İki Dillilik

Bu yazıda dilçilik elmində ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olan iki dillilik haqqında müxtəlif mənbələrə qısa şəkildə nəzər saldıqdan və onlar arasındakı fərqlilikləri diqqətə çatdırdıqdan sonra həqiqi iki dilliliyin mövcudluğunun mümkünlüyünü müzakirə edəcəyik. Həqiqi iki dillilik mümkünlüyü barəsində elmi ədəbiyyatda iki fərqli qütb olsa da, bu yazıda, məsələ barəsində şəxsi qənaətimi əsas alaraq bu məfhumun qeyri-mümkünlüyünü təlqin edən mənbələrə üstünlük verəcəyəm.


Dilçiliyə köhnə yanaşmalar çox humanistdir və xalis elmdən daha çox tarixə və etnoqrafiyaya əsaslanır.

Leonard Bloomfield

Dəyərli oxucu, artıq ana dilində danışan adam və kritik dövr (KD) haqqında müəyyən müzakirələr apardığımıza görə, iki dillilik haqqında da danışa bilərik deyə düşünürəm. Qabaqcadan sizləri xəbərdar etmək istəyirəm ki, bu yazıda subyektiv fikirlərimi dəstəkləmək üçün bir çox mənbələrə müraciət edəcəyəm. Çox ümid edirəm ki, mənimlə razılaşmayıb qələmi əlinizə alıb bu Elmi Spektr meydanında üzərimə hücum çəkəcəksiniz və yazdığım subyektiv fikirlərimi (əlbəttə ki, elmi araşdırmalara əsaslanan) öz subyektiv düşüncələrinizlə cavab atəşinə tutacaqsınız.

İki dillilik nədir?

Gəlin əvvəlcə sizlərlərlə bir yerdə iki dilliliyin (ing:bilingualism) ümumiyyətlə nə olduğuna diqqət yetirək. İngilis dilində olan mənbələrə nəzər salsaq, Cambridge lüğəti (1) iki dillini hər hansısa iki dildə danışa bilən adam kimi xarakterizə edir. Bir çox universitetlərin dilçilik fakültələrinə görə də iki dillilik hər hansısa iki dildə danışa bilməkdir və bir insanın hər iki dildə də ana dilində danışan adam olmasına ehtiyac yoxdur. Amma, heç də hər kəs bu mövzuda eyni fikirdə deyil. Məsələn, XX əsrin əvvəllərində struktural dilçiliyin aparıcı simalarından olan amerikalı filosof Bloomfield, öz kitabında, məsələni bir az daha irəli aparırıdı. O, iddia edirdi ki, iki dilli hesab oluna bilməsi üçün, bir adam hər iki dildə də ana dilində danışan adamın xüsusiyyətlərini daşımalıdır (2). Yəni, hər iki dili ana dili kimi danışmalıdır.

Şəkil 1. Leonard Bloomfield (Mənbə: Wikipedia)

Alimlərin bəziləri isə iki dildə danışan adamı səciyyələndirərkən deyirdilər ki, kim iki dildə də ehtiyacı olduğu qədər danışırsa, o, iki dilli sayıla bilər (3). Əslində bu fikir bir az qəribə səslənir. Yazının ikinci hissəsini gözləmədən, bir az səbrsiz davranaraq, soruşmaq istərdim: bir adam hər hansısa bir dildə kofe sifariş edə bilirsə, (ki kofeyə ehtiyacı olduğunu düşünək) iki dilli hesab olunacaqmı? Bu məcrada Diebold’un fikirləri də diqqətə layiqdir. O, iddia edirdi ki, hər hansısa bir dil haqqında passiv bilgilərə sahib olmaq da insanın iki dilli olması üçün yetərlidi (4). Passiv bilgi dedikdə, o, hətta bir insanın dilin strurukturuna vaqe olmadan belə o dildə bəzi sözləri işlədə bilməsini nəzərdə tuturdu və bu cür insanları iki dilli kimi səciyyələndirirdi. Maraqlananlar müəllifin Mexico’da yaşayan Huavo Hinduları üzərində apardığı müşahidələrə nəzər sala bilərlər. Biz burada sadəcə iki dillilik məfhumunun rəngarəngiliyini sizlərin diqqətinə çatdırmaq üçün müxtəlif mənbələrə səthi olaraq toxunuruq. Belə olduqda, müasir dilçiliyin atası sayılan Chomsky’ni anmadan keçmək günah olardı.

Səkil 2. Noam Chomsky (Mənbə: Wikipedia)

60-cı illərin əvvəllərində, onun dilçiliyə gətirdiyi linqvistik anlama və linqvistik səmərəlilik terminləri iki dilliliyin müəyyənləşdirilməsində demək olar ki, yeni bir cığır açdı (5). Bu mövzuya gələcəkdə geniş şəkildə toxuna biləcəyimizi ümid edərək, qısa şəkildə bildirmək istəyərdik ki,müəllif dili anlama ilə dildə danışa bilmənin fəqli olduğunu iddia edirdi. Buna əsaslanan bəzi alimlər artıq rahatlıqla hər hansı ikinci bir dildə anlayan insanları iki dilli kimi qəbul etməyə başladılar və ikinci dildəki səmərəliliyi və ya danışa bilməni diqqətə almadılar. Buna ən yaxşı misal kimi Şərqi Afrikadakı Bantu dilləri göstərilirdi. Bu dillər fonetik, leksik və sintaktik cəhətdən fərqli olsa da, struktur etibarı ilə bir-birinə ciddi şəkildə yaxındır. Bu dillərdə danışan insanlar bir-birlərini bəlli ölçüdə başa düşsələr də, bir-birilərinin dilində danışa bilmirlər. Nə qədər qəribə səslənsə də, bəzi alimlər düşünürdülər ki, hətta bir dili danışan adamlar da iki dilli hesab oluna bilər (6). Onlara görə, əgər bir insan bir dildə danışırsa və hər hansısa bir işarə dilini başa düşürsə, deyək ki, Amerika İşarə Dili`ni (ing: American Sign Language), o zaman, o, iki dilli adamdır. XX əsrin ikinci yarısından başlayaraq, iki dilliliyin dil məharətinə görə təsbit edilməsi populyarlaşmağa başladı. Bu axına görə, hər hansısa iki dildə danışanlar iki dilli kimi səciyyələndirilmirdilər. Peal və Lambert iki dildə danışan uşaqlar üzərində müşahidələrinə əsaslanaraq balanslı iki dillilik mülahizələrini irəli sürdülər. Əvvəlki yazımızda da vurğulandığı kimi kritik dövrdən əvvəl hər hansısa dildə ana dilində danışan adam ola bilmə ehtimalı daha çox olduğuna görə, bu dövrdən əvvəl olan iki dillilik balanslı iki dillilik sayılır. Müəlliflər balanslı iki dillilik dediklərində iki dildə də eyni səlislikdə danışmağı nəzərdə tuturdular (6). Hörmətli oxucu, yuxarıda sadalanan müxtəlif qaynaqlar dilçilik elmində iki dillilik haqqında bütün ədəbiyyatı əhatə etməsə də, (yəqin razılaşarsınız ki, bir yazıda onların hamısını sadalamaq həddindən artıq çətin məsələdir) ümumi olaraq bu məfhumun nə qədər fərqli izahları olduğu barədə fikir formalaşdırmaq üçün yetərli ola bilər.

Həqiqi iki dillilk varmıdır?

Indi isə sizlərlə yuxarıda haqqında söz açdığımız balanslı iki dilliliyin və ya həqiqi iki dilliliyin olub-olmaması barədə müzakirə edək. Necə ki, birinci dilin mənimsənilməsində dillə təmasın (ing: input) əhəmiyyətli rolu var, eləcə də, iki dilliliyin təyin olunmasında dillə təmas ciddi rol oynayır. Iki dillilikdə dillə təmas əsasən 3 aspektdə özünü biruzə verir: keyfiyyət, kəmiyyət və çarpaz linquistik təsirlər (7). Həqiqi iki dilliliyin (ing: true bilingualism) mövcudiyyəti üçün insanın hər iki dildə də eyni miqdarda təsirə məruz qalması lazımdır ki, bu da qeyri-mümkündür. İstər-istəməz, bir fərdin hər hansısa bir dildə o birinə nisbətən daha çox və ya daha az təsirə məruz qalması qaçılmazdır. Belə fərz edək ki, biz necəsə iki fərqli dilin bir fərd üzərindəki təsirində kəmiyyət baxımından bərabərlik əldə edə bilmişik: yəni, deyək ki, Amerikanın Washington şəhərində yaşayan 6 yaşlı bir uşaq hər gün həm azərbaycanca, həm də ingiliscə eyni miqdarda söz təsirinə məruz qalır (nə qədər imkansız səslənsə də). Bu zaman, ikinci faktor— keyfiyyət faktoru— deyir ki, məni yaddan çıxarmayın. Nə olsun ki, o 6 yaşlı uşaq hər gün, eyni miqdarda söz eşidir, axı o sözlərin kimlər tərəfindən işlədilməsi və hansı sözlər olması da çox əhəmiyyətlidir. Beller kimi alimlər iddia edirlər ki, uşaqlar dili daha çox öz həmyaşıdlarından öyrənsələr də, böyüklər vasitəsiylə məruz qalınan təsir uşaqların dilinin daha kompleks olmasına gətirib çıxarır (8). Onun müşahidələrinə görə, əgər uşaqlarla danışan böyüklər daha mürəkkəb dil istifadə edirlərsə, o zaman, həmin uşaqların dilləri də daha zəngin olur. Hətta, valideynləri təhsilli olan uşaqların dilləri validəynləri təhsilsiz olanlara nisbətdə keyfiyyətcə fərqlənə bilir. Beləliklə, müəllif iddia edir ki, dil təsirinin keyfiyyəti hər zaman bir mənalı olmur. Bunun əksinə olaraq, bəzi alimlər iddia edirlər ki, uşaqların dil təsirləri öz yaşıdlarından olduqda daha keyfiyyətli olur və böyüklərin mürəkkəb dil təsirlərini uşaqlar qəbul edə bilmirlər. Stenemalm və həmkarlarının uzunmüddətli müşahidələrinə əsasən, uşaqların yaşıdları tərəfindən məruz qaldıqları dil təsirlərinin daha keyfiyyətli və qalıcı olduğunu irəli sürülər (9). Öz araşdırmalarında, onlar məktəblərdə uşaqları böyüklərin, ya da sadəcə öz yaşıdlarının əhatəsində lentə alıblar və aşkar olunub ki, böyüklərin yanında danışmayan uşaqlar öz yaşıdları arasında çox sərbəst söhbət edirlər.

Bunları sadalamaqda məqsədim odur ki, hər nə qədər fərz etsək də ki, eyni miqdarda dil təsirini necəsə təşkil etmək olar, bu zaman, bu təsirlərin eyni keyfiyyətə malik olmasını idarə etmək mümkün olmayacaq. Bu iki qəliz məsələnin üstünə bir də çarpaz linqvistik faktoru əlavə edək. Bəs bu çarpaz linqvistik faktor nədir? İki dilli uşaqlarda aparılan müşahidələr göstərir ki, bir dilin təsiri nəticəsində ikinci dildə bəzi səhvlər və o dilə xas olmayan istifadə qaydaları özünü büruzə edir. Yəni, dolayısı ilə, bu üç faktora əsasən iddia etmək olar ki, iki dilli insanların hər iki dildə də tamamilə eyni təsirə məruz qalması mümkün olmadığına görə, həqiqi iki dillilik də mümkünsüzdür: mütləq hanısa bir dil o birinə nisbətən dominant olacaqdır.

Dilçilik elmində iki dillilik hər zaman aktual mözvu olduğu üçün, bu sahədə bir çox müşahidələr həyata keçirilmişdir və yazının əvvəlindən də göründüyü kimi məfhumun özü birmənalı olmadığı kimi, o sahədə həyata keçirilən təcrübələr və müşahidələrin nəticələri də birmənalı deyildir. Şəxsi qənaətimə gəldikdə, mən həqiqi iki dilliliyin olmamasını dəstəkləyən alimlərin arxasında yer aldığımı bildirmək istəyirəm. Bu qənaəti, habelə, yuxarıda sadaladığımız nüansları daha da dəstəkləmək üçün, həyata keçirilmiş bir neçə təcrübəyə bir yerdə nəzər salaq. Ancaq, gəlin əvvəlcə iddiamızı bir daha gözdən keçirək. Deməli, hər hansı iki dildə tamamilə eyni miqdarda dil təsirinə məruz qalınması mümkünsüz olduğu üçün bir insanın həqiqi iki dilli olması imkansızdır. Çünki, bu şəkildə, bir insan iki dilli olarsa o hər iki dildə də ana dilində danışan adam olmuş olur. Ana dilində danışan adam barədə olan yazımızda vurğulandığı kimi bir insanın bir ana dili və ikinci dilləri olduğunu nəzərə alaraq, bunun mümkünsüz olduğunu bir daha diqqətinizə çatdırırıq. Mövzuya jurnalımızın əvvəlki saylarında toxunulduğu üçün burqda əlavə izaha girməyə ehtiyac görməməklə yanaşı, onu da bildirmək istəyirəm ki, bu fikirlər nə qədər də elmi məqalələrə əsaslansa da, nəticə etibarı ilə, subyektivdir. Indi isə gəlin bir neçə təcrübəyə nəzər salaq.

Maraqlı araşdırmalardan biri Leiken tərəfindən 2009 cu ildə həyata keçirilib (10). Müəllif İsraildə yaşayan rus və ivrit dillərində danışa bilən iki dilli uşaqları müşahidə etmiş və uzun müddətli araşdırma həyata keçirmişdir. Əslində, bu araşdırmanın məqsədi bir-birindən strukturuna görə ciddi şəkildə fərqlənən dillərdə iki dilli olan insanların fonem keçidinin necə etdiklərini müşahidə etmək idi. Araşdırmanı daha da maraqlı edən səbəblərdən biri də hər iki dildə təhsilli və yalnız ivrit dilində təhsilli iki dillilərin araşdırmaya cəlb olunması idi. Biz sadəcə araşdırmanın özümüzə lazım olan, yəni, mövzumuza aid hissəsinə diqqət yetirəcəyik. İsraildə yaşayan, evdə rus dilində məktəbdə isə ivrit dilində danışan 80 nəfər arasında aparılan bu araşdırmada məlum olub ki, bu iki dilli insanlar ivrit dilinin fonem strukturunun bəzi nüanslarını, daha dəqiq desək, fonem birləşmələrini rus dilinə şamil edirdilər. Buna dilçilikdə mənfitransfer deyilir. O da məlum olub ki, sadəcə ivrit dilində təhsil alan iki dillilərə nisbətən, həm ivrit, həm rus dilində təhsil alanlarda bu mənfitransfer daha az olub. Düzdür, araşdırmanın əsas məqsədi həqiqi iki dilliliyin mümkünsüzlüyünü göstərmək olmasa də, əldə olunan nəticələr bizə “həqiqi iki dillilik olsaydı mənfi transfer baş verməzdi”,- deməyə imkan verir. Yəqin indi düşünürsünüz ki, bəlkə bu insanlar rus dilində yetəri qədər dil təsirinə məruz qalmırdılar; ona görə danışdıqları digər dilin təsiri özünü daha çox büruzə verirdi. Bu yazını yazmaqda məqsədimiz də elə odur ki, yazının əvvəlində də sadalanan faktorlara əsaslanaraq, iki dildə də eyni cür dil təsirinin imkansızlığını irəli sürərək, həqiqi iki dillilyin mümkünsüzlüyünü iddia edək.

ABŞ-da aparılan başqa bir araşdırmada isə, mandarin və ingilis dilində danışan, iki dilli 35 uşaq müşahidə edilmişdir (11). Hər iki valideyni çinli olan bu uşaqlar artıq 30 – 35 ay idi ki, ingilis dilində təhsil alırdılar; evdə isə mandarin dilində danışırlar. Araşdırmanın məqsədi ingilis dillində təhsilin iki dilli (mandarin və ingilis) uşaqların söz ehtiyatına təsirini ölçmək idi. Araşdırma zamanı, bu uşaqlara müxtəlif şəkillər göstərməklə, onların mandarin və ingilis dillərindəki söz ehtiyatlarını ölçmək hədəflənmişdi. Nəticələrə əsasən, müəlliflər iddia edirlər ki, məktəbə getmə müddəti artdıqca, ingilis dili mandarin dilinə dominantlıq etməyə başlayır. Hətta, onlar çinli valideynlərə uşaqlarını mandarin dilində həftə sonu məktəblərinə (ing: weekend schools) yazdırmağı məsləhət görmüşdülər.

Mənbələr

1. Dictionary, C. (2016, 05 10). Cambridge Dictionary. Retrieved from Cambridge

Dictionary: www.dictionary.cambridge.org

2. Bloomfield, L. (1933). Language. Chicago: University of Chicago Press.

3. Peal, E., & Lambert, W. (1962). The relation of bilingualism to intelligence. Psychological Monographs. General and Applied Linguistics, 76(23), 1-23.

4. Diebold, A. R. (1964). Incipient bilin­gualism. New Haven.

5. Chomsky, N. (1965). A spects of the Theory of Syntax. Cambridge: MIT Press.

6. Klima, E., & Bellugi, U. (1979). The Signs of Language. Boston: Harward University Press.

7. Grosjean, F. (1989). Neurolinguists, beware! The bilingual is not two monolinguals in one person. Brain and Language, 36(1), 3-15.

8. Beller N. (1979) Curso del náhuatl moderno: Náhuatl de la Huasteca. Summer Institute of Linguistics.

9. Stenemalm, H., Rasheed, A., & Ekholm, E. (2010). Ensamtid kan ge språkflöde. Holmbergs i Malmö AB.

10. Mark, L.(2009). General and specific benefits of bi-literate bilingualism: a Russian–Hebrew study of beginning literacy . Springer Science+Business Media, 268-292.

11. Honig, A., & Yili, X. (2012). Chinese Immigrant Families and Bilingualism Among Young Children. NHSA Dialog A Research-to-Practice Journal for the Early Childhood Field, 15(04), 303-318.


Rəsm əsəri: Anna Magruder – Métis (2014). Rəsm Portlandli sənətçi Anna Magruderin Oreqonun Rəsmli Tarixi adlı layihəsinin bir hissəsidir. Oreqonun birinci nəsil gəlmələri xəz biznesində olan Fransız Kanadalılar idi. 1830-cu illərdə kişilər adətən Yerli Amerikan qadınlarla evlənirdilər. Onların uşaqları olan bütöv bir nəsil isə qarışıq irqdən, yəni, Fransızca Métis olurdular. Oreqonun amerikanlaşdırılmasından sonra, 1840-cı illərdə Yerli qadınlar və uşaqları Grand Ronde qoruğuna köçməyə məcbur olublar. Adətən Oreqon cəmiyyətinə qəbul olunmayan Metis oğlanlardan fərqli olaraq, irsiyyətindən uzaq Metis qızların cəmiyyətə inteqrasiya olmaq şansları var idi. Lakin onların Yerli irsiyyətləri yeni ailələri tərəfindən tanınmır, nəsillərlə unudulurdu.

Bu ailə portreti Metis qızların çəkmiş olduğu çətinliklərə işarə edir. Valideynlərlə əlaqə genetik və emosionaldır. Bütöv bir irqlə, kimliklə əlaqəmizi necə kəsə bilərik? Bu mümkündürmü? Bu, özümüzün və uşaqlarımızın kim olmasına necə təsir edir? (Mənbə: Anna Magruder)

Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top