Bu bloq yazısı Nəcmin Kamilsoyun Əkinçiyə verdi müsahibədə qaldırdığı ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti mövzularına yazdığım şərhdir. Şərhi oxumazdan əvvəl videonu izləməyiniz tövsiyyə olunur. Nəcminin mövqeyinə qarşı skeptik yanaşsam da, Sovet irsi ilə bağlı müzakirələrin aktual qalmasının vacib olduğunu düşünür, bu müzakirəyə töhfə verdiyinə görə ona təşəkkür edirəm.
Bizdəki kimi zəif araşdırılmış və Sovet İttifaqı sonrası dövrdə ciddi ideolojik pəhrizə otuzdurulmuş, alternativ, müstəqil siyasi fikrin yaranmadığı coğrafiyalarda ictimai iştirakçılığın aşağı olmasını əskiklik kimi görməkdənsə (normativ yanaşma) səbəblərini anlamağa çalışmaq daha düzgün yanaşmadır (descriptive). Çünki “nəyə görə mövcud təşkilatlara, partiyalara, QHT-lərə və s. qarşı inamsızlıq var, insanlar nəyə görə təşkilatlanmırlar?” suallarına cavab olaraq “Sovet irsi və davamı” demək özü-özlüyündə heç nəyi izah etmir. Spekulasiya eləməli olsaq, bunun Sovet dövrü ilə əlaqəsi o ola bilər ki, Sovet İttifaqı bir idarəetmə orqanı olaraq ən azından formal olaraq işçi sinfinin maraqlarını təmsil etməyi öz raison d’etre-i olaraq göstərirdi. Bu isə o demək idi ki, insanlar servislərin hamısını adi həyatın hər nöqtəsinə çatacaq qədər budaqlanmış dövlət strukturundan gözləyirdi: təhsil, ev, sağlamlıq servisləri və s. Dövlət-insanlar arasında təmsilçiliyin bu forması insanlardan hər mövzuya görə təşkilatlanmağı tələb etmirdi: dövlət özəl mülkiyyəti praktiki olaraq aradan qaldırdığına görə, hər şey insanların maraqlarını avtomatik olaraq təmsil etməli olan dövlətə aid idi, ona görə də hər təşkilatın toxumasında bu təmsilçiliyin olması fərz edilirdi. Reallıqda bu təmsilçilik nə qədər idi, bu başqa mövzudur, amma yanaşma bu idi və bu yanaşma post-Sovet insanında hələ də izlərini saxlayır: bu məkanda insanlar ənənəvi olaraq təşkilatlanmaqdansa dövlət orqanlarına birbaşa müraciət edirlər.
Bu əlaqə, Qərbin xüsusilə də 70-lərdən sonra getdiyi neoliberal xətdən və ümumilikdə insanlar qarşısında konstitusional olaraq heç bir öhdəlik götürməyən ABŞ tipli ölkələrdəki münasibətlərdən çox fərqlənir (məsələn, ev SSRİ-də vətəndaşlarının haqqı idi, ABŞ konstitusiyasında belə bir şey rast gələ bilməzsiz, o daha çox insanları hökümətdən qorumağa yönəlikdir – neqativ azadlıqlara). Bu gün dominant olan bu xəttin banilərindən olan Milton Friedman kimilərinin müsahibələrinə və mövcud reallığa baxanda görürsən ki, populyar təmsilçilik iddiasında olmayan və özəl mülkiyyət sahiblərinin əhəmiyyətli siyasi gücə sahib olduğu Qərb dövlətlərində bütün təşkilatlarda insanların maraqlarının avtomatik olaraq təmsil olunduğunu fərz etmək düzgün deyil. Friedman-a görə məsələn əgər bir şirkət məhsullarına zəhər qatırsa, bu problemi aradan qaldıran hansısa dövlət qurumu yox, dolayı yolla (məhkəmə və ya tələb yolu ilə) istehlakçılar olmalıdır. Bu isə hər xırda məsələyə görə yeni təşkilatlanmaq ehtiyacı yaradan dövlət-vətəndaş münasibəti deməkdir. Bu özlüyündə işlək bir mexanizmdirmi, bilmirəm, amma bunun mütləq olaraq müsbət bir şey olduğunu fərz etmək yanlış və qeyri-kritik düşüncənin örnəyidir: müalicə üçün ayrı-ayrı fərdlərin gofundme kampaniyası yaratması nə qədər işləkdir və ya hər canlı növünün konservasiyası üçün ayrı bir təşkilat yaratmaqla ətraf mühiti qorumaq necə olur, bunu imperialist-kapitalist ölkələr üzündən istiləşməkdə olan planetdən və bir dəfə xəstələnəndə bankrot olmaq təhlükəsi ilə üzləşən ABŞ vətəndaşlarından soruşa bilərsiz.
Post-Sovet mühitində mövcud olan vətəndaş cəmiyyəti təşkilatlarına olan inamsızlığın bir digər səbəbini təmsilçilikdə axtarmaq mümkündür. Siyasi səbəblərdən dolayı bottom-up (üzvləri tərəfindən maliyyələşən, azad qərar verə bilən, demokratik və s.) işləyən təşkilatlar müstəqil fəaliyyət göstərə bilmədiyinə görə, yerdə 1) dövlət, 2) xarici donorlar tərəfindən maliyyələşən təşkilatlar qalır ki, insanlar haqlı olaraq ortaq marağı təmsil etmək məsuliyyəti olmayan (və bunu ancaq təsadüfi və pərakəndə şəkildə edən), çox vaxt qeyri-demokratik olan, 1 və ya 2-nin birbaşa maraqlarına xidmət edən təşkilatlara qarşı skeptik yanaşırlar. Burda həqiqətən də qeyri-adi heç nə yoxdur: İnsanlar nəyə görə məsələn, ABŞ və ya Rusiya kimi imperialist dövlətlər tərəfindən maliyyələşən təşkilatlarda iştirak etməlidirlər ki? İmperialist güclərin adi insanların maraqlarını təmsil etmək üçün səbəbləri nə ola bilər ki? ABŞ konstitusiyası (və onun ruhunda yazılan digər konstitusiyalar) heç öz vətəndaşlarına xidmət etməyi hökümətin boynuna qoymur1, qaldı ki, hansısa üçüncü dünya ölkəsində yaşayan insanlara. Xeyr, bu o demək deyil ki, bu şəkildə maliyyələşən təşkilatlar insanlar üçün faydalı işlər görmür, bunu heç kim dana bilməz, hətta Azərbaycan dövləti tərəfindən maliyyələşən təşkilatlar belə bəzən faydalı işlər görür, söhbət bu işlərin sistematikliyindən gedir ki, bunun üçün heç bir məcburi, hüquqi mexanizm, bu təşkilatların insanlar qarşısında götürdüyü öhdəliyi yoxdur.
Qeyd
“Our Constitution, wrote Judge Posner, “is a charter of negative rather than positive liberties. . . . The men who wrote the Bill of Rights were not concerned that Government might do too little for the people but that it might do too much to them.” David P. Currie, “Positive and Negative Constitutional Rights,” 53 University of Chicago Law Review 864
(1986).