Növlərin Mənşəyi – Ⅰ Fəsil – Əhliləşdirmə Şəraitində Çeşidlilik

| Charles Darwin |

| Tərcümə: Ərtoğrul Alışbəyli, Vüsal Fərzəliyev, Rəşad Yusifov |

Dəyişkənliyin Səbəbləri—Vərdişin Təsirləri—Qarşılıqlı Dəyişmə—İrsiyyət—Əhliləşdirilmiş Çeşidlərin Xüsusiyyəti—Çeşidlər və Növləri fərqləndirmənin Çətinlikləri—Bir və ya bir neçə Növdən olan əhliləşdirilmiş Çeşidlərin Mənşəyi—Ev Göyərçinləri, onların Fərqləri və Mənşəyi—Qədim dövrlərdən izlənilən Seçmə Qanunları və onların Təsirləri—Metodiki (şüurlu) və Şüursuz Seçmə—Əhliləşdirilmiş Çeşidlərin Naməlum Mənşəyi—İnsanın Seçmə Qabiliyyətini artıran əlverişli Hallar


Darwin Növlərin Mənşəyini yazan zamanlarda elmdə bu mövzuda hakim olan düşüncə qədim Yunanlardan qalmış və əsrlər boyu dominantlığını qorumuş növlərin dəyişməzliyi inancı idi. İdeyaya əsasən, növlər hansısa ağıllı bir dizayner, ya da Yaradan tərəfindən indi var olduqları formada yaradılmış və o vaxtdan dəyişikliyə uğramamışdılar. Doğrudur, təkamül ideyası Darwindən əvvəl də mövcud olsa da, təkamülün mexanizmi qaranlıq olaraq qaldığına görə, onun insanlığın dünyagörüşündə ciddi bir çəkisi yox idi. Növlərin “ağıllı dizayn” ideyasının yanlış olduğunu göstərmək üçün isə növlərin təkamülünün necə baş verdiyini açıqlamaq lazım idi. Və Darwin, böyük əziyyətlər hesabına da olsa, güclü məntiqi və üstün müşahidə qabiliyyəti sayəsində bu ideyaları ümumiləşdirərək nəzəriyyə şəklinə salan ilk insan oldu. 2 000 illik inancı tabutuna yatırıb, üstündən son mıxı vurmaq üçün lazım olan ən təməl ideya—gen ideyası—isə Gregor Mendel tərəfindən irsiyyətin təməl prinsipi olaraq bir neçə il sonra ortaya atılacaqdı. Hətta açıqlandıqdan sonra belə, Mendelin ideyası 20-ci əsrə qədər elm ictimaiyyəti tərəfindən qiymətləndirilməyəcəkdi. Genetikanın və onun əsasını təşkil edən DNT molekulunun irsiyyəti təyin edən əsas molekul olaraq qəbul olunmasının tarixçəsini jurnalın bu sayında Sadiq Niftullayevin yazısından oxuya bilərsiniz (2). Qarşınızdakı yazıda diqqət etməli olduğunuz məqam isə, ədəbiyyatda irsiyyəti izah edən nəzəriyyənin olmamasına baxmayaraq, Darwinin elə ilk fəsildəcə bu gün genetika olaraq bildiyimiz sahənin ümumi cizgilərini görməsi və çəkməyə başlamasıdır. Lakin buna baxmayaraq, Darwin əsərdə gen ideyasını və ümumiyyətlə irsiyyət prinsiplərini aydınlaşdırmağa nail olmamışdır. Nəzəriyyənin boşluqlarını doldurmaq növbəti nəsillər tərəfindən həyata keçirilsə də, onu insanlıq üçün vacib edən əsas səbəbi orijinal, 1859-cu il nüsxəsində də tapmaq mümkündür. Təbii seçmə yolu ilə təkamül nəzəriyyəsi məhz insanlığın kainata və var oluşa baxış bucağını köklü şəkildə dəyişdirib, həyatın bütün sahələrinə nüfuz etdiyinə görə bəziləri tərəfindən elm tarixinin ən əzəmətli əsəri sayılır. Biz də, özü növbəmizdə, ümid edirik ki, bu tərcümələrimizlə əsərin mənasını və əzəmətini qoruyub saxlaya bilirik.


Əvvəllər yetişdirdiyimiz mədəni bitkilər və ev heyvanlarının eyni çeşid və ya alt-çeşidlərindən olan fərdlərə baxdıqda, bizi valeh edən ilk məqam, təbii mühitdəki hər hansı bir növ və ya çeşidin fərdləri ilə müqayisədə onların bir-birindən daha çox fərqlənmiş olmalarıdır. Əsrlər boyunca, ən müxtəlif iqlim və müdaxilələrin təsiri altında yetişdirilmiş və dəyişilmiş bitki və heyvanların böyük müxtəlifliyi haqqında düşünəndə, bu böyük dəyişkənliyin, əhliləşdirdiyimiz çeşidlərin əcdad növlərinin təbiətdə məruz qaldıqlarından bir qədər fərqli və stabil olmayan həyat şərtlərində yetişdirildikləri ilə bağlı olduğu qənaətinə gəlirik. Andrew Knight [Endryü Nayt] tərəfindən irəli sürülən və bu dəyişkənliyin qismən qida artıqlığı ilə bağlı ola biləcəyi ehtimalında da, düşünürəm ki, həqiqət payı vardır. Tamamilə aydındır ki, onlarda nəzərəçarpan dərəcədə çeşidlilik yaranması üçün, üzvi varlıqlar bir çox nəsillər ərzində yeni həyat şərtlərinə məruz qalmalıdır; və bu orqanizmlər bir dəfə dəyişdikdən sonra, ümumiyyətlə bir çox nəsillər boyunca dəyişməyə davam edir. Dəyişkən bir orqanizmin dəyişməsinin becərilmə şərtləri altındə dayandığını göstərən heç bir fakt yoxdur. Buğda kimi ən qədim mədəni bitkilərimiz hələ də yeni çeşidlər verməyə davam edir; ən qədim ev heyvanları hələ də sürətlə təkmilləşmək və ya dəyişmək qabiliyyətinə malikdirlər.

Dəyişkənliyi ortaya çıxaran səbəblərin inkişafın hansı mərhələsində effektiv olduğu mübahisə olunur: rüşeym inkişafının erkən ya da gec mərhələlərində, yoxsa mayalanma anında. Geoffroy St. Hillaire-in [Jöfğoa Sant-İleğ] təcrübələri göstərir ki, rüşeymə qeyri-təbii müdaxilələr anormallıqlara gətirib çıxarır; və anormallıqları adi çeşidlilikdən ayırmaq o qədər də asan deyil. Lakin, mən qəti olaraq belə düşünürəm ki, çeşidliliyin əsas səbəbləri mayalanmadan əvvəl erkək və dişi cinsi elementlərində olan dəyişikliklərdir. Buna inanmağım üçün bir neçə səbəb var; amma ən başlıcası, təcrid və becərilmənin çoxalma sisteminə etdiyi qəribə təsirdir; bu sistem, orqanizmin digər hissələri ilə müqayisədə dəyişilmiş həyat şərtlərinə daha həssas olan hissədir. Heyvanı əhliləşdirməkdən asan, əhliləşmə şəraitində müstəqil şəkildə çoxalmasına nail olmaqdan isə çətin heç nə yoxdur. Öz vətənində az qala azadlıqda saxlanıldığı halda belə çoxalmayan neçə heyvan növü var! Bunu adətən korlanmış instinktlərlə açıqlayırlar, lakin neçə mədəni bitki növü gur inkişaf etdiyi halda, ya çox nadir hallarda toxum verir ya da heç vermir! Məlum olub ki, bəzi bu kimi hallarda, böyümənin hansısa mərhələsində suyun azaldılması və ya çoxaldılması kimi cüzi bir dəyişiklik bitikinin toxum verib-verməyəcəyini təyin edir. Bu maraqlı mövzu üzrə topladığım zəngin təfərrüatlara burada toxuna bilməyəcəyəm; lakin, təcrid şəraitində saxlanılan heyvanların çoxalmasını təyin edən qanunların nə qədər bənzərsiz olduğunu göstərmək üçün, plantiqrad (yastıayaqlılar) və yaxud ayı ailəsini çıxmaq şərtilə, bir çox ətyeyən (karnivor) heyvanların bu ölkədə necə rahatlıqla çoxala bildiyini qeyd etmək olar; buna baxmayaraq, ətyeyən quşların çox nadir istisna halları çıxmaq şərtilə mayalanmış yumurta qoymadığını da qeyd etməliyəm. Bir çox eqzotik bitkinin tozcuğu, eynilə qısır hibridlərinki kimi, tamamilə dəyərsizdir. Bir tərəfdən, təcrid şəraitində nə qədər zəif və xəstə olsalar da sərbəst şəkildə çoxala bilən əhliləşdirilmiş heyvan və bitkiləri; digər tərəfdən isə, erkən yaşdan təbiətdən alınmış, tamamilə əhliləşdirilmiş, uzunömürlü və sağlam (buna bir çox misallar verə bilərəm), lakin cinsiyyət sistemləri qeyri-müyyən səbəblərdən funksional olmayan fərdləri görəndə, çoxalma sisteminin təcrid şəraitində düzgün işləmədəyinə və valideynlərindən bir qədər fərqli balaların doğulmasına təəccüblənmək lazım deyil.

Qısırlığı bağçılığın düşməni adlandırırlar; lakin, bu görüşə əsasən, bütün çeşidliliyi qısırlığı əmələ gətirən səbəblərə borcluyuq; çeşidlilik isə bağın ən seçilən məhsullarının mənbəyidir. Əlavə edə bilərəm ki, bəzi heyvanların (məsələn, qəfəsdə saxlanılan dovşan və safsar) ən qeyri-təbii şəraitdə belə sərbəst şəkildə çoxalmaları onların çoxalma sistemlərinin zərər görmədiyini göstərir; bəzi heyvan və bitkilər əhliləşdirilməyə və becərilməyə müqavimət göstərərək çox cüzi—bəlkə də təbiətdə olduğundan belə daha az—dəyişirlər.

“Zarafatcıl bitkilərin” uzun bir siyahısını asanlıqla vermək olar; bağbanlar üçün bu termin, bitkinin digər hissələri ilə müqayisədə yeni və bəzən də tam fərqli xüsusiyyətlər nümayiş etdirən bir zoğ və ya tumurcuq deməkdir. Belə tumurcuqlar calaq, bəzən də, toxum yolu ilə çoxaldıla bilir. Bu “zarafatlar” təbiətdə həddən artıq nadir olsa da, becərmə şəraitində çox rastlanır; və bu halda görürük ki, ana bitkiyə edilən dəyişiklik zoğu və yaxud tumurcuğu dəyişdirsə də, yumurtacıqları və ya tozcuqlara təsir etməyib. Lakin bir çox fizioloqa görə, böyümənin ən erkən mərhələlərində tumurcuq və yumurtacıq arasında heç bir fərq olmur; və buna görə də “zarafatlar”, dəyişkənliyin daha çox yumurtacıq və ya tozcuqda, yaxud da hər ikisində, mayalanmadan əvvəl baş vermiş dəyişiklər nəticəsində yarandığı fikrini dəstəkləyir. Hər halda, bu misallar onu göstərir ki, bəzi müəlliflərin gümanlarından fərqli olaraq, çeşidlilik mütləq şəkildə böyümə prosesi ilə bağlı deyil.

Mullerin qeyd etdiyi kimi, eyni şəraitdə yaşamalarına baxmayaraq, bəzən, eyni meyvədən olan cücərtilər, eyni valideynlərdən olan balalar bir-birilərindən çox fərqlənirlər; bu, çoxalma, böyümə və irsiyyət qanunları ilə müqayisədə həyat şəraitinin canlı üzərində birbaşa təsirlərinin nə qədər cüzi olduğunu göstərir; çünki, həyat şəraitinin təsiri birbaşa olsaydı bütün cavan orqanizmlər eyni şəkildə dəyişərdilər. Hər hansı bir çeşidlilik üçün istinin, rütubətin, işığın, qidanın birbaşa effektini ölçmək ən çətin məsələdir: fikrimcə, bitkilərlə müqayisədə, heyvanlarda, bu kimi faktorlar çox kiçik birbaşa təsirə sahib olublar. Bu baxımdan, Mr. Buckmanin bitkilər üzərində yeni təcrübələri həddən artıq dəyərlidir. Eyni şəraitdə saxlanılan bütün və ya əksər fərdlər eyni dəyişikliyi keçirərlərsə, ilk baxışdan dəyişikliyin şərtlərdən qaynaqladığını düşünmək olar; lakin, bəzi hallarda, çox fərqli həyat şəraitlərinin quruluş baxımından eyni dəyişiklərə yol açdığını da görmək mümkündür. Bütün bunlara baxmayaraq, dəyişikliyin cüzi miqdarının həyat şəraitlərindən qaynaqlandığını demək olar— qidanın çoxalması ilə artan ölçü, fərqli işığa və qidaya görə fərqli rənglərin alınması və bəlkə də, iqlimə uyğun olaraq xəz qalınlığı kimi halları buna misal göstərmək olar.

Vərdişlərin dəyişməsi, bitkilərin çiçəklənmə dövründə bir iqlimdən digərinə köçürülməsi zamanı olduğu kimi, həlledici təsirə malikdir. Heyvanlarda bu təsir daha nəzərəçarpandır; məsələn, vəhşi ördəklə müqayisədə, əhliləşdirilmiş ördəkdə, bütün skeletə nisbətdə, qanad sümüklərinin ağırlığı daha az, ayaq sümüklərinki isə daha çoxdur; zənnimcə, bu fərqliliyi əhliləşdirilmiş ördəyin vəhşi əcdadına nəzərən daha az uçması və daha çox gəzməsi ilə rahatlıqla əlaqələndirmək olar. Südləri mütəmadi olaraq sağılan ölkələrdə, inək və keçilərin yelinlərinin güclü və irsi inkişaf etməsi istifadəyə uyğun olaraq dəyişmənin bir digər misalıdır. Hansısa ölkədə qulaqları sallaq olmayan əhliləşdirilmiş heç bir heyvan göstərmək mümkün deyil; qulaqların sallaqlığı bəzi müəlliflərin dediyi kimi, təhlükədən qorunmuş olduqları üçün müvafiq əzələlərin heyvanlar tərəfindən işlədilməməsinə görə ola bilər.

Çeşidliliyi idarə edən bir çox qanun var və bunların bəzi sönük görünənlərindən aşağıda bəhs ediləcək. Burada sadəcə böyümənin qarşılıqlı əlaqəsinə toxunacağam. Rüşeym və yaxud sürfədəki hər hansı bir dəyişiklik demək olar ki, həmişə yetkin canlıda dəyişikliyə yol açır. Anormallıq hallarında, bədənin fərqli hissələri arasındakı qarşılıqlı əlaqələr çox maraqlıdır; İsidore Geoffroy St. Hillaire bu mövzudakı vacib əsərində buna bir çox misallar göstərib. Maldarlara görə uzun ətraflar demək olar ki, həmişə uzanmış başla birgə müşahidə olunur. Bəzi qarışılıqlı əlaqələr kifayət qədər qəribədir: göy gözlü pişiklər həmişə kor olurlar; rəng və bədən quruluşu xüsusiyyətləri yanaşı gedir; və buna bitkilər və heyvanlar aləmində bir çox qeyri-adi misallar vermək mümkündür. Heusinger [Hoyzinqer] tərəfindən toplanmış faktlara əsasən belə görünür ki, bəzi bitki zəhərləri ağ qoyun və donuzlarda rəngli fərdlərlə müqayisədə fərqli şəkildə təsir göstərir. Tüksüz itlərin qüsurlu dişləri olur; uzun və kobud tüklü heyvanlar uzun və ya daha çox buynuzlara meyllidir; tüklü ayaqları olan göyərçinlərin barmaqlarının arasında dəri olur; qısa dimdikli göyərçinlərin kiçik, uzun dimdiklilərin böyük ayaqları olur. Beləliklə, əsrarəngiz qarşılıqlı əlaqə qanunlarına əsasən, hansısa xüsusiyyəti davamlı olaraq seçib inkişaf etdirdikdə, qeyri-ixtiyari olaraq quruluşun başqa hissələrinə də dəyişikliklər gətirmiş oluruq.

Müxtəlif, bilinməyən ya da çox sönük görünən çeşidlilik qanunlarının nəticələri hədsiz dərəcədə qəliz və çoxşaxəlidir. Sünbülçiçək, kartof, soğangülü və digər keçmişdə mədəniləşdirilmiş bitkilər haqda yazılmış traktatı diqqətlə öyrənməyə dəyər; çeşidlərin və alt-çeşidlərin bir-birilərindən cüzi fərqlənən saysız-hesabsız tərkib və quruluş formalarını görmək, həqiqətən heyrətləndiricidir. Bütün orqanizmlər plastik (dəyişkən) olub, əcdad canlıdan azca fərqlənməyə meyillidir.

İrsən ötürülməyən heç bir çeşidlilik bizim üçün əhəmiyyətli deyil. Lakin quruluşda, fizioloji əhəmiyyəti az və ya çox olan irsi kənaraçıxmaların sayı və müxtəlifliyi sonsuzdur. Dr. Prosper Lucasın bu mövzudakı 2 cildlik böyük traktatı ən dolğun və ən yaxşı mənbədir. Heç bir heyvandar irsi meyilliliyin nə qədər güclü olduğuna şübhə etmir: fərd öz oxşarını əmələ gətirir, bu onun təməl inancıdır: bu qanuna sadəcə nəzəri müəlliflər şübhə etmişdir. Əgər tez-tez təzahür edən bir kənaraçıxma həm uşaqda, həm də atada görülürsə, eyni səbəbin hər iki fərdə müstəqil təsir göstərib-göstərmədiyini yəqin edə bilmərik; lakin əgər çox nadir hallarda— deyək ki, bir neçə milyonda bir— rastlanan bir anormallıq eyni həyat şəraitlərində yaşayan valideyndə və uşaqda müşahidə edilirsə, ehtimal nəzəriyyəsi bizi bunun irsiyyətə bağlı olduğuna inanmağa vadar edir. Yəqin ki, hamı albinizm, tikanlı dəri, tüklü bədən və s. kimi xüsusiyyətlərin bir ailənin müxtəlif üzvlərində görüldüyünü bilir. Əgər qəribə və nadir fərqliliklər həqiqətən də irsi yolla ötürülürsə, daha adi və geniş yayılmış fərqliliklərin də irsi yolla ötürüldüyünü qəbul etmək olar. Bəlkə də məsələyə yanaşmanın düzgün yolu hər xüsusiyyətin irsi yolla ötürülməsinə qanun kimi, qeyri-irsi yolla ötürülməsinə isə istisna hal kimi baxmaqdır.

İrsiyyəti tənzimləyən qanunlar tam məlum deyil; fərqli və eyni növlərin fərdlərinə aid xüsusiyyətlərin niyə bəzən irsi olaraq ötürüldüyünü, bəzənsə ötürülmədiyini heç kim açıqlaya bilmir; niyə uşaq bəzi xüsusiyyətlərə görə baba və ya nənəsinə, bəzən də daha uzaq əcdadına oxşayır; nəyə görə xüsusiyyət bir cinsdən (ing. sex) hər iki cinsə və ya yalnız bir cinsə, həmişə olmasa da çox vaxt bir cinsdən eyni cinsə ötürülür. əhliləşdirilmiş heyvanlarda erkəklərdəki xüsusiyyətlərin çox vaxt erkəklərə müstəsna şəkildə və ya daha çox ötürüldüyü bizim üçün o qədər də əhəmiyyətli deyil. Etibar edə biləcəyimiz daha maraqlı qayda odur ki, xüsusiyyət ilk hansı inkişaf mərhələsində əmələ gəlirsə, həmin xüsusiyyət növbəti nəsildə də eyni və ya bir qədər tez yaranır. Bir çox hallarda bu başqa cür ola da bilməzdi; malın buynuzundakı bir xüsusiyyət balasında yalnız boya-başa çatmasına yaxın əmələ gələ bilər; ipəkqurdunda xüsusiyyətlərin müvafiq sürfə və barama mərhələlərində ortaya çıxdığı bilinir. Amma irsi xəstəliklər və bəzi başqa faktlar bizi bu qaydanın əhatə dairəsinin daha geniş olduğuna və xüsusiyyətin müəyyən yaşda əmələ gəlməsi üçün aşkar heç bir əsas olmamasına baxmayaraq, valideyndə əmələ gəldiyi dövrdə ortaya çıxdığına inanmağa məcbur edir. Düşünürəm ki, bu embriologiyanın qanunlarını açıqlamaq üçün ən vacib qaydadır. Bu qeydlər əlbəttə ki, yumurtahüceyrə və ya kişi cinsi elementinə təsir edə biləcək əsas səbəblərə şamil olunmur və xüsusiyyətin ilk təzahürü ilə məhdudlaşır; təxminən eyni qaydada olduğu kimi, uzun buynuzlu öküzlə xırda buynuzlu inəyin çarpazlaşmasından alınmış nəsildə buynuzların daha uzun olması, həyatın sonlarında meydana çıxmasına baxmayaraq, şübhəsiz ki, kişi cinsi elementi ilə bağlıdır.

Əcdada dönüş (reversiya) mövzusuna istinad edərək, təbiətşünaslar tərəfindən tez-tez edilən iddianı səsləndirmək istəyirəm—əhliləşdirdiyimiz çeşidlər təbiətdə yaşadıqda addım-addım lakin inadla əcdadlarının vəhşi xüsusiyyətlərinə geri dönürlər. Buna əsasən iddia edilir ki, əhliləşmiş canlılara baxaraq təbiətdə mövcud olan növlərlə bağlı heç bir nəticəyə gəlmək olmaz. Bu qədər əminliklə və tez-tez edilən iddianın hansı faktlara əsasən edildiyini tapmaq üçün, öz növbəmdə, əbəs yerə əziyyət çəkdim. İddianın doğruluğunu isbat etmək onsuz da çətin olardı: əminliklə deyə bilərik ki, əhliləşdirilmiş ən güclü çeşidlərin böyük əksəriyyəti, təbiətə buraxıldıqları təqdirdə həyatda qala bilməzdilər. Bir çox hallarda, ilkin əcdadın nə olduğunu da bilmirik və buna görə də, geri dönüşün tam şəkildə baş verib-vermədiyini təyin edə bilmərik. O cümlədən, çarpaz mayalanmanın təsirlərinin qarşısını almaq üçün yalnız bir çeşidi təbiətdəki doğma mühitinə buraxmaq lazım gələrdi. Buna baxmayaraq, yetişdirdiyimiz çeşidlər əlbəttə ki, hərdən bir əcdadlarına geri döndükləri üçün, inanıram ki, müxtəlif çeşidləri— məsələn, qeyri-münbit torpaqda kələmi (bu halda, bəzi nəticələri qeyri-münbit torpağın birbaşa təsirinə aid etmək lazım gələcək)— nəsillər boyu becərərək təbiiləşdirə bilsək, onlar böyük ölçüdə və ya tamamilə əcdadına geri dönərdi. Təcrübənin uğurlu olub-olmayacağı bizim arqumentimiz üçün vacib deyil; çünki, təcrübə prosesində həyat şərtləri dəyişmiş olardı. əhliləşdirilmiş çeşidlərdə əcdada dönüş meylinin güclü olduğu aşkar edilib göstərilsə— yəni, eyni şərtlər altında birlikdə yaşayarkən və belə bir vəziyyətdə quruluşlarındakı hər hansı cüzi kənaraçıxmalar sərbəst çarpazlanmayla nəzarət edilə bilərkən, qazandıqları və orqanizmdə uzun müddət saxlanmış xüsusiyyətləri itirdiyi göstərilə bilsəydi, əhliləşdirilmiş çeşidlərdən növlərlə bağlı heç bir nəticə çıxara bilməyəcəyimizi qəbul edərdim. Lakin, bu fikri təsdiqləyəcək bir dənə də olsun sübut yoxdur: araba və yarış atlarımızı, uzun və qısa buynuzlu mal-qaramızı, fərqli sort toyuq-cücəmizi, yeməli tərəvəzlərimizi saysız-hesabsız nəsillər boyu yetişdirə bilməyəcəyimizi iddia etmək, bütün mövcud təcrübələrimizin əksinədir. Əlavə etməliyəm ki, təbii şəraitdə həyat şərtləri dəyişdikdə, xüsusiyyətlərin dəyişməsi və ya geri dönüşü yəqin ki, baş verir; lakin qarşıda da izah etdiyim kimi, təbii seçmə bu şəkildə yaranan xüsusiyyətlərin nə dərəcədə qorunacağını təyin edir.

əhliləşdirilmiş heyvanların və mədəni bitkilərin çeşidlərinə və ya irqlərinə nəzər saldıqda görürük ki, yuxarıda da qeyd edildiyi kimi, onlar təbiətdə tapılan həqiqi növlərlə müqayisədə daha çeşidli olurlar. Eyni növün əhliləşdirilmiş çeşidlərində də tez-tez müəyyən dərəcədə qəribə xüsusiyyətlər olur; onu nəzərdə tuturam ki, bu irqlər, bəzi xırda məsələlərdə həm bir-birilərindən, həm də eyni cinsin digər növlərindən fərqlənsələr belə, bir-birilərilə və ya təbiətdəki ən yaxın qohumları ilə müqayisədə adətən xüsusi bir bədən hissəsi baxımından ciddi şəkildə fərqlənirlər. Bu (və qarşıda haqqında bəhs edəcəyim müxtəlif çeşidlərin çarpazlaşması sonrası yaranmış məhsuldarlıq) kimi istisnalar xaricində, eyni növün əhliləşdirilmiş sortları bir-birindən eyni cinsin müxtəlif növlərinin bir-birindən fərqləndiyi qədər, lakin adətən daha az, fərqlənir. Düşünürəm ki, bir səriştəli mütəxəssis tərəfindən sadəcə çeşidlərin, digəri tərəfindən isə müxtəlif yerli növlərin nəsilləri olaraq qiymətləndirilməmiş heyvanlar və bitkilər arasında əhliləşmiş irqlər tapılmırsa bu etiraf olunmalıdır. Əgər əhliləşdirilmiş çeşidlər və həqiqi növlər arasında açıq-aşkar fərqliliklər olsaydı, belə bir çaşqınlıqla təkrar-təkrar qarşılaşmazdıq. əhliləşdirilmiş çeşidlərin cinslərinə xas xüsusiyyətlər baxımından bir-birilərindən fərqlənmədikləri dəfələrlə iddia olunub. Zənnimcə, bu iddianın doğru olduğu çətin ki, göstərilə bilər; lakin, təbiətşünaslar hansı xüsusiyyətlərin cinsə xas olduğu barəsində fikir ayrılığındadırlar. Bütün bu tipli dəyərləndirmələr hal-hazırda təbiətcə empirikdir. Bundan əlavə, bir azdan göstərəcəyim kimi, cinslərin mənşəyi haqdakı görüşə əsasən, əhliləşdirilmiş çeşidlərin cinslərinə xas xüsusiyyətlərinin həmişə fərqli olmasını gözləmək düzgün deyil.

Bir növün müxtəlif əhliləşdirilmiş çeşidləri arasında quruluş fərqinin nə olduğunu təxmin etməyə çalışdıqda, çeşidlərin bir, yoxsa bir neçə əcdaddan əmələ gəldiyini bilmədiyimizdən tərəddüd edirik. Aydınlaşdırıldığı təqdirdə bu məsələ çox maraqlı olardı; öz xüsusiyyətlərini dəyişikliyə uğramadan ötürə bilən ov iti(tazı), xəfiyyə iti, teryer, spanyel və buldoqun bir əcdaddan gəldiyini göstərə bilsək, dünyanın fərqli yerlərində yaşayan, yaxından əlaqəli təbii növlərin— məsələn, bir çox tülkü növünün— dəyişməzliyinə şübhə etməyə əsasımız olmuş ola bilər. İrəlidə göstərəcəyim kimi, bütün itlərin bir əcdaddan gəldiyinə inanmıram; lakin, əhliləşdirilmiş başqa çeşidlərdə bunun belə olduğuna inanmaq üçün güclü sayıla biləcək sübutlar var.

Çox vaxt, insanların əhliləşdirmək üçün dəyişməyə meylli və dolayısıyla da, çox fərqli mühitlərə tab gətirmə qabiliyyəti olan heyvan və bitkiləri seçdikləri fərz olunur. Bu bacarığın bizim əksər əhliləşdirdiyimiz çeşidlərin dəyərini əhəmiyyətli dərəcədə artırdığını müzakirə etmirəm; amma, vəhşi insan ilk dəfə heyvanları əhliləşdirəndə, gələcək nəsillərin dəyişəcəyini və digər iqlimlərə tab gətirəcəyini necə dərk edə bilərdi? Uzunqulaq və ya firəngtoyuğunun aşağı dəyişkənliyi, yaxud da Şimal maralının istiyə, dəvənin isə soyuğa dözümsüzlükləri onların əhliləşdirilməsinin qarşısını ala bildimi? Şübhəm yoxdur ki, əhliləşdirdiyimiz çeşidlərlə bərabər sayda və eyni dərəcədə müxtəlif siniflərə və ölkələrə məxsus olan digər heyvan və bitkilər təbii mühitdən götürülüb əhliləşdirmə şəraitində eyni sayda nəsillər boyunca çoxaldıla bilsəydi, onlar da orta hesabla mövcud əhliləşdirdiyimiz çeşidlərin əcdadlarının dəyişdikləri qədər dəyişərdilər.

Keçmişdə əhliləşdirilmiş əksər heyvanlarımızın və bitkilərimizin bir və ya bir neçə növdən törədiyi mövzusunda hər hansı bir dəqiq nəticəyə gəlməyin mümkün olduğunu düşünmürəm. Əhliləşdirilmiş sortların bir neçə əcdaddan törədiyini iddia edənlərin ən böyük arqumentləri odur ki, qədim mənbələrdə, xüsusilə də Misir abidələrində, sortların xeyli müxtəlif olduğunu və bəzilərinin indiki sortlara bənzədiyini, hətta eynisi ola biləcəyini müşahidə edirik. Lap bu son fakt öz təsdiqini indi olduğundan daha ciddi və ümumi şəkildə tapsa belə, bu, indiki sortların dörd və ya beş min il bundan əvvəl əmələ gəldiyindən başqa nəyi sübut edir? Lakin, Cənab Hornerin tədqiqatları dulusçuluqla məşğul olacaq qədər mədəniləşmiş insanın on üç və ya on dörd min il əvvəl Nil çayı vadisində yaşadığının mümkün olduğunu göstərmişdir; və indi kim deyə bilər ki, həmin qədim zamanlardan da əvvəl Tierra del Fuego, ya da Avstraliyada itləri yarım-əhliləşdirməyi bacarmış vəhşi insanlar Misirdə də mövcud deyildilər?

Fikrimcə, bu məsələ müəmmalı qalacaqdır; buna baxmayaraq, burada heç bir təfsilata varmadan deyə bilərəm ki, coğrafi və digər bütün bucaqlardan baxdıqda, indiki ev itlərinin böyük ehtimalla bir neçə əcdaddan gəldiyini düşünürəm. Qoyun və keçilər haqda heç bir fikir bildirə bilmərəm. Cənab Blythin hürgüclü hind inəklərinin vərdişləri, səsləri, cüssələri və s. barədə mənə ötürdüyü faktlar əsasında bu qənaətə gəlirəm ki, hind inəkləri Avropaya xas inəklərdən fərqli bir əcdaddan törəyib; və bəzi səriştəli mütəxəssislər də Avropa inəklərinin bir neçə vəhşi əcdadının olduğuna inanırlar. Atlara gəldikdə isə, burada göstərə bilməyəcəyim səbəblərə əsasən, bəzi müəlliflərin əksinə, bütün irqlərin bir vəhşi əcdaddan törədiyinə tərəddüdlə inanmağa meylliyəm. Böyük və ətraflı bilik bazasına görə, fikrinə demək olar ki, hamıdan çox dəyər verdiyim Cənab Blythin fikrincə, bütün ev quşları adi hind cəngəllik toyuğundan törəyiblər (Gallus bankiva). Sortları quruluşlarına görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən ördək və dovşanlara gəldikdə, onların hamısının vəhşi dovşan və ördəkdən törədiyinə şübhə etmirəm.

Bəzi müəlliflər əhliləşdirilmiş sortların bir neçə müxtəlif əcdaddan yaranması təlimini ifrat dərəcədə uzağa aparıblar. Onlara görə, özünəməxsus xüsusiyyətlərinin nə qədər az olmasından asılı olmayaraq, saf çoxalan hər bir çeşidin öz vəhşi versiyası var. Belə olan təqdirdə, bir neçəsi Böyük Britaniyada olmaqla, təkcə Avropada ən azı iyirmi növ vəhşi sığır, elə bir o qədər qoyun və bir neçə keçi olmalı idi. Hətta bir müəllif inanır ki, əvvəllər Böyük Britaniyada buraya xas on bir vəhşi qoyun növü olmuşdur! Britaniyanın özünəməxsus bir məməli növünün belə olmadığını, Fransada Almaniyadan, və yaxud Macarıstan və İspaniyadan fərqli bir neçə növdən başqa heç nə olmadığını, amma bu krallıqların hər birinin özünəməxsus bir neçə sort sığır, qoyun və s.-nin olduğunu nəzərə alsaq, qəbul etməliyik ki, əhliləşdirilmiş sortların bir çoxu Avropada yaranıb; ölkələrin heç birində fərqli əcdad sayı qədər özünəməxsus növ yoxdursa, bu çeşidlər haradan əmələ gələ bilərdilər? Hindistanda da vəziyyət oxşardır. Bir neçə vəhşi növlərdən törədiyini tamamilə qəbul etdiyim bütün dünyadakı ev itlərində belə irsi çeşidliliyin böyük payı olduğuna şübhə edə bilmərəm.. Kim inana bilər ki, italyan ov itinə, xəfiyyəyə, buldoqa və yaxud Blenheim spanyelinə—ki, bunlar vəhşi Canidae-lərdən (köpəkkimilərdən) çox fərqlidirlər—bənzər heyvanlar nə vaxtsa təbiətdə müstəqil şəkildə var olublar? Tez-tez boşuna it çeşidlərinin bir neçə əcdad növün çarpazlaşdırılmasından yaradıldığı deyilir; halbuki, çarpazlama yolu ilə biz yalnız onların valideynləri arasında müəyyən dərəcədə aralıq formalar əldə edə bilərik; və əgər əhliləşdirilmiş sortların hansı yolla əldə edildiyini bu cür açıqlasaq, qəbul etməliyik ki, italyan ov iti, xəfiyyə, buldoq və s. kimi ekstrim formalar bir zamanlar təbiətdə mövcud olub. Bundan əlavə, çarpazlaşdırma yolu ilə fərqli çeşidlər yarada bilmənin mümkünatı həddən artıq şişirdilib. Şübhəsiz ki, çeşid, arasıra çarpazlaşdırılıb, arzuolunan xüsusiyyətlərə sahib mələzləri diqqətlə seçərək dəyişdirilə bilər; lakin, iki tamamilə fərqli çeşidin və ya növün çarpazlaşmasından yepyeni bir çeşidin alına biləcəyinə inanmıram. Cənab J. Sepbright məhz bu mövzuda təcrübələr aparmış və uğursuzluğa düçar olmuşdur. İki saf sort arasındakı birinci çarpazlaşmadan yaranan balalar (göyərçinlərdə də gördüyüm kimi) kifayət qədər və bəzən həddən artıq bir-birinə bənzəyir və sanki hər şey yolunda gedir; lakin bu mələzləri bir-biriləri ilə nəsillər boyu çarpazlaşdırdıqda, nəticədə, iki dənəsi belə bir-birinə oxşamır və işin inanılmaz çətinliyi, daha doğrusu, tamamilə ümidsiz olduğu ortaya çıxır. Belədə, şübhəsiz ki, iki, çox fərqli sortun aralıq versiyası böyük qayğı və uzun müddətli seçmə olmadan əldə edilə bilməzdi; bu şəkildə alınmış daimi bir sort haqda məlumata indiyə qədər rast gəlməmişəm.

null
Şəkil 1. Darwinin 1868-ci ildə nəşr olunmuş Mədəni Bitki və Heyvanların Çeşidliliyi adlı kitabında göstərilmiş bəzi göyərçin sortları. Şəkildə sol yuxarıdan sağa doğru sıra ilə ingilis şişman göyərçini, ingilis poçt göyərçini, ingilis tikanlı göyərçini, bütün göyərçinlərin əcdadı olan çöl göyərçini (C.livia), ingilis yelpikquyruğu, Afrika bayquşu, qısasifətli mayallaq göyərçin təsvir olunmuşdur. [mənbə: (2)]

EV GÖYƏRÇİNLƏRİNİN SORTLARI ÜZƏRİNƏ

Həmişə xüsusi bir qrupu öyrənməyin daha yaxşı olduğuna inandığımdan, götür-qoy edib ev göyərçinləri ilə işləməyə qərar verdim. Əldə edə və ya ala bildiyim hər sortu saxlamağa başladım və dünyanın bir neçə tərəfində yaşayan insanlar, əsasən də Hindistandan hörmətli W. Elliot və İrandan C. Murray, bu işdə mənə dəstək verdilər. Göyərçinlər üzərinə fərqli dillərdə bir neçə traktat dərc edilmişdir və onların bəziləri xeyli qədim olduğu üçün çox vacibdir. Bir neçə görkəmli göyərçin həvəskarı ilə təmasda oldum və London Göyərçin Klublarından ikisinə qoşulmaq üçün icazə aldım. Buradakı sortların müxtəlifliyi olduqca valehedicidir. İngilis poçt göyərçini (ing. carrier) və qısa-üzlü mayallaq göyərçini (ing. short-faced tumbler) müqayisə edib, onların dimdiklərində möhtəşəm fərqliliklərin kəllələrinin quruluşundakı fərqliliyə uyduğunu görürsən. Poçt göyərçini, əsasən də erkək quş, başı ətrafında inkişaf edən heyranedici pipikləşmiş dərisinə, həm də dartılmış gözqapaqları, çox iri xarici burun dəlikləri və böyük ağızına görə diqqətəlayiqdir. Qısa-üzlü mayallaq göyərçinin dimdiyi ümumi forma baxımından alacəhrəninkinə (ing. finch) oxşayır; adi mayallaq göyərçinin isə qeyri-adi və qəti irsi xüsusiyyət olaraq çox yüksəkdə kompakt dəstələr halında uçmaq və havada mayallaq aşma vərdişi var. Iri göyərçin (ing. runt) böyük bədən ölçüsü, uzun, böyük dimdiyi və ayaqları olan quşdur; iri göyərçinin bəzi altçeşidlərinin uzun boyunları, digərlərinin uzun qanadları və quyruğu, ya da əksinə, qeyri-adi qısa quyruqları olur. Tikanlı göyərçin (ing. barb) poçt göyərçininin qohumudur, amma onun dimdiyi uzun yox, qısa və genişdir. Şişman göyərçinin (ing. pouter) gövdəsi, qanadları və ayaqları uzundur; qürurla şişirdiyi çox böyümüş çinədanı isə insanda heyrətə və hətta gülüşə səbəb ola bilir. Turbit göyərçininin qısa konusvari dimdiyi ilə bərabər sinəsində əks istiqamətdə çıxmış bir sıra lələk vardır; o həm də qida borusunun üst nahiyəsini qabarda bilmək xüsusiyyətinə görə bilinir. Yakobin göyərçininin başının arxasında o qədər əksinə bitmiş lələk var ki, onlar kapüşon əmələ gətirirlər; və bu növün ölçülərinə nəzərən olduqca uzun qanad və quyruq lələkləri var. Lüləquyruq (ing. trumpeter) və gülən (ing. laugher) göyərçinlər isə (ingilis dilindəki) adlarının da ifadə etdiyi kimi, digər sortlardan çox xüsusi quruldamalarına görə seçilirlər. Yelpikquyruq göyərçinin quyruğunda eyni fəsiləyə mənsub göyərçinlərdəki kimi on iki-on dörd lələk yox, otuz, hətta bəzən qırx lələk olur; bütün bu lələklər daima açıq halda saxlanır və o qədər dikdir ki, sağlam quşlarda baş və quyruq bir-birinə toxunur; piy vəzilərinin isə forması dəyişmiş olur. Bir neçə digər daha az gözəçarpan sortlar da müəyyən etmək olardı.

Müxtəlif sortların skeletlərində, uzunluq, en və əyriliklər baxımından üz sümüklərinin inkişafı olduqca fərqlidir. Alt çənə çıxıntısının forması, habelə uzunluğu və eni nəzərəçarpan dərəcədə dəyişir. Quyruq və büzdüm fəqərələrinin sayı, qabırğaların sayı kimi, onların nisbi ölçüləri və çıxıntılarının forması ilə birlikdə dəyişir. Döş sümüyündəki dəliklərin ölçü və forması çox dəyişkəndir; körpücük sümüyünün iki qolunun fərqlilik dərəcəsi və nisbi ölçüsü də belədir. Ağız boşluğunun mütənasib genişliyi, göz qapaqlarının, burun dəliyinin, dilin mütənasib uzunluğu, çinədanın və yemək borusunun yuxarı hissəsinin ölçüsü; piy vəzilərinin inkişafı və itirilməsi; birincil qanad və arxa lələklərinin sayı; qanad və quyruq uzunluğunun bir-birinə və bədənə nisbəti; ayaq barmaqlarındakı pulcuqların sayı, ayaq barmaqları arasında dərinin inkişafı quruluşun dəyişkən nöqtələridir. Yumurtadan çıxan zaman ətcəbalaların üstünü örtən tüklərin vəziyyəti kimi, tam tüklənmə dövrü də dəyişir. Yumurtaların quruluşu və ölçüsü fərqlidir. Bəzi sortlarda səs və xarakter kimi, uçma metodları da çox fərqlənir. Son olaraq, bəzi sortlarda erkək və dişi canlılar bir-birindən müəyyən qədər fərqlənirlər.

Ümumilikdə ən az iyirmi göyərçini bir ornitoloqa göstərib, bunların çöl quşları olduğunu desək, əminəm ki, onların fərqli növ olduğuna qərar verər. Bundan əlavə, heç bir ornitoloqun ingilis poçt göyərçinini, mayallaq göyərçini, iri göyərçini, tikanlı göyərçini, şişman göyərçini və yelpikquyruq göyərçini eyni cinsə aid edəcəyəni düşünmürəm; ən əsası ona görə ki, bu sortların, yaxud onun sözü ilə desək, növlərin hər birindən törəmiş altçeşidlərinin olduğu göstərilə bilər.

Göyərçin çeşidləri arasında fərqlər nə qədər böyük olsa da, əminəm ki, təbiətşünasların ortaq mövqeyi doğrudur, yəni, bir-birindən çox az fərqlənən coğrafi çeşidlər və ya altnövlər də daxil olmaqla bütün göyərçinlər çöl göyərçinindən (Columba livia) törəyiblər. Buna inanmağıma dəlalət verən səbəblər başqa məsələlərdə də keçərli olduğundan, qısaca onları təqdim edəcəyəm. Əgər müxtəlif sortlar çeşid deyillərsə və çöl göyərçinindən gəlməyiblərsə, ən azı yeddi və ya səkkiz əcdaddan törəmiş olmalıdırlar; çünki, hazırkı əhliləşdirilmiş sortları bundan daha az sayda əcdadla ortaya çıxarmaq mümkün deyil: məsələn, şişman göyərçini, əcdadlarından birinin özünəməxsus nəhəng çinədanı olmadan, iki sortun çarpazlaşdırılmasından necə əldə etmək olar? Nəzərdə tutulan əcdadların hamısı bala verməyən və ya öz istəyi ilə ağaclara qonmayan çöl göyərçini olmalı idi. Lakin, C. livia və onun coğrafi altçeşidlərindən başqa, çöl göyərçinlərinin ancaq iki və ya üç növü məlumdur; və bunlarda da əhliləşdirilmiş sortların heç bir xüsusiyyətləri yoxdur. Buna görə də, əcdadlar ya ilkin əhliləşdirildikləri ərazilərdə mövcud olub, sadəcə ornitoloqlara məlum deyillər, ki, ölçüləri, vərdişləri və gözəçarpan xüsusiyyətlərini nəzərə alsaq bu heç inandırıcı səslənmir; ya da nəsilləri tamamilə kəsilmişdir. Lakin, uçma qabiliyyətləri yaxşı olub, sıldırım qayalıqda çoxalan quşların nəslinin kəsilməsi ehtimalı o qədər də çox deyil; bundan əlavə, əhliləşdirilmiş sortlarla oxşar vərdişlərə sahib olan adi çöl göyərçinləri hətta kiçik Britaniya adacıqlarında və Aralıq dənizi sahillərində belə yoxa çıxmayıblar. Buna görə də, çöl göyərçinləri ilə oxşar vərdişlərə sahib bu qədər növün yoxa çıxması mənə çox düşünülməmiş bir fərziyyə kimi gəlir. Bundan əlavə, yuxarıda adı keçən sortların bir neçəsi dünyanın hər yerinə aparılıb və ona görə də, mütləq bəzi hallarda doğma ölkələrinə də geri qaytarılıb; lakin, çöl göyərçininin bir az fərqli forması olan dam göyərçinlərinin bəzi yerlərdə vəhşiləşdiyini çıxmaq şərtilə, heç bir sort vəhşiləşməmişdir. Əvvəl də qeyd etdiyim kimi, ən son təcrübəyə əsasən, vəhşi heyvanların əhliləşdirmə şəraitində rahat çoxalmalarına nail olmaq həddən artıq çətindir; buna baxmayaraq, göyərçinlərin çoxsaylı əcdadı olma hipotezinə əsasən, ən azı yeddi və ya səkkiz növün yarı-mədəni insanlar tərəfindən, təcrid şəraitində çoxala biləcək dərəcədə mükəmməl əhliləşdirildiyini fərz etmək lazımdır.

Mənə elə gəlir ki, digər böyük məsələlərdə də keçərli olan iddia budur ki, yuxarıda adı keçən sortlar cüssə, vərdiş, rəng, səs və quruluşlarının böyük bir hissəsi baxımından vəhşi çöl göyərçinlərinə oxşasalar da, digər hissələri baxımından həddən artıq anormaldırlar: ingilis poçt göyərçini, mayallaq göyərçin və ya iri göyərçindəki kimi dimdik üçün; yakobindəki kimi tərsinə çevrilmiş lələklər üçün; şişman göyərçindəki kimi çinədan üçün; yelpikquyruqdakı kimi quyruq lələkləri üçün nahaq yerə böyük Columbidae ailəsində axtarış aparırıq. Bundan əlavə, yarı-mədəni insanın nəinki bir neçə növü mükəmməl şəkildə əhliləşdirdiyini, hətta bilərəkdən və ya təsadüfən həddən artıq anormal növləri seçdiyini fərz etməliyik; üstəlik, o növlərin hamısının nəsilləri kəsilmiş olmalı və ya elmə məlum olmamalıdır. Bu qədər qeyri-adi təsadüfün eyni zamanda doğru olması mənə həddən artıq qeyri-mümkün görünür.

Göyərçinlərin rəngləri ilə bağlı bəzi faktları nəzərdən keçirməkdə fayda var. Çöl göyərçinləri qurğuşun-mavisi olub, ağ sağrıya1 malikdirlər (Hind altnövlərində və Stricklanddəki C. intermedia-da bu göyümtüldür); quyruğun sonunda xarici lələklərin kökündə çöldən ağ rənglə haşiyələnmiş qara zolaq var; qanadlarda iki qara zolaq var; bəzi yarım-əhliləşdirilmiş sortlar və bəzi həqiqi vəhşi sortların qanadlarında iki qara zolağa əlavə olaraq, qara damalar da var. Bu əlamətlər ailənin başqa heç bir növündə bir yerdə müşahidə olunmur. Saf sortları ələ alanda, əhliləşdirilmiş sortların hər birində, yuxarıda sadalanan əlamətlərin hamısı, bəzən mükəmməl inkişaf etmiş şəkildə ortaya çıxır. Bundan əlavə, yuxarıdakı əlamətlərin heç birinə sahib olmayan və ya göy olmayan iki fərqli sortun çarpazlaşmasından əmələ gələn mələz nəsil bu əlamətləri göstərməyə başlayır; tamamilə ağ yelpikquyruğu, tamamilə qara tikanlı ilə çarpazlaşdırdım və nəticədə, qəhvəyi və qara ləkəli quşlar alındı; bunları təkrar çarpazlaşdırdıqda ağ yelpikquyruq və qara tikanlının nəvələrindən biri, eynilə bir çöl göyərçini kimi valehedici göy rəngdə, sağrısı ağ, qanadları iki qara zolaqlı və quyruq lələkləri zolaqlı və ağ haşiyəli oldu! Əgər bütün əhliləşdirilmiş sortlar çöl göyərçinindən törəyiblərsə, bu faktı bizə yaxşı məlum olan, əcdadlara dönüş prinsipi vasitəsilə başa düşmək olar. Lakin əgər bunu inkar ediriksə, aşağıdakı iki xeyli ağlasığmaz ehtimaldan birinə inanmalıyıq. Birinci ehtimalda, heç bir başqa növün bu rənglərə və əlamətlərə malik olmadığına baxmayaraq, əcdadların xüsusiyyətlərinə belə bir geri dönüş tendensiyasının olması üçün, güman olunan çoxsaylı əcdadların hamısının çöl göyərçini ilə eyni rəngə və onunla eyni əlamətlərə sahib olduğuna inanmalıyıq. Ya da, ikincisi, hər bir sortun— hətta ən saflarının belə—son on, ya da uzağı iyirmi nəsildə çöl göyərçini ilə çarpazlaşdığına inanmalıyıq; on və yaxud iyirmi ona görə ki, balaların daha uzaq əcdadlarına dönməsi müşahidə olunmamışdır. Hansısa uzaq bir sortla sadəcə bir dəfə çarpazlaşdırılan sortda, hər yeni nəsillə yad qan get-gedə azalacaq; lakin heç bir çarpazlaşma olmayıbsa və hər iki valideyndə əcdadlara dönüş tendensiyası varsa, bu tendensiya, azalmadan qeyri-müəyyən sayda gələcək nəsillər boyu ötürülə bilər. Bu iki fərqli geri dönüş mexanizmi irisiyyətlə bağlı traktatlarda qarışdırılır.

Son olaraq, əhliləşdirilmiş sortlardan gələn hibrid və yaxud mələzlərin hamısı tamamilə məhsuldardır. Bilərəkdən ən fərqli sortlar üzərində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, tamamilə fərqli iki heyvanın balalarının məhsuldar olduğu bir nümunə göstərmək çox çətin, bəlkə də imkansızdır. Bəzi müəlliflərə görə, uzun müddət əhliləşdirmə sonsuzluğa olan güclü tendensiyanı aradan qaldırır; heç bir dəlillə isbatlanmış olmasa da, itlərin tarixindən yola çıxaraq, çox yaxından əlaqəli növlərə şamil edildiyi zaman, bu hipotezin müəyyən qədər inandırıcı olduğunu qəbul edirəm. Lakin hipotezi ingilis poçt göyərçininin, mayallaq, iri, tikanlı, şişman və yelpikquyruq göyərçin kimi tamamilə fərqli əcdadlardan gələn növlərin inter se (öz aralarında) məhsuldar bala verə biləcəyini iddia edəcək qədər uzağa aparmaq, mənə həddən artıq inanılmaz gəlir.

Sadalanan səbəbləri, daha dəqiq desək, insanın yeddi və ya səkkiz fərqli göyərçin növünü əhliləşdirib, rahat çoxalmalarını təmin edə biləcəyinin mümkünsüzlüyünü; bu növlərin vəhşi versiyalarının bilinmədiyi və heç yerdə təbiətə qayıdıb, vəhşiləşmədiyini; bu üzvlərin Columbidae ailəsinin digər üzvləri kimi bəzi cəhətlərinə görə öxünəməxsus, lakin bir çox xüsusiyyətləri baxımından çöl göyərçininə çox oxşadığını; həm saf saxlandıqda, həm də çarpazlaşdırıldıqda bütün sortlarda göy rəngin və bəzi əlamətlərin əmələ gəldiyini; mələz balaların tamamilə məhsuldar olduğunu nəzərə alaraq, bütün əhliləşdirilmiş sortların Columba livia-dan və onun müxtəlif coğrafi altnövlərindən törədiyinə şübhə edə bilmirəm.

Bu fikrə sübut olaraq əlavə edə bilərəm ki, birincisi, C. livia və yaxud çöl göyərçininin Avropa və Hindistanda əhliləşdirilə bilindiyi göstərilmişdir; və bu göyərçinlər vərdiş və quruluş baxımından bütün əhliləşdirilmiş sortlarla uzlaşmaqdadır. İkincisi, ingilis poçt göyərçini və mayallaq göyərçin bəzi xüsusiyyətlərinə görə çöl göyərçinlərindən həddən artıq fərqlənsələr də, bu sortların, xüsusilə də başqa uzaq ölkələrdən gətirilmiş altsortlarını müqayisə etsək, çöl göyərçinləri ilə onlar arasında bir cərgə yaratmaq olar. Üçüncüsü, çox vaxt sorta xas olan bu xüsusiyyətlər, məsələn, poçt göyərçininin pipiyinin və dimdiyinin uzunluğu, mayallaq göyərçininkinin qısalığı, yelpikquyruğun quyruq lələklərinin sayı, hər bir sortda diqqətədəyər dərəcədə dəyişkəndir; və bunun niyə belə olduğu, Seçmədən bəhs edəndə aydın olacaq. Dördüncüsü, göyərçinlər böyük qayğı ilə saxlanılır və bir çox insan tərəfindən sevilir. Onlar dünyanın müxtəlif yerlərində min illərlə əhliləşdiriliblər; Professor Lepsiusun şəxsimə verdiyi məlumata əsasən, göyərçinlərlə bağlı əlimizdə olan ən qədim sübut e.ə. 3000 il bundan əvvələ, beşinci Misir sülaləsinin vaxtına gedib çıxır; lakin Cb. Birchə görə göyərçinlər daha əvvəlki sülalənin yemək siyahısında göstərilmişdir. Pliny-dən eşitdiyimizə görə, romalıların vaxtında, göyərçinlər çox bahaya satılırdılar; “hətta işlə o qədər həşir-nəşir olmuşdular ki, axırda onların nəsil ağaclarına və çeşidlərinə qədər gedib çıxdılar.” 1600-cü illərdə, göyərçinlər Hindistanda Əkbər xan tərəfindən çox dəyərləndirilirdilər; saraydakı göyərçinlərin sayı heç vaxt 20,000-dən az olmurdu. Bir saray tarixçisinin sözlərinə görə “İran və Turan padşahları ona nadir quşlar göndərirdilər” və “Zati Aliləri əvvəllər istifadə olunmamış metodla sortları çarpazlaşdıraraq, inanılmaz dərəcədə inkişaf etdirirdi.” Elə bu dövrlərdə, hollandlar da qədim romalılar kimi göyərçinlərə həvəsli idilər. Seçmə məsələsindən söhbət açanda, bu faktların göyərçinlərin keçirdiyi inanılmaz dəyişiklikləri anlamaqda vacibliyi aydın olacaq. Sortların necə olur ki, bir qədər anormal sayıla biləcək xüsusiyyətlərə sahib olduğunu da görəcəyik. Dişi və erkək göyərçinlərin ömürlük cütləşməsi, fərqli sortların istehsalı üçün əlverişli haldır; və bununla da, fərqli sortları eynu quş damında saxlamaq mümkündür.

Əhliləşdirilmiş göyərçinlərin mümkün mənşəyi haqda yetəcək qədər olmasa da, müəyyən qədər söhbət açdıq; çünki ilk dəfə göyərçin saxlayıb, müxtəlif çeşidləri ilə maraqlanmağa başlayanda, nə qədər saf çoxaldıqlarını bildiyimdən, hər bir təbiətşünasın təbiətdəki alacəhrə ya da başqa böyük quş qrupları ilə bağlı oxşar nəticələrə gəldiyi zaman çəkə biləcəyi kimi, mən də, göyərçinlərin ortaq əcdaddan gəldiyinə inanmaqda çətinlik çəkirdim. Bir məsələ məni çox heyrətə saldı; danışdığım və ya traktatlarını oxuduğum bütün heyvandar və bağbanlar, saxladıqları sortların fərqli əcdad növlərdən gəldiyinə inanırlar. Mənim elədiyim kimi, Hereford sığırı yetişdirən, adlı-sanlı bir maldardan soruşun görün onun sığırı uzun buynuzlu soydan gələ bilərmi; sizə cavab olaraq, alçaldıcı şəkildə güləcək. Bütün əsas sortlarının fərqli növlərdən gəldiyinə inanmayan göyərçin, toyuq, ördək və yaxud dovşan həvəskarına hələ rastlamamışam. Armudlar və almalar üzərinə yazdığı traktatında Van Mons, bir neçə sortun, məsələn, Ribston-pippin və ya Codlin almasının eyni ağacın toxumlarından gəldiyinə necə inanmadığından danışır. Bunun kimi saysız-hesabsız misallar göstərmək olar. Məncə bunun səbəbi çox sadədir: onlar uzun müddətli çalışmanın nəticəsində, müxtəlif çeşidlər arasındakı fərqliliklərdən çox təsirləniblər; və hər bir çeşidin digərlərindən azacıq fərqləndiyini bilsələr də—ki, bu fərqlilikləri seçərək, yarışmalardan mükafatlar alırlar—bütün ümumi arqumentləri heçə sayaraq, kiçik fərqliliklərin nəsillər boyu üst-üstə gəlib, yığıldığını qəbul etmirlər. İrisiyyət qanunlarını heyvandarlardan daha az bilən və uzun mənşə zəncirinin aralıq həlqələrini onlardan çox bilməyən, buna baxmayaraq, əhliləşdirilmiş sortların eyni əcdaddan gəldiyini qəbul edən təbiətşünaslar, təbiətdəki növlərin digər əcdad növlərdən birbaşa törəməsi ideyasını lağa qoyanda, diqqətli olmaları üçün xəbərdar edilməli deyillərmi?

SEÇMƏ

Gəlin, bir və ya bir neçə qohum növdən əhliləşdirilmiş sortların necə alındığına qısaca nəzər salaq. Bəlkə də bəzi kiçik effektləri xarici həyat şərtləri və vərdişlərin ayağına yazmaq olar; lakin qoşqu və yarış atları, ov və xəfiyyə itləri, poçt və mayallaq göyərçinləri arasındakı fərqləri bu kimi amillərlə izah etmək cəsarət tələb edir. Əhliləşdirilmiş sortlarda ən nəzərəçarpan xüsusiyyət, malik olduqları adaptasiyaların özlərinə yox, insan istifadəsi və istəyinə uyğun olmasıdır. İnsana yararlı bəzi variasiyalar yəqin ki, birdən, ya da bir mərhələdə yaranmışdır; məsələn, bir çox botanik hesab edir ki, iynələri ilə hər hansı bir mexaniki qurğudan geri qalmayan karxana fırçaotu (Dipsacus fullonum), yalnız yabanı Dipsacus-un (fırçaotunun) bir çeşididir.

null
Şəkil 2. Mədəni və yabanı karxana fırçaotunun xaricdən görünüşü. (mənbə: Popular Science Monthly, 1891)

Belə bir dəyişiklik toxumda əmələ gələ bilərdi. Eyni şey aşbaz itində də olmuş ola bilərdi; və ankon qoyununda bunun belə olduğu məlumdur. Lakin qoşqu və yarış atını, bir və iki hürgüclü dəvəni, əkin sahələrinə və ya dağlıq otlara uyğunlaşmış, yunları fərqli məqsədlər üçün istifadə olunan qoyun sortlarını müqayisə etdikdə; hər biri insan üçün fərqli cür faydalı olan it sortlarını müqayisə etdikdə; döyüşdə inadkarlığı ilə tanınan oyun xoruzunu, digər az döyüşkən sortlarla, “daimi yumurtlayan” və heç vaxt kürt yatmaq istəməyən toyuqlarla, çox kiçik və qəşəng bantamla (ev quşu sortu) müqayisə etdikdə; müxtəlif mövsümlərdə və müxtəlif məqsədlər üçün insana çox faydalı olan yaxud da gözə xoş gələn saysız-hesabsız tarla, bağça, meyvə və dekorativ bitki irqlərini müqayisə etdikdə, fikrimcə, bəsit dəyişkənlikdən daha uzağa nəzər salmalıyıq. Bütün sortların birdən-birə indi olduqları kimi mükəmməl və faydalı şəkildə yarandığını zənn etməməliyik; həqiqətən də, bilirik ki, onların keçmişi bir sıra hallarda belə olmamışdır. Bunun açarı, insanın akkumulyativ (yığılan) seçmə qabiliyyətindədir: təbiət dayanmadan variasiyalar yaradır; insan onları özünə faydalı müəyyən istiqamətlərdə toplayır. Bu baxımdan, insanın özünə sərf edən sortları yaratdığını demək mümkündür.

Seçmə qanununun böyük təsiri fərziyyə deyil. Bəzi məşhur heyvandarlarımızın, hətta təkcə öz həyatları boyu, bəzi mal-qara və qoyun sortlarını böyük ölçüdə dəyişdirdiklərinə şübhə yoxdur. Nə etdiklərini daha ətraflı başa düşmək üçün bu mövzuda yazılmış traktatları oxumaq və heyvanları müşahidə etmək, demək olar ki, mütləqdir. Heyvandarlar adətən heyvanların quruluşundan, istədikləri formanı yarada biləcəkləri plastik (dəyişkən) bir şey kimi danışırlar. Əgər kifayət qədər yerim olsaydı, olduqca nüfuzlu müəlliflərdən bu barədə çoxlu sitat gətirərdim. Təsərrüfatçıların işləri ilə yəqin ki, hamıdan daha yaxşı tanış olan və özü də heyvanlardan çox yaxşı baş çıxaran Youattın dediyi kimi, seçmə, “fermerlərə təkcə sürülərinin xüsusiyyətlərini deyil, onları tamamilə dəyişdirməyə imkan verir. “Bu, sehrbazın istədiyi formaya və qəlibə həyat verməsi üçün istifadə etdiyi sehrli çubuqdur.” Heyvandarların qoyunlara nə etdikləri haqda danışan Lord Sommerville “sanki divara özü-özülüyündə mükəmməl olan formanı çəkib, sonra onu var ediblər”, -deyir. Ən bacarıqlı seleksiyaçı heyvandar, Cənab John Sebright göyərçinlər barəsində deyərdi ki, “hər hansı bir lələyi üç ilə hazırlaya bilər, amma dimdik və kəllə hazırlamaq altı ilini alar.” Saksoniyada seçmə prinsipinin əhəmiyyəti o qədər yaxşı anlaşılıb ki, insanlar bunu bir peşə kimi öyrənirlər: onlar qoyunu stolun üstündə yerləşdirir, rəsm bilicisinin rəsm əsərini incələdiyi kimi incələyir; bu prosesi ay ərzində müəyyən intervallarla üç dəfə təkrarlayır və qoyunların ən yaxşılarını seçmək və çoxaltmaq üçün işarələyib, sinifləndirirlər.

METODİKİ SEÇMƏ

İngilis seleksiyaçıların əslində nəyə nail olduqlarını, yaxşı nəsil ağacına malik heyvanlara verilən böyük məbləğlər sübut edir; və bu heyvanlar dünyanın dörd bir yanına ixrac olunub. Təkmilləşmə, adətən müxtəlif sortların çarpazlaşdırılması ilə bağlı deyil; çox yaxın qohum olan alt-sortlar arasındakı çarpazlaşdırılmanı çıxmaq şərtilə, ən yaxşı seleksiyaçıların hamısı bu təcrübənin qəti əleyhinədir. Və çarpazlaşma aparıldıqdan sonra, diqqətli seçmə hətta adi hallardakından da daha zəruridir. Seçmə hansısa çox fərqli çeşidi ayırıb, çoxaltmaqdan ibarət olsaydı, prinsip diqqətə dəyməyəcək qədər açıq-aşkar olardı; lakin onun əhəmiyyəti təcrübəsiz bir gözlə seçilə bilməyəcək fərqlərin— ki, mən özüm də əbəs yerə bunların qiymətini başa düşməyə çalışmışam— ardıcıl nəsillər ərzində bir istiqamətdə yığılmasından yaranan böyük nəticədədir. Min insanda birində belə nüfuzlu heyvandar olmaq üçün lazım olan dəqiq göz və mühakimə qabiliyyəti yoxdur. Bir insan əgər bu xüsusiyyətlərə malikdirsə və mövzunu illər boyu öyrənibsə və tükənməz həvəslə həyatını bu işə sərf edibsə, uğur qazanıb, böyük inkişafa nail olacaq; bu keyfiyyətlərdən hansınasa sahib deyilsə, uğursuzluğa düçar olması labüddür. Çox az adam inanar ki, bacarıqlı göyərçin həvəskarı belə olmaq üçün təbii qabiliyyət və illərin təcrübəsinə ehtiyac var.

Eyni prinsiplərə bağbanlar də riayət edirlər; lakin, burada variasiyalar adətən daha qəfil olur. Heç kim zənn etmir ki, ən seçmə bitkilərimiz əcdadlarından bir dəyişmə ilə əldə edilmişdir. Qeydlərin saxlandığı bəzi hallarda bunun belə olmadığı ilə bağlı sübutlar var; ən sadə misal olaraq, quş üzümünün daim böyüyən ölçülərini göstərmək olar. İyirmi-otuz il əvvəlki şəkillərdə təsvir olunmuş gülləri indiki güllərlə qarşılaşdırdıqda onlardakı gur inkişafı görürük. Sort qərarlaşdıqdan sonra, toxumçular təzədən ən yaxşını seçməkdənsə, toxumların arasından “yaramaz” adlandırdıqları, standartlardan kənara çıxan fərdləri arıtlayıb çıxarırlar. Heyvanlarla da eyni formada seçmə aparılır; çünki heç kəs ən pis heyvanlarının belə çoxalmasına icazə verəcək qədər diqqətsiz deyil.

Bitkilərdə seçmənin yığılmış effektlərini müşahidə etməyin başqa bir yolu var—gül bağçasındakı eyni növün fərqli çeşidlərinin güllərindəki müxtəlifliyi qarşılaşdırmaq; mətbəx bağçasında qiymətli hesab olunan yarpaq, ləpə, köklər və ya başqa hissələrindəki müxtəlifliyi eyni çeşidlərin güllərindəki müxtəlifliklə qarşılaşdırmaq; bağdakı növlərin meyvələrinin müxtəlifliyini, yarpaq və güllərinki ilə qarşılaşdırmaq. Kələm yarpaqlarının nə qədər fərqli, güllərinin isə nə qədər çox oxşar olduğuna; alabəzək bənövşənin güllərinin nə qədər fərqli, yarpaqlarının nə qədər oxşar olduğuna; müxtəlif quşüzümü sortlarında meyvə ölçüsünün, rənginin, forma və tüklülüyünün nə qədər fərqli və güllərindəki fərqin hələ də çox cüzi olduğuna fikir verin. Bu o demək deyil ki, bir xüsusiyyətə görə çox fərqlənən çeşidlər, digər xüsusiyyətlərinə görə fərqlənmirlər; bu, demək olar ki, heç vaxt belə olmur. Əhəmiyyəti heç vaxt gözdən qaçırılmamalı olan qarşılıqlı böyümə qanunları müəyyən fərqliliklər yaradacaqdır; lakin, ümumilikdə, bir qayda olaraq, yarpaqlarda, güllərdə və ya meyvələrdə çeşidliliklərin daima seçilməsinin son nəticədə bir-birilərindən əsasən bu hissələrinə görə fərqlənən çeşidlər yaradacağına şübhə edə bilmərəm.

İddia oluna bilər ki, seçmə prinsipi yalnız son 75 ildə metodiki praktikaya çevrilmişdir; doğrudur, son illər bu məsələyə daha artıq diqqət ayrılıb, bir çox traktatlar yazılıb; və əlavə etməliyəm ki, nəticələr çox qısa müddətdə ortaya çıxmış və əhəmiyyətli olmuşdur. Lakin bu prinsipin müasir bir kəşf olduğu fikri səhvdir. Antik dövrlərdə prinsipin əhəmiyyətinin anlaşıldığını göstərən istinadlar verə bilərəm. İngilis tarixinin yabanı və barbar dövrlərində, seçkin heyvanlar idxal edilir və ixracının qarşısını almaq üçün qanunlar qəbul olunurdu: toxumçular “yaramazları” arıtladıqları kimi, müəyyən ölçülərin aşağısında atlar da məhv edilirdi. Qədim bir Çin ensiklopediyasında seçmə prinsipi haqda xüsusi söz açıldığını görmüşəm. Klassik Roma yazıçıları müfəssəl seçmə qaydalarını vermişdirlər. Yaradılışın2 hissələrindən məlumdur ki, o vaxtlar əhliləşdirilmiş heyvanların rənglərinə fikir verirdilər. İndiki ibtidai insanlar öz it sortlarını inkişaf etdirmək üçün bəzən vəhşi köpəklərlə çarpazlaşdırırlar və Pliny-nin yazılarında təsdiq edildiyi kimi, onlar bunu əvvəllər də edirdilər. Bəzi Eskimosların kirşə itlərində etdikləri kimi, Cənubi Afrikadakı aborigenlər də qoşqu sığırlarını rənglərinə görə uyğunlaşdırırlar. Livingstone Mərkəzi Afrikada, avropalılarla təmasda olmamış qaradərililərin yaxşı əhliləşdirilmiş sortlara necə dəyər verdiyindən bəhs edir. Bu faktlardan bəziləri seçməni göstərməsə də, qədim zamanlarda əhliləşdirilmiş heyvan yetişdirməyə nə qədər diqqət ayrıdığını və indinin özündə də, ən aşağı yabanı insanlar tərəfindən də dəyərləndirildiyini göstərir. Yaxşı və pis xüsusiyyətlərin irsən ötürülməsinin bu qədər açıq-aşkar olduğunu nəzərə alsaq, heyvan yetişdirməyə diqqət ayrılmaması qəribə olardı.

QEYRİ-İXTİYARİ SEÇMƏ

Hal-hazırda nüfuzlu heyvandarlar ölkədə mövcud olanlardan daha üstün sortlar və ya alt-çeşidlər yaratmaq məqsədi ilə metodiki seçməni yoxlayırlar. Lakin burada bizim üçün maraqlı olan Qeyri-İxtiyari adlandıra biləcəyimiz, hamının ən yaxşı sorta sahib olub, çoxaltmaq istəyindən yaranan Seçmə növü daha maraqlıdır. Beləliklə, pointer itləri saxlamaq istəyən adam mümkün qədər yaxşı itlər əldə edib və sonra ən yaxşı itlərini yetişdirməyə çalışsa da, onda sortu həmişəlik dəyişdirmək arzusu və ya ümidi olmur. Lakin şübhə etmirəm ki, əsrlər boyu davam edən bu proses, Bakewell, Collins, və s-in, hətta təkcə öz həyatları ərzində, eyni üsulla, amma daha metodiki şəkildə mal-qaralarının quruluş və keyfiyyətinə etdikləri dəyişiklər qədər, sortların inkişafına və dəyişməsinə gətirib çıxarar. Sortların çoxdan öyrənilmiş faktiki göstəriciləri və çəkilmiş şəkilləri (hansı ki müqayisə üçün vacibdir) olmadan, bu tipli yavaş və sezilməyən dəyişikliklərin fərqinə varmaq heç vaxt mümkün ola bilməz. Lakin bəzi hallarda, sortun daha az inkişaf etdirildiyi daha az mədəni yerlərdə, dəyişməyən və ya çox cüzi dəyişən sortlar tapmaq mümkündür. Kral Charlesın spanielinin o vaxtdan bəri qeyri-ixtiyari olaraq dəyişidirildiyinə inanmaq üçün səbəb var. Bəzi nüfuzlu mütəxəssislər əmindirlər ki, ov tulası birbaşa spanieldən törəyib və böyük ehtimalla onun yavaş-yavaş dəyişilməsindən yaranıb. İngilis pointerinin son bir əsr ərzində çox dəyişdiyi məlumdur və bu dəyişikliyin əsasən tülkü tazısıyla çarpazlaşmadan gəldiyi zənn edilir; lakin, bizi maraqlandıran şey odur ki, dəyişmə zamanla və qeyri-ixtiyari, amma o qədər effektiv olmuşdur ki, pointerin İspaniyaniyadan gəldiyini bildiyimiz halda, Cb. Barlowun mənə dediyinə əsasən, o, İspaniyada pointerə oxşar yerli itlə rastlaşmamışdır.

Eyni seçmə prosesi və gərgin məşqlər nəticəsində, İngilis cıdır atları, əcdadları olan Ərəb atlarını sürət və bədən ölçüsündə o qədər keçmişlər ki, Goodwood Yarışlarının qaydalarına əsasən yarışda ərəb atlarına çəkilərində güzəştlər edilmişdir. Lord Spencer və başqaları bu ölkədə saxlanılan əcdadları ilə müqayisədə, ingilis mal-qarasının çəkisinin artdığını və erkən yetkinliyə çatdığını göstərmişlər. Köhnə göyərçin traktatlarında verilmiş məlumatlarda təsvir edilən poçt və mayallaq göyərçinlərini, indi Britaniya, Hindistan və İranda yaşayan eyni sortlarla müqayisə etdikdə, düşünürəm ki, onların hiss olunmadan keçdikləri mərhələləri və sonda çöl göyərçinindən xeyli fərqləndiyini aydın şəkildə izləyə bilərik.

Əhliləşdirilmiş heyvanların balalarına irsən ötürülmüş xüsusiyyətlərlə bağlı heç vaxt düşünməyən yabanı insanlar mövcud olsalar belə, onlara hansısa məqsəd üçün lazım olan seçmə heyvanları, barbarların tez-tez qarşılaşdığı aclıq və digər fəlakətlər zamanı, diqqətlə qoruyub, saxlayacaq və bu seçmə heyvanlar daha zəif olanlardan daha çox bala verəcək; beləliklə, qeyri-ixtiyari seçmə baş tutacaqdı. Heyvanlara verilən dəyəri Tierra del Fuego (“Alovlar Ölkəsi”) barbarlarının aclıq zamanında itlərdən daha az qiymət verdikləri qoca qadınları öldürüb yemələrindən görürük.

Bitkilərdə, ilk dəfə ortaya çıxdıqları zaman ayrı çeşidlər olaraq sinifləndirilməyə kifayət edəcək qədər fərqli görünüb görünməməsindən, iki ya da daha artıq növün və ya irqin çarpazlaşmasından törəmiş olub olmamasından asılı olmayaraq, ən yaxşı fərdlərin arasıra seçilib, saxlanılaraq tədricən inkişaf etdirilməsi prosesini, alabəzək bənövşə, qızılgül, ətirşah, soğangülü və başqa çeşidlərin ölçü və gözəllik baxımından köhnə çeşidlər və ya öz əcdadları ilə müqayisədə daha üstün olmasında müşahidə edə bilərik. Heç kim yabanı bitkilərin toxumundan nə vaxtsa çox gözəl alabəzək bənövşə və ya soğangülü alacağını güman etməz. Heç kim yabanı armudun toxumundan əla növ yumşaq armud alacağını gözləməz, amma yabanı şəraitdə böyüyən bağ çeşidindən götürülmüş tingədən nəticə almaq olar. Klassik çağdan3 əkilməsinə baxmayaraq, Pliny-nin təsvir etdiyinə əsasən, görünür, armud aşağı keyfiyyətli meyvə sayılırdı. Bitkiçiliklə bağlı əsərlərdə belə aşağı keyfiyyətli materiallardan belə əsrarəngiz nəticə aldıqlarına görə bağbanların tərifləndiyini görmüşəm; lakin, gəlinən nəticələri nəzərə aldıqda, sözügedən sənətin əslində çox sadə olduğuna, az qala qeyri-ixtiyarı yerinə yetirildiyinə şübhə edə bilmirəm. Proses həmişə ən yaxşı çeşidləri becərməkdən, onların toxumlarını əkməkdən və bir az daha yaxşı çeşid ortaya çıxandan sonra, onu ayırıb, bu formada davam etməkdən ibarət idi. Lakin, əllərinə keçən ən yaxşı armudu əkən klassik çağın bağbanları, bu gün necə əsrarəngiz meyvə yeyəcəyimizi fikirləşə bilməzdilər; buna baxmayaraq, əla meyvəmizi, az da olsa, onların təbii olaraq, tapa bildikləri ən yaxşı çeşidləri seçib, yetişdirmələrinə borcluyuq.

Becərilmiş bitkilərdə bu cür yavaş və qeyri-ixtiyari şəkildə yığılaraq ortaya çıxmış dəyişikliklər, çox yaxşı məlum olan faktı—uzun müddət gül və mətbəx bağçalarımızda becərilmiş bitkilərin əcdadlarından bixəbər olduğumuzu—açıqlayır. Əgər bitkilərimizi indi bizə lazım olduqları səviyyəyə gələcək qədər dəyişdirmək əsrlər, minilliklər alıbsa, yabanı insanların yaşadığı Avstraliya, Ümid Burnu və bu kimi yerlərdən niyə becərilmək üçün uyğun bir dənə də olsun bitki çıxmadığını anlaya bilərik. Bu ona görə deyil ki, xeyli zəngin növləri olan bu ölkələrdə faydalı bitki əcdadları yoxdur; bu ona görədir ki, buradakı yerli bitkilər qədimdən qalma mədəniyyətlərdəki bitkilər kimi, mükəmməlliyə çatmaq üçün lazımi daimi seçməyə məruz qalaraq, inkişaf etdirilməyiblər.

Mədəni olmayan insanlar tərəfindən saxlanılan ev heyvanları haqda unutmamalıyıq ki, bu heyvanlar ən azı ilin bəzi fəsillərində öz qidalarını axtarmağa məcburdurlar. Bundan əlavə, eyni növə aid, bir-birindən quruluşca və ya cüssə baxımından azca fərqlənən iki fərd, fərqli şəraitli ölkələrin birində digərindən daha uğurlu ola və beləliklə, qabaqda söhbət açacağımız kimi, “təbii seçmə” prosesi ilə iki altçeşid əmələ gələ bilər. Bu, bəlkə də, digər müəlliflərin qeyd etdiyi kimi yabanı insanlar tərəfindən saxlanılan növlərin, mədəni ölkələrdəki çeşidlərə nisbətən növə xas xüsusiyyətləri niyə daha çox qoruduqlarını müəyyən qədər açıqlayır.

İNSAN TƏRƏFİNDƏN SEÇMƏ

Burada bəhs olunduğu kimi, əhliləşdirilmiş sortların niyə insanın ehtiyaclarına və istəklərinə uyğun adaptasiyaları olduğu, insanın seçmə prosesində oynadığı vacib roldan aydın olur. Fikrimcə, əhliləşdirilmiş sortların çox vaxt anormal xüsusiyyətlərə malik olmasını və xarici əlamətlərinə görə bir-birilərindən həddən artıq fərqlənsələr də, daxili hissələrində və orqanlarında daha cüzi fərqləndiklərini başa düşə bilərik. İnsan xaricdən görünməyən hər hansı quruluş dəyişikliklərini ya seçə bilmir, ya da çox çətinliklə seçir; və ümumiyyətlə, daxildə nə olduğu ona adətən maraqlı deyil. Təbiətin verdiyi ilkin çeşidlilik olmadan, insan seçmə edə bilməz. Heç kəs, quyruğu müəyyən qədər fərqli formada inkişaf etmiş göyərçini görmədən, lələkquyruğu və yaxud müəyyən qədər qəribə ölçülü çinədana sahib göyərçin görmədən şişman göyərçini yetişdirməyə çalışmaz; və əlamətlər ilk dəfə əmələ gələndə, nə qədər qəribə və anormal olarsa, insanın diqqətini çəkmə ehtimalı bir o qədər yüksək olur. Lakin lələkquyruq yetişdirməyə çalışmaq tipli ifadələr şübhəsiz ki, bir çox hallarda tamamilə yanlışdır. Bir az uzun quyruqlu göyərçini seçən ilk insan, o göyərçinin nəsillərinin uzunmüddətli, müəyyən qədər qeyri-ixtiyari və müəyyən qədər metodiki seçmə yolu ilə nəyə dönəcəklərini yatıb yuxusunda belə görə bilməzdi. Bəlkə də, əcdad lələkquyruqda indiki Yava lələkquyruğundakı kimi sadəcə on dörd, ya da digər sortlardakı kimi on yeddi lələk var idi. Bəlkə də ilk şişman göyərçin çinədanını turbitin indi yemək borusunun üst hissəsinin şişirtdiyindən—bu, sözügedən sortun əsas xüsusiyyətlərindən olmadığından həvəskarlar tərəfindən vacib sayılmır—artıq şişirdə bilmirdi.

Həvəskarın diqqətini cəlb etməsi üçün quruluşda hansısa böyük dəyişikliyə ehtiyac olduğu düşünülməsin; o, ən kiçik fərqlilikləri də hiss edir və sahib olduğu şeylərdə yaranan hansısa yeniliyə dəyər vermək insanın təbiətində var. Eyni növün müxtəlif fərdləri arasında əvvəllər dəyərli hesab olunan dəyişikliklər, sortlar qərarlaşdıqdan sonra eyni qədər dəyərli olmaq məcburiyyətində deyillər. Göyərçinlər arasında əmələ gələ biləcək və əmələ gələn dəyişikliklər çox vaxt mükəməllik standartından kənaraçıxmalar olaraq rədd edilir. Adi qaz heç bir xüsusi çeşidlərə yol açmayıb; buna görə də, son zamanlar, adi sortdan ən keçici xüsusiyyət sayılan rəngdən başqa heç nə ilə fərqlənməyən Thoulouse sortu sərgilərdə fərqli bir çeşid kimi nümayiş olunurdu.

Məncə, bu yanaşma bəzən səslənən fikirləri—daha dəqiq desək, heç bir əhliləşdirilmiş sortumuzun mənşəyi haqda heç nə bilmədiyimizi— bir az daha izah edir. Lakin, əslində, sortun eynilə dildəki dialektlər kimi, hansısa müəyyən bir mənşəyi olduğunu demək çox çətindir. İnsan quruluş baxımından kənaraçıxmaları qoruyub, çoxaldır və yaxud, ən yaxşı heyvanlarını cütləşdirəndə həmişə göstərdiyindən daha artıq qayğı göstərir və beləliklə, onları inkişaf etdirir ki, inkişaf etmiş fərdlər tədricən qonşuluqdakı ərazilərə yayılır. Lakin, yeni adları olmadığından və ancaq cüzi əlavə dəyər qazandıqlarından, onların tarixinə həmişə etinasız yanaşılacaq. Eyni yavaş və tədrici proseslə inkişaf etdikdən sonra, daha da geniş yayılacaq və özünəməxsus və dəyərli bir şey kimi qəbul olunub, yəqin ki, ilk dəfə ad qazanacaqlar. Azad kommunikasiyanın az olduğu, yarı inkişaf etmiş ölkələrdə, yeni sortların və biliyin yayılması çox yavaş bir proses olacaq. Yeni altçeşidi dəyərli edən nöqtələr, hər nədirsə, tamamilə qəbul olunduqdan sonra, qeyri-ixtiyari seçmə adlandırdığım prinsip—sort dəbə minib, dəbdən düşməyindən asılı olaraq müəyyən dövrdə digərindən daha artıq—müvafiq yerlərdə yaşayanların mədəniyyət səviyyəsindən asılı olaraq bəzi yerlərdə digərlərindən daha artıq—o xüsusiyyətlərə yavaş-yavaş yenilərinin əlavə olunmasına gətirib çıxaracaq. Lakin bu cür yavaş, dəyişkən və hiss olunmaz dəyişikliklərin qeydə alınması ehtimalı çox aşağı olacaq.

SEÇMƏ ÜÇÜN ƏLVERİŞLİ HALLAR

İndi isə, insanın seçmə qabiliyyəti üçün əlverişli hallar haqda bir-iki kəlimə deməliyəm. Aydındır ki, yüksək dəyişkənlik seçmə aparmaq üçün material təmin etdiyindən çox əlverişlidir; ona görə yox ki, fərdi fərqliliklər həddən artıq diqqət hesabına istənilən istiqamətdə yığılmaq üçün kifayət deyil. Ona görə ki, insana lazım və ya xoş gələn çeşidliliklər az-az peyda olduğundan, onların ortaya çıxma ehtimalını yalnız çox sayda fərd saxlamaqla artırmaq mümkündür; və buna görə də, uğurlu olmaq üçün ən başlıca faktor saydır. Bu prinsipə uyğun olaraq Yorkshire-in bəzi hissələrindəki qoyunlarla əlaqədar olaraq Marshall deyir: “ onlar adətən kasıb əhali tərəfindən, kiçik dəstələr şəklində saxlandığından, onları inkişaf etdirmək heç vaxt mümkün olmayacaq.” Bir başqa tərəfdən, həvəskarlarla müqayisədə, eyni bitki ilə çox işləmiş peşəkar şitillikçilər yeni və dəyərli çeşidlər yaratmaqda daha uğurludurlar. Bir növün fərdlərini böyük sayda saxlamaq üçün onları rahatlıqla çoxala biləcəyi, əlverişli həyat şəraiti ilə təmin etmək lazımdır. Fərdlərin sayı az olanda, xüsusiyyətlərinin necə olmasından asılı olmayaraq bütün fərdlərin çoxalmasına icazə veriləcək və belədə, seçmənin qarşısı alınacaq. Lakin, yəqin ki, ən vacib faktor odur ki, bitki və ya heyvan insana o dərəcə faydalı olmalı, ona o qədər dəyərli olmalıdır ki, quruluşdan ən cüzi kənaraçıxmalara belə diqqət yetirilsin. Bu diqqət olmadan heç nəyi dəyişmək mümkün deyil. Çiyələyin bağbanlar onlara fikir verməyə başladıqdan sonra dəyişilməyə uğradığının ciddi şəkildə iddia edildiyini görmüşəm; şübhəsiz ki, çiyələk becərilməyə başladığı vaxtdan bəri dəyişkən olmuşdur, lakin ondakı cüzi dəyişikliklərə məhəl qoyulmamışdır. Buna baxmayaraq, elə ki, bağbanlar bir az daha iri, tez əmələ gələn və yaxşı meyvə verən fərdləri seçib, onlardan şitillər əkməyə başladılar və daha sonra, təzədən ən yaxşı şitilləri seçib, çoxaltdılar, ondan sonra, otuz-qırx ildə yetişdirilmiş təqdirəlayiq çiyələk sortları ortaya çıxmağa başladı (bəzi fərqli növlərlə çarpazlaşmanın da köməyi ilə də).

Fərqli cinsiyyətdən fərdlərə sahib heyvanlarda yeni çeşidlər əmələ gətirmək üçün—ən azından başqa çeşidlərin də olduğu ölkədə— çarpazlaşmanın qarşısını alacaq təchizata ehtiyac var. Bu baxımdan, torpaq sahəsinin çəpərə alınması vacibdir. Köçəri barbarlarda və ya açıq düzənliklərdə yaşayanlarda çox vaxt eyni növün birdən çox sortu olmur. Göyərçinlərin ömürlük cütləşdirilə bilməsi həvəskar üçün çox əlverişli bir haldır; çünki, bu, eyni qəfəsdə olan sortların saf qalmasına kömək edir; və bu hal, yeni göyərçin sortlarının yaranmasına və inkişaf etməsinə böyük təkan vermişdir. Bundan əlavə, göyərçinləri çox sayda və qısa zaman çərçivəsində çoxaltmaq olur və zəif fərdləri rahatlıqla aradan qaldırmaq mümkündür, çünki, onlar kəsildikdən sonra qida olaraq istifadə oluna bilər. Bir başqa tərəfdən, gecələr gəzəyən vərdişlərinə görə, pişikləri həmişəlik cütləşdirmək mümkün deyil və qadınlar və uşaqlar tərəfindən nə qədər sevilsələr də, sortun saf saxlandığına çox nadir hallarda rast gəlmək olur; yenə də bəzən gördüyümüz sortlar, demək olar ki, bütün hallarda başqa ölkələrdən, adətən adalardan idxal olunurlar. Bəzi ev heyvanları digərlərindən daha dəyişkən olsa da, pişiyin, uzunqulağın, qazın və başqalarının çox sayda fərqli sortlarının olmamasının səbəbi, onlar üzərində seçmə prosesinin aparılmadığı ola bilər: pişiklərdə cütləşdirmənin çətinliyindən; uzunqulaqda çox az sayda və kasıb insanlar tərəfindən saxlanılması və yetişdirilməsinə diqqətin ayrılmamasından; tovuz quşlarında saxlamağın və çox sayda fərd əldə etməyin çətinliyindən; qazda isə sadəcə iki məqsəd, qida və tük, üçün saxlandığı və fərqli çeşidlərinin nümayişinin uğurlu olmadığından seçmə aparılmamışdır.

XÜLASƏ

Heyvan və bitkilərin mədəni növlərinin mənşəyi barədə xülasə üçün. İnanıram ki, çoxalma sisteminə etdiyi təsirə görə, həyat şərtləri çeşidliliyin əmələ gəlməsi üçün ən vacib amillərdir. Bəzi müəlliflərin dediyi kimi, çeşidliliyin bütün şərtlər altında qaçınılmaz vəziyyət olduğuna inanmıram. Çeşidliliyin təsiri, fərqli dərəcədə irsiyyət və geri dönüşə görə dəyişir. Çeşidlilik bir çox naməlum qanunla idarə olunur, xüsusilə də, böyümənin qarşılıqlı əlaqələri ilə. Bəzi şeyləri birbaşa həyat şərtlərinin ayağına yazmaq olar. Bəzi nəticələr isə istifadə və istifadəsizliyə aid edilməlidir. Bu şəkildə əmələ gələn son nəticə sonsuz dərəcədə mürəkkəbdir. Bəzi hallarda, fərqli əcdadların çarpazlaşmasın əhliləşdirilmiş sortların alınmasında böyük rol oynadığına şübhə etmirəm. Hər hansı bir ölkədə bir neçə əhliləşdirilmiş sort yetişdirildikdən sonra, onların çarpazlaşdırılıb, diqqətlə seçilməsi, şübhəsiz ki, yeni altsortların əmələ gəlməsinə kömək etmişdir; lakin, həm heyvanlarda, həm də toxumla çoxalan bitkilərdə fərqli çeşidlərin çarpazlaşdırılmasının əhəmiyyəti çox şişirdilib. Calaq, tumurcuq, və s. yollarla çoxaldılan bitkilərdə fərqli sortların çarpazlaşdırılmasının əhəmiyyəti böyükdür; çünki, burada, əkinçi hibrid və mələzlərin həddən artıq dəyişkənliyinə, hibridlərin çox vaxt bəhərsiz olduğuna fikir vermir; lakin, toxumla çoxaldılmayan bitkilər qalıcı olmadığından bizə maraqlı deyil. Dəyişikliyin sadaladığım səbəbləri arasında, metodiki və çox sürətli və yaxud qeyri-ixtiyari və yavaş, amma daha səmərəli şəkildə tətbiq olunmasından asılı olmayaraq, Seçmənin toplanan təsiri ən qabaqcıl Gücdür.

Qeydlər

  1. Sağrı – heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəfi
  2. Yaradılış – Tövratı təşkil edən beş kitabdan birincisi
  3. Klassik çağ – Qədim yunan və Roma mədəniyyətlərinin çiçəkləndiyi dövr

Mənbələr

Darwin, C. R. (1975). On the origin of species. Cambridge, MA: Harvard University Press. 7-43.

Darwin, C.R. (1868). The Variation of Animals and Plants under Domestication (1st ed.). London: John Murray

Niftullayev, S. (2016). Bizi birləşdirən, eyni zamanda, fərqləndirən dəyər: DNT İkili Sarmalı (1-ci Hissə). Elmi Spektr (1) 3.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top