Təbii Seçmə Yolu ilə Təkamül Haqqında

| Nəriman Məmmədli |


Təbii seçmə hər hansı bir mühitə daha yaxşı uyğunlaşmış canlıların, nisbətən zəif uyğunlaşmış canlılarla müqayisədə, daha uzun müddət sağ qalma və nəsil artıra bilməsinə deyilir. Charles Darwin tərəfindən irəli sürülən təkamül nəzəriyyəsində, təbii seçmə orqanizmin  hansı yöndə təkamül edəcəyini müəyyən edən əsas faktor sayılır. Təbii seçmə mexanizmi haqqında mövcud olan yanlış anlaşılmalardan biri isə bu prosesdə yalnız ətraf mühitin başlıca rol oynadığıdır. Bu düşüncədə yanlışlığa səbəb olan əsas məqam isə orqanizmin təbiət və digər canlılarla təbii qarşılıqlı əlaqəsinin nəzərə alınmamasıdır. Qeyd etmək lazımdır ki, eyni ekoloji şərtlər altında yaşayan iki fərqli canlı orqanizm, ətraf mühit və digər ogranizmlər ilə bir-birindən tamamilə fərqli şəkildə əlaqədə ola bilər. Orqanizmin “seçdiyi” spesifik davranışlar ona yönələcək təbii seçmə prosesinin istiqamətini müəyyən edir. Əgər razılaşsaq ki, daha mürəkkəb struktura malik orqanizmlərin davranış repertuarları daha zəngin olur və bu tip organizmlər ətraf mühitə nəzərən daha müstəqil hərəkət edirlər, o zaman belə nəticəyə gəlmək olar ki, bu tip canlılarda davranış, başqa sözlə desək ətraf mühitlə əlaqə, təbii seçmənin istiqamətinə daha çox təsir göstərir. Hətta bəzi canlıların sağ qalması və çoxalması sırf onların davranışlarından asılıdır.

Orqanizm tərəfindən “seçilmiş” ilkin davranışlar yalnız həmin fərdlərə deyil, ondan sonra gələcək nəsillərə də çox böyük təsir göstərə bilər. Bildiyimiz kimi, təkamüldə ən mühüm dönüş nöqtələri, növlərin yeni ekoloji əraziləri işğal etmə prosesi ilə üst-üstə düşür. Quruda yaşayan ilk onurğalıların peyda olması, onların özlərindən sonra gələn sürünənlərə, quşlara və məməlilərin inkişafına təkan verməsi də, məhz primitiv balığın quruya çıxmaq cəhdinin nəticəsidir. Əlbəttə, aydındır ki, bu ilk “Magellan” balığı quruda yalnız çox sadə, kiçik və qısa müddətli addımlar ata bilərdi. Lakin sözü gedən balığın davranışındakı bu kiçik dəyişiklik ona təsir edən təbii seçməni artıq başqa istiqamətə yönəltdi. Nəticədə, bu balıqdan milyon illər sonra gələn canlıların bəziləri quruda çox böyük sürətlə qaçan, iti cəldliklə agaclara dırmaşan və hətta uçaraq səmaları zəbt edən, bir növ primitiv “Magellan” balığının natamam qalmış “arzularını” həyata keçirən heyvanlardır.

Hətta bəzi qrupların təkamülündə milyon illər sürən müəyyən tendensiyanı – orqanların istiqamətli inkişafını da müşahidə etmək mümkündür. Bu fakt onu göstərir ki, ilkin davranış tiplərindən və hərəkət seçimindən asılı olaraq (məsələn, yırtıcı heyvanın hücümu zamanı), növ müəyyən istiqamətdə, həmin davranışı dəstəkləyən strukturların və performansların davamlı inkişafına məruz qalır. Məsələn, at növünün əcdadları açıq düzənliklərdə yaşamağı, düşmənin hücumu zamanı döyüşməyi və ya gizlənməyi deyil, məhz qaçmağı üstün tutublar— “seçiblər”. Nəticədə bu gün, həmin təkamül budağından törəyən, inanılmaz sürətli qaçışı bacaran (bəzi növlər hətta caynaqları üzərində gəzməyi bacarır) hevyanlara rast gəlinir. Bu performans məhz sözü gedən istiqamətli inkişafın bəhrəsidir. Yalnız yuxarıda qeyd etdiyimiz faktlar nəzərə alınacağı təqdirdə insan təkamülünü daha dəqiq analiz etmək mümkündür.

İnsan təkamülünü fərqləndirən ən önəmli nüans isə simvolik dilin yaranması və inkişafıdır. Məhz dilin inkişafı az sonra haqqında daha ətraflı danışacağımız mədəni təkamülün (ideya, bilik və mədəniyyətlərin təkamülü) başlanğıcını qoymuşdur. Bu, yer kürəsində ilk həyatın yaranmasından günümüzə qədər baş vermiş ən nadir hadisədir. Müasir linqvistika alimləri hesab edirlər ki, insanların istifadə etdikləri simvolik dillər, heyvanların istifadə etdikləri müxtəlif növ kommunikasiya mexanizmlərindən önəmli dərəcədə fərqlənir. Lakin bu o demək deyil ki, bizim istifadə etidiyimiz simvolik dil, meymunların bir-biriləri ilə ünsiyyətə girdikləri müxtəlif növ çağırış və ya xəbərdarlıq ifadə edən səslər ilə əlaqəsizdir.

Heyvanlar arasında inkişaf etmiş beyinə malik olan növlər kifayət qədərdir və  bunların arasında təkamül ağacında insandan kifayət qədər uzaqda olanları belə var (bəzi balıq və quş növləri). Bu heyvanların beyinləri də informasiyanı qəbul etmək, saxlamaq və müəyyən əlaqələndirmələr aparmaq qabiliyyətinə malikdir. İnsanlardan fərqli olan əsas məqam isə odur ki, emal olunmuş, digər fərdlərə ötürülən yekun informasiyanın subyektiv xarakteri insanlardakına nisbətən daha zəifdir. Əgər nəzərə alsaq ki, hər bir fərdin eyni obyektiv mənbədən gələn informasiyanı qəbul və emal etmə yolu həmin fərdin özünə xas xüsusiyyətlərindən asılıdır,—başqa sözlə, daha kompleks və “ağıllı” canlılarda fərdilik və subyektivlik daha güclüdür— insanlardakı informasiya mübadiləsini fərqləndirən əsas amilin də məhz bu nöqtə ilə bağlı olması başa düşüləndir. Yəni, insanlar özəl, fərdi və ya subyektiv fikirlərini bir-birlərinə simvolik dillərin köməkliyi ilə daha dolğun şəkildə ötürə bilirlər.

Hal-hazırda primitiv insan dilləri mövcud deyil: müasir insan irqlərinin hamısında simvolik dil aşağı-yuxarı eyni dərəcədə mürəkkəb forma almışdır. Məşhur linqvistika alimi Chomsky’ə görə isə bütün dillər ilk baxışda fərqli görünsə də, onları birləşdirən fundamental oxşarlıqlar mövcuddur. Simvolik dilin inanılmaz potensialı, mərkəzi sinir sisteminin inkişafı ilə birbaşa əlaqədardır. Ortaya çıxan maraqlı sual isə mərkəzi sinir sisteminin məhz bu yöndə inkişafına nəyin səbəb olmasıdır. Yuxarıda haqqında danışdığımız təbii seçmə prosesini nəzərə alsaq belə bir nəticəyə gəlmək mümkündür ki, insanın təkamül prosesinin başlanğıcında, primitiv simvolik kommunikasiya cəhdləri onlara yönələcək təbii seçmənin istiqamətini spesifik yöndə dəyişdirmişdir. Təbii seçmənin bu spesifik yönü, linqvistik bacarıqların və bu bacarıqları dəstəkləyən orqanın inkişafına səbəb olmuşdur. Başqa sözlə desək, dilin inkişafı, beyinin inkişafına və beyinin inkişafı öz növbəsində dilin daha mükəmməl inkişafına təkan vermişdir. (Burada nəticəni dəstəkləyən bəzi arxeoloji tapıntılardan danışmaq olar.).

Müasir elmin uşaqlardakı dil mənimsəmə qabiliyyətinin inkişafına dair apardığı mərhələli araşdırmalar fikrimizi dəstəkləyir. Məsələn, hamımıza məlumdur ki, uşaqlar dili formal qanunları öyrənməklə və ya böyüklərin danışıqlarını bütövlüklə yamsılamağa çalışmaqla mənimsəmirlər. Deyə bilərik ki, onlar eşitdiklərindən yalnız öz linqvistik inkişaf mərhələlərinə uyğun gələnləri qavrayırlar. İlkin mərhələdə onların dil bazasında yalnız beş-on söz mövcud olur və bu sözləri tək-tək, heç bir əlaqələndirmə aparmadan, rabitəsiz şəkildə istifadə edirlər. Sonrakı mərhələlərdə, onlar artıq iki-üç sözü müəyyən sintaktik qanunlara uyğun (yenə də yamsılamaya çalışmadan) birləşdirməyə, yəni qısa, rabitəli nitq qurmağa cəhd edirlər. Görünür ki, bu proses universaldır və ana dilindən asılı olmayaraq bütün uşaqlarda eyni xronoloji ardıcıllıqla inkişaf edir. Bu, doğuşdan sonra beyində gedən və neyron şəbəkəsini linqvistik bacarıqlar üçün hazırlayan embrioloji, epigenetik proseslərə işarə edir. Travma səbəblərindən ortaya çıxan dil tutulmasını araşdırsaq, görərik ki, dil tutulması nə qədər erkən baş verərsə, onun düzəlmə ehtimalı bir o qədər böyükdür. Əksinə, dil tutulması sonrakı dövrlərdə, xüsusilə də cinsi yetkinlik perioduna yaxın baş verərsə, bu, beyində uzun müddətli və kəskin iz qoya bilir.

Elmi araşdırmalar göstərir ki, insanın müəyyən dili təbii şəkildə mənimsəməsi üçün kritik yaş həddi mövcuddur1. Hamımıza məlumdur ki, ikinci dili öyrənmək böyüklərdən əzmli və sistematik səy tələb edir. Əlavə dili nə qədər yaxşı mənimsəsək belə, hər zaman təbii şəkildə öyrəndiyimiz ana dilimizə nəzərən ikinci dərəcəli qalır.

Anatomik dəlillər də, dilin təbii mənimsənilməsi prosesinin beyinin epigenetik inkişafi ilə sıx əlaqədə baş verdiyini təsdiqləyir. Məlum olur ki, doğuşdan sonra beyinin inkişafı cinsi yetkinlik dövrünə qədər aktiv şəkildə davam edir. Bu proses, əsasən beyinin korteks2 qatındakı neyronlar arasında qarşılıqlı əlaqələrin inkişafından ibarətdir və doğuşdan sonrakı ilk iki il ərzində çox sürətlə baş versə də, sonralar ləngiməyə başlayır və nəhayət cinsi yetkinlik dövründə (kritik yaş həddində) tamamlanır.

Chomsky və onun məktəbinə görə, linqvistik analizlər bütün mövcud dillərin sərhədsiz zənginlikləri arxasında ortaq fundamental formanın dayandığını təsdiqləyir. Chomsky’nin fikrincə, bu fundamental forma anadangəlmədir və sırf insan növünə xasdır. İlk dəfə primitiv insanlar dildən istifadəyə cəhd etdikləri zaman, nəyinki mədəniyyətlərin gələcək inkişafına, hətta insanın fiziki xüsusiyyətlərinin təkamülünə də təkan vermişdilər. Nəticələr ona işarə edir ki, doğuşdan sonra insan beyninin dillə əlaqəli bölgələrinin epigenetik inkişafı insan təbiətinə xas bir özəllikdir və bu bizim genlərimizdə hansısa formada həkk olunmuşdur. Əlbəttə, yekunda dil özü belə şans əsəridir, amma primitiv insan ilk dəfə simvoldan istifadəyə cəhd etdiyi gün insan beyninin gələcəkdə Darwinin nəzəriyyəsini başa düşəcək səviyyəyə qədər inkişafına yol açmışdır.

Mədəni təkamül və onun fiziki təkamül ilə qarşılıqlı əlaqəsi

İlk primitiv insanın öz subyektiv fikirlərini digərlərinə ötürməyə cəhd etdiyi gün, yeni bir dünya — ideyaların, fikirlərin dünyası — başladı. O gündən etibarən insanın fiziki təkamülü və onunla bərabər simvolik dilin təkamülü çox uzun müddət davam edəcəkdi. Bu iki məfhum bir-biri ilə sıx əlaqədə inkişaf edərək, bir növ təkamül simbiozu formasını alacaqdı.

Müasir insan məhz bu simbiozun məhsuludur. İdeyaların inkişafı insanı təbiətə nəzərən daha dominant etməyə başladı. Nəticədə insanın təbiətdə öz növündən başqa ciddi bir təhlükəsi qalmadı. Məhz bu ərəfədə fərdlər və ya tayfalar arasında sonu ölümə aparan müharibə və qarşıdurmalar təbii seçmə prosesinin əsas faktoruna çevrildi. Heyvanların təkamülündə bu çox nadir haldır, belə ki, heyvan qrupları arasında növdaxili müharibələrə rast gəlmirik. İri ölçülü məməlilər, xüsusilə erkək fərdlər arasında baş verən təkbətək döyüşlər çox az hallarda uduzan tərəfin ölümünə səbəb olurdu. Qısaca, Herbert Spencer’in məşhur “yaşamaq uğrunda döyüş” termini, böyük heyvan qrupları miqyasında, bu növlərin təkamülündə əsas amil olmayıb. Amma insan üçün tam əksi doğrudur desək yanılmarıq, çünki müəyyən nöqtədə tayfalar və irqlərarası qarşıdurmaların genişlənməsi insan təkamülündə əsas faktor olmuşdur. Hətta, bəzi fikirlərə görə Neandertal insan növünün çox qısa zamanda yoxa çıxmasının səbəbi Homo Sapiens tərəfindən onlara qarşı törədilmiş soyqırımdır. Nəzərə alsaq ki, bəşər tarixinin bütün dövrlərində bu tip hallar müşahidə olunur, yuxarıdakı fikirləri həqiqətə yaxın qəbul etməkdə çətinlik çəkmərik.

Bəs bu yöndə istiqamət alan təbii seçmə insanlığı hara apardı?

Suala belə cavab vermək olar: Mövcud istiqamətli təbii seçmə tək başına aqressivlik əvəzinə, qrup halında nümayiş etdirilən tayfa qanunlarına hörməti, intellekt və ambisiyanı üstün tutmuşdur.

Əlbəttə, insan təkamülünü bir-birindən tam ayrı iki fazaya — fiziki və mədəni təkamülə ayırmaq yanlışdır. Önəmli nöqtə odur ki, yüz min illər ərzində mədəni inkişaf fiziki inkişafa təkan verməyə bilməzdi.Fiziki quruluşdan fərqli olaraq, mədəni quruluşların inkişafı, nəzəri olaraq da olsa, limitsizdir; yəni, sonsuz sayda ideyalar və fikirlər yaratmaq mümkündür.

Subyektiv və obyektiv bilik, elm və onun inkişafı

Son üç yüz ildə insanlığın əldə etdiyi biliklər onun özü və parçası olduğu dünya haqqında fikirlərini kökündən dəyişdi. Bu biliklərin fundamentində dayanan əsas ideya isə çox sadə idi. Təbiət obyektivdir və yalnız məntiqimizi təcrübələrimizlə sistematik şəkildə qarşılaşdıraraq həqiqi biliyə çatmaq mümkündür. Həqiqi bilik nədir? Həqiqi bilik bizim subyektiv fikir və gözləntilərimizdən asılı olmayan obyektiv bilikdir. Məsələn, elmdə aparılan bəzi təcrübələr intuisiyamızın əksinə nəticələr verə bilir. Kvant fizikası bunun ən yaxşı nümunələrindəndir. İnsanlıq Kvant fizikasını yalnız öz intuisiyalarını və şəxsi qərəzlərini kənara atmaqla kəşf etmişdir. Hal-hazırda bizim əlimizdə Kvant fizikasını çox yüksək dəqiqlikə təxmin edən riyazi model vardır. Yaxın zamanlarda Kvant kompüterlərinin istehsalı belə proqnozlaşdırılır. Ən maraqlısı isə odur ki, heç bir elm adamı Kvant fizikasını intuitiv olaraq dərk etmir. Dünyaca məşhur fizika alimi Richard Feynman’ın bu haqda dedikləri belədir: “Tam əminliklə deyə bilərəm ki, heç kim Kvant fizikasını başa düşməyib”. Kvant fizikası və nisbilik nəzəriyyəsinin bizim üçün intuitiv olmamasının əsas səbəbi odur ki, biz təkamül periodunda kiçik ölçülü zərrəciklərlə kontaktda olmamış və ya işıq sürətinə yaxın sürətlərdə səyahət etməmişik. Nəticədə, beynimiz zərrəciklərin xassələrini və ya işıq sürətində zaman-məkanın necə dəyişdiyini intuitiv olaraq həzm edə bilmir. Təəccüb doğuran nüans isə odur ki, obyektivlik prinsipi, çox sadə olmasına baxmayaraq, Homo Sapiens’in ortaya çıxmasından yüz min illər sonra insanlıq tərəfindən başa düşülmüşdür.

Bioloji təkamülü mədəni və ya ideyaların təkamülü ilə müqayisə edərkən çox saylı paralellerə rast gəlmək olar. İdeyalar da genlər kimi öz strukturlarını yayır, özlərini gələcək nəsillərə ötürür, hətta onlar belə bir biriləri ilə birləşib müxtəlif kombinasayalar yaradır, bəzən formalarını dəyişir, çoxalırlar. İdeyaların təkamülündə də seçmə prosesi əsas rol oynayır. İdeya üzərində fəaliyyət göstərən seçmə prosesinin xüsusiyyətlərini analiz edərkən belə bir nəticə çıxır ki, ideyaların dəyəri, onların fərd və ya qrupun performansına təsiri ilə birbaşa əlaqəlidir. Məsələn, qrup daxilində daha çox birliyə, ambisiyaya və daha böyük özünə inama səbəb olan ideyalar, qrupu daha böyük uğura aparır və bu da öz növbəsində həmin ideyaların uzun müddət yaşamasına, gələcək nəsillər tərəfindən də qəbul edilməsinə gətirib çıxardır.

Yüz min illər ərzində, fərdin davranışları onun hissəsi olduğu qrupun, tayfanın davranışları ilə oxşarlıq təşkil edib. Fərd üzvü olduğu tayfadan kənar sağ qala bilməzdi. Tayfa və ya qrup isə yalnız birlik nəticəsində sağ qala bilərdi. Bu da öz növbəsində tayfanın birliyini reallaşdıran qanunların və ideyaların subyektiv gücünü artırırdı. Nəzərə alsaq ki, bu sosial strukturlar çox uzun zaman kəsiyini əhatə edir, onların insan beyinin təkamülünə təsirinin olmadığına inanmaq çətindir. Beyinin bu yöndə gedən təkamülü nəinki “tayfa” qanunlarının qəbuluna dəstək vermiş, hətta onda izaha ehtiyac yaratmışdır. Biz bu insanların nəsilləriyik və ona görə də, həmişə izaha ehtiyac duyur, öz mövcudluğumuzun mənasını axtarmağa çalışırıq. Bütün miflərin, fəlsəfənin, dinlərin və elmin yaranmasına məhz bu izaha olan ehtiyac səbəb olmuşdur.

Son bir neçə əsr ərzində elmin insan həyatına göstərdiyi geniş miqyaslı, əksər halda, müsbət təsirlər ona işarə edir ki, ideyaların seçmə prosesində artıq obyektivlik amili əsas rol onayır. Yəni, obyektivlik faktoru üstün olan, elmə əsaslanan düşüncə tərzi və ya ideyalar, subyektiv “tayfa” ideologiyasını üstələyir. İnsanlığın etdiyi bu “seçim” Magellan balığı nümunəsini xatırladır. Bu seçim artıq insanlığın mədəni təkamülünün yeni mərhələsinə keçidə işarə edir. Yuxarıda da qeyd etdiyimiz kimi mədəni inkişafın bu yeni mərhələsi insanin fiziki təkamülünə də öz təsirini göstərəcək. Bu keçid dövrünü ağrısız keçmək çətindir, ən azından ona görə ki, bizim genlər hələ də yuxarıda qeyd edilən “tayfa” ideologiyasına meyllidir. Bu, bəlkə də Magellan balığının quruda qarşılaşdığı ilk çətinliklərə bənzəyir. Lakin, insanın etdiyi bu “seçim” min və ya yüz min illər sonra onun nəslinin kainatın sirlərinə daha dərindən yiyələnməsinə və kosmosun dərinlikərini fəth etməsinə imkan verəcək.

Qeydlər

  1. Epigenetik proseslər genetik kodu dəyişdirmədən genlərin ifadə olunmasına təsir edən və ətraf mühitdən qaynaqlanan proseslərdir. DNT-dəki məlumatları musiqi notlarına bənzətsək, o notların fərqli musiqiçilər tərəfindən interpretasiyalarını epigenetik dəyişikliklərə oxşatmaq olar.
  2. Beyin qabığı olaraq da bilinən, beynin ən üst qatı

Mənbələr

[1] Hurford, J. (n.d.). The evolution of the critical period for language acquisition. Cognition, 159-201.

[2] Monod, J. (n.d.). On Chance and Necessity. Studies in the Philosophy of Biology, 357-375.

Posts created 5

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top