Sosial Məsuliyyət Manifesti

Bu yazı, Elmi Spektrin özünün və onun yazarları ilə oxşar mövqedə olanların tənqididir. Yazıdakı fikirlərin o qədər də dəbdə olan fikirlər olmaması yəqin ki, onun çoxları tərəfindən bəyənilməməsi ilə nəticələnəcək və çoxları səslənən fikirlərin doğru olma ehtimalını belə dəyərləndirməyəcək. Çoxlarının həyat təcrübəsinin reflekslərdən və axınla aşağı doğru üzməkdən ibarət olduğunu bilənlər üçün bu heç də təəccüblü bir hal olmayacaq. Ona görə də və buna baxmayaraq, aydın olan şeylərin anlaşılmadığı bir yerdə aydın olan şeyləri deməkdə fayda olduğunu düşünür və dəb ilə həqiqət qarşısında seçim etməli olduğumuz anlarda həqiqətin tərəfində durmağı seçirik.

İnsan aktiv varlıqdır. O, doğulandan ətraf mühitlə əlaqəyə girir və bu əlaqə sayəsində zamanla dünyanı başa düşür. Hansısa valideynlərin evində böyüyür, hansısa məktəbə gedir, hansı başqa valideynlərin övladları ilə ünsiyyətə girir, dostlar və düşmənlər qazanır, hansısa şəhərdə, hansısa səkilərdə gecə vaxtı təhlükəsiz gəzir, hansısa binanın həyətində oyunlar oynayıb əzələlərini inkişaf etdirir, hansısa xəstəxanada hansısa həkim tərəfindən müalicə olunur, hansısa əzzazil bir müəllimin, iş yoldaşının, qonşunun ona çəkdirdiyi əziyyətlərə boyun əyir, reaksiya verir, mövqe sərgiləyir, hansısa insanlar tərəfindən könüllü şəkildə əkilmiş ağacların istehsal etdiyi oksigeni udur, hansısa haqqı tapdalanmış, aldadılmış və əzilmiş süpürgəçinin süpürdüyü təmiz küçələrdə gəzir, hansısa istismar olunmuş uşağın əməyi ilə hazırlanmış paltarları geyinir, hansısa gecə-gündüz, aşağı maaşla, qeyri-insani şəraitlərdə işləyən çörəkçinin hazırladığı çörəyi almaq üçün 40 qəpik xərcləyir, böyüyür, boya-başa çatır. Bu şəkildə, ətraf mühitdəki haqsızlıqlar və şanslar tərəfindən formalaşdırılmış yetkin fərdlərin bir çoxu, həyatları boyu, dominant fərdiyyətçi düşüncənin yaratdığı axınla aşağı doğru üzərək, pauza edib gəldikləri nöqtəyə necə gəldikləri barədə düşünməyə ehtiyac duymur. Onlar, hər şeyi və ya əsas şeyləri fərdi yaxud da uzağı ailə üzvlərinin səyləri nəticəsində qazandıqlarına inanaraq ilə hərəkət edir, yenə də onları formalaşdıran ətraf mühitdən istifadə edərək özlərinə dünyada yer qazırlar. Bunlardan bəziləri çox uğursuz cəmiyyətlərdə çox uğurlu valideyn, çox uğurlu biznesmen, çox uğurlu elm adamı, çox uğurlu həkim, çox uğurlu mühəndis, hüquqşünas, çörəkçi, saatsaz olurlar. Bütün bu insanları birləşdirən cəhət isə yuxarıda da qeyd olunduğu kimi gəldikləri nöqtəyə necə gəldikləri barədə olan fikirləridir: başımıza gələn yaxşı şeylərin yeganə səbəbkarı verdiyimiz əməkdir! Fərasətli, ağıllı, çalışqan olduğuma görə gəldiyim yerə gəlmişəm! Uğurlarıma görə özümə (və bəzi nadir hallarda, müəllimlərimə, sevgilimə, atama-anama, uşaqlarıma və s.) təşəkkür edirəm! (gurultulu alqışlar)

Axmaq səslənir, deyilmi? Bir insan müəllimi olmadan necə öyrənsin? Atası-anası olmadan dünyaya necə gəlsin? Çətin anlarda sevgilisinin və ya uşaqlarının dəstəyi olmadan necə davam eləsin? Davam edək, niyə dayanırıq, hansı əsaslarla dayanırıq?! Bir insan, istidə, günün altında yana-yana həyatda qalmaq üçün işləyən asfaltçəkənlərin düzəltdiyi səkilər olmadan necə gəzsin, harada gəzsin, iş yerinə getsin? Bir insan pis-yaxşı onu sağaldan xəstəxanalar, orada işləyən həkimlər və tibb işçiləri olmadan necə həyatda qalsın? Bir insan əzilmiş kütlələrin, işçilərin istehsal etdiyi məhsullarsız, pomidorsuz, kartofsuz, çörəksiz, ətsiz, soğansız necə yesin, böyüsün? Bir insan pomidora verdiyi 1 manatla, çörəyə verdiyi 40 qəpiklə aldığı şeyin əvəzini ödədiyini və o şeylərin istehsalı zaman baş verən haqsızlıqlarda iştirak etmədiyini düşünəcək qədər axmaq necə olsun? Bir insan, azərbaycanlı bir insan, azərbaycanda doğulub, böyümüş, burada məktəb bitirmiş, bu ölkədən çıxan sərvətlərdən faydanlanmış, hamının ortaq sərvəti olan neftin gəlirlərindən faydalanmış bir insan gəldiyi yerə fərdi xüsusiyyətləri sayəsində gəldiyini düşünəcək qədər avam necə olsun? Bir insan, neft pulu ilə dünyanın ən qabaqcıl universitetlərində oxuyub, daha sonra aldığı təhsilin, gəldiyi mərtəbənin yalnız öz əməyi olduğunu düşünəcək qədər dayaz necə olsun? Bu sualların cavabı bəllidir, yoldaş oxucu: B-E-L-Ə-C-Ə. Yəni, dünya və burdakı yerimiz haqda düşünmədən yuxarıda sadalananlara rahatlıqla nail olmaq olar.

İnsan aktiv varlıqdır, yoldaş oxucu. Həyat yolumuzu, gəldiyimiz nöqtəni bir az genetikamız, bir az ətraf mühit, bir az da bu ikisinin qarşılıqlı əlaqəsi təyin etsə də, biz bu prosesə seçimlərimizlə təsir edirik. Fərdin bədəni ona dünya ilə əlaqə girib, hissiyat, düşüncə, və başqa qabiliyyətləri inkişaf etdirməyə imkanlar yaradır. Keçilən inkişaf yolunda qarşılaşılan ətraf mühit amilləri isə insanların dəyərlərini, seçimlərini, prioritetlərini, reflekslərini formalaşdırır. Qısacası, bəzi kliniki halları çıxmaq şərtilə, insanların böyük əksəriyyəti böyük ölçüdə ətraf mühitinin məhsuludur. Bu gəlinən nəticə çoxlarına haqqında yazılmağa dəyməyəcək qədər açıq-aşkar bir şey kimi səslənə bilər. Lakin, düşünürük ki, nə qədər aydın olsa da, bu nəticənin nə mənaya gəldiyini başa düşmək çoxları üçün çətindir, çünki yaşadığımız dünya bu nəticənin kifayət qədər anlaşıldığına dair heç bir işarə vermir.

Məsələ burasındadır ki, yoldaş oxucu, insanın özünü birbaşa olaraq mühitin bir hissəsi, mühitdəki bir qüvvə, mühit tərəfindən formalaşdırılmış bir varlıq olaraq görməsi onun bir çox şeyə mövqeyini dəyişdirir. Bunlardan birincisi mənəvi mövqe ilə bağlıdır. Mənəvi arqumentlərin o qədər də dəbdə olmadığını bilirik, amma nələrin doğru nələrin yanlış olduğu barədə öz mövqeyimiz var və bu barədə mübahisə etməyə və mövqeyimizi əsaslandırmağa hazırıq. Mənəvi mövqe isə budur: mühit tərəfindən formalaşdırılmış fərdin, onu formalaşdıran mühit və cəmiyyət (və ya cəmiyyətlər) qarşısında məsuliyyəti var. İdeyaları təsvir etmək üçün, gəlin, Azərbaycanda mühitin fərdlərə verdiyi ən böyük imkanlardan biri olaraq Xaricdə Təhsil Proqramını və ondan istifadə edən bir Azərbaycan vətəndaşını misal kimi götürək (şiddətlə qeyd edirik ki, deyilənlər istisnasız, cəmiyyətin hər bir üzvü üçün keçərlidir, bu misal sadəcə ekstrim və bizim üçün nisbətən daha aktual olduğuna görə seçilib). Mühit (neft, müvafiq qurumlar və orada işləyən bürokratlar, neftdə pay sahibi olan 10 milyon adam və s.) tərəfindən daha keyfiyyətli təhsil alıb, yüksək keyfiyyətli həyat şanslarını artırmaq şansı əldə edən təqaüdçümüzün, ona bu şansı vermiş mühit qarşısında məsuliyyəti var. Daha da dəqiq desək, təqaüdçümüz ona verilən şansın əvəzində mühitə və cəmiyyətə geri nəsə verməyə mənəvi olaraq borcludur. Məsələni fırladıb bu biri tərəfdən baxsaq, mənəvi olaraq yüksək keyfiyyətlərə malik olan bir insan üçün bunu eləmək təbii bir seçimdir və zənnimcə, məsələ bu şəkildə qoyulduqda bunun aydın olduğu hamıya, hətta Kanadanın ən buzlu künclərində yaşayan təqaüdçülərimiz üçün də aydındır. Başqa sözlə, mühitdəki haqsızlıqlardan, qeyri-bərabərsizlikdən, şanslardan istifadə edən düzgün insanlar üçün, aldıqlarının əvəzini cəmiyyətlərinə və mühitlərinə qaytarmaları təbii və doğru seçimdir.

Lakin bu seçimlərin edildiyini müşahidə etmirik, əksinə, dünyanın hər bir yerində mənfəətçilik, fürsətçilik insanlara dəyər olaraq sırılır, büdcə talamaq, maxinasiyalar etmək, adi insanların cibinə girmək bacarıq, ağıl, kimi qələmə verilir, bu dəyərlər əsasında iqtisadi sistemlər, institutlar qurulur, tədbirlər keçirilir və çoxumuz bu institutların, sistemlərin bir hissəsi olaraq ömür boyu düşünmədən yaşayırıq. Sual edə bilərsən, yoldaş oxucu, çoxumuz, o cümlədən, ortaq qabdan yemiş və heç nə geri qaytarmamış təqaüdçümüz, bəs necə, mənfəətçi və fürsətçidirmi? Bəli, yoldaş oxucu, mənfəətçi, fürsətçidir və fırıldaqçıdır və belədə təbii bir potensial qınaq obyektidir. Bunu qəbul etmək nə qədər çətin olsa da, yoldaşlar, hər kəs, onu formalaşdıran mühit qarşısında məsuliyyət daşıyır, istər ölkəsi qul əməyi sayəsində formalaşan holland və ya kanadalı olsun, istər təhsili neft pulu sayəsində maliyyələşən azərbaycanlı, istərsə də, xəstəxanada müalicə alan və ya təhlükəsiz bir yolda yeriyən hər hansı bir adam. Arqument hamı üçün keçərlidir, lakin biz onu cəmiyyətin xüsusi bir qisminə ünvanlayırıq. Yazının hədəfi də bayaqdan da söz açdığımız Dövlət Proqramları təqaüdçüləridir.


Hörmətli, dövlət proqramı təqaüdçüləri,

  1. 90%-inizin ölkənin, cəmiyyətin resurslarından istifadə edib, əvəzinə cəmiyyətə heç nə verməyən fürsətçi, fırıldaqçı ordusunun əsgərləri olmadığınıza səmimi qəlbdən inanmaq istəyirik.
  2. Aldığınız təhsili, iş şanslarını, ortalama azərbaycanlı ilə müqayisədə daha yüksək olan həyat keyfiyyətinizi çox xüsusi, dahi şəxslər olduğunuza görə yox, daha çox sizə bu şansları verən mühitlərə və cəmiyyətlərə görə əldə etdiyinizi başa düşəcək qədər intellektual olduğunuza inanmaq istəyirik.
  3. Ümid edirik ki, öyrəndiyiniz şeylərin intellektual masturbasiya zamanı yox, insanlarla paylaşıldığı zaman məna qazanacağını başa düşürsüz.
  4. Ümid edirik ki, başa düşürsüz ki, siyasi rejimin, iqtisadi şərtlərinin necəliyindən asılı olmayaraq, aid olduğunuz cəmiyyətə töhfə verməyin həmişə bir yolu var, yoxdursa da bu yolu açmaq üçün aktiv şəkildə çalışmaq sizə düşür.
  5. Ümid edirik ki, başa düşürsən ki, dünyada bir şeyləri dəyişdirməyin yeganə yolu yalnız mühitə töhfə vermək, dəyər istehsal etmək, başqalarına güc verməkdir.
  6. Ümid edirik ki, başa düşürsən ki, heç nə öz-özlüyündən dəyişmir və kollektiv maraqların təmsili üçün kollektiv iradə və fəaliyyət lazımdır.
  7. Ümid edirik ki, etdiyin şeylərin uzunmüddətli investisiya olduğunu başa düşürsən və qısa müddətdə heç nəyin dəyişməyəcəyini qavrayacaq və buna baxmayaraq, yenə də geri vermək mövqeyini həmişə qoruyacaq qədər uzaqgörənsən.
  8. Ümid edirik ki, tarixi prosesdə çayla aşağı üzən tir və əhliləşdirilmiş istehlak aparatı yox, proseslərin istiqamətini təyin edəcək aktiv bir oyunçu olmağı seçirsən və əminik ki, belə bir insan olmaq üçün əlində hər cür bacarığın və şəraitin var.

Yəni, yoldaş oxucu və təqaüdçü, insanın özünü birbaşa olaraq mühitin bir hissəsi, mühitdəki bir qüvvə, mühit tərəfindən formalaşdırılmış bir varlıq olaraq görməsi nəinki mənəvi olaraq doğru seçimlər etməsinə imkan yaradır, həm də onun həyata qarşı mövqeyini də fundamental olaraq dəyişir. Belə ki, mühitlə ayrılmaz bir bütün təşkil etdiyini bilən şəxs, mühitə qarşı passiv yox, aktiv bir mövqe sərgiləyərək, öz fəaliyyəti ilə ona təsir edə biləcəyini başa düşür. Başa düşür ki, mühit müharibələr, bərabərsizliklər, haqsızlıqlar yarada bildiyi kimi, ədalət, bilgi və anlayış da yarada bilir. Bütün bunlar üçün dünyanın necə işlədiyini, təkamül prosesinin, sosial proseslərin necə getdiyini anlamaq, insan inkişafını, onun mühitlə və digər insanlarla əlaqələrini anlamağa çalışmaq və müzakirələr aparmaq, dəyərlər istehsal etmək və cəmiyyətin digər üzvlərinə güc vermək lazımdır. İnqilab, dəyişiklik sonu olan bir hadisə yox, davamlı bir proses, inqilabçılıq isə həyata qarşı duruş, mühitlə əlaqə tərzidir, tərzini seçmək isə hər bir insanın öz seçimidir.

Posts created 233

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top