Robert Denisin “Elmir Mirzoevin “Argumentum ad ignorantiam” məqaləsinə cavab” məqaləsinə cavab

Bu məqalə,  Azərbaycan dilinin yazı qaydaları ilə bağlı Elmir Mirzoevin açdığı müzakirəyə Robert Denisin yazdığı cavab məqaləsinə cavab olaraq yazılmışdır. Mirzoevin məqaləsini buradan, Denisin məqaləsini isə buradan əldə edə bilərsiniz. Elmi dərsliklərin tərcüməsi və tərcüməsinin təşviqi ilə birbaşa olaraq məşğul olduğumuza görə bu məsələyə bu yazıda elmi ədəbiyyat nöqteyi-nəzərindən yanaşıb, bir çox məsələdə Denislə razılaşsam da, Mirzoevin təklif etdiyi bəzi dəyişikliklərin praqmatik səbəblərdən edilməli olduğu ideyasını müdafiə etməyə çalışacağam.

Yazı qaydalarının dilin daxili qaydaları tərəfindən təyin ediləndən daha çox, dili danışanların qərar verdiyi bir məsələ olduğu, bir əsrdə 3 dəfə əlifba dəyişmiş olan bizlərə aydın bir məsələdir. Dilimizin təkamülü baş verən əlifba dəyişmələrindən daha çox, əlifba dəyişmələri ilə parelel baş verən mədəni dəyişikliklərlə həyata keçmişdir. Təsadüfi deyil ki, 500 tirajlıq kitabların satıla bilmədiyi ölkədə yerli dilin inkişafı, 90-cı illərdə latın əlifbasına keçidlə yox, məhz bu dildə çox sayda əsərlərin yaradıldığı Sovet dövründə öz pikinə çatmışdır. Denisin də qeyd etdiyi kimi, “yazı sistemlərinin dil üzərində olan təsiri şişirdilməməli”dir, çünki nəticə etibarilə, hər bir dil o dildə resurslar yazıldıqca, tərcümələrlə, mədəni tərəqqi yolu ilə digər dillərlə əlaqəyə girir, genişləyir, əlifba dəyişdikcə yox. Ümumiyyətlə, proses hansısa fərmanlarla, dil institutları ilə yox, çox daha orqanik bir şəkildə cərəyan etməlidir və istər-istəməz edir də. Ona görə də, Azərbaycan dilinin bir dil olaraq bu günki ağır vəziyyəti dildəki hansısa qaydalardan çox, bu dildə resursların istehsal olunmaması ilə bağlıdır. Mədəni inkişaf ölkədə prioritet olsaydı, dilimizin yazı normaları da getdikcə təbii şəkildə seçilib ictimaiyyət tərəfindən qəbul olunardı. Təəssüf ki, bu gün Azərbaycanda elmi-mədəni resursların yaradılması əlli altıncı planda olduğuna görə dilimiz cəmiyyətdə öz yerini itirir və insanlar iyirminci əsrdə olduğu kimi yenidən başqa dilləri əsas dilləri olaraq istifadə etməyə başlayırlar. Mirzoevin irəli atdığı iddialardan biri də dildəki yazı qaydalarının da bu prosesdə müəyyən mənfi təsirə malik olmasıdır. Bu iddiaya ümumilikdə qoşulmasam da, ən azı bəzi yerlərdə dildə ənənəvi olaraq mövcud olmuş qaydaların dilin istifadəsini zəiflətdiyini düşünürəm. Dil bir alətdir və o aləti fetişləşdirmək, göyə qaldırmaq və ya əksinə itin götünə soxub-çıxartmaq yox, itiləmək, cilalamaq, düzəltmək lazımdır. Bəs nələri düzəltmək dilin istifadəsini artırar?

Elmi dərsliklərin tərcüməsi zamanı bizim qarşımıza çıxan bəzi problemlər məhz fonetik transkripsiya ilə bağlıdır. Fonetik transkripsiya bir dildə mövcud olan sözün oxunuşa uyğun olaraq digər dilə keçirilməsidir (jazz -> caz). Bu qayda təkcə Azərbaycan dilinə xas olmayıb, demək olar ki, bütün dillərə yeni sözlərin daxil olmasının əsas yoludur (bunun başqa dillərdə misalları Denisin məqaləsində yer alır). Buna baxmayaraq, bu qaydanın o qədər də məsum olmadığı və dilin istifadəsini zəiflətdiyi yerlər mövcuddur və bu yerləri görmək üçün ümumilikdə dilin resurslarını nəzərə almaq lazımdır.

Azərbaycan dilinin tarixi olaraq keçdiyi trayektoriya dilimizin fərqli hissələrini fərqli ölçüdə genişlətmişdir. Məsələn, dilimiz musiqidə qət etdiyimiz məsafə qədər dəqiq elmlərdə məsafə qət etməmişdir. Bu qeyri-bərabər inkişafın nəticəsində dilimizdəki resursların həcmi, dilin həmin sahədə istifadəsi də çox fərqlənir. Ən faciəvi vəziyyət yəqin ki, elmi ədəbiyyatda müşahidə olunur (təcrübəmin daha çox bu sahədə olduğuna görə belə düşünmüş ola bilərəm): Azərbaycan yazılı dilinin oxucularına təklif etdiyi elmi resursların həcmi təəssüf ki, çox kiçikdir. Bu, dilin istifadəçilərinə məlumata çıxışda problemlər yaradır. Belə ki, fonetik transkripsiya ilə dilimizə daxil olmuş adlar, sözlər, terminlər, və s. həmin anlayışları adekvat əhatə etməyən dilin mühasirəsində qalırlar. Deyək ki, bir nəfər Erwin Schrödingerin hansısa kitabını oxuyur və daha sonra alimin işləri haqda daha ətraflı öyrənmək istəyir. Elə ki, binəva oxucu adamın adını Ervin Şrodinger olaraq axtarış etdi, qarşısına çıxacaq şey üç-beş qısa bloq yazısından başqa heç nə olmayacaq, çünki bayaq da qeyd etdiyim ki, dilimizdə elmi resurslar yox səviyyəsindədir. Doğrudur, Google-un axtarış sistemi artıq Schrödingeri axtarmaq istədiyini başa düşə biləcək qədər ağıllıdır və daha geniş ədəbiyyatı istifadəçiyə açır, lakin bir də bu adamın Schrödinger qədər məşhur olmadığını düşünün, bəs onda əlavə məlumat üçün hara müraciət etsin oxucu? Bir də ki, dildəki çıxış məsələsini hansısa şirkətin ağıllı alqoritmlərindən asılı vəziyyətə gətirmək o qədər də uzaqgörən bir yanaşma deyil.

Resursa çıxış məsələsi xüsusi isimlərin, elmdə daha da spesifik olaraq, insan adlarının transkripsiyasının problemli olduğunu göstərir: elmi ədəbiyyat axtarışında coğrafi yer adları, təşkilat adlarından daha çox sırf insan adlarının axtarışı böyük yer tutur. Həm də coğrafi yer, təşkilat adlarından fərqli olaraq, insan adlarının yazılışında latın əlfibasından istifadə edən dillərdə böyük ölçüdə konsensus var (bəzi tarixi adlarda bu pozulsa da; daha ətraflı aşağıda). Buna görə də, insan adlarının yazılışının transkripsiyası praktik olaraq o dilin istifadəçiləri üçün çox problemlidir. Lakin gəlin görək bu prinsipi axıra qədər qorumaq olarmı? Sual edilə bilər, insan adlarının yazılışını saxlayacağıqsa, onda belə çıxır ki, yazıda yunan əlifbası ilə yazılmış sözlər istifadə edəcəyik? Xeyr, yazılışı ancaq orijinalı latın əlifbası ilə yazılan adlar üçün saxlamaq, digər əlifbalardan isə həmişəki kimi transkripsiya etmək lazımdır deyə düşünürəm.

Bunun üçün iki səbəb var və bu səbəblər Mirzoev və Denisin mövqelərinin hər ikisilə də uzlaşır:
1) Denisin qoruduğu “alət kimi dil” tezisi baxımından götürsək, bu günki tarixi reallıq budur ki, elmin böyük hissəsi latın əlfibasından istifadə etməkdə olan mədəniyyətlərin məhsuludur. Bu tarixi səbəbdən (və, əlbəttə ki, latın əlifbası istifadə etdiyimizə görə), bu əlifbada işləyən adamların işlərinə çıxış üçün həmin adamların adlarını düzgün yazmaq lazımdır. Başqa sözlə, müasir elmdə Schrödingerlər daha çoxdur, nəinki ابن خلدون
Buna görə də, bu adların düzgün yazılışı bizə lazım olan informasiyaya çıxışı rahatlaşdıracağına görə dilin alət kimi istifadəsini də asanlaşdıracaq.
2) Hansı məlumatın bizə lazım olduğu isə Mirzoevin qoruduğu “sivilizasiya seçimi olaraq dil” tezisində ortaya qoyulur. Müəllifin də qeyd etdiyi kimi, latın əlifbasına keçid təkcə yazı qaydalarını dəyişdirmək üçün yox, cəmiyyətin təkamülünü fərqli məcraya yerləşdirmək üçün atılan addımlardandır. Azərbaycan cəmiyyəti fərqli vaxtlarda iki dəfə latın əlifbasına keçid edərək həm də Qərb mədəniyyəti istiqamətini götürdüyünü göstərməyə çalışır: elmi, tərəqqini, ən azından sözdə də olsa, öz prioritet istiqaməti kimi qəbul edir. Bu inteqrasiya çalışmasının bir parçası olaraq müəyyən resurslara çıxış asanlaşır, müəyyən resurslara çətinləşir.

Lakin, insan adlarının bu şəkildə yazılmasının əlavə bir neçə açıq-aşkar səbəbini də deməkdə də fayda var. Burada Denisin etdiyi əsassız bir iddiaya diqqət çəkməliyəm: “istənilən bir qrafika xüsusi bir dili hansı dərəcədə aydın və dəqiq təmsil edib-etməməsi ilə mühakimə olunmalıdır.” Ən azından insan adlarını (və bəzi başqa xüsusi isimləri) təmsil etməkdən söhbət gedirsə, başqa dillər və onların istifadə etdiyi qrafikalar bu adları heç vaxt düzgün təmsil edə bilməzlər. Yəni, bir fransız adının Azərbaycan dilində düzgün oxunuşu deyə bir şey ola bilməz. Buna görə də, fonetik transkripsiya şifahi dilə düzgün bələdçi ola bilməz, ümumiyyətlə yazılı dildən belə bir şey istəmək–digər faktorları nəzərə aldıqda–o qədər də düzgün deyil; məhz buna görə, mükəmməl dərəcədə fonemik dil mövcud deyil. Adın bir ədəd düzgün yazılışı və həmin dili danışanlar tərəfindən daha çox istifadə olunan bir oxunuş forması var. Xarici dildə olan bir adı Azərbaycan dilində düzgün təmsil etmək üçün ya adın yazılışını orijinalına uyğun şəkildə yazmalısınız, ya da oxunuşunu necəsə yazıya keçirməlisiniz. Əgər ikincisini etməkdə həqiqətən də ciddisinizsə zəhmət olmasa Antoine de Saint-Exupéry-ni düzgün oxunduğu şəkildə yazın: [ɑ̃twan də sɛ̃tɛɡzypeʁi], haydı uğur ola. Qeyd edim ki, Antuan de Sent-Ekzüperi adın Fransız dilində düzgün oxunuşu yox, rus dilindən birbaşa transliterasiya olunmuş versiyasıdır. Azərbaycan dilindəki ğ hərfi Fransız dilindəki [ʁ] səsini çox əla təmsil edir, amma bu adın ğ ilə yazılmayacağını çox yaxşı bilirik. Bunun nəticəsində yazımız nə düzgün yazılışa nə də düz oxunuşa uyğun olur. Yazıda ikiqat səhvin olmasına isə sözlərin dəqiq təmsil olunması demək olmaz. Orijinalı başqa əlifbalarda yazılan adların isə transkripsiya olunması isə əlifba sabitliyini saxlamaq üçündür (əlbəttə mötərizədə yazılışı orijinal əlifbada da vermək olar, rus, çin dillərində bu təcrübə var).

Yəni, yoldaşlar, orijinalı latın əlifbasında yazılan adların Azərbaycan dilinə transkripsiya etmədən keçirmək, həmçinin öz adlarımızın başqa dillərdə yazılarkən transkripsiya olunmamasına nail olmaq həm fərqli dillər arasındakı çıxış problemini böyük ölçüdə asanlaşdıra, həm də obyektiv həqiqəti daha yaxşı təmsil edə bilər.

Məsələnin qapağını qoymadan öncə xırda bir detala da toxunmaq lazımdır ki, o detalın adı tarixdir. Müasir dillərin bir çoxunda çoxsaylı istisnaların olmasının səbəblərindən biri bu dillərdə tarixi inkişaf zamanı bəzi şeylərin qorunub saxlanılmasıdır. Azərbaycan dilinin də öz tarixi ilə necəsə üzləşməyə ehtiyacı var: bu dildə indiyə qədər yaxşı-pis müəyyən resurslar yaradılıb və bu resursların tarixi əhəmiyyətinə hörmət etmək mədəni prosesin davamlılığı üçün vacibdir. Ona görə də, tarixi şəxsiyyətlərin, tarixən Azərbaycan dilində müzakirə olunmuş adamların, yazılı dilimizdə çox ələ alınan adamların adlarını qəbul olunduğu kimi qorumaq lazımdır. Bu Azərbaycan dilinin öz daxilində fərqli zamanlarda istinad məsələsini rahatlaşdırmaq üçün lazımdır. Yəni, əgər Sokratla bağlı bir ətək kitab yazılıbsa (ki, yazılmayıb), 2050-ci ildə qədim Yunan fəlsəfəsini oxuyan bir azərbaycanlının ondan əvvəl gələnlərin yazdıqlarına geri gedib, orda sözü keçən şəxslərin kim olduğunu bilməyə haqqı var. Bu kimi tarixi qalıqlar, dil fosilləri dilə şübhəsiz ki, qeyri-standartlıq gətirir, amma dil xətkeş zad deyil ki, mükəmməl dərəcədə standart olsun; dildəki istisnalar onun dinamik tarixinin izləridir və onu bu tərəfi ilə qəbul etmək lazımdır. Bəs nələrin olduğu kimi qalacağını, nələrin qalmayacağını kim təyin edəcək? Bu sualın cavabı isə, məqalənin əvvəlində dediyim kimi, mədəni prosesdir. Dilin inkişafı birbaşa olaraq mədəni tərəqqidən asılıdır: kim daha çox yazacaqsa, kim daha yaxşı yazacaqsa, kim daha anlaşılan yazacaqsa, kim daha qalıcı şeylər yaradacaqsa, onun yazı tərzi qalacaq– necə ki, indi əlimizdə olanlar bizdən əvvəl yazanların, istehsal edənlərin əməyinin nəticəsidir.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top