Hava keyfiyyətinə ictimai nəzarət: ilk sensor quraşdırıldı

Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi növbəti illər ərzində həyata keçirmək istədiyimiz işlərdən biri vətəndaş elmi (citizen science) layihəsi formatında təşkil etdiyimiz hava keyfiyyətinə ictimai nəzarətdir. Bunun üçün Azərbaycanın müxtəlif şəhərlərində Almaniyanın Open Knowledge Foundation adlı təşkilatının Code for Germany adlı layihəsi çərçivəsində və  OK Lab Stuttgart tərəfindən inkişaf etdirilmiş və havadakı gözlə görülə bilməyən hissəciklərin miqdarını ölçən sensorlar yerləşdirəcəyik. Sevinclə bildiririk ki, artıq bu sensorlardan ilki Sumqayıt şəhərində işə başlamışdır. Sensorumuz əsasən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci dərəcəli karsinogen (xərçəng əmələgətirən) hesab olunan hava hissəciklərinin (PM2.5 və PM10) miqdarını da ölçür.

Sumqayıt şəhərinin 5-ci mikrorayon ərazisində yerləşən aparat eyni zamanda havanın temperaturu, təzyiqi və rütubətini də ölçür. Sensorun ölçmələrini görmək istəyənlər hava.elmi-spektr.com ünvanına daxil olub, cari vəziyyətin nə yerdə olduğunu görə bilərlər. Bu məlumatdan çölə çıxarkən maska taxıb-taxmayacağınıza qərar verərkən istifadə edə bilərsiniz. Yəni, məsələn, sensorlar havada hissəciklərin miqdarını çox olaraq göstərirsə, pandemiyanın olub-olmamasından asılı olmayaraq artıq hamının öyrəşdiyi növdən tibbi maskanızı taxıb özünüzü bu hissəciklərin zərərlərindən qoruya bilərsiniz.

Sensordan əldə olunan data şəhərdə hava hissəciklərinin artmasına səbəb olan periodik hadisələri də öyrənməyə kömək edə bilər. Alınan datanı analiz etmək istəyənlər, onu archive.sensor.community ünvanından əldə edə bilərlər. Yerləşdirdiyimiz ilk sensorun məlumatları bunlardır:

PM2.5 və PM10 üçün: sds011_sensor_60370

Digər hava göstəriciləri üçün: bme280_sensor_60371

Arxivdə hər gün üçün dünyanın müxtəlif yerlərindən əldə olunan data toplanıb. İlk sensorumuzu 22.05.2021 tarixində yerləşdirmişik. Növbəti günlərdə daha üç sensoru Sumqayıt, Gəncə və Bakı şəhərlərində yerləşdirəcəyik. Uzun vadədə məqsədimiz bütün ölkə boyu bu sensorların şəbəkəsini yaratmaq və bu yolla alınan informasiyanın keyfiyyətini artırmaq və son nəticədə, hava keyfiyyətindən qaynaqlanan xəstəliklərə qarşı effektiv mübarizə üsulu yaratmaqdır.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top