Elmi Spektr 5 yaşında: gələcəyə baxış

Elmi Spektr (ES) 2016-cı ildə elmi kontekstdən çıxararaq tabloid jurnalizminə çevirən düşüncəyə reaksiya olaraq yaranmışdır. Əsasən elmi-kütləvi jurnal olaraq fəaliyyət göstərdiyimiz bu dövrdə məqsədimiz elmi hamıya aydın olacaq şəkildə, lakin bəsitləşdirilməmiş, nüanslı formada, oxucunu müəllifdən intellektual olaraq aşağı yox, müəlliflə bərabər səviyyəli biri kimi fərz edən uzun məqalələrlə (long-form) çatdırmaq idi. Buna səbəb həmin dövrdə Azərbaycanda və ümumiyyətlə dünyada bunu layiqincə edənlərin sayının barmaqla sayılacaq qədər az olmasıydı. Təəssüf ki, bu problem hələ də qalmaqdadır: hələ də böyük geniş ictimaiyyətin ancaq sensasional xəbərlər tələb etdiyi və bundan artığını anlamağa qadir olmadığı inancı elm jurnalizm landşaftında əsas yeri tutur. Lakin bizim də öz fəaliyyətimizdə örnək götürdüyümüz Aeon, Quanta Magazine, Nautilus Magazine kimi alternativ platformaların uğurları onu göstərir ki, geniş auditoriya üçün yazılmış yazılar tabloid jurnalizmdən çox daha uzağa gedə və eyni zamanda uğurlu ola bilər. Bu gün Azərbaycan dilində Femiskop, Bakı Araşdırmalar İnstitutu kimi akademik, lakin geniş kütlə üçün nəzərdə tutulmuş yazılar dərc edən platformaların yaranması onu göstərir ki, Azərbaycanın media landşaftında hegemon yer tutan dayaz, aşağı keyfiyyətli jurnalizmə alternativlərə olan tələbat artır və bu tələbə bağlı olaraq təkliflər də yaranmaqdadır. ES də gələcək fəaliyyətində bu tələbatı davamlı etmək və artırmaq üçün elm jurnalizmində başladığı yolu davam etdirəcək.

Buna baxmayaraq, bizi izləyən oxucularımızın da bildiyi kimi son illər ES əsasən elmi-kütləvi jurnal olmaqdan çıxıb daha çox açıq elmi resurslar yaratmağa başlayan bir platformaya çevrilir. Bu çevrilməni labüd edən məsələ Azərbaycan dilində akademik resursların kritik azlığı və bu problemi həll etmək üçün müvafiq rəsmi orqanların heç bir ciddi addım atmaması olmuşdur. Elmi jurnalistika fəaliyyətimiz üzərindən bizə aydın oldu ki, bizim etməyə çalışdığımız növdən, oxucuya hörmət edən, onu axmaq yerinə qoymayan, onun intellektual bacarıqlarına inanan jurnalistikanın kəsərli olması üçün hər şeydən öncə müvafiq dildə müasir, asanlıqla əlçatan elmi resurslar olmalıdır. Aydın oldu ki, yazdığımız yazıların kəsərini təkcə onların keyfiyyəti deyil, həm də onların yerləşdiyi ümumi intellektual ekosistem təyin edir: ekosistemin digər hissələri xəstədirsə, bizim yazdıqlarımız heç vaxt istədiyimiz effektə sahib olmayacaq. İntellektual ekosistemin sağlamlığı isə öz növbəsində başlıca olaraq təhsil resurslarından asılıdır. Ən sadə şəkildə desək: yaxşı təhsil resurslarının olmadığı yerdə, nə yaxşı jurnalistika, nə də yaxşı ictimai müzakirə gedə bilər. Bir addım daha irəli getsək deyə bilərik ki, təhsil resursları arasında ən fundamental olanı müvafiq dildə yazılmış, hamıya əlçatan olan, müasir dərsliklərdir.

Dərsliklər müvafiq sahələr üzrə müasir biliyin hal-hazırda hansı səviyyədə olduğunu kompakt şəkildə təsbit edən bilgi qaynaqları olaraq elm təhsilində təməl istinad rolunu oynayır. Dərsliklər dilin leksikonunu təyin edir və elmin müxtəlif sahələrinin müvafiq dildə təmsil olunmasına imkan verir. Hansısa elm sahəsi ilə bağlı düşünmək, özünü ifadə etmək imkanı əldə etdikdən sonra insanlar bu elm sahəsində öyrənilən şeylərdən istifadə etmək, onları daha geniş kütlə ilə paylaşmaq və beləcə elmi inkişafı cəmiyyətə yaymaq imkanı əldə edir. Burada söhbət təkcə quru nəzəri bilikdən yox, həm də konkret praktiki bilginin (know-how) yayılmasından gedir. Məsələn, biologiya dərslikləri 1990-cı ildə ilişib qalmış bir ölkədə müasir elmi biliyin praktikaya köçürülməsində ciddi dil əngəli var, çünki insanlar bu dildə özlərini vahid bir dillə ifadə edə bilmir. Vahid dilin yoxluğu, bunun nəticəsində yaranan bilgi bərabərsizliyi isə kommunikasiyanın və iş prosesinin səmərəliliyini kəskin şəkildə azaldır. Ona görə də, 10 milyonluq ölkədə elmə bağlı iqtisadi inkişaf üçün 5000 nəfərin xaricdə ingilis dilində oxuması kifayət etmir; elmi bilginin real dəyişikliyə gətirib çıxarması bu dili danışan hamıya əlçatan olması şərtdir. Elmi dərsliklər elmi dili vahidləşdirmək və bilik səviyyəsini bərabərləşdirmək üçün ən güclü silahlardır.

Dərsliklərin oynadığı bu təməl rol Habitat Tərcümə Layihəsini (HTL) başlatmağımız və gücümüzün böyük hissəsini buna ayırmağımız üçün əsas səbəbi idi. Gündəlik fəaliyyətimizdən görünməsə də, HTL çərçivəsində əvvəlkindən qat-qat artıq həcmdə yazı yazılır. Fürsətdən istifadə edib qeyd etmək istəyirik ki, çox yaxında tərcümə etməkdə olduğumuz Campbell Biologiya adlı dərsliyin yeni bölümlərini ictimaiyyətə təqdim edəcəyik. Bu yaxınlarda SOCAR Midstream-in də biologiya sahəsi üzrə dərslik tərcüməsi üçün etdiyi layihə çağırışı ilə ümid edirik dərslik məsələsində olan boşluqlar daha aktiv şəkildə doldurulmağa başlayacaq və bu bahalı iş üçün lazımi maddi dəstək bu işi görə biləcək insanlar üçün əlçatan olacaq. Biz öz növbəmizdə Azərbaycan dilində keyfiyyətli yazılı resurslar istehsal etmək məqsədi güdən HTL-i uzun vadəli bir fəaliyyət olaraq görürük və bu fəaliyyət istiqamətimizi davam etdirəcəyik.

Biliyin zamanda davamlılığı üçün vacib məsələlərdən biri onun qorunub saxlanması və əlçatanlığıdır. Yeni resursların istehsalı üçün köhnə bilik qaynaqlarına çıxışımız olmalıdır. Azərbaycan dilində mövcud yazılı resursları hamı üçün əlçatan etmək bizim də prioritetlərimizdən biridir. Bu istiqamətdə apardığımız ilk çalışma çoxcildli Azərbaycan Sovet Ensiklopediyasının dijitallaşdırılması olmuşdur ki, bu çalışma geniş ictimaiyyət tərəfindən çox müsbət reaksiya almışdır. Oxucularımızın da köməyi ilə bu cildlərin hər biri internetdə pulsuz şəkildə hamıya açıq hala gəlmiş və minlərlə dəfə oxunmuşdur. Bu onu göstərir ki, indiyədək yığılmış biliyə böyük tələbat var və biz də mümkün qədər diqqətdən kənarda qalmış, amma böyük dəyərə sahib olan bu resursları dijitallaşdırmağa və onlara yeni həyat verməyə davam edəcəyik.

Lakin sözünü etdiyimiz intellektual ekosistemin inkişafı üçün dərsliklər və yazılmış kitablar kifayət deyil. Sağlam ekosistem təkcə istehlak deyil, eyni zamanda istehsaldan da asılıdır. Elmi ekosistemin yaranması və varlığını davam etdirməsi üçün təkcə elmi məlumatı istehlak etmək kifayət etmir, onu istehsal etməyi də öyrənmək lazımdır. Elmi bilik elmi tədqiqatlarla istehsal edilir. Elmi tədqiqatlar mövcud biliyi real dünya ilə üz-üzə gətirib onu yeniləyir, yeni bilgi yaradır. Elmi-kütləvi jurnal olaraq fəaliyyətimiz elmin bu aspektində fəal olmağımızın qarşısını alsa da keçən il başladığımız yeni çalışmalarla bu istiqamətdə böyüməyə çalışırıq.

Elmi biliyin istehsalı istiqamətində hələlik atdığımız ən vacib addım Elmi Spektr Tyutorluq Proqramıdır (ESTP). Proqram aktiv elmi araşdırma ilə məşğul olan peşəkarları Azərbaycanda təhsil alan tələbələrlə məhsuldar kontekstdə bir araya gətirib, tyutorlara işlərində dəstək, tələbələrə isə elmi araşdırma təcrübəsi verir. Pilot layihə mərhələsində olan bu çalışma haqda çox danışmaq mümkün olmasa da, ümid edirik ki, ideya başqa elmi təşkilatlar tərəfindən mənimsəniləcək və tələbələr üçün açıq olan imkanların sayı artacaq.

ESTP sırf akademik mühitdə çalışan və təhsil alan insanlar üçün olsa da, bizə görə elmin istehsalı akademiyanın divarları ilə sərhədlənməməlidir. Buna görə də, inkişaf etdirmək istədiyimiz fəaliyyət sahələrindən biri vətəndaş elmi adlanan və geniş ictimaiyyətin iştirakına dayanan yanaşmadır. Vətəndaş elmi çalışmaları akademiyanın içində olmayan, lakin dünya ilə maraqlanan və onu anlamağa çalışan insanları həqiqi əhəmiyyətə və təsirə sahib çalışmalar kontekstində bir araya gətirir və istər qlobal, istərsə də məhəlli problemlərin həllinə və ya daha yaxşı anlaşılmasına çalışır.

ES olaraq bu istiqamətdə görməyə başlayacağımız ilk çalışma ictimaiyyətin dəstəyi və iştirakı ilə ətraf mühit faktorlarının monitorinqi olacaq. Ətraf mühit faktorları dedikdə, burada hələ ki, havanın, suyun keyfiyyətinin, küy səviyyəsinin ölçülməsi nəzərdə tutulur. Sadalanan məsələlər indiyə qədər yalnız rəsmi orqanlar tərəfindən yoxlanılsa da, məlumatların əldə olunmasında və işlənməsindəki mövcud qeyri-şəffaflıqlar, insan sağlamlığına birbaşa təsiri olan bu faktorlarla bağlı güvənə biləcəyimiz, əlçatan məlumatların olmamasına gətirib çıxarıb. Bu qədər həyati əhəmiyyət daşıyan dataya çıxışın hamı üçün yox, yalnız hansısa rəsmi qurumlar üçün əlçatan olması bizə görə nəhəng səhiyyə problemidir. Problemin həlli üçün Azərbaycanın əsas şəhərlərində müxtəlif sensorlar yerləşdirib, onlardan alınan datanı internet üzərindən hamı üçün açıq edəcəyik. Datanın hamıya açıq olması müvafiq təşkilatların düzgün işləməsi üçün onların üzərində lazımi ictimai təzyiqi yaradacaq. Proses ərzində müxtəlif növ bilik və bacarıqların öyrənilməsinə və insanların datanın əldə olunmasında və işlənilməsində iştirakına nail olacağıq. Hava, su ilə bağlı ölçmələr aparan, alınan datanı analiz edən, onda qanunauyğunluqlar tapmağa çalışan insanlar istehlakçı mövqeyindən çıxıb, dünya haqda yeni şeylər öyrənən elmi istehsalçıya çevriləcəklər.

Üzərində çalışmalar aparmaq istədiyimiz başqa bir mövzu torpağın sağaldılmasıdır (rehabilitasiyası). Azərbaycanda torpağın eroziyaya uğraması ən əsas ekoloji problemlərdən biridir. Problemin həcmi böyük olduğundan bizim çalışmamızın əsas fokusu şəhərlərdə torpağın keyfiyyəti ilə bağlı olacaq. Son illər fərdi avtomobillərin sayının artması, buna bağlı olaraq şəhərlərin həddən artıq asfaltlaşması ilə mövcud yaşıllıq ərazilərin sahəsi kəskin şəkildə azalmış, yeni bitkilərin əkilə biləcəyi torpaq sahələri isə yanlış parklanma kimi səbəblərdən xarab olmuşdur. Şəhəriçi torpaq sahələrində rastlanan ən böyük problemlərdən biri torpağın kompaktlaşması və beləliklə bitki inkişafı üçün əlverişsiz hala keçməsidir. Bu problemin daha dərindən öyrənilməsi və həll edilməsi 1) üçün torpaq keyfiyyətinin ölçülməsi və 2) torpağın sağaldılması üçün metodlar və resurslar istehsal etməyi, müxtəlif icmalarla birgə işləyib tədqiqatlarımızı real həyata tətbiq etməyi planlaşdırırıq.

Şəhərləri və sakinlərini elm istehsalçılarına çevirmək cəhdlərində əlbəttə ki, uşaqları unutmaq olmaz. Yazıda sözünü etdiyimiz intellektual ekosistemi davamlı etmək üçün uşaqları aktiv şəkildə sözügedən çalışmalara cəlb etmək, onları erkən vaxtlarından ətrafları ilə bağlı suallar verməyə, dünya haqda öyrənməyə sövq etmək lazımdır. Bu məqsədlə, uşaqlar üçün elmi fəaliyyətlər dizayn etməyi, hər yerdə tətbiq oluna biləcək həll yolları inkişaf etdirməyi planlayırıq. Bu həll yollarına ən sadə bir misal asfalt örtüyünün elmi fəaliyyət üçün istifadəsidir. Asfalt müxtəlif təbaşir oyunlarına imkan yaratdığı kimi, üzərinə bir neçə xətlə ən təməl ölçmə alətlərindən olan xətkeşə də çevrilə bilər. Bu və bu kimi müdaxilərlə uşaqlar üçün müxtəlif fəaliyyət imkanları yaradacaq, eyni zamanda şəhər mühitini avtomobillərdən geri alıb insanların istifadəsinə verəcəyik, çünki sonsuz potensiala sahib bu məhdud resurslar avtomobillərin parklanması yerinə, insanların yaradıcı fəaliyyəti üçün istifadə olunarsa şəhərlərimiz tamamilə başqa bir yerə çevrilə bilər.

ES-in son 5 ilki fəaliyyəti çox sayda insanın verdiyi töhfə ilə mümkün olmuşdur. Bu insanların hər birinə verdikləri əməyə görə dərin minnətdarlığımızı bildirir, ümid edirik ki, gələcəkdə də sağlam bir intellektual ekosistem üçün birlikdə çalışmağa davam edəcəyik.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top