Yeni Koronavirusla Mübarizə Üçün Azad Resurslar (yenilənir)

Yeni koronavirusun (COVİD-19) dünyanın bir çox yerində səhiyyə və idarə sistemlərinin belə bir pandemiyaya qarşı hazırlıqsız olduğunu ortaya çıxarmışdır. İnsanlar arasında etibarı olmayan hökümətlər bir çox yerdə bu hazırsızlığın üstünü qeyri-insani tədbirlərə əl ataraq örtməyə çalışır. Lakin uzun illərdir apardıqları sinfi siyasətin nəticəsində ictimai investisiyaları kəsərək əhalinin böyük hissəsini nəinki bu kimi risklərə qarşı, hətta adi tibbi hallara qarşı müdafiəsiz qoyan hökümətlərlə ictimaiyyətin hesablaşmağa hələ vaxtı olacaq. Hələlik isə adi insanların güc birliyi ilə virusa qarşı, səhiyyə sisteminə yardım məqsədilə və ictimai sağlamlıq üçün yaratdıqları həll yollarını sizinlə paylaşmaq istəyirik. Burada yerləşdirdiyimiz keçidlərin hamısı azad resurslar olub, hamıya pulsuz şəkildə açıqdır. Ümidvarıq ki, ölkəmizdəki DİY (özün-yarat) icması bu resurslardan istifadə edib səhiyyə işçilərimizə dəstək olacaqdır. Yeni həll yolları qabağımıza çıxdıqca bu səhifədəki siyahını təzələyəcəyik.


! Xəbərdarlıq

Bu yazıda göstərilmiş həll yolları kriz vəziyyətində adi istehsalçıların qapaya bilmədikləri tələbat boşluğunu doldurmaq üçün dizayn olunub. Ona görə də göstərilən hər bir vasitəni istehsal etməzdən əvvəl onun təhlükəsizliyi ilə bağlı ətraflı məlumat almaq mütləqdir, çünki məlumatsız şəkildə atılmış addımlar insanlara saxta təhlükəsizlik hissi verərək normalda əməl etməli olduqları sanitariya qaydalarına uymamalarına yol aça bilər. Bu isə öz növbəsində, vəziyyətin daha da pisləşməsinə yol aça bilər. Hər bir istehsalçını istehsal etmək istədiyi məhsul haqda ətraflı öyrənməyə və hazırladığı məhsulu başqa adamlara verməzdən əvvəl ciddi şəkildə test etməyə çağırırıq.


New York Times – Üz Maskasını Necə Tikməli

(Azərbaycanca tərcüməsi yaxında)

Virusun bu qədər tez yayılmasının əsas səbəblərindən biri yoluxmuş şəxslərin bəzilərində simptomların ortaya çıxmamasıdır. Lakin simptomu nümayiş etdirməyən şəxslər hələ də virusu başqalarına ötürə bilir. Bu qeyri-müəyyənlik qarşısında üz maskalarından istifadə etmək bir çox ölkələrdə məcburidir və ya tövsiyyə olunur. Lakin bu maskalara ən çox ehtiyacı olan insanlar tibb sahəsində çalışan işçilərdir. Adi insanların hazır maskaları alıb qıtlıq yaratması tibb işçilərini ciddi təhlükə altına salır. Bu problem qarşısında insanların hərəkətə keçib özləri və tanışları üçün maska istehsal etmələri ən uyğun həll yoludur. Keçiddəki faylda belə maskaların ev şəraitində necə tikilə biləcəyi ilə bağlı təlimatlar verilmişdir.

Prusa Face Shield

Prusa Çexiyada yerləşən 3D printer istehsalçısıdır. Keçiddəki səhifədən dizayn fayllarını azad şəkildə yükləyib, qısa bir müddətdə 3D printerdən çap edə bilərsiniz. Bundan əlavə saytda maskanın yığılması ilə bağlı təlimatlar da öz yerini alıb. Prusanın verdiyi məlumata görə, maska hal-hazırda Çexiyada hospitallarda test olunur. Bu üz maskası əsasən səhiyyə işçiləri tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulsa da insanlarla sıx əlaqə tələb edən yerlərdə (qocalar evi, diş həkimi, polis, supermarket və s.) çalışan insanlar üçün də faydalı ola bilər.

Materialise – Əlsiz Qapı Açıcı

Belçikada yerləşən 3D printinq şirkəti olan Materialise əllə təmasın ən çox olduğu şeylərdən biri olan qapı dəstəkləri üzərindən virusun yayılmasının qarşısını almaq üçün qapını qol vasitəsilə açmağa imkan verən plastik hissə dizayn etmişdir. Keçiddəki saytdan qapı açıcısının müxtəlif formaları üçün dizayn fayllarını əldə etmək mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı – Dezinfeksiyaedici Məhlul

(Azərbaycan dilinə tərcüməsi yaxında)

ÜTŞ keçiddəki sənəddə sanitariya işlərinin aparılması üçün alkoqol-əsaslı məhlulların hazırlanma təlimatlarını vermişdir. Təlimalardan istifadə edərək evdə və ya kiçik müəsisələrdə məhlul hazırlamaq mümkündür. Lazım olan kimyəvi maddələri (hidrogen peroksid, alkoqol və qliserin) adətən apteklərdən tapmaq olar. Lakin nəzərə almaq lazımdır ki, bu xammalın özü bəzi yerlərdə əlçatmaz ola bilər və adi insanların yaxşı niyyətlə belə olsa, bu maddələrə tələbat yaratması, bu maddələrə daha kritik tələbi olan yerlər üçün qıtlıq yarada bilər. Ona görə də, belə bir təşəbbüsə yalnız xammalın bol, tələbin çox, istehsalın az olduğu yerlərdə əl atmaq lazımdır.

MIT E-Vent

Virusun geniş yayıldığı yerlərdə ortaya çıxan əsas problemlərdən biri reanimatoloji şöbələrdə süni tənəffüs cihazlarının (ventillyatorların) çatışmızlığıdır. Texnoloji baxımından kompleks olan bu cihazlara olan təcili tələbatı ödəmək üçün ən ümidverici yanaşmalardan biri Ambu torbası adlanan və əllə işlədilən tənəffüs torbasını avtomatlaşdırmağa çalışmaqdır. Massaçusets Texnologiya İnstitutundakı (MIT) bir qrup belə bir cihazın ucuz, lakin ABŞ-ın Qida və Dərman Administrasiyanın (Food and Drug Administration, FDA) normalarına əsasən hazırlanması üçün lazımi təlimatları və məlumatları paylaşırlar. Texniki cəhətdən hələ də kompleks olan bu cihazı hazırlamaq üçün müvafiq texniki bilikləri olan insanlarla müvafiq tibbi biliyi və praktikası olan insanların birgə işləməsinə ehtiyac var.


Bu yazıda göstərilənlər şeylərin bəziləri dünyanın fərqli yerlərindən olan insanların rastlaşdıqları məhəlli problemlərə tapdıqları həll yollarıdır. Bunun üçün lazım olan təkcə texniki bilgi və ya yaradıcılıq deyil, eyni zamanda məhəlli problemlərin nə olduğu barəsində fərqindəlikdir. Əminik ki, oxucularımız arasından bəziləri də öz növbələrində öz yaşadıqları yerdəki konkret problemlər barədə məlumatlanıb bu problemlərin həlli üçün orijinal həll yolları təklif edəcəklər.

Posts created 232

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top