Şəxsiləşdirilmiş Tibb

Genetika sahəsində ötən əsrin həyəcanlandıran, bir o qədər də keşməkeşli elmi kəşfləri və bu kəşflərin 21-ci əsrə daha dolğun texnologiya ilə birlikdə girməsi, elm adamlarına daha səmərəli və mürəkkəb araşdırmalar aparmaq imkanı verib. Artıq, ilk insan DNT-sinin tamamilə oxunmasından 13 il ötür. Bu nailiyyət nəticəsində tibb sahəsində böyük irəliləyişlər olub. Xərçəng xəstəliyi də daxil olmaqla bir çox xəstəliklərin mənşəyinin birbaşa və ya dolayı yolla DNT-də baş verən dəyişikliklərlə əlaqəli olduğu artıq məlumdur. Bu, o deməkdir ki, əgər bir şəxsin DNT-sinin oxunmasına nail olunsa həmin fərdin bütün inkişaf dövründə hansı xəstəliklərə meylli ola biləcəyini təxmin etmək olar. Buna baxmayaraq, bildiklərimiz bilmədiklərimizə nisbətdə cüzidir və bir çox xəstəliklərin səbəbini DNT-də tapmaq səsləndiyi qədər sadə deyil. Bu çətinliklər haqqında jurnalın növbəti sayılarındakı məqalələrdə yazmağa çalışacağam. İndilik, gəlin bu texnologiyanın bizə nələr qazandırdığına və hansı suallarımıza cavab tapmaqda yardımçı olduğuna baxaq.

DNT-nin çox uzun olduğunu nəzərə alsaq, bütövlükdə dəqiqliklə oxunması və bu prosesin ucuz başa gəlməsi çətindir. Lakin, son illərdə müxtəlif texnologiyaların tətbiqi və avtomatlaşdırma ilə bu proses daha asan və ucuz olub. Öz düzəltdiyimiz kompüterlərlə özümüzə hüceyrələrdəki DNT səviyyəsində güzgü kimi baxa biləcəyimiz 50 il əvvəl ağıla belə gəlməzdi. Hal-hazırda isə, bunun mümkünlüyü insan və onun gələcək sağlamlıq riskləri haqqında olduqca önəmli bilgilərə yiyələnməyimizə imkan yaradır. Məsələn, bu üsulla bir insanın hansısa ürək xəstəliyinə meylli olub olmadığını bilmək mümkündür.

Daha ətraflı izaha keçməzdən öncə, gəlin genetikanın mərkəzi doqmasını yada salaq. Aşağıdakı sadə sxem, bu mövzunu başa düşməyimizə kömək edəcək.

Central-Dogmaf
Şəkil 1. Biologiyanın mərkəzi doqması. DNT ardıcıllığı RNT-nin istehsalını kodlaşdırır ki, bu da öz növbəsində proteinləri əmələ gətirən aminturşuların ardıcıllığını təyin edir.

DNT ardıcıllığı formasındakı genlər proteinlərin sintezini kodlaşdırır və bunlar da öz növbəsində fərqli toxuma hüceyrələrində müxtəlif funksiyalar daşıyır. Məsələn ASPM (Abnormal Spindle-like Microcephaly-associated protein) geninin kodlaşdırdığı zülal ana bətnində beyin inkişafı zamanı neyronların əmələ gəlməsində iştirak edir. ASPM genində baş verən müəyyən dəyişiklər və ya mutasiyalar, sintez olunan zülalın funksiyasına təsir göstərir və bu da öz növbəsində mikrosefaliya xəstəliyinə səbəb olur (1). Bu xəstəliklə doğulan körpələr anormal ölçülü beyinə sahib olurlar (Şəkil 2).

Macintosh HD:Users:elmirmahammadov:Downloads:omgg.jpg
Şəkil 2. Mikrosefaliya xəstəsi olan və yeni dünyaya gəlmiş körpə.

İnsanda təxminən 20-25 min arası gen vardır. Bunların cəmi 3 500-nün müəyyən xəstəliklərlə əlaqəsi elmə məlumdur (2). Bəs xəstəliklərin genetik səbəbini bilmək bizə necə kömək edə bilər?

Genetik yoxlanış

Hal-hazırda ana bətnində olan körpənin DNT-si ilə sağlam insanın DNT-ni qarşılaşdırıb, körpənin gələcəkdə hər hansı ciddi xəstəlik(lər)dən əziyyət çəkib çəkməyəcəyini öyrənmək mümkündür. Məsələn, fenilketonuria (FKU) adlı xəstəlikdə, körpə doğulandan sonra ciddi fiziki çatışmazlıqlara məruz qala və tez zamanda vəfat edə bilər (3). Bunun səbəbi fenilalanin hidroksilaza (phenylalanine hydroxilase,  PAH) genində olan mutasiyadır. Normalda PAH genindən sintez olunan zülal fenilalanini tirozinə çevirir. Mutasiya olduğu zaman, zülal funksiyasını düzgün yerinə yetirmədiyindən, fenilalanin hüceyrədə yığılır və zəhərli maddə kimi davranır. Bu genetik problemin əvvəlcədən bilinməsi, içində fenilalanin olmayan sadə pəhriz ilə körpənin həyatını xilas etməyə imkan yaradır. Bir çox inkişaf etmiş ölkələrdə yuxarıdakı xəstəlik üçün yeni doğulan uşaqların genetik yoxlanışdan keçməyi məcburidir. Eyni yolla, bir insanın gələcəkdə şəkər və ya ürək xəstəliklərinə tutulma riskini müəyyənləşdirib, əvvəlcədən, qabaqlayıcı tədbirlər görmək mümkündür.

Farmakogenetika

Qəbul etdiyimiz dərmanların bədəndə parçalanması prosesi, orqanizmdə müəyyən ferment(lər) tərəfindən yerinə yetirilir. Hər insanın genomu fərqli olduğundan, onlarda sintez olunan fermentlərin miqdarı da fərqli olur. Bu, o deməkdir ki, hər hansı bir dərmanın müəyyən olunmuş dozası hamı üçün eyni dərəcədə yararlı olmaya bilər. Bir qisim insanlar üçün xəstəliyi yaxşılaşdıran dərman digər qisim üçün həmin xəstəliyi daha da kəskinləşdirə bilər. Ona görə də, bir insanın individual genotipini əvvəlcədən müəyyən etməklə həmin fərdə daha uyğun dərman və ya dərman dozasını təyin etmək olar. Dərmanların hazırlanması ilə bağlı jurnalımızın öncəki sayısından Rəşad Yusifovun maraqlı məqaləsini oxuya bilərsiniz.

Xəstəliyə meyllilik

Yuxarıda da qeyd etdiyimiz kimi, insanın genomunu bilməklə onun hansı xəstəliyə daha çox meylli olduğunu müəyyən edə bilərik. Gəlin bu məsələyə hər hansı bir funksiya daşıyan zülalın fərqli insanlarda öz funksiyasını fərqli dərəcədə yerinə yetirməsi misalında nəzər salaq (Şəkil 3).

Publication1
Şəkil 3. İki şəxs arasında şərti bir kompleks irsi xəstəliyə meyllilik qrafiki.

Deyək ki, sağa doğru getdikcə xəstəliyə meyllilik artır. Sərhədi keçdikdə isə xəstəliyə yoluxma riski yaranır. A və B şəxslərinin xəstəliyə yoluxma dərəcəsini qrafikdən görmək mümkündür. Bu şəkildə, fərdlərin genomunun əvvəlcədən oxunması onların hansı xəstəliyə daha çox meylli olub-olmadığını müəyyən etməyə kömək edə bilər. Əlbəttə ki, hansı xəstəliyə yoluxacağını və yoluxa biləcəyini bilmək fərd üçün hər zaman yaxşı olmaya bilər. Məsələn, Huntington xəstəliyi irsi xəstəlik olub, təxminən 35-40 yaşlarında simptomlarını göstərməyə başlayır və bir neçə il ərzində ölümlə nəticələnir. Əgər valideyn bu xəstəlikdən əziyyət çəkibsə, övladına həmin xəstəliyin genetik ötürülmə ehtimalı 50 faizə bərabərdir. Həmin şəxs gənc yaşlarında genetik testdən keçə və xəstəliyi daşıyıb-daşımadığını öyrənə bilər. Lakin, gəlin qəbul edək ki, ağır xəstəlikdən əziyyət çəkərək erkən öləcəyini öyrənməyi çox adam gözə ala bilməz. Və yaxud, sizcə valideyn övladını uşaq yaşlarında genetik yoxlanışdan keçirib nəticəsini böyüyəndə ona deməlidirmi? Bunlar real həyatda şəxsiləşdirilmiş tibbin qarşısında dayanan etik problemlərin cüzi bir qismidir.

Günümüzdə şəxsiləşdirilmiş tibb

null
Şəkil 4. Bir genomun oxunmasının (seqvensinqinin) son 15 ildə dəyişən xərc qrafiki. Yeni Nəsil Seqvensinq (Next-Generation Sequencing) texnologiyaları sahəsində 2008-ci ildən bu tərəfə xərcdə böyük azalma baş verib.

Bunlara baxmayaraq, bir insanın genomunun oxunması hələ də maddi olaraq yetəri qədər ucuz prosedur deyil. Lakin, bu miqdar getdikcə azalmaqdadır (Şəkil 4) və çox da uzaq olmayan gələcəkdə həm dövlət, həm də özəl xəstəxanaların insan genomunun oxunmasından və xəstələr haqqında dərin informasiya öyrənilməsindən yararlana biləcəklərindən əminəm. Artıq bəzi ölkələrdə özəl şirkətlər bu sahədə fəaliyyət göstərir, insanlar bu xidmətdən yararlanırlar.

Maneələr

Şəxsiləşdirilmiş tibbdə böyük maneələrə hələ də rast gəlinir. Məsələn, bəzi yayılmış genetik xəstəliklər vardır ki, buna eyni gendə bir neçə fərqli əsas mutasiya səbəb ola bilir. Fərqli mutasiyalar fərqli zülallar əmələ gətirdiyi üçün, həmin xəstəliklərlə mübarizə fərqli dərman preparatları tələb edir. Belə bir genetik xəstəlikdən əziyyət çəkən insanda ilk öncə hansı mutasiyanın xəstəliyə səbəb olduğu diaqnoz olunur və buna əsasən dərman təyin olunur. Belə dərmanların çox bahalı olmasından əlavə, dərman şirkətləri bir xəstəlik üçün bir neçə dərman hazırlanması ilə daha çox pul qazanmaq istəməsi, bu xəstəliklərin ümumi problemini həll etməyə maneə törədir. Həmin dərmanlar gələcəkdə daha ucuz ola bilərmi? Bir neçə fərqli əsas mutasiyaya qarşı bir dərman preparatı düzəldilə bilərmi? Bu kimi problemlərin həlli yolunun ortaya çıxması bəzən əlaqədar sənayelərin inkişaf planı və keçdikləri mərhələdən asılı olduğu üçün, uzun müddət tələb edə bilir.

Xəstəliklərin genetik səbəblərini öyrənmək üçün genetika və biokimya sahələrində daha çox bilgiyə ehtiyac vardır. Məsələn, son zamanlarda mədədə və bağırsaqda olan bakteriyaların insan orqanizmi üçün çox böyük dərəcədə önəmi və hətta bəzi növ bakteriyaların azlığının müəyyən xəstəliklərə səbəb olduğu aşkarlanıb. Səbəbi isə bu mikroorqanizmlərdə olan bəzi genlərin insan orqanizmində önəmli funksiya daşımasıdır (3). Yəni, tək öz genlərimiz yox, hətta bədənimizdə daşıdığımız və bizimlə birgə yaşam halında olan mikroorqanizmlərin də genləri bizim sağlamlığımız üçün önəmlidir. Genetika, bioinformatika və digər sahələrin çox sürətlə inkişaf etdiyi zamanda yaşayırıq və bu sahələrə ayrılacaq maddi yardım öz bəhrəsini mütləq verəcək. Lakin unutmayaq ki, elmə ayrılan maddi yardımın yeganə səbəbi ondan tez bir zamanda pul qazanma və ya tətbiqetmə olmamalıdır. Elmi araşdırmalardan alınan nəticələr ətraflı müzakirə edilməli, tətbiqetmənin mümkün riskləri gözə alınmalı və ən əsası, öyrənilən məfhum haqda biliklərin yarımçıq olmadığı yəqinləşdirilməlidir.

Mənbələr

  1. Bond, J., Scott, S., Hampshire, D. J., Springell, K., Corry, P., Abramowicz, M. J., . . . Woods, C. G. (2003, 11). Protein-Truncating Mutations in ASPM Cause Variable Reduction in Brain Size. The American Journal of Human Genetics, 73(5), 1170-1177.
  2. http://www.omim.org/statistics/geneMap (15 Fevral, 2016)
  3. Scriver, C. R. (2007). The PAH gene, phenylketonuria, and a paradigm shift. Hum. Mutat. 28: 831-845.
  4. Quigley, E. M. M. (2013). Gut Bacteria in Health and Disease. Gastroenterology & Hepatology, 9(9), 560–569.
Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top