Şəbəkə korporasiyalarından rəqəmsal bağçalara

Elmi Spektr (ES) yarandığı dövrdən bu yana sosial şəbəkələri (əslində “şəbəkə korporasiyaları” adlandırmalı olduğumuz şeyləri) ikincili vasitə olaraq görmüş, əsas işi olaraq öz internet məkanını, rəqəmsal bağçasını yaratmağa çalışmışdır. Saytımız bizə şəbəkə korporasiyalarının vermədiyi məzmun imkanlarını və azadlıqlarını verir. Saytımızı ziyarət edən oxucularımız isə Silikon Vadisində hansısa nəhəng korporasiyaların pul qazanmaq üçün dizayn etdiyi filtrlərindən keçirilmiş məzmunu deyil, onlar üçün hazırladığımız işləri, diqqətləri yayınmadan oxuya bilirlər. Bundan əlavə şəbəkə korporasiyalarından fərqli olaraq ES kimi müstəqil saytlar internet trafikini təkcə öz içinə və ya digər nəhəng korporasiyalara tərəf deyil, internetin ən müxtəlif məkanlarına tərəf yönəldir. Məsələn, ES-in təkcə əsas səhifəsində 36 xarici (yəni ES-dən başqa saytlara) keçid var və bunlardan bir çoxu ES kimi müstəqil saytlar, akademik və digər işlər ehtiva edən saytlardır. Sosial şəbəkələrdə eyni ölçüyə sahib sahədə xarici keçidlərin sayı bundan dəfələrlə az olur. Bunun belə olduğunu yəqin etmək üçün hər hansı bir şəbəkə korporasiyası saytına girib, səhifədəki keçidlərin sizi hara yönləndirdiyinə diqqətlə nəzər sala bilərsiniz; əmin ola bilərsiniz ki, gördüyünüz mənzərə sizi təəccübləndirəcək. Şəbəkə korporasiyalarında vəziyyətin belə olması heç də təsadüfi deyil; bu şirkətlər məqsədyönlü şəkildə daxili trafiki artıraraq reklam gəlirlərini artırırlar. Facebook-da nə qədər çox vaxt keçirsəniz, Facebook üçün bir o qədər çox reklam vaxtı ayırmış olursunuz.

Bu gündən sayta əlavə etdiyimiz “Bloq” bölməsi ilə bu şirkətlərdən asılılığımızı azaltmaq istiqamətində daha bir addım atırıq. Bloq bölməsindəki yazılar daha çox qısa xəbər və ətrafda baş verənlərə rəylərimizi əks etdirəcək. Bu bölmə ilə ES-in üstünlük verdiyi uzun yazı (longform) formatından kənara çıxsaq da, oxucularımızla əlaqə çeşidlərimizi artırmaqda fayda olduğunu düşünürük. Artıq dəyərli datamızı nəhəng korporasiyalara pulsuz verməyəcək, ora yalnız saytımıza keçidlər yerləşdirəcəyik. Daimi oxucularımızı Feedreader kimi pulsuz RSS oxucuları üzərindən və ya arasıra saytımıza daxil olaraq işlərimizi izləməyə dəvət edirik. İdarə olunmaz dərəcədə, xərçəng kimi böyümüş, insanlığın ortaq qanun və normaları tərəfindən idarə olunmayan və buna görə də anormal dərəcədə nəhəng gücə yiyələnən və bu gücün məsuliyyətini anlamayan korporasiyalara qarşı birgə mübarizə aparaq!

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top