Şüur və Onun Təkamülü

| Tural Ələkbərli, M.D. |


İnsanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünya ilə bağlı fərqindəliyi, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma (ing. self-consciousness) hissinə qısaca şüur demək mümkündür. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Amma onu da qeyd etmək lazımdır ki, insan davranışlarının hamısını şüur idarə etmir, burada psixoanalizin banisi Sigmund Freudun sturuktural modelinə nəzər yetirsək, məncə, yerinə düşərdi. Freudun, psixik aparatın 3 əsas hissəsi adlandırdığı id, eqo və supereqo əslində tam da şüur, şüur öncəsi və şüuraltı adlandırdığımız hissələrin birləşməsi ilə əmələ gəlir (1).

İd, qısaca desək, hərbir insanda doğuşdan var olan instinktləri, yəni, yemək, hərhansı həzz verici bir şeyi arzulamaq, cinsi istəklər kimi bir çox təməl instinktiv hissi ifadə edir və şüuraltının bir hissəsi hesab edilir. Eqo, hal hazırki reallığı, icra olunan hərəkətləri, verilən qərarları ifadə edir və şüur öncəsinin bir hissəsi hesab edilir. Supereqo isə bütün qanunları, insanın həyatındaki vacib prinsipləri, yaşadığı ölkənin konstitusiyasını, inandığı dinin qanunlarını, ailəsinin ənənələrini, yaşadığı mühitin ənənələrini ifadə edir və şüuraltının bir hissəsi hesab edilir (2).

Bu buzdağı bənzətməsi bir çox elmi məqalədə Freud strukturunun izahı üçün istifadə edilmişdir. Freudun bu strukturuna görə, insan çox vaxt id ilə arzulayır və supereqo ilə bu arzularına qarşı çıxmağa çalışır; nəticədə, ortaq yol tapan eqo ilə bir hərəkət icra edir. Bu savaş isə çox vaxt şüuraltında meydana gəldiyi üçün insan sadəcə hərəkəti icra edir və bu , onda sadəcə baş ağrısı vəya təşviş (ing. anxiety) olaraq büruzə verir. Məsələn, bəzi insanlar yanlarından keçən bir xanımın qısa ətəyinə diqqətlə baxır, bəziləri isə yox. Bunu qeyd etdiyimiz struktura görə izah etməyə çalışsaq, baxmayan şəxsin instinktlərinə qarşı dirənən hansısa şüuraltı qanunlarının üstün gəldiyini, həmçinin, digər şəxsin isə instinktlərinin üstün gəldiyini deyə bilərik. Əslində, hər sadə hərəkətinin arxasında bu id-supergo savaşı dayanan insanların xarakteri də böyük ölçüdə bununla müəyyənləşir. Ailənin sosio-psixolojik vəziyyəti, yetiştirilmə tərzi, inacları və ənənələri, böyüdüyü mühit və o mühitin qanunları, məktəb dövrü və bir çox amillər uşaqlarımızın xarakterinin və hərəkətlərinin formalaşmasında, məhz bu səbəblərlə, böyük rol oynayır.

Həyatımız üçün bu qədər dəyərli bir mövzunu araşdırmaq və daha da dərindən anlamağa çalışmaq uzun illərdir elm adamlarının diqqətindədir. Şüuru araşdırarkən qarşımıza çıxan ilk sual isə onun mexanizmidir ki, bu da onu araşdıranlar arasında fərqli fikirlərin meydana gəlməsinə səbəb olub.

Gottfried Wilhelm Leibniz Monadologiya və Fəlsəfənin Əsasları (ing. Monadology and other Philosophical Essays) adlı kitabında verdiyi bir misal ilə şüurun sadələşdirilə bilməyəcəyini və bir bütün olaraq araşdırılmalı olan bir mövzu olduğunu bu ifadələrlə dilə gətirib- “Düşünən və şüuru olan bir robot düzəltdiyimizi fərz edək və bu robotu o qədər böyük düzəltdiyimizi düşünək ki, içində rahatlıqla gəzinə bilək (3).  Bu halda, biz sadəcə bir birini hərəkətə gətirən dəmir parçalarını, təməl maddələri görəcəyik və bu maddələrin necə düşündüyünü anlaya bilməyəcəyik. Bu isə o deməkdir ki, şüuru nə robotda nə də dəmir hissəciklərində axtarmamalıyıq”

Bu sadələşdirilməzlik teoriyası mənim düşüncəmə görə şüurun qapısını neyroelmə (neuro science) də, təkamülə də bağlayır. Şüurun qapısı neyroelmə ona görə bağlanır ki, özü maddi bir təbiətin parçası olan neyronlardan maddədən üstün birşeyin yaranmasını iddia etmək mənasız olar. Təkamülə isə, ona görə bağlanır ki, bucür sadələşdirilməyən qavramın növün həyatını və soyunu davam etdirməsinə yararlarını araşdıra bilmərik.

Bu çıxılmazlıqda düşünərkən, köməyimizə Churchlandin Neyrobiologiya Bizə Şüur Barədə Nəsə Öyrədə Bilərmi (ing. Can Neurobiology Teach Us Anything About Consciousness) adlı əsəri gəlir (4). Churchland yazılarında, özünün sadələşdirməçi fikirlərinə gələn etirazların bir çoxunun, “bilgisizlik hər hansısa teoriyaya müsbət sübut ola bilməz” qanununu pozduğunu iddia edib. Churchlandə görə, “Neyrobiyologiya şüuru açıqlaya bilməz” deyənlərin əsas problemi şüurun birçox özəlliklərinin açıqlanması üçün neyronların funksiyalarının çeşidləndirilməsinin mümkün olmadığını düşünmələridir və onun iddiasına görə, birşeyi xəyal edə bilmirsinizsə, bu onun mümkün olmadığını göstərməz. Churchlandin bu fikirləri isə yenidən şüur araşdırmalarını neyrobiologiya və təkamülə açır.

Şüurun təkamülündən danışırıqsa, qısaca, insanın ən son təkamül prosesindəki yerini gözdən keçirməliyik və şüurun insan həyatına, o cümlədən, növün davamlılığına necə müsbət təsir etməsinə baxmalıyıq. Çox dərininə enməyəcəyim bu mövzuya primatlar ilə başlayaq. Primatlar, məməlilərin bir alt qrupudur və təxminən 200 növü əhatə edən bir sinifdir. İlk primatların dünya üzərində 65 milyon il əvvəl ortaya çıxdıqları düşünülməkdədir. Biz, yəni insanlar, bu sinifin içində köhnə dünya meymunları qrupuna üzvük. Bu qrupun içində bizə ən yaxın olan növlər, insanabənzər meymunlar olaraq da adlandırılan oranqutanlar, şimpanzelər, qorillalar və bonobolardır. İnsanın ataları da içində olmaqla, insanabənzər meymunlar ilə köhnə dünya meymunları arasındakı taksonomik ayırımın 30 milyon il əvvəl olduğu təxmin edilməkdədir (5).  Təxminən, 6 milyon il əvvəl, bir qrup insanabənzər meymunun şimpanze və bonoboları meydana gətirəcək təkamül xəttindən uzaqlaşdığını, 5.5 milyon il əvvəl isə, Afrikada Australopithecus adı verilən, iki ayağı üzərində gəzən, əllərindən kömək alan, beyin böyüklüyü meymunlarınkina yaxın olan bir cinsin ortaya çıxdığını bilirik (6). Sonra, yaşanan iqlim dəyişiklikləri, dünyanın soyuması və ağaclıq bölgələrin azalması ilə düzlüklərdə (savanna) yaşayan Homo cinsi ortaya çıxır. Bu cinsin ən məşhur növlərindən Homo erectus, ot yeyən Australopithecusdan fərqli olaraq həm ət, həm də ot ilə qidalanaraq müasir insana olduqca bənzəyir. Ət ilə qidalanması bu növə beyin inkişafı baxımından ciddi bir üstünlük təmin edir. Bizim cinsimizin, yəni Homo sapiens-in ortaya çıxış tarixi və məkanı mövzusunda müxtəlif təxminlər var. Bunlardan ilkinə görə, Homo sapiens ilk olaraq Afrikada, 200 – 300 min il əvvəl ortaya çıxdı və köç dalğalarıyla yer üzünə yayıldı. Bu teoriya, yəni, Afrikadan çıxış teoriyası, genetik məlumatlara daha uyğun görünür. Mitoxondrial DNT sekansındakı bənzərlik və fərqliliklər əsas alınaraq edilən bir araşdırmaya görə (7), Afrikada yaşayan soydaşlarımızdakı genetik çeşidlilik digər qitələrə yayılan soydaşlarımızdakı fərqliləşmədən daha çoxdur, yəni, Homo sapiens, Afrikada, digər qitələrə nəzərən, daha uzun müddətdir ki yaşayır.

Primat təkamülünün əhəmiyyətli fərqləndirici nöqtələrindən biri, heç şübhəsiz ki, beynin böyüməsidir. Beynin böyüməsi eyni zamanda əvvəldən sahib olunmayan funksiyaların ortaya çıxmasına və ya mövcud funksiyaların fəaliyyətinin artmasına yol açır. İnsanda yüksək həddə çatan bu meyl əslində “inkişaf etmişliyin ölçüsü nədir?” sualını da soruşmağa məcbur edir. İnkişaf etmişlik ölçümüzün beyindəki təzahürünün heç də beynin ölçüsü olmadığı çox açıqdır, çünki, bunu qəbul etdiyimiz təqdirdə, insan beyninin təxminən 4 qatı böyüklüyündə bir beynə sahib olan Afrika filinin insandan daha inkişaf etmiş idrak funksiyalarına sahib olduğunu iddia etməyimiz lazım gəlir. Bunun yerinə, nisbi beyin böyüklüyünü, yəni, beyin-bədən nisbətini istifadə edə bilərik. Lakin, bu ölçüyə görə də siçanın – 10% -lik nisbi böyüklüklə insandan (% 2) daha inkişaf etmiş olmasını gözləməliydik (5). Qəribə sayıla biləcək bu nəticələr qarşısında köməyimizə, neyron şəbəkəsindəki sinaps sayı çatır. İnsan beyninin korteks deyilən bölgəsindəki neyronlar arasında təxminən 1015 ilə 5×1015 sinaps var. Bu rəqəm siçanınkinin təxminən 10 min qatı qədərdir və məhz bu parametri “inkişaf etmişliyin ölçüsü” olaraq qəbul edə bilərik.

Primat təkamülündə bir digər əhəmiyyətli inkişaf da, əllərdə, gözlərdə və üz əzələlərində müşahidə olunur. Gomezin fikrinə görə: “Əlin vəziyyəti primat sinifinin əhəmiyyətli bir xüsusiyyətini göstərir: primatlar lazım olduğundan daha çox professionallaşmamaq mövzusunda professionallaşmışdır!” (8). Yəni, primatların müxtəlif orqanları, xüsusilə, beyin, əl və gözləri birdən çox funksiyası yerinə gətirə biləcək şəkildə təkamül keçirmiş görünürlər. Primatların ən maraqlı xüsusiyyətlərindən biri də, önə doğru baxan gözləridir. Bu sayədə iki gözdən gələn məlumatı birləşdirib dünyanın üç ölçülü prizmasına sahib ola bilirlər. Rəngli görməklə birləşdirsək, bu qabiliyyət, heç şübhəsiz, böyük üstünlüklər təmin edir.

Dərinlik hissi sayəsində ağaclar üzərində rahatlıqla yollarını tapan primatlar rəngli görmə sayəsində yetkinləşmiş meyvələri yarpaqların arasında rahatlıqla seçebilir və onları əldə edə bilirdilər (9). Primatların əlləri də bu funksional zənginlikdən payını alır. Dərinliyinə görə, obyektlər bir çox fərqli şəkildə manipulyasiya edilə bilir. Bu da primatlara ətrafları haqqında fərqli formalarda (vizual və toxunma) məlumat təmin edir və mümkün qədər obyektiv və əhatəli bir dünya dizaynına sahib olmalarına imkan verir. Yaxşı, şüur faktı, yalnız, “dünya haqqında məlumat sahibi olmağa” sadələşdirilə bilər mi? Biz insanlar özümüzə “mən” deyə xitab edə bilən yeganə varlıqlarıq. Hər düşüncəmizə “mən” düşüncəsinin yoldaşlıq etməsini, bizi bütün dünyadan ayırd edən bir xüsusiyyət kimi görməyə meyilliyik. Görəsən yaxın qohumumuz olan, ya da ağıllı olduqlarını fərz edilən heyvanların özləri haqqında nə düşündüklərini bilə bilərikmi?

Aynada özünü tanıma, aynaya baxaraq əylənmə və özünü araşdırma şimpanzelərin təcrübi olaraq göstərilmiş bir qabiliyyətdir (10). Bu qabiliyyətin varlığını sübut etmək üçün, anesteziya verilərək yatırdılan şimpanzelərin alınlarına boya çəkilmiş, sonra, oyanan şimpanzelər ayna qarşısına oturdulmuşdur. Bu şimpanzelər alınlarındaki boyanı dərhal fərq edib silməyə başlamışlar. Bu qabiliyyətin fillərdə, delfinlərdə və orangutanlarda da müşahidə olunduğu bildirilmişdir. Əslində böyük ölçüdə ictimai olan bu canlılarda belə bir qabiliyyəti görməyimiz çox da təəccüblü görünmür, amma, özünü tanıma mövzusu mənlik və şüurun təkamülündə xüsusi yeri olan bir mövzudur. Primatların əhəmiyyətli fiziki xüsusiyyətlərindən biri də üz əzələlərinin inkişafıdır. Quşlarda və sürünənlərdə boynun kənarını keçməyən üz əzələləri primat üzünün hamısını örtür. Bu əzələlər vasitəsilə primat şəxsiyyətini, duyğularını və fokuslandığı obyektləri digər primatlara ifadə edə bilir. Bu qabiliyyətin ortaya çıxması və indiyə qədər davam etdirilmiş olması primatların ictimai həyatının gətirdiyi ehtiyaclar haqqında bilgilər verir.

Qrup halında yaşayan bir primat üçün ən əhəmiyyətli qabiliyyətlərdən biri qrup üzvlərini tanımaqdır. Bu tanıma fiziki gücü, yaşı hesablayaraq ünsiyyət qurmağı, bununla yanaşı, ictimai iyerarxiyanı başa düşməyi də tələb edir. Bir primat yemək tapmağın çətin olduğunu və tapdığını qrupdaki üst rütbəli üzvlərlə paylaşmaq lazım olduğunu bildiyindən, bəzən, həmin üst rütbəliləri aldatmağın yollarını da tapmalıdır.

Şimpanzelərdə və babunlarda, bu növ aldatma davranışları müşahidə edilmişdir (Marian, 1998). Əslində şüurun və şüur kimi yüksək səviyyədəki idrak imkanlarının ictimailəşmə ilə əlaqədar olduğunu göstərən başqa məlumatlar da vardır. Əks edilmiş düşünmə (ing: reflexive thinking), başqa bir deyişlə, öz düşüncələrimiz üzərində düşünmə – qabiliyyətinin maddi bir vasitəni istifadə etməkdən daha çox digər fərdləri vasitə olaraq istifadə etmək nəticəsində yarandığını müdafiə edən Radu Bogdan, delfinlərdə vasitələrdən istifadə etmənin mövcud olmamasına baxmayaraq, inkişaf etmiş bir ünsiyyət və aynada özünü tanıma qabiliyyəti olması tezisini dəstəklədiyini iddia edir (12).

Bütün bu araşdırmaların nəticələrini incələdikdə, heç də şüurun insanlara bəxş edilmiş ilahi bir güc və ya ruh ilə dəstəklənən, açıqlana bilməyən bir mövhum olmadığını, əksinə, məhz elə canlıların təkamülü ilə şüurun təkamülünün paralel gedərək bugünkü müasir insan əqlinə çevrildiyini görürük. Mən də, Churchlandin “birşeyi xəyal edə bilmirsizsə bu onun mümkün olmadığını göstərməz” fikrinə tam qoşularaq, onu əlavə etmək istəyirəm ki, insanoğlunun bu xəyalpərəstliyi sadəcə və sadəcə elm ilə dəstəkləndiyi zaman yararlı olacaqdır, çünki elm ilə özümüzü inkişaf etdirməsək, xəyallarımız miflərin, dinlərin, mənbəyi olmayan inancların iddia etdiyi fantastik fikirlərdən heç nə ilə fərqlənməz.

Mənbələr

1. Sigmund Freud, New Introductory Lectures on Psychoanalysis [1933] (Penguin Freud Library 2)

2. Pederson, Trevor (2015). The Economics of Libido: Psychic Bisexuality, the Superego, and the Centrality of the Oedipus Complex. Karnac.

3. Leibniz, G. W. (1965). Monadology, and other philosophical essays.

4. Churchland, P.S.-nin (“Can Neurobiology Teach Us Anything About Consciousness”)

5. Roth, G. “The Evolution and Ontogeny of Consciousness”, T. Metzinger (ed.) Neural correlates of consciousness: empirical and conceptual questions (Cambridge, Mass. : MIT Press, 2000)

6. Sedikides, C. ve Skowronski, J.J.“Evolution of the Symbolic Self: Issues and Prospects”, M. R. Leary, J. P. Tangney – Handbook of self and identity (New York : Guilford Press, 2003)

7. Cann RL, Stoneking M,WilsonAC. 1987. “Mitochondrial DNA and human evolution.” Nature 325

8. Gomez, J. C. Apes, Monkey, Children and the Growth of Mind (Cambridge, Mass: Harvard University Press, 2004)

9. Gray, J. Consciousness: Creeping Up On The Hard Problem (Oxford; New York: Oxford. University Press. 2004)

10. James L. GouldCarol Grant Gould The Animal Mind Scientific American Library, 1994 – Science

11. Through Our Eyes Only? The Search for Animal Consciousness, Marian Stamp Dawkins, Oxford University Press 1998

12. Bogdan, R. Minding Minds: Evolving a Reflexive Mind by Interpreting Others (Cambridge Mass: The MIT Press, 2000)


Rəsm əsəri: Toğrul Nərimanbəyov – Şərq nağılı (1987). yağlı boya

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top