Beyin, “Dərmanlar” və Rock ’n’ Roll

Duyğu orqanları ətraf mühitdəki məlumatı—içdiyiniz NZS-in dadını, səs-küylü kafedə dostunuzun siqaretini tüstülədərək elədiyi söhbətləri, yan masada əyləşmiş qızların varlığını—bədənimizin içində kilometrlərcə uzanan elektrik naqilləri ilə daşınacaq olan impulslara çevirir. Beynin funksiyası, gələn bu informasiya selinin içindən ən vacib olan məlumatları işləyib, hal-hazırda getdikcə NZS-in təsiri altına düşməkdə olan canlının nə edəcəyini təyin etməkdir (gəlinən nəticə: tualetə getmək, geri qayıdanda isə bayaqdan başını çöndərib baxmağa çəkindiyi yan masaya göz gəzdirmək). Bütün bu proseslər beyində qarşılıqlı əlaqədə olan 1011-dən çox sayda neyron vasitəsilə həyata keçirilir. Sinir hüceyrələri və ya neyronlar beynin ən kiçik vahidləridir. Bu neyronları ən az 1000 fərqli kateqoriyaya bölmək mümkün olsa da, beynin kompleks əməliyyatları həyata keçirə bilməsi, əsasən beyindəki neyronların bir-biriylə əmələ gətirdiyi şəbəkələrdən dolayıdır. Şəbəkələrdəki neyronlar elektrokimyəvi siqnallar vasitəsilə əlaqə saxlayırlar və bu işin mexanizmi yerlərindən və quruluşlarından asılı olmayaraq bütün neyronlarda eynidir.

Müasir elmin rastlaşdığı ən böyük və ən maraq doğuran problemlərindən biri neyronlardakı aktivliyin hansı yolla insan davranışına çevrildiyi, yəni, əqli proseslərin neyronlar tərəfindən necə həyata keçirildiyidir. Şüur, hissiyat, yaddaş və bir çox bu kimi funksiyanın beyində necə baş verdiyi, neyroelmin cavablandırmağa çalışdığı əsas suallardandır. Bu sualların cavablarına gedən yolda yeni suallar yaranır: Beyin necə təkamül edib? Beynin quruluşu funksiyası ilə necə əlaqəlidir? Neyronlar bir-birilərinə necə bağlanıb, əlaqə saxlayırlar? Beyində nə kimi hesablamalar aparılır?

Qeyd: Neyroelm və onun tarixinə daha ətraflı giriş üçün həlməşik adlı bloqumuzda daha əvvəl yayınladığımız “neyronlar və beyin haqqında” adlı posta nəzər salmanızı tövsiyə edirəm.

Bu və digər maraq doğuran suallar, XX əsrin ortalarından etibarən neyroelmin bir tədqiqat sahəsi kimi meydana çıxmasına və tezliklə populyarlaşmasına gətirib çıxardı. Neyronlardakı aktivliyin davranışla birəbir əlaqəliliyini ilk dəfə kanadalı neyrocərrah Wilder Penfield 50-ci illərin əvvəlində (McGill Universiteti, Kanada) Montreal Nevroloji İnstitutunda epilepsiya xəstələri üzərində apardığı təcrübələrlə göstərdi. Penfield bu xəstələrin beynində patoloji dərəcədə yüksək neyronal aktivlik nümayiş etdirən hissəni cərrahi yolla çıxarmazdan əvvəl, elektrodlarla xəstənin açıq beyninə toxunub hansı regionun nə kimi davranışla əlaqəli olduğunu öyrənirdi. Məsələn, korteksin hərəki nahiyələrini qıcıqlandırmağın hansı əzələləri hərəkətə gətirdiyini, hissi hissələrə toxunuşun isə hansı duyğulara səbəb olduğunu müşahidə edir və bu qayda ilə öyrənilən hər region barədə qeydlər apararaq beynin xəritəsini yaradırdı. Bəzən isə qıcıqlandırmalar sadəcə hissi və ya hərəki yox, çox daha kompleks davranışlara səbəb olurdu. Bunlara keçmişdə baş vermiş hadisələrin xatırlanması, hallusinasiyalar, “déjà vu” və s. daxil idi. Youtubeda həmin təcrübələrin video yazısı var. Beyninə elektrodla toxunulan pasientlər toxunuşdan sonra hansı hissləri yaşadıqlarını deyirlər. Məsələn, onlardan biri reanimasiya otağında olduğuna baxmayaq, hansısa kiçik şəhərin vağzalında oturduğunu, qış olduğunu, çöldə külək əsdiyini və qatarı gözlədiyini deyir. Videonu (ingiliscə) Youtubeda “penfield gateways to the mind” axtarmaqla və ya bu keçiddən izləyə bilərsiniz.

Bu qədər qəliz və eyni anda subyektiv olaraq həqiqi olan duyğuların beyinə bir toxunuş və hansısa neyronlardakı impuls ötürülməsi nəticəsində ortaya çıxa bilməsi məni son illər boyu çox qəribə bir tərzdə valeh edib. Qəribə ona görə ki, hal-hazırda içində olduğum qüsursuz reallıq hissini hər nə qədər qəliz strukturlu olsa da bir orqan (bir cisim) vasitəsilə əldə elədiyimi düşünmək özümü ət və yağdan ibarət bioloji robot kimi görməyimə gətirib çıxarır. Bundan əlavə, mənə reallıq hissi verən orqan həmin reallıqda özünü gizlətmir və imkan verir ki, bu hissin haradan və necə qaynaqlandığını öyrənim. Elmdən tamamilə uzaqlaşmamış deyim ki, yuxarıdakı ürəklər ağrıdan və göz yaşardıcı cümlələri yazmaqda məqsədim bu yazıdan etibarən başlayacağımız “psixiatrik xəstəliklər və psixotrop maddələr1” yazılar seriyası üçün motivasiyanı hardan tapdığımı oxucuya çatdırmaqdır. Həm psixiatrik xəstəliklər, həm də psixotrop maddələr beynin kimyasının dəyişməsinə, dolayısıyla da, bayaq adını çəkdiyim “bioloji robot”un davranışlarında fərqliliklərə gətirib çıxarır. Həmin fərqlilikləri müşahidə edərək beynin necə işlədiyini öyrənmək olar.

Penfieldin təcrübələrindən sonra, James Old və Peter Milner (McGill Universiteti, Kanada) siçovullarla apardıqları təcrübələrində beyindəki “mükafatlanma” və ya “həzz” mərkəzlərini kəşf etdilər. Bu təcrübələrdə siçovullar kəllələrinə implantasiya olunmuş və mükafatlanma mərkəzini qıcıqlandıran elektrodu yaşadıqları qutudayerləşən lingi (və ya qolu) basmaqla aktivləşdirir və beyinlərini stimulasiya edirdilər. Stimulasiya nəticəsində nucleus accumbens və prefrontal korteksdə dopamin ifrazı artır, bu da həzz və ya mükafalanma hissinə səbəb olan neyronları aktivləşdirirdi.

Untitledn.png
Şəkil 1. Dopamin ifraz edən və mükafatlanma prosesində vacib rolu olan neyronal dövrələrin sxemi. (Mənbə: drug.addictionblog.org)

Mükafatlandırma dövrəsi normalda sosial münasibətlər, cinsi əlaqə, qida qəbulu kimi növün və fərdin həyatda qalmasını sığortalayacaq davranışlar sayəsində aktivləşir. Üzərində təcrübə aparılan siçovullar isə ac olduqları təqdirdə belə yemək əvəzinə elektrik stimulasiyanı seçirdilər. Bu, aludəçilik yaradan psixotrop maddələrin yaratdığı situasiyanın eynisidir. Aludə insanlar oxşar şəkildə bir nöqtədən sonra normal həyatlarına davam edə bilmirlər—çünki, mükafatlandırma mərkəzinin idarə elədiyi bioloji robot üçün qoyduğu məqsədlər qida qəbulu və ya cinsi əlaqə kimi lazımi gündəlik nailiyyətlər yox, hansısa dərmanın qəbulu olur.

Gətirdiyim nümunədən də göründüyü kimi beyini öyrənməyin bir yolu (çox naiv və uşaqağıllı səslənsə belə) onu dəyişmək və nə baş verdiyini müşahidə eləməkdir. Həmin dəyişikləri laboratoriya heyvanlarında bir çox molekulyar və genetik alətlərlə gerçəkləşdirmək mümkündur, lakin insanlar üzərində bu eksperimentləri aparmaq imkanımız yoxdur. Ona görə də, həm psixiatrik xəstəliklər, həm də psixotrop maddələrin qəbulu nəticəsində dəyişikliyə uğrayan beyin kimyasını və bu dəyişikliyin ortaya çıxardığı davranışları öyrənmək maraqlıdır. Hətta son illərdə bəzi ölkələrdə psixoterapiya və bu sahədə gedən təcrübələrdə MDMA (3,4-metilenedioksi-N-metilamfetamin, “ekstaz” olaraq tanınır daha çox) kimi psixotrop dərmanlardan istifadə edilməyə icazə verilib. MDMA qəbulu insanlarda sosial münasibətlərin yaxşılaşmasına, müsbət emosiyalara və səmimiliyin artmasına səbəb olur. Bu bilgidən yararlanaraq Imperial College London və University College Londondan olan tədqiqat qrupları göstəriblər ki, MDMA-dən istifadə həmçinin keçmişdə baş vermiş xoşagəlməz hadisələrə daha positiv yanaşmağa imkan yaradır. Onlar fMRT (funksional maqnit rezonans tomoqrafiyası) vasitəsilə sağlam insanlarda pis xatirələri xatırladıqda beyində hansı regionun aktivləşdiyinə baxıblar. Bu zaman müşahidə ediblər ki, iştirakçılar MDMA qəbul etdikdə (plasebo ilə müqayisədə) həmin ərazilər daha aşağı aktivlik göstərir. Bu müşahidə iştirakçıların özlərini necə hiss etmələrində də öz əksini tapıb. Məsələn, MDMA qəbulundan sonra eksperimentdə iştirak edən bir nəfər sonradan təsdiqləyib ki, “[MDMA-in təsiri altında] pis xatirələrimə geri döndüyümdə onlar heç də həmişəki kimi xoşagəlməz deyildilər; hətta, mən həmin hadisələri daha sonra baş verən yaxşı hadisələrə yol açan fatalistik zərurət olaraq görməyə başladım.” Önəmlisi isə odur ki, bu tapıntının post-travmatik stresdən (müharibə, uşaqlıq travmaları və s. sayəsində) əziyyət çəkən insanlara çox böyük faydası ola bilər. Belə ki, pasientlər dərmanın təsiri altında və psixoloqun köməyi ilə onlara psixoloji əzab verən keçmiş xatirələrinə geri dönə, həmin hadisələri bir daha nisbətən pozitiv yanaşaraq dəyərləndirə və travmanın yükündən müəyyən qədər qurtula bilərlər.

Əslində, MDMA, lizergin dietilamid turşusu (LZD – ing. LSD-lysergic acid diethylamide) və günümüzdə tabuya çevrilən bənzəri psixedelik dərmanlar üzərində 60-cı illərin sonlarına qədər psixiatriya sahəsində xeyli elmi tədqiqat aparılıb. Lakin, sonralar kəskin panika, psixotik krizlər kimi xoşagəlməz reaksiyalara səbəb olması doğrultusunda psixedelik dərmanların istifadəsinə qoyulan qadağalar bu yöndə aparılan işləri yarımçıq qoydu. O vaxtlar, bu qərarın verilməsinə səbəb, populyasiya səviyyəsində aparılan hər hansı ciddi araşdırma yox, dərmanın istisna hallarda (yüksək doza, məlumatsızlıq və s. dolayısıyla) gətirib çıxardığı mənfi reaksiyalar və kütləvi mətbuatda bu hadisələrin populyarlaşdırılması idi. Son illərdə sistematik şəkildə aparılan və ən əsası – statistik önəmi olan tədqiqatlar isə göstərir ki, bu dərmanların səbəb ola biləcəyi mənfi hallar media tərəfindən mübaliğə edilib. Məsələn, 2008 və 2011-ci illər arası ABŞ-da Dərman İstifadəsi və Sağlamlıq Sorğusunda (US National Survey on Drug Use and Health) iştirak edən ixtiyarı 135,000 nəfərdən toplanan məlumat analiz olunub və məlum olub ki, bunların 14%-i həyatlarında ən azı bir dəfə LZD, psilosibin (“möcüzəvi göbələklər”dəki əsas inqredient) və ya meskalindən birini qəbul ediblər. Həmin 14%-lik kəsimdə isə əqli pozğunluq hesab edilə biləcək 11 göstəricidən (psixoz, depressiya, intihar cəhdləri və s.) heç birinin baş vermə ehtimalında statistik önəmli artım müşahidə olunmayıb.

Yuxarıda haqqında bəhs etdiyim tipli geniş araşdırmalar sayəsindədir ki, psixedelik dərmanlar üzərinə qoyulan tabu getdikcə zəifləyir və psixedeliklərin tibbdə potensialını üzə çıxaracaq tədqiqatlara yenidən maddi vəsait ayrılmağa başlanır. ABŞ-da Yale Universitetində bir neçə gün bundan əvvəl əmələ gətirilən Yale Psixiatriya və Psixedelik Tədqiqat qrupu bu dediyimin “ən isti” sübutudur. Təbii ki, nə bizim burada yazdıqlarımızın, nə də bu tədqiqat qruplarının arqumenti “Verin, insafsızlar, bizə LZD verin, beynimizi və onun dərinliklərini kəşf edəcəyik!” deyil. Bütün bu insanların dediyi odur ki, ölümcül xərçəngi olan və bir neçə ay sonra hər şeyin bitəcəyini düşünüb, geri qalan həyatını yaşamaqda çətinlik çəkən adama psixedeliklər kömək edəcəksə, onda nəyə görə bunu onlardan əsirgəyək? İndiyə qədər, xəstəliyinin son mərhələsində olan və yaxınlaşan ölümlə əlaqədar təşviş pozuntularından əziyyət çəkən kiçik sayıda pasientlərlə aparılan təcrübələr göstərir ki, psixedeliklər doğurdan da bu insanların həyat keyfiyyətini artıra bilər. Həmin araşdırmalarda psixedeliklərdən istifadə etmiş xəstələr depressiya, təşviş və ümumi əhval-ruhiyyə səviyyəsini ölçən standartlaşdırılmış psixiatrik testlərdə önəmli dərəcədə yaxşı nəticə göstərirlər. New York Times-da dərc olunmuş “Psixedelik dərmanlar pasientlərə ölümlə üzləşməkdə necə kömək edə bilər” (How Psychedelics Drugs Can Help Patients Face Death) adlı məqalədə həmin xəstələrdən biri psilobisinlə terapiya ərzində hiss elədiklərini belə izah edir: “Mən ağlamağa başladım… […] fərqinə vardım ki, bütün bu mənfi qorxular və günahkarlıq hissi… irəlidə olan həyatdan həzz alaraq yaşamaq üçün necə də böyük maneə imiş”.

Belə işlər, yoldaş oxucu. Bu dəfəki yazıda adını çəkdiyim dərmanlar haqqında çox məlumat verə bilmədim, çünki məqsədim bu deyildi. Həmin dərmanlar haqqında daha ətraflı və ümumiyyətlə neyroelm, nevrologiya, psixiatriya və digər rock’n’roll sahələrdə oxuduğumuz, bildiyimiz, eşitdiyimiz cool (nəhayət, gəl sən bu sözə “yox” demə, cool ola bilək biz də, deyirsənsə də barı əvəzinə bir şey uydur) şeylər barədə yazmağa davam edəcəyik. Dediyim kimi, ən maraqlısı bu işi xəstəliklər və dərmanlar barədə öyrənməklə etməkdir və elə də edəcəyik.

Qeydlər

  1. Qavrayış, əhval və özünü dərk etmədə (şüurluluq) hər hansı dəyişikliyə səbəb olan maddəyə psixotrop deyilir. Psixedeliklər isə, psixotropların bir alt qrupu olub, normal halda və ya digər psixotroplarla müşahidə olunmayan trans, meditasiya, dini ekstaz və ya yuxuya bənzər fərqli və özünəxas bir şüurluluq halına səbəb olurlar.

Mənbələr

Carhart-Harris, R. L., Wall, M. B., Erritzoe, D., Kaelen, M., Ferguson, B., De Meer, I., … Bolstridge, M. (2013). The effect of acutely administered MDMA on subjective and BOLD-fMRI responses to favourite and worst autobiographical memories. The International Journal of Neuropsychopharmacology, 17, 1–14.

Cormier, Z. (2015, March 4). No link found between psychedelics and psychosis. Alınıb: http://www.nature.com/news/no-link-found-between-psychedelics-and-psychosis-1.16968

Gardner, Christopher S. (2014, January 4). New psychedelic science group forms at Yale. Alınıb: http://medicine.yale.edu/psychiatry/newsandevents/archive/article.aspx?id=11818

Grob, C. S., Danforth, A. L., Chopra, G. S., Hagerty, M., McKay, C. R., Halberstadt, A. L., & Greer, G. R. (2011). Pilot study of psilocybin treatment for anxiety in patients with advanced-stage cancer. Archives of General Psychiatry, 68, 71–78.

Kandel, E. R., Schwartz, J. H., & Jessell, T. M. (2013). Chapter 49: Homeostasis, Motivaton, and Addictive States (pp. 1104-1113). Principles of Neural Science. Neurology (Vol. 4, p. 1414).

Olds, J., & Milner, P. (1954). Positive reinforcement produced by electrical stimulation of septal area and other regions of rat brain. Journal of Comparative and Physiological Psychology, 47, 419–427.

Van Hemmen, J. L., & Sejnowski, T. J. (Eds.). (2005). 23 problems in systems neuroscience. Oxford University Press.


Şəkil: Məşhur ingilis rock qrupu The Beatlesın The Beatles Sgt. Pepper’s Lonely Hearts Club Band adlı albomunun üz qapağı.

Posts created 8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top