Smartfon yoxsa fərdiləşdirilmiş kəşfiyyat aləti?

XXI əsrin birinci rübünün birinci yarısını (2000-2012) texnologiyaya qarşı yeni yaranmış inam, ikinci hissəsini (2012-indi) bu inam və ya illüziya buludlarının dağılması ilə səciyyələndirmək olar. Birinci dövrdə insanlararası kommunikasiyanın və insanlıq tarixi boyunca toplanmış biliklərin ciblərdə daşınıla biləcək qədər və ildırım sürəti ilə miniatürləşməsinin verdiyi həyəcanı, ikinci dövrdə bu inkişafın qiymətinin nə olduğu ilə bağlı aydınlanma əvəz etmişdir. Məlum olmuşdur ki, sonsuz mənfəət və böyümə prinsipi ilə işləyən özəl şirkətlərin idarə etdiyi bu inkişaf maşını cibimizə inanılmaz bacarıqlara sahib balaca alətlər yerləşdirdiyi kimi, bu şirkətlərə milyardlarla insanın özəl həyatını, sağlamlığını, dövlət siyasətini idarə edən mexanizm yaradıb. Bəs bu mexanizm necə işləyir və özəl həyatı, sağlamlığı, siyasəti necə idarə edə bilir?

Mexanizmi işlədən birinci əsas amil datadır. Data dedikdə “smart-“, yəni ağıllı, “-fon” adlandırılan amma mahiyyətcə sizin haqda məlumattoplama aparatı olan cihazın sizinlə təmasda topladığı məlumatların cəmi nəzərdə tutulur: hansı saytlara girdiyiniz, gündəlik cədvəlinizdəki planlar, kimə nə vaxt zəng etdiyiniz, email yazdığınız, özəl şəkilləriniz, videolarınız, internet üzərindən aldığınız əşyalar, aparatı hansı formada işlətdiyiniz, bir sözlə cihaz üzərindən etdiyiniz hər şey haqda toplanan məlumatlar. Bu məlumatların bir hissəsi çox adamın oxumadan qəbul etdiyi istifadəçi sözləşməsi üzərindən xidmət vermək adı ilə fərqli şirkətlərin qapalı anbarlarında onların fərdi mülkiyyəti olaraq toplanır. Əgər məsələn hansısa xəyali sosialist ölkədə dövlət eyni şeyi etsəydi, bu anbar ən azından ictimai mülkiyyət olardı, insanlar da seçki, referendum və yaxud hansısa siyasi yollarla bu məlumatın toplanmasına və istifadəsinə təsir edə bilərdi. Lakin özəl şirkətlər ictimaiyyətin iştirak etdiyi seçkilərlə, referendumla işləmir, onların ictimaiyyət qarşısındakı öhdəlikləri qanunlarla nizamlandığı qədər, yəni indiki dünyanın reallığında, minimaldır. Hazırkı halda dünyanın bəzi yerlərində (məsələn, Avropa İttifaqında, ABŞ-ın bəzi ştatlarında və s.) bu məsələ ilə bağlı bəzi erkən qanunlar hazırlansa da, bir çox yerdə insanlardan toplanan data şirkətin özəl mülkiyyəti olaraq qəbul edilir və bağlanan istifadəçi razılaşması ilə buna hüquqi don geyinir. Yəni, nəhəng şirkətlər qarşısında hüquqi olaraq köməksiz qalan biz özümüz hansısa xidmət almaq üçün özümüz haqda məlumatı bu şirkətlərə pulsuz-parasız peşkəş veririk. Yəni, sən, bütün ayı işləyib 300 manat maaş alan oxucu, sən milyardlarla dollarlıq şirkət və onun hissədarlarına özün haqda məlumatı pulsuz hədiyyə verirsən. “Bəs bu məlumatın dəyəri nədir ki?”, “Niyə bu məni narahat etməlidir?” kimi suallar verirsən öz-özünə yəqin ki, dəyərli oxucu, haqlısan da.

Mexanizmi işlədən ikinci əsas məsələ bu datanı emal edən alqoritmlərdir. İşləmə məntiqi sonsuz mənfəət və böyümə olan bu şirkətlər sizin özəl həyatınız haqda məlumatla nə edirlər? Bəli, bu datanın bir hissəsi sizə verdikləri xidməti inkişaf etdirmək üçündür, amma çox kiçik bir hissəsi: Facebook-un müsbətə doğru dəyişdiyini neçə dəfə müşahidə etmisiz? Mənfəət məntiqi bu şirkətlərdən xərclərini (servisi inkişaf etdirmək üçün mühəndislərə verdikləri pulu, və s.) azaltmağı, gəlirlərini artırmağı tələb edir. Əvvəlcədən qeyd edək ki, bu tələbə uymayan şirkətlər artıq aramızda deyil. Bəs həyatda qalan şirkətlərin gəlirartırma yolları nədir? Suala tam cavab vermək mümkün deyil, çünki yuxarıda da qeyd etdiyimiz kimi dövlətlərdən fərqli olaraq özəl şirkətlərin ictimaiyyət qarşısında öhdəliyi minimaldır və özəl müllkiyyət dininin hakim olduğu dünyada onların özəl mülkiyyətini (yəni sizin haqda məlumatları və bu məlumatları emal edən alqoritmləri) onlarından əlindən almaq kapitalist dünyada ən böyük günahlardan biri sayılır ki, buna cəhd edən hökümətlər dərhal kapitalist mollaların dizayn etdiyi kapitalist cəhənnəmə göndərilir. Detalları bilməsək də bu şirkətlərə aid alqoritmlərin hansı məqsədə çalışdığını bilirik: proqnoz.

Gələcəyi proqnoz və ya təxmin etmə qabiliyyəti insana və ya təxmini edən hər hansı varlığa (məsələn, şirkətə) onu dəyişdirmə, ona hazır olma imkanı verir. Tarixən düzgün proqnoz vermə peşəsi peyğəmbərlər, allahlar, şahların biznesi olub, bu qabiliyyət onlara sahib olduğu statusu verib, bu statusu əsaslandırıb, təxmin etmə düzgün qərar vermə üçün lazımdır, düzgün qərar verən isə başımızın üstündə olmalıdır. Bazarda qiymətlərin necə dəyişəcəyini bilmək, hansı klubun futbolda qalib gələcəyini əvvəlcədən bilmək, hansı siyasi partiyanın seçkilərdə qalib gələcəyini bilmək kimi şeylər proqnoz verəni hamıdan milyard addım önə çıxara bilir, bu formada milyardlar qazanılır. Yəni təxmin etmə qabiliyyəti gələcəkdən birbaşa faydalanmağa imkan verir, lakin təxmin etmə qabiliyyətinin verdiyi üstünlük bununla bitmir, bu sadəcə tortun üstündəki gilasdır. Lampanın necə işlədiyini bilmək onu dəyişməyə, təmir etməyə necə icazə verirsə, gələcəkdə nə olacağını bilmək, onu dəyişməyə imkan verir, tortun özü budur.

Cibimizə salınan fərdiləşdirilmiş kəşfiyyat alətləri ilə toplanan data davranışımız haqda təxminlər etmək və onu dəyişdirmək üçün istifadə edilir, bu gün texnologiya şirkətlərinin əsas gəlirartırma metodu budur. Sizdən alınan fərqli növ məlumatlar sizin haqda bu şirkətlərdə detallı bir görüntü əmələ gətirir: nələri xoşlayırsınız, nələri xoşlamırsınız, nəyə ehtiyacınız var, nələrə ehtiyacınız yoxdur, nələri istəyə bilərsiz, nələri etməyə qadirsiniz, hansısa bir əşya üçün nə qədər pul verməyə hazırsınız, hansısa səbəb, dəyər, partiya, dövlət üçün ölümə getmək ehtimalınız nədir, nələrə necə reaksiya verirsiniz. Bütün bunlar haqda ətraflı məlumata sahib olan şirkətlər verdikləri servislər üzərindən sahib olduqları bilgiləri sizin davranışınızı dəyişdirəcək formada istifadə edə bilirlər. Bunun necə etdiklərinə ən banal misal olaraq YouTube-un tövsiyyələrini, Facebook-un, İnstagram-ın, Twitter-in (sizin seçiminiz olmadan) sizə göstərdiyi postları göstərmək olar. Amma bu böyük bir aysberqin ucudur, siyahını uzatmaq mümkündür: Google-un axtarış nəticələrini, haradansa ünvanınızı ələ keçirərək sizə göndərilən emailləri, sizə servis verən şirkətlərin datanızı Cambridge Analytica kimi şirkətlərə satması, Cambridge Analytica kimi şirkətlərin isə öz növbəsində siyasətə müdaxilə etməsi, şirkətlərlə dövlətlər arasında bağlanan məxfi razılaşmalar üzərindən sizə aid məlumatların dövlətərə satılması aysberqin ucunun altındakı kiçik bir hissədir.

Aysberqin özü isə fərdi kəşfiyyat alətinizdə kiminsə hüquqi yollarla “root access”-inə (“kök icazəsi”) sahib olmasıdır. Root access ona sahib olana cihaz üzərində mütləq idarəyə icazə verən ən yüksək icazə səviyyəsidir. Məsələn, kompüterinizdə təkcə adi fayllara deyil, sistem fayllarını dəyişdirmək istəyirsinizsə root access-inə sahib olmalısınız. Hər kəsi öz kompüterində root access-ə sahib ola bilər, amma kiminsə sizin kompüterinizdə root access-inə sahib olması kompüterinizdəki bütün məlumatları o adamın istifadəsinə vermək kimi bir şeydir: o şəxs artıq həmin cihazla istədiyi sözün həqiqi mənasında hər şeyi edə bilər. Bu Facebook-un sizin mesajlarınızı dövlətə verməsi, Google-un emaillərinizi analiz etməsi, və yaxud hansısa sayta girdikdən sonra kompüterinizə virusun girməsi deyil. Hansısa dövlətin sizin cihazınızda root accessinə sahib olması, həmin dövləti istədiyi vaxt kameranızı, mikrofonunuzu, yerinizi təyin edən GPS sistemini işə sala bilməsi deməkdir. Bu isə, özəl həyatın sonu deməkdir. Bu gün xəbərini aldığımız, İsrailin NSO Group adlı özəl kəşfiyyat şirkətinin məhsulu olan Pegasus proqramı istənilən mobil cihazda proqramın sahibinə (çox vaxt dövlətlərə) root access-i verə bilir, özü də istifadəçinin xəbəri olmadan, istifadəçi heç nə etmədən, bunun üçün hər hansısa bir keçidə basmadan. Əgər xəbərlər doğrudursa və dövlətlər heç bir qanunu tapdamadan, heç bir cəzasız şəkildə, siz hiss etmədən sizin cihazınızda root access-i qazana bilirsə, bu insanlıq tarixində bir eranın sonu mənasına gəlir: özəl həyatın, fərdi azadlığın sonu. Oxucularımızı bunun nə demək olduğu haqda düşünməyə və bu xəbəri yaxından izləməyə dəvət edirik. Belə bir haqqın dövlətlərə və yaxud kiməsə verilməsi cinayət sayılmazsa, bunu edənlər kütləvi şəkildə həbs olunmazsa, bunu edən hökümətlər istefa verməsələr, telefonlarınızı bir daha işlətməmək şərtilə zibil yeşiyinə ata və ya ən yaxın icra hakimiyyətinə təhvil verə bilərsiniz.

Posts created 25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top