Universal Qrammatika

Dillərin mənimsənilmə və öyrənilmə məsələsi, xüsusi ilə də bu prosesin anadangəlmə faktorlara əsaslanması, yoxsa ətraf mühitin təsiri ilə baş verməsi hər zaman dilçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Bu kimi sualların cavabını özündə birləşdirən nəzəriyyələrdən biri də Chomsky-nin irəli sürdüyü Universal Qramatika nəzəriyyəsidir. Bu yazımızda Universal Qramatikaya səthi bir baxış edəcəyik, onun əsasını təşkil edən fikirlərdən bəzilərinin ilham mənbəyini, arqumentlərini və bu arqumentləri isbat etməyə əsas sayıla biləcək misalları sizlərin diqqətinə çatdıracağıq.


Hörmətli oxucu, vədə tamam oldu və biz yenə də sizin görüşünüzə gəldik. Nəzərə alsaq ki jurnalımızın əvvəlki saylarında dilçilik elminin sütunları sayıla biləcək bəzi mövzularda sizlərlə fikir mübadiləsi aparmışıq, onda görərik ki, artıq Universal Qrammatikadan (bundan sonra UQ) danışmağın vaxtıdır. Onu da deyim ki sizlərdən hər hansısa bir mənfi rəyin gəlməməsini yazılan mövzularda bizimlə həm fikir olmanıza yozub, ruhdan düşmədən yolumuza davam edirik. Bu yazımızda UQ nədir, dilçilik elmində hansı əhəmiyyətə malikdir kimi suallara cavab tapmağa çalışacağıq. Əvvəlcədən qeyd etmək istərdim ki UQ dedikdə alışdığımız ənənəvi qrammatika nəzərdə tutulmur. UQ nəzəriyyəsi ilk dəfə Chomsky tərəfindən irəli sürülmüşdür (1). XX əsrin ortalarından başlayaraq demək olar ki bir çox dilçilər UQ nəzəriyyəsi ilə razılaşıb razılaşmadıqlarına görə iki cəbhəyə ayrılmağa başladılar. Hər kəs bu nəzəriyyə haqqında bir fikir deməyi sanki özünə borc bilirdi. Onu da vurğulamaqda fayda var ki, UQ dilçiliklə yanaşı psixologiya elminində diqqət mərkəzində olub.

Dilçilik elmində ən çox müzakirələrə və debatlara səbəb olan məsələlərdən biri də dilin öyrənilməsinin anadangəlmə (ing. innate) olub olmaması idi. Fitriyyətçilər iddia edirlər ki. insan doğularkən linqvistik bilgilərlə dünyaya təşrif buyurur, əksinə, empirikçilər isə inanırlar və isbat etməyə çalışırlar ki, insan dili linqvistik təcrübə əsasında mənimsəyir. 40-cı illərdən başlayaraq davranışçılıq nəzəriyyəsi dilin öyrənilməsi və mənimsənilməsinin izahında dominantlıq etməyə başladı. Bu nəzəriyyənin tərəfdarlarına əsasən, dilin mənimsənilməsi stimullar və onlara verilən cavablardan ibarət bir proses idi. Ancaq bəzi hallarda dili yeni öyrənməyə başlamış uşaqların heç bir linqvistik modelin təsirinə məruz qalmadan dilin bəzi sahələri barədə bilgiyə sahib olduqları müşahidə edilirdi, yəni, onların cavabları heç bir stimula əsaslanmırdı (2). Əslində bu, Chomsky-nin dilin anadangəlmə xüsusiyyətlər daşıması mülahizələrinə bir işıq oldu. Sonradan o bütün bunları UQ nəzəriyyəsi başlığı altında topladı. Chomsky UQ-nin insanların dil öyrənməsi üçün xüsusi bir mexanizm olduğuna inanır. İlk əvvəl onu qeyd etməkdə fayda var ki, UQ-in sirri dilin inkişaf yolunun aydınlatılmasına tutduğu işıqda gizlidir. Ümumiyyətlə, bir insanın anadan olduqdan sonra kritik dövrün (KD) bitməsinə qədər hər hansı bir dili və ya dilləri mənimsəmə və KD-dən sonra başqa dilləri öyrənmə prosesi, ki bunlar müvafiq olaraq dilçilikdə birinci dilin mənimsənilməsi (BDM) (ing. FLA) və ikinci dilin mənimsənilməsi (İDM) (ing. SLA) adlandırılır, UQ-nin mövcudluğuna dəlil ola biləcək hadisələrlə zəngindir. Gəlin UQ məfhumunu biraz daha açmağa calışaq. Necə ki, insanın görmə qabiliyyətinin ətraf mühitin təsiri ilə inkişafından danışmaq mümkün olsa da, görmənin tamamən ətraf mühitin təsirindən öyrəniləmisini iddia etmək absurd səslənir, eləcə də UQ tərəfdarları iddia edirlər ki, dilin inkişafında ətraf mühitin təsiri danılmaz olsada (bu barədə əvvəlki yazılarımızda danışmışdıq) Genie hadisəsindən də xatırladığımız kimi, insanlar dünyaya dili öyrənməyə hazır bir mexanizm ilə gəlirlər. Roman Jacobsonun bir araşdırmasını sizlərin diqqətinə çatdırmaq istəyirəm. Məlum olduğu kimi, BDM-də və bir insanın ana dilində danışan adam kimi səciyyələndirilməsində hətta İDM-də də fonologiyanın əhəmiyyəti danılmazdır. Aksentin kökündə də fonologiya durur. Yəni, səslərin çıxarıla bilməsi insandan insana və dildən dilə dəyişir. Məsələn ərəb dilinə məxsus bəzi səslər bizim fonetik inventarımızda yoxdur və ya ingilis dilinə məxsus bəzi səslər rus dilinin fonetik inventarında öz əksini tapmır və bu fərqliliklər aksentləri meydana çıxararaq bir insanın ana dilində danışan adam olub olmamasında böyük rol oynayır. Jacobson isə çox maraqlı bir faktı bizlərin diqqətinə çatdırır. Onun apardığı müşahidələr yeni doğulan körpələrin ilk vaxtlarda bir çox səsləri tələffüz edə bilirmələrini iddia etməyə imkan verir. Müəyyən vaxt keçdikdən sonra onlar sanki bu qabiliyyətlərini unudur və öz əhatələrində olan, təmasda olduqları dillərin səslərini tələffüz etməyi öyrənməyə başlayırlar. Gəlin məsələni biraz daha genişlədək. Dilçilik elmində əvvəllər belə bir fərziyyə var idi; ilkin dövrlərdə yəni körpəliyin ilkin dövrlərində, (ing. babbling state) uşaqlar sait və samit səslərin ortasında bir səs çıxardırlar (3). Jacobson isə bunun əksini iddia edirdi. Müşahidə çərçivəsində müxtəlif dilli ailələrdə dünyaya gələn körpələrinin səsləri qeyd edildi və bir çox fonetiklər tərəfindən fərqli vaxtlarda transkripsiya edilərək müqayisə aparıldı. Jacobson belə nəticəyə gəlmişdi ki, uşaqlar körpəliyin ilkin vaxtlarında tələffüzü çətin hesab edilə bilən səslər daxil bir çox səsləri tələffüz edə bilirlər. Sonra isə, dilçilikdə ilkin sözlərin tələffüzü (ing. few words stage) mərhələsi kimi bilinən mərhələyə çatana qədər bunların hamısını unudurlar və təmasda olduqları (və ya olacaqları) dillərin səslərini mənimsəməyə başlayırlar. Amma bu zaman artıq səslərin mənimsənilməsində, tələffüzündə bir sıra məhdudiyyətlər müşahidə edilir. Körpəliyin ilkin dövründə olduğunun əksinə, yəni bir çox səsləri eyni anda tələffüz edə bilmə qabiliyyətinin əksinə olaraq, səslər müəyyən bir sıraya görə mənimsənilməyə başlayır və ən maraqlısı isə odur ki, bəzi səslər körpəlik dövründə tələffüz edilmiş olmasına baxmayaraq, heç vaxt öyrənilə bilmir (4).

Chomsky-nin UQ nəzəriyyəsini ümumiləşdirməyə çalışsaq, UQ bütün dillərə məxsus və müəyyən ölçüdə anadangəlmə olan kateqoriyalar, mexanizmlər və məhdudiyyətlər sistemidir kimi bir tərif verə bilərik (5). UQ-nin ən əsas kriteriyalarından biri dilin universallığıdır. Yəni bütün dillər nə qədər fərqli dil ailələrinə mənsub olmalarına baxmayaraq, universal xarakterlər və məhdudiyyətlər daşıyır. Chomsky bir məqaləsində istehza ilə deyir ki, əgər Marsdan bir dilçi gəlsə və yer üzündəki dilləri araşdırsa, belə bir nəticəyə gələr ki, yer üzündə sadəcə bir dil var qalanlar isə dialektlərdir (6). Gəlin, bu universallardan bəzilərinə diqqət edək. Düzdür, sadalayacağımız faktorlar bütün dillərdə eyni şəkildə təzahür edə bilməz, amma istisnalar qaydanı pozmaz məntiqi ilə yanaşsaq, sadalanan faktorları universallar kimi qəbul etmək daha asan olacaq. Məsələn, hər hansısa bir dildə /p/ səsi varsa, o dildə /k/ səsi də var və /k/ səsi varsa, o zaman /t/ səsi də var. Dünyada geniş istifadə edilən bir çox dillərdə bu hadisəyə rast gəlinir. Başqa bir misala nəzər salaq. Əgər hər hansısa bir dildə burun samiti varsa, həmin dildə o burun samiti ilə eyni əmələ gəlmə yerini paylaşan partlayışlı və ya kipləşən (ing. stops) samit var. Yəni əgər bir dildə /m/ səsi varsa, o dildə /p/ və /b/ samitləri var. Eyni şəkildə, əgər bir dildə /n/ səsi varsa, o dildə /t/ və /d/ samitləri də var. Başqa maraqli bir universal odur ki, bütün dillərdə samit səslər sait səslərdən çoxdur. Məsələn ubıx dilində 84 samit və sadəcə 2 sait səs var. Rotokas dili isə 6 samit 5 sait səsə malikdir. Ən çox səsə malik olan dillərdən tutmuş ən az səsə sahib olanlara qədər hamısında samit səslərin sayı sait səslərə üstünlük təşkil edir. Bir çox dillərə xas olan universallardan biri də burun samitlərinin (/m/, /ɱ/, /n/, /ɳ/, /ɲ/, /ŋ/, /ɴ/) frikativlərin (və sürtünən samitlərin) (/ɸ/, /β/, /f/, /v/, /θ/, /ð/, /s/, /z/, /ʃ/, /ʒ/, /ʂ/, /ʐ/, /ç/, /ʝ/, /x/, /ɣ/, /χ/, /ʁ/, /ħ/, /ʕ/, /h/, /ɦ/) önündə yer almamasıdır (7). Heç bir dil sözün əvvəlində 4 samitin yanyana işlənməsinə icazə vermir; heç bir dildə hecanın nüvəsində 3 sait yanyana işlədilmir; heç bir dil hecanın sonunda 4 samitə icazə vermir (8). Yuxarıda sadalanan faktorları nəzərə alaraq Chomsky dillərin müxtəlifliklərinə baxmayaraq onların, mahiyyət etibarı ilə, eyni olduğunu iddia edir. UQ-ni dəstəkləmək üçün irəli sürülən fikirlərdən biri də eynilikdir (ing. uniformity). Gəlin sizinlə bir yerdə qısa şəkildə uşaqların BDM prosesinə diqqət edək. Hər hansısa bir dildə bir çox uşaqların ilkin tutarlı sözləri istifadə etməsi 9 – 15 aylar arasına təvafüq edir. Maraqlısı odur ki, bundan sonrakı 6 ay ərzində bir çox uşaqda sözləri mənimsəmə prosesi eyni şəkildə yavaş gedir və öyrənilən sözlərin sayı hardasa 50 söz ətrafında dəyişir. Bundan sonra isə, bir çox uşaqda sözləri mənimsəmə prosesi diqqətəlayiq sürətlə inkişaf etməyə başlayır. Morfoloji birləşmələrin, mürəkkəb sözlərin çoxluq təşkil etdiyi dillərdə isə bir çox uşaq, sanki proqramlaşdırılmış şəkildə, eyni zaman dilimi içərisində (18 -24 aylarında) mürəkkəb sözlərin tələffüzlərini mənimsəməyə başlayırlar. Bir necə ay içərisində isə 2 sözdən artıq cümlələrin işlədilməsi özünü biruzə verir. Düzdür, məsələn, ingilis dili kimi dillərdə bir neçə ay sözlərin sonluqları və köməkçi fellər işlədilmir, amma sonra onların da mənimsənilməsi prosesi başlayır. Nəhayət, 3-4 yaşlarında artıq uşaqların nitqi, belə demək olarsa, tamamilə qrammatik olur. Bu proses hər hanısa dildə bəlkə bir az gec və ya tez baş versə də, həmin dilin daşıyıcıları arasında bir eynilik müşahidə edilir (9). Buna bənzər araşdırmalar Chomsky-yə dilin mənimsənilməsində anadangəlmə ünsürlərin olmasını iddia etməyə imkan verir. Uşaqların dilin mənimsəmə prosesi ilə böyüklərin dili öyrənmə prosesini müqayisə etsək görərik ki, əlbəttə ki KD nəzəriyyəsini də diqqətə alaraq, uşaqlar, yuxarıda da qeyd edildiyi kimi, 3-4 yaşlarına qədər bir dili mənimsəməyə müvəffəq olurlar. Ancaq böyüklər dilli müəyyən səviyyədə öyrənə bilirlər, ana dili kimi mənimsəyə bilmirlər.

UQ nəzəriyyəsini gözdən keçirərkən bunu da nəzərə almaq lazımdır ki, sadaladığımız bu universalların bütün dillərdə olmaması bu nəzəriyyənin əhəmiyyətini azaltmır. Bəzi dillərdə universalların özünü başqa şəkildə biruzə verməsi və ya sadəcə o dilə şamil olunmaması mümkündür. Yəni, hər hansısa bir dil UQ qaydalarını pozur demək düzgün olmaya bilər.

Bütün bu sadalanan fikirləri çəmləşdirsək deyə bilərik ki, Chomsky-nin irəli sürdüyü nəzəriyyəyə əsasən, uşaqlar anadan olarkən dili öyrənməyə hazır bir təchizatda olurlar. Yuxarıda nəzər salmağa çalışdığız məsələlər UQ-nin bir çox aspektlərindən sadəcə bir neçəsi idi. UQ nəzəriyyəsi özü də illər keçdikcə təkamül prosesindən keçmişdir. Chomsky öz nəzəriyyəsini inkişaf etdirmiş və bu inkişafı bir neçə mərhələlərə bölmüşdür. Düzdür onun bu fikirlərinin əksinə bir çox təkziblər irəli sürülüb. Ümid edirik ki, gələcək yazılarımızda həm Chomsky-nin UQ nəzəriyyəsinə əks olan nəzəriyyələrlə yaxından tanış olmaq imkanımız olacaq həm də UQ-nın inkişaf mərhələlərinə daha dərin bir nəzər salaçağıq.

Mənbələr

  1. Chomsky, N. (1964). Current Issues in Linguistic Theory. The Hague: Mouton.
  2. Carroll. (2005). Psychology of Language. Foreign Language Teaching and Research Press, 70-76.
  3. Gregoire. (1937). L’Apprentissge du langage. Paris: Droz.
  4. Jacobson. (1971). Studies on Child Language and Aphasia. The Hague: Mouton.
  5. Chomsky, N. (2007). “Approaching UG from below,” in Interfaces + Recursion = Language?: Chomsky’s Minimalism and the View from Syntax-Semantics. Mouton de Gruyte, 1 – 29.
  6. Chomsky. (2004). he Generative Enterprise Revisited: Discussions with Riny Huybregts, Henk van Riemsdijk, Naoki Fukui and Mihoko Zushi. Language and Mind, 20 – 30.
  7. Davenport, M., & Hannahs. (2010). Introducing Phonetics and Phonology. (t. edition, Ed.) London: Hodder Education.
  8. Reetz, H., & Jongman, A. (2011). Phonetics. Oxford: Wiley-Blackwell.
  9. Stromswold, K. (2001). The heritability of language: a review and meta- analysis of twin, adoption and linkage studies. Language (77), 647–723.
  10. Həbibbəyli, İ. (2015). Terminalogiya Məsələləri. Elm, 206.
Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top