Hər hansı bi ölkədə elm təhsilinin və buna bağlı olaraq baş verən iqtisadi inkişafın elmi tədqiqatdan asılı olduğu və bunun nəyə görə keçərli olduğunu daha əvvəl müzakirə etmişik. Qısaca desək, elmi tədqiqat üçün münbit şərait olmayan yerdə alimlər olmur, alimlərin olmadığı yerdə elm təhsili olmur (olursa belə quru, reallıqdan uzaq nəzəri əzbərçiliklə məhdudlaşır), elm təhsili olmayan yerdə isə dayanıqlı iqtisadi inkişaf. Elmə və təhsilə ayrılan investisiyanın uzun vadədə ölkənin iqtisadi vəziyyətini təyin edən ən vacib faktorlardan biri olduğu bilinir. ÜDM-nin hələ də gülünc hissəsinin, 0.2%-inin, elmə düşdüyü və bu göstərici üzrə dünya ortalamasından bir neçə qat (faiz yox, qat) aşağıda yer alan Azərbaycanı yaxın gələcəkdə, istiqamət dəyişdirməzsə, nə gözlədiyini təxmin etmək o qədər də çətin deyil. Lakin bu bloq yazısı bu haqda deyil, bizim kimi ölkələrdə (yəni, hakimiyyətləri perspektivsizlikdən əziyyət çəkən ölkələrdə, ki, biz bunun yeganə misalı deyilik) belə vəziyyətdə nələrin edilə biləcəyi ilə bağlıdır. Daha dəqiq desək, mövcud olmayan elmi tədqiqatın yerini təhsildə doldurmaq üçün nələr etmək olar? Hansı yolla elm təhsilini hazırkı əzbərçi qəlibdən çıxarıb, onun praktiki tərəfinə ağırlıq vermək olar? Və daha da önəmlisi, bunu ucuz yollarla necə etmək olar?
Laboratoriya alətlərinin yerli istehsalı
İqtisadi cəhətdən zəif, müstəmləkə altında olan ölkələrdə və ya idari cəhətdən perspektivsiz hökümətlərin hakimiyyətdə olduğu yerlərdə praktiki təhsilin qarşısında duran ən böyük əngəllərdən biri laboratoriya infrastrukturunun baha olmasıdır. Mikroskopdan tutmuş adi təcrübə şüşəsinə qədər hər şey ciddi maddi güc tələb edir ki, bu da sözügedən ölkələrdə təhsil müəsisələrinə ayrılmır. Belə vəziyyətdə açıq mənbə (open source) , daha dəqiq desək, açıq mənbəli avadanlıq (open source hardware) icmasının işləri məktəblərdə laboratoriya quruculuğuna kömək edə bilər. 3D printer və elektronik parçaların qiymətləri azaldıqca standart laboratoriya alətlərinin yerli istehsalı daha da real hala gəlməyə başlayır. Azad Açıq Laboratoriya səhifəmizdə təhsil laboratoriyası şəraitində istifadə oluna biləcək və hazırlanma metodları ictimaiyyətə açıq olan işlərin bir hissəsini toplamağa çalışırıq, lakin bizim topladıqlarımız aysberqin ucudur. Geniş beynəlxalq icma olan açıq avadanlıq icmasının yaratdığı bilik toplusunun həqiqi potensialını yoxlamaq üçün laboratoriya quruculuğu üçün lazımi avadanlıqları istehsal edən emalatxanalar yaranmalıdır. ES-in uzunmüddətli planlarından biri gələcəkdə belə bir emalatxana açmaqdır. Lakin son zamanlar ölkənin bəzi məktəblərinə 3D printerlərin alınması bunu Azərbaycanda bəzi yerlərdə artıq əlçatan reallıq edir.
Klassik təcrübələrin təhsil kontekstində təkrarlanması
Əlbəttə ki, elm təhsilində praktika problemi laboratoriya qurmaqla bitmir, laboratoriya ilə nə edildiyi ən az onun içindəki avadanlıqlar qədər vacibdir. Mənə görə elm təhsili mahiyyətcə elmi prosesə hazırlıq yox, onun bir hissəsi olmalıdır. Belədə, təhsil laboratoriyaları reallıqdan uzaq, əyləncəli fəaliyyətlər yox, təhsil kontekstində həyata keçirilə biləcək qədər sadə amma eyni zamanda real elmi təcrübələrin aparıldığı yer olmalıdır. Eyni şeyi müasir elmi təcrübələrlə bağlı demək mümkün olmasa da, bir çox sahədə klassik (əsasən XIX əsrdə və XX əsrin əvvəllərində aparılmış) təcrübələrin çoxunu hal-hazırda mürəkkəb bahalı avadanlıqlar olmadan təkrarlamaq mümkündür. Təcrübələrin təkrarlanması elmi prosesin vacib bir hissəsidir: başqa yerdə, başqa zamanda təkrarlana bilinməyən təcrübələrdən alınan nəticələr, ən azından təbiət elmlərində, keçərli sayılmır. Beləliklə, təhsil kontekstində klassik təcrübələri təkrarlamaqla tələbələr praktiki təcrübə əldə etməkdən əlavə, elmi icma üçün mühüm töhfə vermiş olurlar. Laboratoriyalar fərqli eksperimentlər üçün avadanlıq istehsal etdikcə, bu eksperimentləri həyata keçirdikcə, zamanla daha da çox fərqli təcrübələr aparmaq üçün maddi infrastruktur toplamış olacaqlar.
Maraqlısı budur ki, əslində sözünü etdiyimiz bu ideyaları həyata keçirmək üçün bəzi işlər görülüb. Məsələn, yuxarıda da qeyd etdiyimiz kimi bəzi məktəblərə 3D printerlər alınıb və bəzi mövcud praktika dərsliklərində klassik təcrübələrin təsvirləri yer alır. Edilməli olan şey, bu iki məsələni məqsədyönlü bir şəkildə bir araya gətirib sınaqdan keçirməkdir. Bir daha qeyd etməkdə fayda duyuruq ki, elm təhsili quru dərsliklərlə, praktikasız və ya ən yaxşı halda əyləncəli fəaliyyətlərlə baş verə biləcək bir şey deyil, digər şeylərdə olduğu kimi elmin müxtəlif sahələrini də öyrənməyin ən yaxşı yolu praktika və reallığa mümkün qədər yaxın praktikadır. Praktika komponentinin olmadığı təhsil, ən yaxşı halda yarımçıqdır, ən pis halda vaxt itkisidir.