Növlərin Mənşəyi – Giriş

| Charles Darwin |


Qarşındakı yazı müasir biologiyanın təməlində duran Charles Darwinin ölümsüz əsəri, “Növlərin Mənşəyi Üzərinə” adlı kitabının 1859-cu ildə nəşr edilmiş birinci nüsxəsinin tərcüməsinin başlanğıcıdır. İlk öncə onu qeyd etmək lazımdır ki, təkamül biologiyası Darwindən sonra uzun məsafə qət edib: bir çox təxminlərini doğrulub, bəzi açıqlamalarını dəyişdirib və s. Ona görə də, 21-ci əsrdə təkamül biologiyasını Darwinlə limitləmək gülünc olardı. Yaxın gələcəkdə ortadakı boşluğu sahənin müasir vəziyyəti ilə bağlı yazılarla doldurmaq fikrindəyik. Bizi “Növlərin Mənşəyi”ni tərcümə etməyə başlamağa sövq edən ən başlıca səbəb belə bir əhəmiyyətli kitabın, elm klassikinin azərbaycan dilinə hələ də tərcümə olunmadığıdır. Tərcümənin əsas məqsədi kitabı azərbaycan dilinə qazandırmaq olsa da, əminik ki, buradan öyrəniləcək hələ çox şey var. Kitabın elm tarixi, biologiya üçün önəmi haqda cildlərlə kitab yazılıb, ona görə də, bu mövzuya belə bir kiçik paraqrafda toxunmaq haqsızlıq olardı. Onun üçün sözü burada çox uzatmadan səni Darwinlə baş-başa qoyuruq.


GİRİŞ

Təbiətşünas olaraq, zati ailələrinin gəmisi “Beagle”-ın göyərtəsində olanda, Cənubi Amerikada yaşayan varlıqların coğrafi cəhətdən paylanmasında və oranın indiki və keçmiş sakinlərinin bir-birinə olan geoloji əlaqələrindəki bəzi faktlar məni heyrətə salmışdı. Mənə elə gəlmişdi ki, bu faktlar — böyük filosoflarımızdan birinin dediyi kimi, müəmmaların müəmması olan — növlərin mənşəyi məsələsinə işıq salır. 1837-ci ildə, evə dönərkən, ağlıma gəldi ki, bu məsələ ilə necəsə əlaqəli olan bütün faktları səbirlə toplayıb analiz edərək, onunla bağlı bir qənaətə gəlmək olar. 5 illik işin ardından bu mövzu ilə bağlı mülahizələr yürütməyə başladım və bəzi qısa qeydlər aldım; daha sonra bunları 1844-cü ildə mənə mümkün görünən daha böyük nəticələr eskizinə çevirdim: o vaxtdan durmadan eyni mövzu üzərində işləyirəm. Ümid edirəm ki, bu kimi şəxsi detallardan bəhs etməyim üzrlü hesab olunacaq, çünki onları əlavə etməkdə məqsədim bu nəticələrə tələsik gəlmədiyimi göstərməkdir.

İşim demək olar ki, sona çatıb; lakin, tamamilə bitirməyimin əlavə iki ya da üç il alacağı və səhhətimin yaxşı olmadığı üçün, bu xülasəni indi dərc etməyə məcbur oldum. Mənə bunu etməyə hal-hazırda Malay arxipelaqının təbiət tarixini öyrənən cənab Wallace-ın mənimlə demək olar ki, eyni nəticələrə gəlməsi xüsusilə sövq etdi. Keçən il, cənab Wallace bu haqdakı memuarını, Linney Cəmiyyətinə göndərməli olan cənab Charles Lyellə ötürməyim üçün mənə göndərdi və bu yazı həmin Cəmiyyətin Jurnalının üçüncü cildində dərc edildi. İşimlə tanış olan Cənab C. Lyell və Dr. Hooker— sonuncu 1844-cü ildəki eskizimi oxumuşdur— əlyazmalarımdan bəzi qısa hissələri cənab Wallace-ın mükəmməl memuarı ilə birgə dərc olunmağa dəyər saymaları ilə mənə şərəf verdilər.

Bu dərc etdiyim xülasənin nöqsanlı olması labüddür. Burada bəzi fikirlərim üçün istifadə etdiyim istinadları və nüfuzlu şəxsləri mənbə olaraq göstərə bilmirəm; oxucuların dürüstlüyümə müəyyən qədər güvənəcəklərinə ümid etmək məcburiyyətindəyəm. Həmişə düzgün şəxslərə inanmağa çalışmağıma baxmayaraq, şübhəsiz ki, arada səhvlər də etmiş ola bilərəm. Burada, ancaq kifayət olacağını düşündüyüm və bir neçə izahedici faktlara əsasən gəldiyim ümumi nəticələri təqdim edə bilirəm. Bu nəticələri əsaslandıran bütün faktları, müvafiq mənbələri ilə birlikdə, bunun ardınca dərc etməli olduğumu məndən yaxşı heç kəs bilə bilməz və güman edirəm ki, bunu gələcəkdə həyata keçirəcəyəm. Çünki, çox yaxşı fərqindəyəm ki, bir çox hallarda, gəldiyim nəticələrin birbaşa əksini iddia etməyə əsas verəcək başqa faktlar göstərmək mümkündür. Ədalətli nəticəyə yalnız hər iki tərəfin dəlil və arqumentlərini ortaya qoyub, balanslaşdıraraq varmaq mümkündür: bunu da indi burada etmək heç cür mümkün deyil.

Yer azlığından, təəssüf ki, bəziləri ilə şəxsi tanışlığımın belə olmadığı, bir çox təbiətşünasa comərdcə göstərdikləri köməyə görə təşəkkür edə bilmirəm. Lakin fürsətdən istifadə edərək, son 15 ildə öz zəngin biliyi və üstün dərrakəsi ilə mənə mümkün olan hər cür dəstəyi verdiyinə görə, Dr. Hookerə dərin minnətdarlığımı bildirmək istərdim.

Bir təbiətşünas Növlərin Mənşəyini ələ alarkən, üzvi varlıqların embriolojik əlaqələrini; coğrafi paylanmalarını; geoloji ardıcıllıqlarını və digər bu kimi faktları analiz edərək, canlıların bir-birindən müstəqil şəkildə yaranmadıqları, əksinə, çeşid kimi digər növlərdən əmələ gəldikləri nəticəsinə gələ bilər. Buna baxmayaraq, gəlinən nəticə düzgün əsaslandırılsa belə, dünyada mövcud olan saysız-hesabsız növlərin sahib olduqları və bizi haqlı olaraq valeh edən, mükəmməl quruluşlarını və koadaptasiyalarını (birgə uyğunluşmalarını) necə əldə etdiklərini izah etmədən qənaətbəxş sayıla bilməz. Təbiətşünaslar daim iqlim, qida və s. kimi xarici faktorları çeşidliliyin yeganə səbəbi olaraq görürlər. İrəlidə görəcəyimiz kimi, bu çox məhdud mənada doğru ola bilər; lakin, məsələn, ayaqları, dimdiyi və dili ilə ağac qabıqlarının altındakı həşəratları tutmaq üçün heyranedici formada uyğunlaşmış ağacdələnin strukturunu sadəcə xarici faktorların ayağına yazmaq qəbuledilməzdir. Ya da öksə otunun misalında olduğu kimi: qidasını müəyyən ağaclardan alan, toxumlarının daşınması üçün müəyyən quşlardan asılı olan, iki fərqli cinsiyyətli gülə sahib olan, tozlanmaq üçün bəzi böcəklərdən tamamilə asılı olan bir parazitin quruluşunu, sadalanan digər canlılarla olan əlaqəsilə birlikdə, xarici faktorların təsiri, yaxud vərdiş, yaxud da bitkinin öz istəyi ilə əlaqələndirib açıqlamaq da eyni formada qəbulolunmazdır.

“Yaradılışın Qalıqları” (ing. Vestiges of Creation) kitabının müəllifi yəqin deyəcək ki, qeyri-müəyyən sayda nəsildən sonra hansısa quş ağacdələni, hansısa bitki isə bağambürcünü dünyaya gətirib və nəticədə, sadalanan canlılar indi gördüyümüz şəkillərində ortaya çıxıblar; amma, bu fərziyyə heç nəyi izah etmir, çünki, orqanizmlərin bir-biriləri və mühitlərinə olan koadaptasiyası məsələlərinə toxunmur və onları açıqlamır.

Buna görə də, dəyişmə və koadaptasiya yollarını dərindən anlamaq çox vacibdir. Müşahidələrimin başlanğıcında güman edirdim ki, əhliləşdirilmiş heyvanların və mədəni bitkilərin diqqətlə araşdırılması bu qaranlıq mövzuya işıq sala bilər. Gümanlarım məni yanıltmadı; bu və digər dolaşıq hallarda, əhliləşdirmə şəraiti altında variasiya haqqında bildiklərimiz, nə qədər qeyri-mükəmməl olsa da, ən yaxşı və etibarlı ipuclarını verir. Nə qədər təbiətşünaslar tərəfindən gözardı edilsə də, bu tipli araşdırmaların dəyərinin yüksək olduğuna inanıram.

Bütün bunları nəzərə alaraq, bu xülasənin birinci fəslini əhliləşdirmə şəraitində variasiyaya həsr edəcəyəm. Bu fəsildə, irsi variasiyanın nə qədər yüksək ola biləcəyi ilə yanaşı, elə onun qədər, bəlkə də, daha vacib olan bir başqa məsələni— insanın (süni) seçmə yola ilə kiçik variasiyaları cəmləmək qabiliyyətinin nə qədər yüksək olduğunu görəcəyik. Daha sonra, növlərin təbiətdəki variasiyasına keçid edəcəyəm; lakin, çox təəssüf ki, mövzuya çox səthi toxunmaq məcburiyyətindəyəm, çünki bu mövzunu yalnız faktların uzun siyahısını təqdim edərək inkişaf etdirmək mümkündür. Buna baxmayaraq, hansı şərtlərin variasiya üçün gərəkli olduğunu müzakirə edə biləcəyik. Növbəti fəsildə, canlıların həndəsi çoxalma qabiliyyətindən qaynaqlanan, “varoluş uğrunda mübarizələri”ni ələ alacağıq. Bu Malthusun bütün heyvanlar və bitkilər aləminə şamil olunmuş doktrinasıdır. Hər növün fərdləri hamsının həyatda qala biləcəklərindən daha artıq sayda dünyaya gəldiklərindən və dolayısıyla davamlı olaraq həyatda qalmaq uğrunda öz aralarında mübarizə aparmalı olduqlarından, dəyişkən və kompleks həyat şərtləri altında, məruz qaldıqları ən kiçik faydalı dəyişikliklər belə onların həyatda qalma şanslarını artıracaq və təbii olaraq seçiləcəklər. Seçilmiş hər hansı bir çeşid, güclü irsiyyət prinsipi ilə, yeni və dəyişilmiş formasını gələcək nəsillərə ötürəcək.

Təbii Seçmənin bu fundamental mövzusu dördüncü fəsildə daha ətraflı müzakirə olunacaq və Təbii Seçmənin daha zəif inkişaf etmiş həyat formalarının yoxa çıxmasına necə səbəb olduğunu və Xarakterin Divergensiyası deyə adlandırdığım fenomenə necə gətirib çıxardığını görəcəyik. Növbəti fəsildə variasiyanın və böyümədəki qarşılıqlı əlaqələrin qanunlarına nəzər salacağıq. Daha sonrakı dörd fəsildə isə nəzəriyyənin ən açıq-aşkar və mühüm problemlərini təqdim edəcəyik: daha dəqiq desək, birincidə, keçidlərin çətinliyi və yaxud, sadə canlının ya da orqanın yüksək inkişaf etmiş, qəliz canlıya və ya orqana necə çevrilməsindən; ikincidə, heyvanlardakı instinktlərdən və yaxud əqli qabiliyyətlərdən; üçüncüdə, hibridizm və yaxud çarpazlaşdırılmış növlərin qısırlığından və çarpazlaşdırmadan sonrakı sortların doğurqanlığından (fertility); dördüncü fəsildə isə, Geoloji Sənədlərin qeyri-mükəmməlliyindən danışacağıq. Növbəti fəsildə, orqanik varlıqların geolojik ardıcıllıqlarını ələ alacağam; on birinci və on ikinci fəsillərdə onların coğrafi səpələnmələrini; on üçüncüdə, sinifləndirilmələrini və yaxud həm yetişkin, həm də embrionik hallarındakı ortaq nöqtələrini müzakirə edəcəyəm. Sonuncu fəsildə, bütün işin xülasəsini yığcam şəkildə ifadə edəcək və bəzi son qeydlər aparacağam.

Ətrafımızdakı canlıların qarşılıqlı əlaqələri haqqında bilmədiyimiz şeylərin nə qədər çox olduğunu nəzərə alsaq, növlərin mənşəyi və çeşidliliyi barədə çox şeyin hələ də izah olunmamış qalması heç kimi təəccübləndirməməlidir. Bəzi növlərin çox sayda və çeşiddəykən, başqa, yaxından əlaqəli növlərin az sayda və az çeşiddə olmasını kimsə izah edə bilərmi? Halbuki, bu əlaqələr çox vacibdir, çünki yer üzündəki hər bir canlının hazırki rifahını və məncə, gələcək uğurunu və necə dəyişəcəyini təyin edirlər. Yer kürəsinin əvvəlki geoloji dövrlərində yaşamış canlıların qarşılıqlı əlaqələri haqda bildiklərimiz daha da azdır. Hələ çox şey qaranlıq qalsa da və gələcəkdə də aydınlanmasa da, apara bildiyim ən ölçüb-biçilmiş və soyuqqanlı araşdırmalardan sonra əminəm ki, bir çox təbiətşünasın və əvvəllər mənim də inandığım mövqe—daha dəqiq desək, canlıların müstəqil yaradılışı fikri— yanlışdır. Tamamilə əminəm ki, canlılar düşünüldüyü kimi dəyişməz deyil; əksinə, bir növün fərqli çeşidləri kimi, eyni cinsdən olan canlılar, adətən nəsli kəsilmiş digər canlılardan xətti olaraq törəyiblər. Bundan əlavə, inanıram ki, Təbii Seçmə canlılarda dəyişmənin yeganə olmasa da, əsas yoludur.


Tərcümə etdi: Ərtoğrul Alışbəyli

Redaktə etdi: Subhan Manafzadə, Sadiq Niftullayev, Rəşad Yusifov

Mənbə

Darwin, C. R. (1975). On the origin of species. Cambridge, MA: Harvard University Press.

Posts created 25

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top