, William Roy Hodgson, Avstraliya, Hernán Santa Cruz, Çili, René Cassin, Fransa, Alexander E. Bogomolov, Sovet İttifaqı, Charles Dukes, 1st Baron Dukeston, Birləşmiş Krallıq, John Peters Humphrey, Kanada. Heç uzağa getməsək, sadəcə tərkibdən görə bilərik ki, bu komitənin tərkibi heç də dünya əhalisini təmsil etmir (məsələn, Afrikadan heç bir təmsilçi yoxdur çünki o vaxt Afrika ölkələrin çoxu yuxarıda sadalanan bir sıra ölkənin müstəmləkəsi halında idilər; bundan əlavə dünya əhalisinin böyük bir hissəsinin yaşadığı Asiyadan isə sadəcə Çin, Latın Amerikasından isə sadəcə balaca Çili var). Bəyənnamə BMT-nin bu nöqtədə üzvü olan bir çox ölkə tərəfindən qəbul olunsa da, Şərq bloku səsvermədə iştirak etməmişdir. Bir sözlə, universal hüquqların ortaya çıxmasının tarixi heç də universal razılığa və təmsilçiliyə dayanmır. İnsan hüquqları çərçivəsinin çalışmadığı, hər gün yeni bir müharibənin başladığı indiki dünyada insan hüquqlarının universallığını sual etmək, bu sənəd üzərinə düşünmək və daha yaxşı alternativlər kəşf etməkdə fayda var deyə düşünürük.

Yazılan şərhləri görmək və ya konkret maddələrlə bağlı fikirlərinizi üçün səhifənin sağında gördüyünüz hypothes.is qoşmasından istifadə edə bilərsiniz.


Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

Maddə 1.

Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

Maddə 2.

Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, anadangəlmə mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən butun hüquqlara və bütün azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin mustəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər səkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.

Maddə 3.

Hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

Maddə 4.

Heç kim kölə vəziyyətində və ya asılı vəziyyətdə saxlanılmamalıdır: köləliyin və kölə ticarətinin butun formaları qadağan edilir.

Maddə 5.

Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.

Maddə 6.

Hər bir insan, harada olmasından asılı olmayaraq, özünün hüquq subyekti kimi qəbul edilməsi hüququna malikdir.

Maddə 7.

Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir fərq qoyulmadan qanun tərəfindən bərabər müdafiə olunmaq hüququna malikdirlər.Bütün insanlar, hazırkı Bəyannaməni pozan istənilən ayrıseçkilik aktından və belə bir ayrıseçkiliyə hər cür təhrikdən müdafiə olunmaqda bərabər hüquqlara malikdirlər.

Maddə 8.

Hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqlarının pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqlarının səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir.

Maddə 9.

Heç kəs özbaşınalıqla həbsə, tutulub saxlanılmaya və ya sürgün edilməyə məruz qala bilməz.

Maddə 10.

Hər bir insan öz hüquq və vəzifələrini müəyyənləşdirmək üçün və ona qarşı qaldırılan cinayət ittihamının əsaslandırılmış olub-olmamasını aydınlaşdırmaq üçün ona qarşı qaldırılan işə müstəqil və qərəzsiz məhkəmə tərəfindən tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla baxılmasını tələb etmək hüququna malikdir.

Maddə 11.

(1) Cinayət törətməkdə ittiham edilən hər bir insan, ona bütün müdafiə imkanları təmin edilməklə, açıq məhkəmə araşdırması yolu ilə onun günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.

(2) Heç kim, törədildiyi zaman milli qanunlara və ya beynəlxalq hüquqa görə cinayət tərkibi daşımayan hər hansı bir əməl və ya fəaliyyətsizlik əsasında cinayət törətməkdə ittiham oluna bilməz. Habelə, cinayətin törədildiyi zaman tətbiq edilə bilən cəzadan ağır cəza verilə bilməz.

Maddə 12.

Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir.

Maddə 13.

(1) Hər bir insan, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir.

(2) Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.

Maddə 14.

(1) Hər bir insan təqiblərdən qurtulmaq üçün digər ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir.

(2) Bu hüquqdan, əslində Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan qeyri-siyasi xarakterli cinayətlər və ya əməllər törətməyə görə təqiblərdən qurtulmağa çalışılması hallarında istifadə edilə bilməz.

Maddə 15.

(1) Hər bir insan vətəndaşlıq hüququna malikdir.

(2) Heç kim öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz.

Maddə 16.

(1) Yetkinlik yaşına çatmış kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəziyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər.

(2) Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər.

(3) Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.

Maddə 17.

Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

Maddə 18.

Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.

Maddə 19.

Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.

Maddə 20.

Hər bir insan dinc yığıncaqlar keçirmək və assosiasiyalar qurmaq hüququna malikdir. Heç kim hər hansı bir assosiasiyaya daxil olmağa məcbur edilə bilməz.

Maddə 21.

Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.

Hər bir insan öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir.

Xalqın iradəsi hökumətin hakimiyyətinin əsası olmalıdır; bu iradə, vaxtaşırı və saxtalaşdırılmadan, ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə və yaxud səsvermə azadlığını təmin edən digər eynimənalı formalar vasitəsilə keçirilən seçkilərdə öz əksini tapmalıdır.

Maddə 22.

Cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir.

Maddə 23.

Hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olunmaq hüququna malikdir.

Hər bir insan, heç bir ayrıseçkiliyə məruz qalmadan, bərabər əməyə görə bərabər haqq almaq hüququna malikdir.

İşləyən hər bir insan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edən, ədalətli və qənaətbəxş həcmdə zəruri hallarda isə digər sosial təminat vəsaitləri ona əlavə edilməklə haqq almaq hüququna malikdir.

Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.

Maddə 24.

Hər bir insan, iş gününün səmərəli məhdudlaşdırılması və ödənilən vaxtaşırı məzuniyyət hüququ da daxil edilməklə istirahət və asudə vaxt hüququna malikdir.

Maddə 25.

Hər bir insan, qida, geyim, mənzil, tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özünün və ailəsinin sağlamlığının və rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququna və işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda təminat hüququna malikdir.

Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

Maddə 26.

Hər bir insan təhsil almaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyələrdə pulsuz olmalıdır. İbtidai təhsil icbari olmalıdır. Hamının texniki və peşə təhsili almaq imkanı olmalıdır və hər bir insanın qabiliyyəti əsasında hamının eyni dərəcədə ali təhsil almaq imkanı olmalıdır.

(2)Təhsil insan şəxsiyyətinin tam inkişafına və insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa yardımçı olmalı və Birləşmiş Millətlər Təşkilatının sülhün qorunub saxlanması ilə bağlı fəaliyyətinə kömək göstərməlidir.

Valideynlər öz kiçik yaşlı uşaqları üçün təhsil növlərini seçməkdə prioritet hüquqa malikdirlər.

Maddə 27.

Hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən həzz almaq, elmi tərəqqidə iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir.

Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir.

Maddə 28.

Hər bir insan, hazırkı Bəyannamədə ifadə edilən hüquq və azadlıqların tam şəkildə həyata keçirilməsinə şərait yaradan sosial və beynəlxalq idarə üsulu hüququna malikdir.

Maddə 29.

(1) Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür.

Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımı qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir.

Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.

Maddə 30.

Hazırkı Bəyannamənin heç bir müddəası hansısa dövlətə, insan qrupuna və ya ayrı-ayrı şəxslərə, hazırkı Bəyannamədə ifadə olunan hüquq və azadlıqların ləğv edilməsinə yönəldilən hər hansı bir fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir əməl törətmək hüququnun verilməsi kimi şərh edilə bilməz.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top