Heç Nədən Yaranan Kainat

| Lawrence Krauss |


Lawrence Krauss Arizona Dövlət Universitetində nəzəri fizika və kosmologiya professorudur. Akademik işlərindən əlavə, Krauss tez-tez müzakirə və debatlarda iştirak edir, elmin populyarlaşmasına dair işlər görür. “Heç Nədən Yaranan Kainat”ı (ing. Universe from Nothing) müəllifin ən uğurlu kitabı saymaq olar. O, kitabda fizika qanunlarının kainatın yoxdan var olmasına imkan verdiyini anlatmağa, və bu yolda bir çox alimlərin kəşflərindən və cavablara doğru yolundan danışır. Krauss müasir fizikanı ən sadə şəkildə anlatmağa çalışarkən, eyni zamanda elmi bilgilərin teoloqlar tərəfindən yanlış istifadə etdiklərini göstərir, dinin elmdən fərqindən də bəhs edir. Böyük mövzularda fizikanın sözünü bu qədər sadə formada çatdırmaq həqiqətən də böyük bir şeydir. Heç Nədən Yaranan Kainatı ən yeni kosmoloji kəşfləri adi insana çatdırmaqda ən uğurlu kitablardan saydığım üçün (Richard Dawkins də sonsöz hissəsində kitabı Fizikanın “Növlərin Mənşəyi” adlandırır) onu Azərbaycan dilinə tərcümə eləməyi qərara aldım. Əli çatan və ingilis dili bilən oxucularımıza kitabı əldə edib oxumağı məsləhət görürük. Hələlik isə “Giriş” ilə işə başlayaq. Gələn yazılarda Big Bang, CMBR, virtual hissəciklər və s. danışmaq ümidilə, görüşənədək…


Giriş

Yuxu yaxud kabus, həyatı olduğu kimi yaşamalıyıq və onu ayıq yaşamalıyıq. Biz hər dəliyindən elm axan dünyada yaşayırıq; o, tam və realdır. Tərəf tutaraq onu sadəcə bir oyuna çevirə bilmərik.

—Jacob Bronowski

Əvvəldən etiraf etmək istərdim ki, hər yaradılışın yaradanı olmalıdır ideyasına qarşı heç bir rəğbətim yoxdur, bu fikir bütün dünya dinlərinin əsasını təşkil edir. Hər gün soyuq qış səhərindəki qar dənəciklərindən tutmuş günortadan sonra yağan yay yağışının rəngarəng göy qurşağına qədər gözəl və möcüzəvi cisimlər öz-özünə əmələ gəlir. Lakin, ən qızğın fundamentalistlər xaricində heç kəs, hər bir belə cismin sevgi ilə, zəhmətlə, və hamısından önəmli məqsədli şəkildə ilahi bir ağıl tərəfindən yarandığını təklif etməz. Əslində, bir çox insan, alimlər də daxil, qar dənəciklərinin və göy qurşaqlarının necə əmələ gəlməsinin sadə, eleqant fizika qanunları ilə izahından həzz alır.

Əlbəttə, soruşula bilər, hətta çoxları soruşur ki, bəs “Bu fizika qanunları haradan gəlir?” və ya daha təklifedici şəkildə “Kim bu qanunları yaratdı?”. Hətta, əgər birisi bu ilkin sualları cavablandıra bilsə də, iddiaçı çox vaxt soruşacaq, “Bəs bu haradan gəldi?” yaxud “Kim bunu yaratdı?” və s.

Nəticədə, bir çox düşüncəli insanlar ‘Birinci Səbəb’ ehtiyacına yönəlirlər, Platon, Akvinalı Foma və ya müasir Roma Katolik kilsəsi Birinci Səbəbi hər zaman hər yerdə əbədi olan və olacaq, ilahi varlıqla əlaqələndirirlər.

Buna baxmayaraq, Birinci Səbəbin qəbul edilməsi yenə də ortaya sual çıxarır, “Yaradanı kim yaratdı?”. Ümumiyyətlə, yaradıcısız əbədi var olan kainat əvəzinə əbədi bir yaradanı dəstəkləməkdə fərq nədir?

Bu arqumentlər hər zaman mənə kainatın başlanğıcı haqqında seminar verən bir ekspert haqqındakı məşhur bir hekayəni xatırladır (bəzən o şəxsin Bertrand Russel olduğu deyilir, bəzən isə William James), onunla dünyanın nəhəng bir tısbağa üzərində saxlanıldığına inanan bir qadın debat edir. Bu tısbağa başqa bir tısbağanın üstündə dayanır, o da başqa bir tısbağanın üzərində, və . . . “dibinə qədər tısbağalar”. Sonsuz sayıda reqressiya olunan öz-özünü saxlayan yaradıcı güc, bu tısbağadan daha ülvi bir güc də olsa belə, bizi kainatı əmələ gətirən qüvvəyə heç cürə yaxınlaşdırmır. Buna baxmayaraq, sonsuz reqressiya metaforu kainatı əmələ gətirən real prosesə bir yaradılışçı açıqlamasından daha yaxın ola bilər.

Sualı ortadan qaldırmaq üçün prosesin Tanrıda dayandığını iddia etməklə məsələyə açıqlama gətirmək olar, amma burda mən öz mantrama sığınıram: Kainat olduğu kimidir, biz bunu bəyənsək də, bəyənməsək də. Yaradanın varlığı və ya yoxluğu bizim istəklərimizdən asılı deyil. Tanrısız dünya çox çətin və mənasız görünə bilər, lakin bu Tanrının həqiqətən varlığına dəlalət etmir.

Eyni şəkildə, bizim ağlımız sonsuzluq qavrayışını dərk etməyə bilər (buna baxmayaraq riyaziyyat, bizim ağlımızın məhsulu, bunu çox yaxşı bacarır), amma bu sonsuzluğun olmaması mənasına gəlmir. Bizim kainat fəza və ya zaman mənasında sonsuz da ola bilər. Yaxud, Richard Feynman qeyd etdiyi kimi, fizika qanunları sonsuz qabıqlı soğan kimi ola bilər, biz daha fərqli ölçülərdə işlədikdə yeni qatlar işlək ola bilər. Biz sadəcə olaraq bilmirik!

İki min ildən artıqdır ki, “Nə üçün heç nə yox, nəsə var?” sualı, kainatın – ulduzlar, qalaktikalar, insanlar və başqa kim bilir nələrin – dizaynsız, plansız, və ya məqsədsiz ortaya çıxması ideyasına qarşı bir sədd kimi qoyulmuşdur. Baxmayaraq ki, bu çox zaman fəlsəfi və ya dini sual kimi sinifləndirilir, bu hər şeydən əvvəl birbaşa təbiət haqqında sualdır, və onu müzakirə edib həll etmək üçün ən düzgün yer elmdir.

Bu kitabın məqsədi sadədir. Mən sizə müasir elmin nəyə görə heç nədənsə nəyinsə olması sualına bir neçə formada cavab verə bildiyini və verdiyini göstərmək istəyirəm. Heyranedici təcrübə nəticələri, indiki müasir fizikanın təməlində duran nəzəriyyələrdən ortaya çıxan cavablar onu göstərir ki, heç nədən nəsə əldə etmək problem deyil. Əslində, kainatın var olması üçün heçdənən nəyinsə ortaya çıxması məcburi ola bilər. Üstəlik, bir çox işarələr onu təklif edir ki, bizim kainatın məhz belə ortaya çıxması mümkündür.

Mən burda mümkündür sözünü vurğulayıram, çünki bəlkə də heç vaxt bu sualı cavalandırmaq üçün kifayət qədər empirik informasiyaya sahib olmayacayıq. Amma heç nədən yaranan kainatın mümkün olma ehtimalı faktı belə çox əhəmiyyətlidir, ən azından mənim üçün.

Daha irəliyə getmədən öncə, mən “heç nə” anlayışına bir neçə kəlmə həsr etmək istərdim – bu mövzuya müəyyən zamandan sonra yenidən qayıdacam. Gördüyüm qədəri ilə, bu sualı ictimai müzakirə edərkən filosofları və teoloqları ən çox məyus edən şeylərdən biri mənim bir alim olaraq “heç nə”ni dərindən başa düşmədiyimdir (Buna cavab olaraq boynuma alıram ki, teoloqlar özləri əksinə, heç nə üzrə ekspertdirlər.)

Onlar israr edirlər ki, “heç nə” mənim haqqında danışdıqlarımdan heç biri deyil. Heç nə hansısa anlaşılmaz və pis tərif edilmiş şəkildə “olmamaq”dır. Bu, mənə yaradılışçılarla debatlarım zamanı, “ağıllı dizaynı” tərif etmək üçün sərf etdiyim öz səylərimi xatırladır, sonradan aydın oldu ki, onun nə olmadığını deməkdən başqa açıq tərifi yoxdur. “Ağıllı dizayn” sadəcə təkamülə qarşı çıxmaq üçün birləşdirici sığınacaqdır. Bənzər şəkildə, bəzi filosoflar və bir çox teoloqlar tərif və yenidən tərif edirlər ki, “heç nə” elm adamlarının açıqladıqları heç nə variantlarından heç biri deyil.

Lakin bu, mənim fikrimcə, teologiyanın böyük hissəsinin və fəlsəfənin bir hissəsinin intellektual iflasına işarə edir. Əgər “heç nə” “nəsənin yoxluğu” kimi tərif olunursa, şübhəsiz ki, o da eynilə “nəsə” kimi fiziki bir şeydir. O zaman bizə vacib olan, bu iki kəmiyyətin fiziki təbiətini dəqiq başa düşməkdir. Və elmsiz, istənilən tərif sadəcə söz yığınıdır.

Bir əsr əvvəl, kimsə “heç nə” dedikdə heç bir materiyaya sahib olmayan, tamamilə boş bir fəzanı nəzərdə tutarsa bu nadir hallarda mübahisəyə səbəb olardı. Lakin son əsrdə təbiətin işləmə qanunlarını öyrəndikcə əldə etdiyimiz nəticələr bizə onu göstərdi ki, boş fəza sükunətdə olan pozulmamış heç nədən çox fərqlidir. İndi, dindar tənqidçilər tərəfindən mənə deyilir ki, mən fəzaya “heç nə” deyə bilmərəm, daha yaxşı olar “kvant vakumu” deyim, beləcə filosofların və ya teoloqların ideyallaşdırdığı “heç nə”dən fərqli olsun.

Yaxşı, olsun. “Heç nə”ni fəza və zamanın yoxluğu kimi təsvir etmək istəsək bəs necə? Bu bəs edər? Yenə də, mənə elə gəlir ki, edərdi… bir zamanlar. Amma, qarşıda göstərəcəyim kimi, fəza və zamanın da spontan olaraq ortaya çıxa bildiyini bilirik. Buna görə də, indi də deyirlər ki, bu “heç nə”, müzakirə mövzusu olan heç nə ilə eyni deyil. Həqiqi “heç nə”dən qaçışın ilahi qüvvə tələb etdiyi deyib, beləliklə “heç nə”ni “ondan sadəcə Tanrının nəsə yarada biləcəyi” bir şey kimi tərif edirlər.

Bu mövzuda debat etdiyim bir çoxlarına görə, əgər ortada nəsə yaratmağa “potensial” varsa, bu həqiqi yoxluq halı deyil. Əlbəttə ki, bizə belə bir “potensial” verən təbiət qanunlarının olması bizi heç nəliyin həqiqi dünyasından uzaqlaşdırır. Əgər qabaqda edəcəyim kimi, qanunların da spontan olaraq ortaya çıxdığını iddia etsəm belə, bu da kifayət eləmir, çünki qanunları ortaya çıxaran sistemin özü də həqiqi yoxluq deyil.

Dibinə qədər tısbağalar? Məncə yox. Ancaq tısbağalar cazibədar görünür, çünki elm müzakirə sahəsini elə dəyişir ki, bu insanları rahatlıqlarını pozur. Əlbəttə, bu elmin (Sokrat zamanında buna “təbiət fəlsəfəsi” deyirdilər) məqsədlərindən biridir. Rahatlığın olmaması o deməkdir ki, biz artıq yeni baxış bucaqlarının astanasındayıq. Əminliklə, çətin “necə” suallarından yayınmaq üçün “Tanrı”ya sığınmaq sadəcə olaraq intellektual tənbəllikdir. Hər şey bir kənara, əgər ortada yaradılış üçün potensial yoxdursa, onda Tanrı heç nə yarada bilməzdi. Tanrının təbiətdən kənar olduğu üçün, beləcə varlıq yaradan potensialın kainatı yaradan heç nəyə aid olmadığını deyərək sonsuz reqressiya probleminin ortadan qalxdığını demək isə sadəcə söz oyunu olardı.

Mənim burda əsl məqsədim, elmin heç nəliyin təbiəti haqqındakı bu mücərrəd və lazımsız debatları, kainatımızın necə yarana biləcəyini təsvir edə bilən lazımlı və işlək çalışmalarla əvəz edərək, müzakirə sahələrini necə dəyişdirdiyini göstərməkdir. Bundan əlavə, bu ideyaların bizə indi və gələcək üçün verdiyi mənaları da izah edəcəm.

Bu çox önəmli bir faktı əks edir. Söhbət bizim kainatın necə təkamül etdiyini başa düşməkdən gedəndə, din və teologiya ən yaxşı halda mövzudan kənar qalıblar. Onlar “suyu” tez-tez çirkləndirir, məsələn, heç nəlik haqqında suallara fokuslanır, amma heç nəliyin empirik dəlillərə əsaslanan tərifini vermirlər. Hələ ki, kainatın mənşəyini tam anlamasaq da, bu sahədə nəyinsə dəyişəcəyini güman etmək üçün bir səbəb yoxdur. Eyni şəkildə, dinin indi özünkü hesab elədiyi başqa sahələr, məsələn, insan mənəviyyatı mövzusu üçün də eyni şey keçərlidir.

Elmi dəyərlər bu üç əsas prinsip üzərində qurulduğuna görə elm təbiət anlayışımızı genişləndirməkdə çox effektiv olub: (1) dəlil sən hara aparırsa onu izlə; (2) əgər kiminsə nəzəriyyəsi varsa, bunun doğruluğunu isbat etməyə çalışan, eyni güclə yanlış ola biləcəyini də isbat etməyə çalışmalıdır; (3) həqiqətin sonuncu mühakimi, kimlərinsə təməl inanclarından qaynaqlanan rahatlıq, yaxud nəzəri modellərin gözəlliyi və ya eleqantlığı yox, təcrübədir.

Mənim burda təsvir edəcəyim təcrübələrin nəticələri təkcə tam vaxtında olmaqla bərabər, həm də gözlənilməzdir. Kainatımızın təkamülünü təsvir edərkən elmin hördüyü qobelen, insanların uydurmuş olduqları açıqlayıcı şəkillər və ya xəyali hekayələrdən çox daha zəngin və cazibədardır. Təbiət bizə insan düşüncəsinin əmələ gətirəcəklərindən qat-qat üstün sürprizlər göstərir.

Son iyirmi il ərzində, kosmologiya, zərrəcik nəzəriyyəsi və qravitasiya sahələrində olan inkişaf kainata olan baxış bucağımızı dəyişmiş və onun mənşəyi və gələcəyi haqqında fikirlərimizə də əhəmiyyətli dərəcədə təsir etmişdir. Buna görə də–zarafata görə üzr istəyirəm amma–haqqında yazacaq bundan daha maraqlı heç nə ola bilməzdi.

Bu kitabı yazmaq üçün əsas ilham mənbəyi mifləri dağıtmaq və ya inanclara hücum etmək həvəsim yox, bilgini və başdan ayağa sürprizlərlə dolu, valehedici kainatı bayram etmək istəyimdir.

Araşdırmamız bizi qasırğalar üzərində genişlənən kainatımızın ən ucqar sərhədlərinə, Böyük Partlayışın ən erkən anlarından uzaq gələcəyə aparacaq və keçən əsrin fizikasının bəlkə də ən maraqlı kəşfini göstərəcək.

Əslində bu kitabı yazmaqda əsas motivasiyam otuz illik araşdırmalarımın böyük hissəsini aparan, kainatdakı enerjinin böyük hissəsinin mistik, hələlik açıqlaya bilmədiyimiz bir formada bütün boşluğu əhatə etdiyini göstərən önəmli bir kəşfdir. Bu kəşfin müasir kosmologiyanın maraq dairəsini dəyişdiyini demək heç də şişirtmə deyil.

Hər şeydən əvvəl, bu kəşf, kainatın elə məhz heç nədən yarandığı fikri üçün çox önəmli bir dayaq oldu. Bu, bizi həm də kainatın təkamülünü idarə edən proseslər haqqında fərziyyələr və ən əsası, fizika qanunlarının həqiqətən də fundamental olub-olmadığı barədə düşünməyə vadar edir. Bunların hər biri öz növbəsində nəyə görə heç nədənsə nəsə var sualını daha az önəmli edir.

Bu kitabın kökü 2009-cu il oktyabrında Los Angelesdə eyni ad altında verdiyim mühazirəyə dayanır. Həmin mühazirənin videosunun Richard Downkins Fondu tərəfindən YouTube-a yerləşdirildikdən sonra sensasiyaya səbəb olması mənim üçün sürpriz oldu. Hal-hazırda videoyaya milyonlarla baxış var və bir çox hissəsi həm ateist, həm də teistlər tərəfindən debatlarda istifadə olunur.

Həm mövzuya olan təmiz marağa görə, həm də mühazirədən sonra internet və başqa medialarda bəzi çaşdırıcı rəylərə görə, düşündüm ki, orada təqdim etdiyim ideyaları daha dəqiq ifadə etmək üçün kitabı yazmağa dəyər. Burada həm də o zaman irəli sürdüyüm arqumentlərimə əlavələr etmə şansım olacaq. Bunların demək olar ki, hamısı müasir kosmologiyada olan bizim kainat anlayışımızı dəyişən inqilablara əsaslanır və fəzanın enerji və həndəsəsinin kəşfi ilə əlaqəlidir–kitabın üçdə ikisi boyunca bu haqda danışacağam.

Keçən müddət ərzində, arqumentlərimə dəstək verən əvvəlki fikirlərim və ideyalarım barədə çox fikirləşmişəm; mənə bu mözuda yoluxucu dərəcədə böyük həvəslə cavab verənlərlə müzakirə etmişəm; və zərrəciklər fizikasında, xüsusilə, kainatın təbiəti və başlağıcı ilə əlaqədar yenilikləri daha dərindən izləmişəm. Fikirlərimə kəskin etiraz edənlərlə də mövzunu müzakirə etmişəm ki, bu da arqumentlərimi daha da inkişaf etdirməyə kömək edib.

Burda təqdim etdiyim ideyaları anlatmağa çalışarkən, bəzi fizik həmkarlarımla müzakirələrimdən də çox şey qazanmışam. Xüsusi ilə, Alan Guth və Franck Wilzeckə mənimlə uzun müzakirələrə vaxt ayırdıqları, beynimdəki bəzi çaşqınlıqları həll etməkdə yardım etdikləri və bəzi nöqtələrdə şərhlərimi gücləndirməyə kömək etdikləri üçün təşəkkür etmək istəyirəm.

Free Press, Simon & Schusterdən Leslie Meredith və Dominick Anfusonun maraqlarını öyrəndikdən sonra, bu mövzuda kitabın mümkünlüyü barədə danışmaq üçün dostum Christopher Hitchens ilə əlaqə saxladım. O, tanıdığım ən mədəniyyətli və parlaq insan olmaqdan əlavə, elm və din mövzulardakı debatlar seriyasında mənim mühazirədəki arqumentlərimdən istifadə edə bilib. Xəstə səhhətinə baxmayaraq Christopher, mehriban və alicənab şəkildə kitab üçün ön söz yazmağa razılıq verdi. Bu dostluq və inamına görə ona əbədi minnətdaram. Çox təəssüf ki, xəstəliyi ağırlaşaraq ön sözü bitirməsinə imkan vermədi. Bununla belə, çox məşğul olmasına baxmayaraq, mənim parlaq və gözəl dostum, tanınmış elm adamı və yazar Richar Dawkins son söz yazmağa razı oldu. İlk qaralamam hazır olduqdan dərhal sonra, Dawkins qısa zamanda gözəlliyi və səlisliyi ilə heyrətamiz bir şey ortaya çıxardı. Hələ də məəttəl qalmışam. Christopher, Richard və yuxarıda adını çəkdiyim bütün insanlara verdikləri həvəsə və dəstəyə görə, məni yenidən kompüter başına qayıtmağa və yazmağa motivasiya etdikləri üçün təşəkkür edirəm.

Mənbələr

Krauss, L. M. (2012). A universe from nothing: Why there is something rather than nothing. New York: Free Press.

| Tərcümə: Balaqardaş Bəşirov |

Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top