Bu həftənin sualı son zamanlar xəbərlərdə gördüyümüz hadisə ilə bağlıdır. Sosial şəbəkələrdə də paylaşılan şəkillərdən də göründüyü kimi Kürün səviyyəsi qeyri-səciyyəvi dərəcədə aşağı düşüb. Bu dəfəki sualımız budur: Kürdə su səviyyəsinin bu qədər aşağı düşməsinə səbəb olan şey nələrdir? Bu azalma doğrudandamı qeyri-səciyyəvidir, yoxsa su səviyyəsindəki normal dalğalanmanın çərçivəsindədir?
Azərbaycanın su ehtiyatlarının böyük hissəsi xaricdən Azərbaycan ərazisinə axır. Bu hal isə su resurslarının idarə olunmasını eyni zamanda həm yerli həm də beynəlxalq bir məsələyə çevirir. Kənd təsərrüfatının məhsuldarlığı və ölkənin qida müstəqilliyi birbaşa olaraq su resurslarının düzgün idarə olunmasından asılıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı məlumata əsasən:
Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln. ha-ı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 mln. ha-ı və ya 37,4 %-i istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və.s.) torpaqlardır. […] Respublikada torpaqların 36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalmışdır. Onun 14,1%-i zəif, 10,7%-i orta, 11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf etmişdir. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8%-i, Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeron yarımadasında 40,3%-i, Şirvan düzündə 27,7%-i, Şəki-Zaqatala zonasında 55,7%-i eroziya proseslərinə məruz qalmışdır. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.
Torpaqların çirklənməsinin monitorinqi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Yuxarıdakı sitatdakı rəqəmlər su resurslarının istifadəsi və idarəsindəki boşluqların həcmindən xəbər verir, çünki şoranlaşmanın əsas səbəblərindən biri suvarma sistemlərinin düzgün quraşdırılmaması, eroziyanın əsas səbəblərindən biri isə bitki örtüyünün düzgün salınmaması və idarə olunmamasıdır– bu da yenə də suvarma və su resurslarından asılıdır. Buna baxmayaraq ərazisinin 37.4%-i korlanmış torpaqdan ibarət olan bir ölkədə, torpaq ehtiyatlarının yenilənməsi, sağaldılması yerinə qorunub saxlanmış meşə örtüyünün qısamüddətli mənfəət üçün böyük həcmdə kəsildiyini görürük. Bu isə o deməkdir ki, gələcək nəsillər getdikcə həm qida müstəqilliyi baxımından daha zəif, həm də məhsularlıq baxımından aşağı olan, çox daha kasıb bir ölkədə yaşamalı olacaqlar. Ona görə də oxucularımızı bu və növbəti həftələrdə su və torpaq resursları haqda fərdi miqyasda araşdırmağa, bu haqda konkret faktları öyrənməyə və 37.4%-in səbəbləri haqda düşünməyə dəvət edirik.
Suala cavabınızı konkret dəlillərlə əsaslandırmağınızı xahiş edirik. Həmişə olduğu kimi, bu həftə də ən yaxşı cavabın müəllifinə mövzu ilə əlaqəli kiçik lakin mənalı bir hədiyyə göndərəcək, cavabı saytda yerləşdirəcəyik.