| Benjamin Peters |
1970-ci il 1 oktyabr səhəri kompüter alimi Viktor Qluşkov Politbüro ilə görüşmək üçün Kremlə daxil olur. Kəskin baxışlı gözləri tünd eynəklə əhatələnmiş Qluşkov ehtiyatlı və hər hansı bir məsələnin üzərində işləyərkən digər oxşar məsələlərin də həllinə yol açacaq ümumi metod hazırlayan zəkaya malik biri idi. Ondan bir il əvvəl, Birləşmiş Ştatlar indi istifadə etdiyimiz internetin əsasasını qoyan və ilk paket dəyişdirən paylanmış kompüter şəbəkəsi (ing. packet-switching distributed computer network) olan ARPANET-i işə salmışdı. Bu paylanmış şəbəkə, nüvə hücumu zamanı belə alimlər və ölkə rəhbərlərinin kompüterlərinin bir-birilə danışmasına imkan yaradaraq ABŞ-a Sovetlə rəqabətdə üstünlük qazandırmaq üçün dizayn olunmuşdu. Bu, texnologiya savaşının pik nöqtəsi idi və Sovet reaksiya verməli idi.
Qluşkovun arzusu elektronik sosializmin bünövrəsini qoymaq idi. Möhtəşəm iddiaları olan layihəsini Ümumittifaq Avtomatlaşdırılmış Sistemi adlandırmışdı. Layihənin məqsədi planlı iqtisadiyyatı daha səmərəli etmək və texnoloji olaraq yeniləmək idi. Sistem iqtisadi tarazlıqları öncədən proqnozlaşdırmağa imkan verən kompüter modelləri ilə sürətlənəcək, ancaq iqtisadi qərarlar bazar qiymətləri yox, dövlət planları əsasında verilməyə davam ediləcəkdi. Qluşkov daha ağıllı və sürətli qərarvermə, hətta elektronik valyuta belə nəzərdə tutmuşdu. Ehtiyacı olan tək şey Politbüronun pul kisəsi idi.
Lakin, həmin gün böyük otağa daxil olan Qluşkov uzun masanın ətrafında iki boş stul görür: onun iki ən güclü müttəfiqi görüşdə iştirak etmirdi. Əvəzində, o, bir qrup iddialı və soyuq baxışlı nazirlə qarşılaşmaq məcburiyyətində qalmışdı ki, bu nazirlərin özləri Politbüronun kassasına çıxış və dəstək axtarırdılar.
1959 və 1989-cu illər arasında aparıcı Sovet alimləri və dövlət xadimləri sosial məqsədlərlə təkrar-təkrar milli kompüter şəbəkəsi yaratmağa çalışmışdı. İkinci Dünya Müharibəsindən yaraları sağalmamış Sovet İttifaqı, çar dövrünün oxuma-yazma bilməyən kəndlilərindən ibarət bir xalqı qlobal nüvə gücünə çevirən iri müasirləşmə layihələrini həyata keçirməyə davam edirdi.
İttifaqın lideri Nikita Xruşşovun 1956-cı ildə Stalinin şəxsiyyətə pərəstiş siyasətini tənqid etməsi ilə, yeni imkanların yaranması hissi bütün ölkəyə yayılmışdı. Bu ərəfədə, səhnəyə ölkənin iqtisadiyyatını şəbəkələrlə təchiz etmək üçün çox sayda layihələr daxil olmağa başladı; layihələrdən biri dünyada ilk dəfə adi vətəndaşlar üçün milli kompüter şəbəkəsinin yaradılmasını belə təklif edirdi. Layihə hərbi tədqiqatçı Anatoli İvanoviç Kitovun fikri idi.
Cavan, alçaqboylu və riyazi istedadlı Kitov İkinci Dünya Müharibəsi vaxtı Qırmızı Ordunun sıralarında yüksəlmişdi. Ardından, 1952-ci ildə məxfi hərbi kitabxanada Norbert Wienerin şah əsəri olan Kibernetika (Cybernetics, 1948) adlı kitabı ilə qarşılaşmışdı; kitabın adı Yunan dilində gəmi kapitanı sözündən və müharibəsonrası özünüidarəedən informasiya sistemlərindən götürülmüş neologizm idi. İki təcrübəli alimin də köməyi ilə Kitov kibernetikaya kompüterlə özünüdarəedən kontrol və kommunikasiya sistemləri yarada bilən Rusdilli yanaşma gətirir. Kibernetikanın axıcı lüğəti Sovet hökümətini Stalin idarəçiliyini səciyyələndirən şiddət və şəxsiyyətə pərəstişdən qoruyan, rasional Marksist idarəetmə üçün əlverişli yüksək texnoloji alətlərlə təmin etməliydi. Bəlkə də kibernetika başqa bir güclü diktatorun bir daha əmələ gəlməyəcəyinə zəmanət verə bilərdi–ən azı, texnokratik röyaya əsasən belə idi.
1959-cu ildə məxfi hərbi tədqiqat mərkəzinin direktoru kimi Kitov diqqətini Sovet iqtisadi proyektinin ən başağrıdıcı informasiya-koordinasiya problemi olan milli iqtisadiyyatın planlamasını təkmilləşdirmək üçün “limitsiz miqdarda etibarlı hesablama gücünün” verilməsinə cəmləyir. (Məsələn, 1962-ci ildə məlum olur ki, 1959-cu ildə əllə edilmiş hesablamada edilmiş bir səhv əhalinin sayının proqnozlaşdırılmasında 4 milyon nəfərə yaxın xətaya yol açmışdır.) Kitov düşüncələrini Xruşşova göndərdiyi “Qırmızı Kitab məktubu”na yazır. O, təklifində ordunun üzvləri gecələr yatan zaman işlək hərbi kompüter komplekslərinin “mülki qurumlar” tərəfindən iqtisadi planlama üçün istifadə edilməsinə icazə istəyirdi. Beləliklə, iqtisadi planlayıcılar ordunun zəngin hesablama potensialından istifadə edərək, əhalinin siyahıyaalınmasındakı problemləri yerindəcə həll edə və lazım gələndə gecə vaxtı belə iqtisadi plana dəyişikliklər edə bilərdi. Bu hərbi-mülki milli kompüter şəbəkəsinin adını Avtomatlaşdırılmış İqtisadi İdarəetmə Sistemi qoymuşdu.
Belə gətirir ki, Kitovun hərbi nəzarətçiləri Qırmızı Kitab məktubunu Xruşşova çatmamış ələ keçirir. Qırmızı Ordunun resurslarını–Kitovun “geridəqalmış” deyə təsvir etməyə cürət etdiyi resursları–mülki iqtisadi planlayıcılarla paylaşmaq ideyası onları hiddətləndirir. Kitovun qanun pozuntularını nəzərdən keçirmək üçün gizli hərbi tribunal çağrılır və ardından o, Kommunist Partiyası üzvlüyündən bir illik, ordudan isə həmişəlik uzaqlaşdırılır. İlk milli ictimai kompüter şəbəkəsi təklifi bu şəkildə sona çatır.
İdeya isə ölmür. 1960-cı illərin əvvəlində başqa bir alim, on illər sonra ailə bağları ilə də Kitova yaxınlaşacaq olan bir adam Kitovun təklifini yenidən ələ alır: Viktor Mixayloviç Qluşkov.
Qluşkovun planının tam adı belə–SSRİ Milli İqtisadiyyatın Mühasibatı, Planlaşdırılması və İdarəsi üçün İnformasiyanın Toplanması və İşlənməsi üçün Ümumittifaq Avtomatlaşdırılmış Sistemi– planın iddiasından xəbər verir. İlk dəfə 1962-ci ildə irəli sürülən Ümumittifaq Avtomatlaşdırılmış Sistemi (Rusca: Общегосударственная автоматизированная система учёта и обработки информации, OQAS) mövcud və yeni telefon xətləri əsasında yaradılacaq, həqiqi zamanda çalışan və uzaqdan idarəli milli kompüter şəbəkəsi olacaqdı. Ən iddialı formasında, OQAS bütün Avrasiya materikini əhatə edəcək, planlı iqtisadiyyatın sinir sistemi kimi hər zavoda və istehsalat müəsisəsinə bağlanacaqdı. Şəbəkə dövlətin və iqtisadiyyatın ierarxik quruluşuna uyğun modelləşdirilmişdi: Moskvadakı mərkəzi kompüter mərkəzi əsas şəhərlərdəki 200 orta-səviyyəli kompüter mərkəzlərinə, onlar isə öz növbəsində, milli iqtisadiyyatın əsas istehsalat nöqtələrindən yerləşən 20 000-ə yaxın kompüter terminallarına bağlanacaqdı.
Qluşkovun ümumi düşüncəsini əks etdirən şəbəkə bilərəkdən mərkəzsizləşdirilmiş dizayna sahib idi. Bu o demək idi ki, Moskva hələ də kimin hansı icazəni alacağını təyin etsə də, hər bir icazəli istifadəçi Moskvanın icazəsi olmadan piramid şəbəkəsi boyu istənilən başqa bir istifadəçi ilə əlaqə saxlaya bilərdi. Karyerasının böyük hissəsini oxşar riyazi problemlərin həlli üçün öz şəhəri və paytaxt arasında get-gəldə keçirən biri kimi (bəzən zarafatla Kiyev-Moskva qatarını öz “ikinci evi” adlandırırdı), Qluşkov şəbəkələrdə məhəlli informasiyanın istifadəsinin faydaları ilə yaxından tanış idi.
Xüsusilə 1960-cl illərin sonunda bir çox dövlət nümayəndəsi və iqtisadi planlayıcı üçün OQAS layihəsi illərin tapmacası üçün növbəti ən yaxşı cavab idi: Sovetlər gələcəyin kommunizm olacağından əmin idi, lakin Marx və Engelsdən sonra heç kim ora necə gedib çıxılacağını bilmirdi. Qluşkov üçün şəbəkələşdirilmiş hesablama sistemi ölkəni Francis Spuffordun ifadəsi ilə “qırmızı bolluğa” yaxınlaşdıra bilərdi. Bu sistem, əmr iqtisadiyyatının kağız-əsaslı qanını–kvotaları, planları, ağrılı sənayə standartları icmallarını–ölkənin elektrik sürətilə çalışan möhtəşəm sinir impulslarına çevirməyin bir yolu idi. Layihə “elektronik sosializmin” başlanğıcından başqa bir şey deyildi.
Belə iddialı girişimlər köhnə düşüncəni dəyişdirmək gücündə olan parlaq zəkalı və sağlam əqidəli insanlar tələb edir. 1960-cı illərin əvvəlində belə insanlara Kiyevdə – Struqatski qardaşlarının gecələr elmi fantastika yazıb, gündüzlər fizik kimi çalışdığı yerdən bir neçə blok aralıda rast gəlmək olardı. Orada, Kiyevin kənarlarında, Qluşkov 1962-ci ildən başlayaraq 20 il Kibernetika İnstitutunu idarə etmişdir. O, institutu iddialı gənc qadın və kişilərlə doldurmuşdu; tədqiqatçıların orta yaşı təxminən 25 idi. Qluşkov və onun gənc işçiləri özlərini OQAS-ı və Sovet sisteminə xidmət edən digər kibernetik layihələri inkişaf etdirməyə həsr etmişdilər: məsələn, 1960-cı illərin əvvəlində sabit valyutanı onlayn hesablar kitabına çevirəcək elektronik qəbz sistemi bu qrupun işlərindən biri idi. Marxın paraqraflarından bədahətən sitatlar gətirirək Kommunist Partiyası ideoloqlarını tənqid edən Qluşkov ixtirasını Marksist təxminlərdəki pulsuz sosialist gələcəyə aparacaq vasitə kimi görürdü. Təəssüf ki, Qluşkovun Sovet e-valyuta ideyası lazımsız həyəcana səbəb oldu və 1962-ci ildə komitənin təsdiqini ala bilmədi. Lakin xoşbəxtlikdən, onun möhtəşəm iqtisadi şəbəkə layihəsi sonralar yenə də işıq üzü gördü.
Kiyevdəki kibernetiklər ağıllı neyron şəbəkəsi, Sovet iqtisadiyyatı üçün sinir sistemi təsəvvür edirdilər. Beyinlə kompüter şəbəkəsi arasında qurduqları kibernetik bənzətmə Kiyevdə kompüter nəzəriyyəsinə edilmiş başqa yeniliklərdə də özünü göstərir. Məsələn, kompüterdə ötürülə bilən datanın miqdarını məhdudlaşdıran “von Neumann daralması” na həll yolu kimi Qluşkovun komandası insan beynindəki sinapslarda impuls ötürülməsinə əsasən modelləşdirilən “makro-boru emalı” yanaşması təklif edirdilər. Saysız-hesabsız meynfreym kompüter layihələrinə əlavə olaraq, qrupun üzərində işlədiyi nəzəri məsələlərə avtomat nəzəriyyəsi, kağızsız ofis və insanlara kompüterlə indiki kimi təkcə sintaktik yox, həm də semantik olaraq ünsiyyət qurmağa imkan verəcək təbii dil proqramlaşdırması da daxil idi. Daha da iddialısı, Qluşkov və tələbələri “informasiya ölümsüzlüyü” barədə düşünürdülər; Isaac Asimov və ya Arthur C. Clarke-ın yazılarında bəhs etdikləri “zehin yüklənməsi (upload)” adlandıra biləcəyimiz ideya. On illər sonra ölüm yatağında olan Qluşkov kədərli yoldaşının könlünü belə alacaqdı: “Narahat olma, bir gün Yer kürəmizin işığı ulduzlardan ötüb keçəcək və hər ulduzda biz daha cavan yaranacağıq yenidən. Beləcə sonsuzadək bərabər olacağıq!”
Kibernetiklər işdən sonra az qala itaətsizlik həddinə çatacaq şən zarafat və məzhəkə ilə dolu, komediya klubunda vaxt keçirirdilər. İşin ağırlığını çiyinlərindən atmaq üçün bir yer olan klub özünü Moskvanın idarəsindən kənarda virtual ölkə kimi görürdü. 1960-cı ilin Yeni İl şənliyində qrupun adını “Kibertoniya” qoymuş, Kiyev və Lvovda bayram rəqsləri, simpoziumlar və konfrans kimi sosial tədbirlər təşkil etmiş, hətta “Görünməz Olmaq İstəmək Üzərinə — Ən Azından Səlahiyyətli Şəxslərin Gözündə” adlı yumoristik qəzet də buraxmışdılar. Qrup tədbir dəvətnamələri əvəzinə içi zarafatla dolu qondarma pasportlar, nigah şəhadətnamələri, qəzetlər, valyuta, hətta Kibertoniya konstitusiyası belə hazırlayırdı. Sovet İttifaqının idarəetmə strukturunun (şura) parodiyası kimi Kibertoniya da robotlar şurası tərəfindən idarə olunurdu; şuranın başçısı isə qrupun rəmzi və ümummilli lideri olan saksofon çalan robot idi.
Qluşkov da əyləncədə iştirak edirdi: Ukrayna Elmlər Akademiyasının vitse-prezidenti olmasına baxmayaraq o, memuarının adını “Səlahiyyətli Şəxslərə Baxmayaraq” qoymuşdu. Əks-mədəniyyət (kontrmədəniyyət), Fred Turnerin işlərində sözü keçən hesablama gücü və güclərə qarşı çıxma cəsarəti lap əvvəldən kiber-mədəniyyətin yaxın dostu olmuşdur.
Lakin bütün bunlar üçün çoxlu pul tələb olunurdu–xüsusilə də Qluşkovun OQAS layihəsi üçün. Bu isə o demək idi ki, Politbüronu bu pulu verməyə inandırmaq lazım idi. Buna görə, Qluşkov 1 oktyabr 1970-ci ildə Kibertoniyanın işini davam etdirmək və düzənsiz Sovet hökümətinə interneti gətirmək üçün Kremlə gəlmişdi.
Qluşkovun qarşısını bir nəfər alırdı: maliyyə naziri Vasili Qarbuzov. Qarbuzov ölkə iqtisadiyyatını hansısa bəzəkli, həqiqi zamanda optimallaşdırılmış kompüter şəbəkələrinin idarə etməsini və məlumatlandırmasını istəmirdi. O daha sadə, bir müddət əvvəl Minskə səfərində gördüyü növdən, işığı yanıb-sönən və toyuq hinində musiqi çalaraq yumurta istehsalını gücləndirən kompüterlər istəyirdi. Lakin təbii ki, onun mövqeyi praqmatikliyindən qaynaqlanmırdı. Əslində o, öz nazirliyi üçün maliyyə dəstəyi istəyirdi. Hətta şaiyələrə görə Qarbuzov 1 Oktyabr görüşündən əvvəl islahatçı baş nazir Aleksey Kosiginlə təkbətək görüşmüş və öz rəqib nazirliyi olan Mərkəzi Statistika Administrasiyası OQAS-ın idarəsini əlində saxlayacağı təqdirdə, Kosiginin beş il öncə irəli sürdüyü tədrici islahatlarına etdiyi kimi, bu təşkilatın da irəli sürdüyü bütün islahatları Maliyyə Nazirliyi tərəfindən daxili yollarla batıracağı ilə hədələmişdir.
Qarbuzovla üzləşmək və Sovet internetini yaşatmaq üçün Qluşkova müttəfiqlər lazım idi. Lakin müttəfiqlərin heç biri o görüşə gəlməmişdi. Yerləri boş qalan iki kürsünün sahibləri baş nazir və texnokrat baş katib Leonid Brejnev idi. Bu iki şəxs Sovet hökümətinin iki ən güclü adamı– və OQAS-ın yəqin ki, ən böyük tərəfdarları idi. Lakin görünür, onlar bir nazirliyin qiyamının qarşısını almağa çalışmaqdansa, görüşdə iştirak etməməyi seçmişdilər.
Qarbuzov planlı iqtisadiyyatda informasiya axımını optimal olaraq modelləşdirmək və idarə etmək iddiasında olan OQAS layihəsinin çox qısa zamanda çox şey tələb etdiyinə Politbüronu məharətlə inandırmağı bacardı. Şura az qala digər istiqamətə getməsinə baxmayaraq sonda Qarbuzovu dəstəkləməyin daha təhlükəsiz yol olduğuna qərar verdi–hələ də tam məxfi layihə olan OQAS isə bir on il daha gözdən keçirilmək üçün kənara qoyuldu.
OQAS-ı söndürən güclər Sovet İttifaqının özünü dağıdan güclərlə oxşarlıq təşkil edir: təşkilati davranış normalarının heyrətləndirici dərəcədə qeyri-rəsmi şəkildə pozulması. Təxribatçı nazirlər, status-kvoya yönəlik bürokratlar, narahat zavod müdirləri, çaşqın işçilər və hətta digər iqtisadi islahatçılar belə öz fərdi maraqlarına uyğun gəlmir deyə OQAS-ın qarşısını aldılar. Hökümət dəstəyi və nəzarəti olmadan, elektronik sosializmi gətirəcək milli şəbəkə layihəsi, 1970 və 80-ci illərdə əvvəlcə bir sıra, daha sonra yüzlərlə təcrid olunmuş, bir-birlərilə qarşılıqlı əlaqədə olmayan yerli zavod idarəetmə sistemləri səviyyəsinə endirildi. Sovet hökümətinin ölkəni şəbəkələşdirə bilməməsinin səbəbi həddən artıq sərt, yuxarıdan-aşağı idarəetmə tərzi deyil, fərdlərin şəxsi maraqlarına uyğun olaraq dəyişən yararsız idarəetmə sistemi oldu.
Bütün bu məsələdə bir ironiya var. İlk qlobal kompüter şəbəkəsinin ABŞ-da yaranmasının səbəbi yaxşı idarə olunan dövlət maliyyəsi və əməkdaşlığın hökm sürdüyü tədqiqat mühiti olduğu halda, SSRİ-nin milli şəbəkə cəhdlərinin qarşısını alan şey idarəsiz rəqabət və Sovet idarəçiləri arasındakı institusional daxili savaşlar oldu. İlk qlobal kompüter şəbəkəsinin yaranması rəqabətcil kapitalist kimi davranan sosialistlərin yox, kooperativ sosialistlər kimi hərəkət edən kapitalistlərin sayəsində baş verdi.
Sovet internetinin taleyinin fonunda, internetin gələcəyi ilə bağlı hal-hazırda qarşılaşdığımız problemləri açıq-aydın görə bilərik. Bu gün internet–yəni, informasiya azadlığı, demokratiya və ticarətin inkişafına imkan yaradan şəbəkələrin qlobal şəbəkəsi–tənəzzüldədir. Şirkət və dövlətlərin onlayn fəaliyyəti necə sərhədləməyə və təcrid etməyə çalışdıqlarına fikir verin: hamı tərəfindən istifadə olunan mobil tətbiq açıq ictimai məkan yox, hasarlanmış bir bağdır. Daxili traffikə yönümlü cazibə quyuları (məsələn, Facebook və Çinin qoruyucu divarı) xaricə yönəlik saytları getdikcə yeyib bitirməkdədir. Eyni şəkildə, Fransa, Hindistan, Rusiya və başqa ölkələr də İnternet Adlarının və Nömrələrinin Verilməsi üzrə Assosiasiyanı (ICANN) beynəlmiləşdirmək və öz vətəndaşları üçün xüsusi qaydalar tətbiq etməyə can atırlar. Buna görə də, şübhəsiz ki, hesablama şəbəkələrini gələcəkdə bir internet yox, bir çox fərqli onlayn ekosistemlər gözləyir.
Başqa sözlə, gələcək şübhəsiz ki, keçmiş kimi olacaq. 20-ci əsrdə çox sayda milli kompüter şəbəkəsi qlobal status uğrunda mübarizə aparırdı. Zarafatla “Sovet nyetworking”-i adlandıra biləcəyimiz və tarixçi Slava Geroviçin “Sovet İnternyeti” adlandırdığı bu Soyuq Müharibə dramı, kompüter şəbəkələrinin qarşılaşdırmalı araşdırması üçün yaxşı material təşkil edir. Keçmişdə mövcud olmuş bir çox və potensial gələcək şəbəkələri nəzərə aldıqda, tək qlobal şəbəkələr şəbəkəsi qaydaya istisnadır. Həkayənin mərkəzindəki–kooperativ kapitalistlərin rəqabətcil sosialistləri üstələdiyi– Soyuq Müharibə ironiyasının Sovetlər üçün yaxşı qurtarmadığını nəzərə alsaq, bəlkə də sabahkı internetin də sonu da bundan çox fərqlənməyəcək.
Antropoloq və filosof Bruno Latoura görə “texnologiya daha dayanıqlı vəziyyətə çevrilmiş cəmiyyətdir”; yəni, sosial dəyərlər texnologiyalara çevrilir: məsələn, Google-un PageRank (Səhifə Sıralaması) alqoritmi demokratik sayılır, çünki, başqa bir çox faktora əlavə olaraq, alqoritm səhifədəki keçidləri (link) (və başqa saytlarla əlaqə quran saytlara olan keçidləri) səs olaraq sayır. Səs yığan siyasətçilər kimi, ən çox keçidi olan səhifələr də daha yuxarı sıraları tutur. SSRİ-nin internet hekayəsi Latourun aforizminin əksinin də doğru olduğunu göstərir: cəmiyyət də zəiflədilmiş və keçiciləşdirilmiş texnologiyadır.
Başqa sözlə, sosial dəyərlərimiz dəyişdikcə, texnologiya ilə bağlı təbii qəbul etdiyimiz şeylər də dəyişəcək. Bir zamanlar Sovetlər şəbəkələrə bu gün bizə yad görünən dəyərlər yükləyirdilər–kibernetik kollektivizm, hökümət ierarxiyası və planlı iqtisadiyyat; eyni şəkildə, müasir oxucuların internetlə əlaqələndirdikləri dəyərlər də gələcək insanlara qəribə görünəcək. Onlar haqqındakı ən həlim sosial fərziyyələrimiz tarixin yaddaşına keçsə belə, şəbəkə texnologiyaları yaşayacaq və dəyişəcək.
Qluşkovun hekayəsi investor sinfi və texnoloji inkişafın vasitəçiləri üçün yaxşı nümunədir: heyrətamiz zəka, uzaqgörən düşüncə və siyasi bacarıq dünyanı dəyişdirmək üçün kifayət deyil. Nəticə çox vaxt tamamilə ictimai təsisatlardan asılıdır. Sovet təcrübəsindən və rəqəmsal data mədənçiliyi və başqa növ məxfilik istismarı ilə məşğul olan mediya mühitindən öyrənəcəyimiz dərs budur: kompüter şəbəkələrini yaradan təşkilati şəbəkələr və onların mədəniyyətləri çox vacib rol oynayır və onlar qeyri-mükəmməldir.
Kompüter şəbəkəli layihələr və onların təbliğatçıları şəbəkənin gələcəyi barədə ictimaiyyətə nikbin nəğmələr oxusa da, idarə olunmadıqları təqdirdə, özəl institusional qüvvələr bütün nəzarət-müşahidə şəbəkələrindən istifadə edərək həyatlarımız haqda hər şeyi öyrənib istifadə etməyə davam edəcəklər. (Bəlkə də məxfilik dediyimiz şey elə budur: fərdlərin müşahidə və ya nəzarət olunmaqdan qorunmaq haqqı yox, informasiyaya ac institutlara həyatlarımızı izləmək üçün sonsuz qüvvənin verilməsi.) Sovet nümunəsibizə xatırladır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin ölkədaxili casusluq proqramı və Microsoftun Cloudu təməli uzun müddət öncə, 20-ci əsr baş katibləri tərəfindən atılmış, şəxsi və ictimai informasiyanın özəlləşdirilərək institusional gəlir üçün istifadə edilməsi ənənəsinin davamçılarıdır.
Başqa sözlə, qlobal internetin rəqabətcil sosialistlər tərəfindən deyil, kooperativ kapitalistlər tərəfindən yaradılması bizi rahatlaşdırmamalıdır; Sovet internetinin hekayəsi biz internet istifadəçilərinə bunu xatırlatmalıdır: bu gün interneti dəstəkləyən özəl maraqların, rəqabətcillikləri ilə Sovetdə elektronik sosializmin qarşısını alan böyük güclərdən fərqli davranacağına və hazırkı şəbəkə eramızın bu fəslinə son qoymayacağına heç bir qarantiya yoxdur.
Benjamin Peters Tulsa Universitetinin kommunikasiya üzrə dosenti və Yale Hüquq Məktəbindəki İnformasiya Cəmiyyəti Layihəsinin fakültə üzvüdür. Peters həmçinin Ölkəni Necə Şəkələşdirməməli: Sovet İnternetinin Çətin Tarixi (2016) adlı kitabın müəllifidir. Bu məqalə ilk dəfə Aeon onlayn jurnalında dərc olunub.
Tərcümə: Ərtoğrul Alışbəyli
Redaksiya: Nicat Qarayev, Araz Zeyniyev, Nəzakət Əzimli
Mətndəki şəkillərin mənbəyi
Çox geniş və faydalı məqalədir. Əməyi keçən hərkəsə təşəkkürlər. Belə önəmli işlər tarixən həmişə az tanınır, əminəm ki, əməkdaşların əsas motivasiyası onları ağılsız çoxluq yerinə, ağıllı azlığın təqdir etməsidir. Yalnız, bu sayədə onlar elm adına gördükləri işlərə həvəslə davam edə bilərlər. Bir daha təşəkkürlər və uğurlar.