Zəlzələyə hazırlıq (1) – a call to action

Azərbaycanda insanların təbii fəlakətlərə real hazırlıq səviyyəsinin nə dərəcədə olduğunu təxmin etmək çətindir, lakin son 30 ilin təcrübəsindən görünən odur ki, eynilə Türkiyədə olduğu kimi bizdə də idarəsini itirmiş tikinti partlayışı nəticəsində növbəti dəfə baş verəcək zəlzələnin nəticələrinin çox ağır olacağını təxmin etmək mümkündür. Zəlzələ ilə bağlı məktəblərdə və iş yerlərində mütəmadi olaraq keçirilməli olan təlimlər yox dərəcəsindədir, binaların mütəmadi yoxlanışı və təmiri yox dərəcəsindədir (təmir olunmayan binalar isə zamanla dağılır–və bu heç kim üçün şok xəbər olmamalıdır), böyük şəhərlərin ətrafında qaydasız-qanunsuz şəkildə tikilən gecəqonduların sayı günlə artır. Şəhərlərdə binaların çoxu Sovet dövründə dövlət nəzarəti altında tikilirdisə, Sovetin dağılması ilə olan (qeyri-mükəmməl) nəzarət strukturları çökmüş və bir daha özünə gələ bilməmişdir. Bu keçən dövrü səciyyələndirən tikinti sektorundakı özbaşınalıq və rüşvətxorluq halları çox böyük insan kütlələrini təhlükə altına atmaq bahasına bir ovuc insanın cibini şişirtmişdir. Türkiyədə baş verən zəlzələ ilə bütün bu tarix artıq bizim qarşımıza hazırlıq və təhlükəsizlik ilə bağlı böyük suallar olaraq qayıtmışdır: növbəti zəlzələyə nə qədər hazırıqhər şeyi olduğu kimi saxlamaq lyuksumuz varmı? Bizə görə hər iki sualın cavabı “yox”dur. Türk idarəetməsinin yol verdiyi bağışlanmaz səhvlərin nəticəsində itirilən həyatlar ümid edirik hamıya rüşvətə və özbaşınalığa gözyummaq vaxtının bitdiyini, təbiətlə münasibətlərdə bilgisizlik, etinasızlıq və hazırlıqsızlığın isə ağır cəzalandırıldığını öyrətmişdir. İndi insanları təmsil etmək, onların təhlükəsizliyini təmin etmək kimi bir dərdi olmayan bürokratik strukturları etməli olduqları işi etməyə məcbur etmək, onların işini ictimaiyyət olaraq davamlı olaraq nəzarət altında saxlamaq, fərdi miqyasda isə lazım gələn bütün hazırlıq addımlarını atıb ciddi bir şəkildə zəlzələ hazırlığını mədəniyyətin bir hissəsinə çevirmək, ayağımızın altındakı torpağın davranışını daha yaxşı araşdırıb öyrənməyin vaxtıdır. Bunun üçün bir plana ehtiyacımız var. Ən qısa müddətdə edə biləcəyimiz şey oxşar vəziyyətdə yaşayıb daha hazırlıqlı olan insanların təcrübələrindən dərhal istifadə etməyə başlamaqdır.

Zəlzələyə hazırlıq dedikdə ilk ağıla gələn yer Yaponiya, daha dəqiq desək artıq neçə illərdir X günü adlandırılan böyük zəlzələyə hazırlaşan Tokyodur. 1923-cü ildə 100 000-dən çox insanın vəfat etdiyi Böyük Kantō Zəlzələsindən sonra hər ilin Sentyabrın 1-i Fəlakət Hazırlıq Günü olaraq qeyd edilir və bu gün ölkənin hər yerində milyonlarla insan fəlakətə hazırlıq məşqlərində iştirak edir. Yapon təcrübəsindən istifadə etmək üçün elmi platforma olaraq bizim edə biləcəyimiz iş bu təcrübəni işıqlandırmaq, insanlar üçün resurslar istehsal etməkdir. Qarşımıza çıxan ən yaxşı resurs Tokyo Böyük Şəhər Hökümətinin paylaşdığı kitabçadır. Bu kitabçada zəlzələ və digər təbii fəlakətlərə hazırlıq üçün edilə biləcək işlərdən, belə hallarda həyatda qalmaq üçün məsləhətlər, ilkin tibbi yardımla bağlı məlumatlar və s. var. Vizual olaraq yaxşı, anlaşılan dildə yazılan kitabçanı Azərbaycan dilinə tərcümə edib yaymaq, bizim hal-hazırda hazırlıq üçün ən sürətli şəkildə edə biləcəyimiz ən keyfiyyətli işdir və Elmi Spektr olaraq tərcümə mövzusunda artıq uzun illər yığılmış təcrübəmiz var. Lakin bunun üçün tərcüməyə, dizayna və layihənin idarəetməsində kömək edəcək könüllülərə ehtiyacımız var. Əgər bu layihədə bizə kömək etmək sizə maraqlıdırsa, aşağıdakı formu dolduraraq bizimlə əlaqəyə keçməyinizi xahiş edirik. Bu çağırışı tanıdığınız insanlarla paylaşmağınızı da rica edirik.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top