Zəka və Davranışın Genetikası

İnsanlar arasında zəka səviyyəsi bir-birindən fərqlənir və bunun səbəbləri elm aləmində uzun zamandır müzakirə mövzusu olmuşdur. Bəziləri bu fərqliliyin daha çox irsi fərqlilikdən qaynaqlandığını, digərləri isə ətraf mühitin daha mühim rol oynadığını düşünür. Bu yazıda sözügedən mövzu ətrafında indiyədək gedən müzakirələrin kiçik icmalını və son zamanlarda aparılan bir sıra önəmli araşdırmaları diqqətinizə çatdıracağam.


1870-1920

Francis Galton bu sahənin pionerlərindən biri olmuşdur. Darwin’in qohumu olan Galton bir neçə ixtiranın sahibidir. Həmin ixtiraların arasında barmaq izləri vasitəsi ilə şəxsin kimliyinin müəyyənləşdirilməsi və statistika elminə gətirdiyi bir sıra yeniliklər var. Onun İrsi Dahilik (Hereditary Genius) əsəri 19-cu əsrdə, Darwin’in Növlərin Mənşəyi kitabı ilə yanaşı, biologiya elmində ən önəmli kitablardan sayılırdı. Darwin’in araşdırmaları, Galton’u fərdlər arasında variasiyanı araşdırmağa sövq etmişdir və bu araşdırmalar daha çox insan zəkasının irsiliyini tədqiq etmək məqsədi güdürdü.

Zəkanın irsilyini araşdırmaq üçün Galton’un ilk məqsədi insanlarda intellektual səviyyəni obyektiv ölçməyin yolunu ixtira etmək idi. Onun bu problemə ilkin yanaşması isə, bir insanın zəkasının onun öz peşə sahəsində tanınmışlığı ilə düz mütənasib olduğunu iddia etməkdən ibarət idi. Bu minvalla, Galton 200 nəfərdən ibarət qrupun, Cambridge (Kembridc) universitetində, Riyazi Tripos imtahanı nəticələrini dövlət qulluğunda çalışan 72 nəfərin nəticələri ilə müqayisə edərək zəkanın şəxslər arasında paylanmasının (ing. distribution) qrafik formasına baxdı. O, belə nəticəyə gəldi ki, bu ballar fiziki xüsusiyyətlərə oxşar olaraq, Gauss ehtimal formasında paylanıb. (Ötən sayıda Nəriman Məmmədli bu formanı öz yazısında izah etmişdir.) Baxmayaraq ki, zəka səviyyəsinin fiziki xüsusiyyətlərə oxşar olaraq paylanması zəkanın irsiliyini göstərmirdi, bu nəticə Galton’un zəkanın cəmiyyətdə uğurla əlaqəsi ilə bağlı dediklərini dəstəkləyirdi. Bu iddianın üzərinə o, ‘Hereditary Genius’ kitabını yazdı və öz əsərində zəkanın irsi ola biləcəyini müzakirə etdi. Onun irsiliyi ölçmək üçün bir metodu olmadığından, Galton sadəcə məşhurluğun bir nəsildə nə qədər yayıldığına baxaraq, topladığı məlumatları Hereditary Genius kitabında qələmə almışdır. Müşahidə etdiyi insanlar arasında hakimlər, məmurlar, aristokratlar, generallar, alimlər, yazıçılar, bəstəkarlar və s. daxil idi. Onun öz nəslində də tanınmış insanlar az deyildi. Zəkanın nəsildən nəsilə ötürülməsi nəticəsinə gəlinməsi olduqca provokativ iddia idi.

Galton, 1883-cü ildə, yevgenika hərəkatının başlanğıcını hazırlayan kitab yazdı. Bu dəfə, o, zəkanın irqlərdə fərqliliyini irəli sürən fikirlərdən yazırdı.

Zəka səviyyəsini ölçmək üçün ilk test fransız psixoloqu Alfred Binet tərəfindən yaradıldı. Fransız məktəblərində yaxşı nəticə göstərməyən şagirdlərin zəka səviyyəsini ölçmək üçün yaradılan Binet-Simon testi, uşaqların “əqli yaşını” müəyyən edirdi. Belə ki, 9 yaşındakı uşaq imtahanda həmyaşıdlarının orta balından aşağı toplayarsa, xronoloji yaşından asılı olmayaraq məktəbdə “əqli yaşına” uyğun qrupa salınırdı. Əgər əqli yaşla xronoloji yaş üst-üstə düşürdüsə həmin məktəbli orta zəkalı hesab edilirdi. Buna uyğun olaraq, yuxarı və ya aşağı nəticə göstərənlər isə üstün zəkalı və ya qüsurlu hesab olunurdular. Yalnız, bu imtahandakı problem ondan ibarət idi ki, əgər şagirdin lazımi bilikləri öyrənməyə əvvəlcədən şəraiti yox idisə, bu imtahan nəticələri zəka səviyyəsi barədə düzgün məlumat verə bilmirdi. Təsvir edilən problem eksperimantal qərəzin nəticəsidir ki, bu haqda jurnalın ilk iki sayında Sadiq Niftullayev öz yazıları ilə bizləri məlumatlandırmağa çalışmışdır. Galton’dan fərqli olaraq, Binet zəkanın sabit olduğuna inanmırdı. O, belə yanaşmanın çox pessimist olduğunu fikirləşirdi.

Binet-Simon testindən yararlanaraq, I dünya müharibəsi zamanı, Birləşmiş Ştatlar ordusunda, bəzi psixoloqlar tərəfindən əsgərlərə oxşar imtahan tətbiq olundu. Bu yoxlamanın aparılmasında məqsəd, xüsusi tapşırıqları yerinə yetirmək üçün üstün zəkalı ordunun yaradılması idi.

Binet’nin zəka testini, Amerikada, fransız dilindən ingilis dilinə tərcümə edən Henry Herbert Goddard gerizəkalıların cəmiyyətə zərərli olmasına inanırdı. Gerizəkalı sayılan insanlar kriminallar, qüsurlular, əyyaşlar, təcavüzçülər, epilepsiyadan əziyyət çəkənlər, narkotik maddələrdən istifadə edənlər idi. Goddard bütün bu anormallıqların səbəbinin genetik olduğuna inanırdı. Bu zamanlarda Amerikaya Avropadan miqrasiya yüksək olduğundan, Goddard’ın araşdırmaları və fikirlərindən təsirlənib xüsusi imtahandan keçməyən miqrantların deportasiya olunması islahatlarına başlandı. Belə ki, həmin vaxtlar Amerikaya köçməyə çalışan 83% yəhudi, 80% macar, 79% italyan və 87% rus geriyə deportasiya olundu.

Goddard

Demokratiya — ən ağıllını, ən intelligenti və ən insani olanı seçib, onlara xoşbəxt olmaq üçün nə etməli olduqlarını deməklə idarə etməkdir. Ona görə də, xeyirxah aristokratiya qurmağın yolu demokratiyadır!

deyirdi.

Democracy means that the people rule by selecting the wisest, most intelligent and most human to tell them what to do to be happy. Thus democracy is a method for arriving at a truly benevolent aristocracy!

Binet’nin ortaya çıxardığı zəka testindən sonralar yararlanan başqa bir alim isə Lewis Terman idi. O, Stanford Universitetindı zəka testini təkmilləşdirərək Stanford-Binet testini yaratdı və beləcə indi bildiyimiz IQ (Intelligence Quotient; azərb. intellekt əmsalı) testinin ilk versiyası tətbiq olunmağa başlandı.

1940-1970

Bu illər arasında, təhsil barədə psixoloq Cyril Burt IQ testindən yararlanaraq zəkanın irsiliyini araşdırdı. Doğuşdan sonra fərqli mühitdə böyüdülmüş əkizləri imtahandan keçirən Burt, zəkanın əsasən genetik olduğuna və ətraf-mühitin ikincil rol oynadığı qənaətinə gəldi. Belə ki, 53 əkizdən alınan nəticələrə əsasən zəkanın 80% genetik olduğu nəticəsi ortaya çıxdı. Onun ölümündən sonra bu araşdırmaların Burt tərəfindən saxtalaşdırıldığı məlum olsa da, Böyük Britaniyada və başqa ölkələrdə təhsil psixologiyasının (ing. educational psychology) tətbiqetməsini başladan məhz Cyril Burt olub.

Burt’ün fikirlərindən təsirlənən başqa təhsil psixoloqu Arthur Jensen, 1969-cu ildə yazdığı mübahisəli məqalədə fərqli irq nümayəndələri arasında apardığı IQ imtahanı nəticələrinə dayanaraq irqlərin arasında zəka səviyyəsinin fərqliliyinin genetik olduğunu iddia etdi (1). O zəkanı iki fərqli səviyyəyə bölürdü. 1-ci səviyyə yaddaş və sadə əlaqələndirici mühakimə (ing. associative reasoning), 2-ci səviyyə isə abstrakt mühakimə və mücərrəd düşünə bilmə qabiliyyətindən ibarət idi. Onun əldə etdiyi nəticələrə görə 1-ci səviyyə zəka bütün irqlər arasında eyni dərəcədə olsa da, asiyalı və “ağ” amerikalılar afrikan-amerikanlılara nəzərən 2-ci səviyyədə daha üstün performans göstərmişdirlər. Jensen zəkanın 80-90% irsi olduğu qənaətinə gələrək, əqli çatışmazlığı olan uşaqların xüsusi proqramla təhsil almalarının əbəs yerə pul xərclənməsi olduğuna inanırdı. Onun bu mübahisəli fikirlərinə baxmayaraq insan irsiliyi və cəmiyyət arasında bağlılığın başa düşülməsi ilə bağlı verdiyi töhfələrə görə 2003-cü ildə Jensen, prestijli Kistler Laureatı Mükafatına layiq görüldü.

1960-cı illərdə, bu fikirlərə ortaq olanların arasında fizikadan Nobel Laureatı mükafatı sahibi William Shockley də yer tuturdu. 20-ci əsrin əvvəllərində yevgenika hərəkatı zamanı yayğın fikirləri bölüşən Shockley, təkamülün geriyə doğru getdiyini söyləyərək IQ səviyyəsi aşağı olan insanların və irq nümayəndələrinin daha çox uşaqları olmasından şikayətlənirdi. Fikirlərini irqçilik və qərəzli olduğuna görə yox, statistiki mənbələrə dayanaraq irəli sürdüyünü deyən Shockley, IQ səviyyəsi aşağı olduğunu düşündüyü afrikan-amerikanlılara xüsusi təhsil vermək əvəzinə, zənci irq nümayəndələrinin daha çox uşaq dünyaya gətirməsinin qarşısını almaq lazım olduğunu bəyan etmişdir.

1980-2013

1981-ci ildə Stephan Jay Gould İnsanın Səhv Mühakiməsi (ing. Mismeasure of Man) kitabında daha əvvəl səsləndirilən fikirləri tənqid etdi. Onun fikirlərinə görə keçmiş zəka testləri o qədər də şəffaf deyildi. Ona görə də aparılan araşdırmalarda zəka testinin zəkanı doğru ölçə bilmədiyini vurğulayırdı. Bundan əvvəl araşdırılan qrupların öz içərisində fərqlilikər olabiləcəyini və IQ fərqliliyinin genetik yox ətraf-mühitdən də olabiləcəyini vurğulayırdı. Gould’a görə, fərqli irq nümayəndələrinin və müəyyən sosial statuslu insanların IQ səviyyələrinin fərqli olmağı zəkanın genetik olmağı anlamına gəlmirdi. Başqa sözlə desək, irqlə zəka səviyyəsi arasında hər hansı əlaqənin olmağı, heç də həmin zəka fərqinin irqə mənsubiyyətdən səbəbləndiyi mənasına gəlmir.

İrq, işsizlik, cinayətkarlıq və kasıbçılığın irsi zəka ilə arasında əlaqə haqqında mübahisə 1994-cü ildə bir daha gündəmə qayıtdı. Richard Herrnstein və Charles Murray “Zınqırov əyrisi” (ing. Bell Curve) adlanan məşhur teoriyaları ilə empirik statistiki nəticələrə dayanaraq yuxarıda sadalanan fərqliliklərin irsi olduğunu yenidən sübut etməyə çalışdılar (2). Eyni ildə Stephan Gould bu nəzəriyyəyə qarşı yeni məqalə yazdı və yenidən həmin araşdırmaları tənqid etdi.

Sonrakı dövrlərdə genetika sahəsində metodların təkmilləşdirilməsi nəticəsində əqlin irsiliyinin daha obyektiv araşdırılması mümkün oldu. 1995 və 2009-cu illər arası aparılmış Genom Miqyasında Əlaqələndirmə Araşdırmaları (GMƏA ing. Genome Wide Association Studies-GWAS) onu göstərdi ki, insanlar arasında əqli cəhətdən fərqliliyə heç bir xüsusi gen səbəb olmur (3). 2011-ci ildə, bir-birilə qohumluq əlaqəsi olmayan 3782 nəfər arasında aparılan bir təcrübədə, IQ imtahanı nəticələri ilə zəka və ya hər hansı xüsusi bir gen arasında statistik önəmli bağlantı tapılmadı. Lakin, təcrübəni aparan alimlər zəkanın poligenik1 ola biləcəyini və gələcəkdə tək nükleotid polimorfizmi (SNP, ing. single nucleotide polymorphism2) analizləri ilə tapılabiləcəyi qeyd edirlər (4). 2013-cü ildə, 126,559 nəfərin genomunun müqayisəsinin nəticəsində 3 SNP’nin təhsildə uğur ilə statistik önəmli əlaqəsi tapıldı (5).3

Genlər və davranış

Zəkanın irsiliyi və genlərlə əlaqəsi kontekstində sözü gedən irsi fərqliliklərin heç biri patoloji nəticələrə gətirib çıxarmır. Yəni, zəkanı müəyyən genetik faktorlar təyin edə bilər, amma bu faktorların heç biri insanın əqli sağlamlığı və orta statistik həyat sürə bilməsini əngəlləyəcək qədər önəmli deyil. Lakin, qeyd etmək lazımdır ki, insanda bir çox digər genlərdəki mutasiyalar patoloji hal hesab olunan, birbaşa gözə çarpan davranış dəyişikliklərinə və əqli yetərsizliyə səbəb ola bilər. Bu xəstəliklərdən ikisinə nəzər yetirək.

Lesch-Nyhan sindromu

X xromozomunda yerləşən Hipoksantin Quanin Fosforiltransferaza 1 (HPRT1) genindəki mutasiyadan qaynaqlanan əqli xəstəlik özünə zərər vermə davranışına səbəb olur (6). Mutasiyanın ciddiliyindən asılı olaraq, xəstələrdən bir çoxu öz əllərini, barmaqlarını və dırnaqlarını zərərli şəkildə dişləməyə meyilli olurlar. Bundan əlavə pasientlərdə əqli çatışmazlıq da müşahidə olunur. Özünə zərər vermə simptomunun səbəbi orta beyində dopamin səviyyəsinin həddindən artıq olması ilə əlaqələnidirilmişdir.

Brunner sindromu

Bu sindrom da X xromozomunda yerləşən gendəki mutasiyadan dolayı baş verir. Brunner sindromundan əziyyət çəkən insanlarda Monoamin Oksidaza A (MAOA) geni düzgün kodlaşmır və formalaşan zülal beyində öz normal funksiyasını daşıya bilmir. MAO-A beyində dopamin, norepinefrin, serotonin kimi vacib neyromodulyatorların dövriyyəsində önəmli rol oynayır. MAO-A enziminin qeyri-normal işləyişindən yaranan kimyəvi natarazlıq aqressiya, əqli yetərsizlik, autizm və bəzi hallarda təcavüz etmə, yanğın törətmə və özünü öldürməyə səbəb olur.

Hər nə qədər yazıda genetik faktorların davranışla əlaqəliliyindən danışsaq da, qeyd etməliyik ki, hər hansı bir xüsusiyyətin irsi olması bu xüsussiyətin sonradan dəyişilə bilməməsi anlamına gəlmir. Ötən sayıda haqqında yazdığım fenilketonuriya xəstəliyi buna bir misaldır. Nə demək istədiyimi daha aydın izah etmək üçün, Stephen Gould’un verdiyi nümunədən istifadə edəcəyəm. Tutaq ki, Hindistanda balaca bir kənddə insanların ortalama boy hündürlüyünü ölçürük. Müşahidələr göstərir ki, hündürlük böyük dərəcədə irsidir. Yəni, hündürboy ataların hündür uşaqları, balacaboy ataların isə uyğun olaraq bəstəboy uşaqları olur. Ancaq bu, o demək deyil ki, düzgün qidalanma və həyat tərzindəki dəyişiklərlə bir neçə nəsil sonra ortalama boy hündürlüyü kənddə arta bilməz. Eynilə də Murray və Herrnsteinin nəticələrində qaradərili və ağların IQ səviyyə ortalamasının fərqi 15 olsa da, bu o demək deyil ki, uşaqların eyni şəraitdə böyüdülməsi bu fərqi azaltmayacaq. Yəni, müşahidə olunan IQ fərqi heç də irqlər arasındakı genetik fərqlilikdən dolayı yox, irqlərin məruz qaldığı fərqli həyat standartlarından qaynaqlana bilər.

Başqa qəliz və kompleks irsi xüsusiyətlər kimi, zəkanın da formalaşmasında bir çox faktor vardır və burada irsiliyin payının nə qədər və necə olduğunu öyrənmək tam həssaslıq və qərəzsizlik tələb edir.

Qeydlər

  1. Poligenik – Bir irsi xüsusiyyətin tək genlə yox, bir neçə genlə əlaqəsi olması.
  2. Tək nükleotid polimorfizmi (SNP)- genomun spesifik nöqtəsində yerləşən bir nükleotiddəki çeşidlilikdir. Qeyd etmək lazımdır ki, hər hansısa çeşidliliyin SNP kimi qəbul edilməsi üçün, bu nükleotiddə baş verən çeşidliliklərin hər biri populyasiyada tutarlı dərəcədə təmsil olunmalıdır (məsələn, >1).
  3. Əgər maraqlıdırsa buraya daxil olub bu genetik dəyişikliklərin kodlarını axtarış yerinə daxil edib daha çox məlumat ala bilərsiniz. Kodları bunlardır : rs9320913, rs11584700, rs4851266.

Mənbələr

  1. Jensen, A. (1969). How Much Can We Boost IQ and Scholastic Achievement. Harvard Educational Review, 39(1), 1-123.
  2. Herrnstein, R. J. and Murray, C., (1994). The Bell Curve. New York: The Free Press.
  3. Payton, A. (2009). The Impact of Genetic Research on our Understanding of Normal Cognitive Ageing: 1995 to 2009. Neuropsychol Rev, 19(4), 451-477.
  4. Davies, G., Tenesa, A., Payton, A., Yang, J., Harris, S., & Liewald, D. et al. (2011). Genome-wide association studies establish that human intelligence is highly heritable and polygenic. Molecular Psychiatry, 16(10), 996-1005.
  5. Rietveld, C. A., Medland, S. E., Derringer, J., Yang, J., Esko, T., Martin, N. W., . . . Koellinger, P. D. (2013). GWAS of 126,559 Individuals Identifies Genetic Variants Associated with Educational Attainment. Science, 340(6139), 1467-1471.
  6. Ceballos-Picot, I., Mockel, L., Potier, M., Dauphinot, L., Shirley, T. L., Torero-Ibad, R., . . . Jinnah, H. (2009). Hypoxanthine-guanine phosphoribosyl transferase regulates early developmental programming of dopamine neurons: Implications for Lesch-Nyhan disease pathogenesis. Human Molecular Genetics, 18(13), 2317-2327.
  7. Brunner, H., Nelen, M., Breakefield, X., Ropers, H., & Oost, B. V. (1993). Abnormal behavior associated with a point mutation in the structural gene for monoamine oxidase A. Science, 262(5133), 578-580.
Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top