İstanbul İslam Elm və Texnologiya Tarixi Muzeyi

Zərdabi adına Təbiət Tarixi Muzeyində başladığımız elmi muzeylər aləminə səyahətimizdə növbəti dayanacaq İstanbulda yerləşən və 2008-ci ildə açılan İslam Elm və Texnologiya Tarixi Muzeyidir. İstanbulun tarixi yerlərindən olan Gülhane Parkında yerləşən bu muzeyin yaranışı türk-alman şərqşünas Fuat Sezginin adı ilə bağlıdır. Azərbaycanlı oxucu Fuat Sezgini Başlanın tərcümə etdiyi “İslam Elmlər Tarixi Haqqında Konfranslar” adlı kitabından tanıya bilər. Sözünü edəcəyimiz muzey elm tarixində çox vaxt gözardı edilən, bizim kimi tarixən müsəlman cəmiyyətlərdə geriyə çox qalıcı izlər buraxmamış bir mövzunu və dövrü ələ aldığına görə diqqəti çəkir.

Jacobus Golius (1596-1667)

Muzeyin içindəki gəzinti ikinci mərtəbədə yer alan tarixin vacib şərqşünasları ilə bağlı bölmədə başlayır. 2000-ci illlərin Türkiyəsində İslam dini ilə əlaqə çoxları üçün həddən artıq siyasi gəlsə də, məncə bu muzeyin hər şeydən əvvəl bir çoxu alman olan şərqşünasların şəxsiyyətlərini və töhfələrini təqdim etməklə başlaması muzeyin akademik dəyərinin bir göstəricisidir: tarix İslam tarixi olsa da, qədim şərq mədəniyyətinin qorunub saxlanmasında, dəyərinin anlaşılmasında əhəmiyyətli xidmətlər göstərmiş Jacobus Golius, Eilhard Wiedemann və b. şərqşünasların əməyi təqdir olunur. Bu isə muzeyin propaqanda məqsədilə yox, tarixin müəyyən hissəsini həqiqətən də anlamaq və anlatmaq üçün tikildiyini göstərir. Tarix institutları tarixən propaqanda məqsədilə çalışmış bir ölkənin vətəndaşı olaraq Türkiyədə belə bir akademik yanaşma görmək mənim üçün çox təəccüblü idi.

İşləri muzeydə göstərilən (və göstərilməyən) bir çox şeyin qorunub saxlanmasında vacib rol oynayan şərqşünaslarla tanış olduqdan sonra ilk olaraq astronomiya bölməsinə daxil oluruq. Məlum olduğu kimi, astronomiya İslam elmləri arasında mərkəzi yerlərdən birini tutur, astronomiya kolleksiyasında nümayiş olunan alətlərin çoxluğu və çeşidliliyini də bunun bir göstəricisi kimi görmək olar. Lakin görəsən astronomiya niyə bu qədər əhəmiyyətli idi? Bütöv bir zalda nümayiş olunan astrolyabiyalara baxarkən bir neçə şey diqqətimi cəlb etdi.

Məhəmməd Nasṭūlusun 927-ci ildə istehsal etdiyi astrolyabiya

Bunlardan birincisi, fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən bu cihazların bir çoxunun replika olması idi: cihazların əsilləri Avropanın müxtəlif muzeylərində və ya Frankfurtda yerləşən İslam Araşdırmaları İnstitutunda yerləşir (Fuat Sezgin məhz bu institutun işçisi olmuşdur). Bu o deməkdir ki, bu cihazları İstanbulda göstərmək üçün onların çoxunu sıfırdan istehsal etmək lazım gəlib, bu isə öz növbəsində o deməkdir ki, bu muzeyin arxasında həqiqətən də ciddi bir dövlət dəstəyi, tarixi bilik və texniki bacarıq dayanıb. Təəssüf ki, bu gün bu sadalanan üç şey olmadan geriyə çox maddi iz buraxmamış İslam elmini nümayiş etdirmək mümkün deyil və bəlkə də məhz buna görə də, bu tip muzeylərin sayı dünyada bir əlin barmaqları ilə sayıla biləcək qədərdir.  Kolleksiyanın təqdimatı ilə bağlı diqqətimi cəlb edən digər bir məsələ isə alətlərin necə işlədiyi ilə bağlı idi. Müasir elm muzeylərini əyləncəli və öyrədici edən vacib məsələlərdən biri buradakı eksponatların təkcə şüşə arxasında qorunan dəyərli şey kimi yox, həm də ziyarətçinin istifadə edə biləcəyi, toxuna biləcəyi, onunla bir şeylər öyrənə biləcəyi pedaqoji bir alət kimi təqdim olunmasıdır. Zallarda alətlərin işləyişi ilə bağlı öyrədici videolar göstərilsə də, ziyarətçi ilə eksponat arasında əlaqə bir qədər passiv qalır.

Astronomiya bölməsində davam edib növbəti zala daxil oluruq. Burada Marağa və digər rəsədxanaların tarixinə, orada istifadə olunan alətlərin detallı rekonstruksiyalarına yer verilib.

Marağa rəsədxanasında istifadə olunana astronomik müşahidə cihazlarından biri

Bir az əvvəl, astronomiyanın erkən elmdə və hələdə niyə bu qədər əhəmiyyətli yer tutduğunu sorğulamışdım. Sualımın cavabını da məhz bu bölmədə alıram: səma obyektlərini öyrənən elm olan astronomiyanın həm də birbaşa praktik faydaları olan bir elmdir. Məhz buna görə insanlar ən qədim zamanlardan bu günədək səma obyektlərinin hərəkətini izləmiş, onda qanunauyğunluqlar tapmağa çalışmışlar. Bu qanunauyğunluqlar isə naviqasiyada, dənizçilikdə istifadə olunmuşdur. Müasir elmi inqilabın təməlində də məhz astronomiyada edilən inqilab durur. Muzeyin məlumat lövhələrində Johannes Keplerin müəllimi olmuş Tycho Brahenin (1546-1601) İslam astronomiyasından xəbərdar olduğunu öyrənirik. Tycho Brahe astonomiyada cihazların inkişafında və ona bağlı olaraq, dəqiq ölçülərin alınmasında verdiyi əhəmiyyətli töhfələrinə görə yadda qalmışdır. Brahenin özünün də düzəltdiyi və inkişaf etdirdiyi sekstantların, kvadrantların nümunələri muzeyin bu bölməsində nümayiş olunur.

Kvadrant nümunəsi

Astronomiyanın naviqasiyaya verdiyi töhfələrin maddi dəlillərini gördükdən sonra zamanı ölçmə və izləmə probleminin həlli üçün İslam alimlərinin və mühəndislərinin hazırladığı saatlar bölməsinə daxil oluruq. Günəş və su saatlarının nümayiş olunduğu bu bölmədə başqa bir sual yaranır: bu saatların hər biri müəyyən zaman kəsiyini müəyyən dəqiqliklə ölçürdü; daha sonralar ortaya çıxmış rəqqaslı mexaniki saatların su və günəş saatları üzərində üstünlüyü nə idi? Bəlkə də sualın cavabı, bir neçə zaman miqyasını eyni vaxtda dəqiq göstərmiş olmaları idi. Bəzi ölçüləri rəqqaslı saatdan daha dəqiq ölçə biləcək su saatı dizayn edilmiş ola bilər və günəş saatı da günün hansı hissəsində olduğumuzu kifayət qədər dəqiq göstərə bilər. Lakin, müxtəlif zaman miqyaslarını və kəsiklərini təkrar-təkrar, durmadan və eyni vaxtda göstərə bilmək və bunu günəşsiz, susuz yerdə, sırf mexaniki şəkildə edə bilmək rəqqaslı saatların üstünlüyünə yol açmışdır.

Günəş saatı nümunəsi

Müxtəlif saat texnologiyaları ilə tanış olduqdan sonra, vaxt azlığına görə, eksponatları məntiqi ardıcıllıqla düzülmüş bu muzeyin digər bölmələrindən sürətlə keçməli oluram. Təəccüblü deyil ki, naviqasiya və vaxtölçmə alətlərindən sonra isə növbəti bölmə hərbi texnologiyaların nümayiş olunduğu zal idi. Qəbul etmək nə qədər çətin də olsa, insanların bir-birini öldürməyə olan praktiki ehtiyacları tarixən ən azından bəzi sahələrin inkişafını körükləmişdir. Lakin insan öldürmək sənəti mükəmməlləşdikcə hərbi vəziyyətdə yaranan tibbi halların çətinliyi və tezliyi də artmışdır. Təsadüf deyil ki, muzeyin növbəti bölümü də məhz tibb sahəsində istifadə olunan alətləri nümayiş edir. Burada müxtəlif cərrahiyə və tibbin başqa sahələrində istifadə olunan alətlərin replikaları nümayiş olunur. Buraya ayıra biiləcəyim vaxt təəssüf ki, artıq bu bölmədə bitdiyindən, tələsik muzeyi tərk etməli oluram. Çıxışa doğru irəliləyərkən kimyada, fizikada, riyaziyyatda istifadə olunan alətlər üçün ayrılmış ayrı-ayrı zallar görürəm, lakin bu zalları daha ətraflı ziyarət İstanbula növbəti gəlişimi gözləməli olacaq.

Müxtəlif tibbi alət

Muzeydən ayrılarkən beynimdə bir sıra suallar dolaşsa da, təəssüratlarım həddən artıq müsbətdir: Sən demə, İslamın bu qədər siyasiləşdiyi Türkiyədə belə bu qədər ciddi bir akademik muzey hazırlamaq da mümkündür! Amma yenə də, görəsən bu qədər əhəmiyyətli işlər görmüş İslam elmi nəyə görə təxminən XIV əsrdən sonra getdikcə geri qalmışdı? Məsələ elmin praktiki nəticə verməməsində idimi? Xeyr, muzeydə də gördüyüm kimi, İslam elminin də ciddi praktiki nəticələri olub. Yoxsa monqolların işğalında?… Qərb şərqşünaslığı bəzən deyildiyi qədər problemli bir şey deyilmiş: adamlar bu irsi qoruyub saxlamağın əhəmiyyətini başa düşüblər. Doğrudur, çox vaxt mədəni irsin oğurlanması və talanması olub, lakin o irs bir gün geriyə qayıdıb muzeylərə girəcəksə bəlkə də geriyə baxıb edilənlərə haqq qazandırmaq olar. Ümumiyyətlə, digər cəmiyyətləri, onların dillərini, mədəniyyətlərini öyrənməyin dəyərini başa düşmək üçün nə baş verməlidir? Bu gün dünyada akademiyanın da bazar qanunlarına tabe tutulduğunu görürük. Tələbə cəlb etməyən fakultələrin bağlandığı bir dünyada yaşayırıq, yəni. Eyni məntiq muzeyin girişindəki şərqşünasların işinə tətbiq olunsaydı bəs necə, bu gün bu muzey olardımı? Bu gün Azərbaycanda çoxlarına elə gəlir ki, ölkənin ehtiyacı olan mühəndislərdir: Qərbdən “yaxşı tərəflərini” (yəni, texnologiyanı) alıb cəmiyyət, sənayə qurmaq istəyən qafalar var ölkədə. Bu yoldaşların anlamadığı əsas şey texnologiya və elmin ayrılmaz bir bütöv təşkil etdiyidir. Elm tarixini, fəlsəfəsini, elmin texnologiya ilə əlaqəsini anlamadan, sadəcə mühəndis istehsal etməklə elm inkişaf etdirilmir, elm istehsal edə bilməyən ölkə isə heç vaxt sənayedə və mədəni sahələrdə ciddi bir irəliləyiş əldə edə bilmir. Akademiyasında elmin tarixini araşdırmayan, universitetlərində elmi araşdırma aparmayan bir mühitdə elm çox yaşamır. Məhz elmlə texnologiya arasındakı bu əlaqəni dəqiqliklə göstərdiyinə görə, İslam Elm və Texnologiya Tarixi Muzeyi türk akademiyası və cəmiyyəti üçün həddən artıq böyük bir töhfə, bizim üçün isə əhəmiyyətli bir dərsdir.

Fotolar: Nəzakət Əzimli

Posts created 25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top