| Charles Darwin |
Dəyişkənlik — Fərdi fərqliliklər — Şübhəli növlər — Geniş yayılmış və adi növlər ən çox dəyişənlərdir — Böyük cinsin növləri hər ölkədə kiçik cinsin növlərindən daha çox dəyişir — Böyük cinsin bir çox növü bir-birilə yaxından, lakin qeyri-bərabər şəkildə əlaqəli olduğuna və məhdud yayılma ərazisinə malik olduğuna görə çeşidlərə bənzəyir.
Əvvəlki fəsildə gəlib çıxdığım nəticələri təbiətdəki üzvi varlıqlara tətbiq etməzdən əvvəl, bu varlıqların hər hansı bir dəyişkənliyə sahib olub-olmadığını müzakirə edək. Bu mövzunu yaxşı ələ almaq üçün quru faktlardan ibarət uzun-uzadı siyahı vermək lazımdır; lakin, bunu sonraya saxlayıram. Həmçinin, burada növ termininə verilmiş müxtəlif təriflərdən də söz açmayacağam. Heç bir tərif bütün təbiətşünasları razı salmamışdır; buna baxmayaraq, hər bir təbiətşünas bu termini işlədəndə nəyi nəzərdə tutduğunu aşağı-yuxarı bilir. Adətən, termin özündə məxsusi yaradılış aktının naməlum elementini ehtiva edir. Çeşidlilik termininin tərifini vermək demək olar ki, eyni qədər çətindir; burada isbat etmək çətin olsa da, bu termin, az qala universal olaraq ortaq əcadada sahib qrupa işarə edir. Bundan əlavə, anormallıq adlanan şeylər də var; amma bunlar çeşidlilik çərçivəsinə daxil olurlar. Zənnimcə, anormallıq dedikdə canlının hansısa hissənin quruluşunda zərərli və yaxud lazım olmayan ifrat kənaraçıxmadan söhbət gedir və bunlar adətən gələcək nəsillərə ötürülmür. Bəzi müəlliflər “çeşidlilik” terminini texniki mənada, fiziki həyat şərtlərinə görə gedən birbaşa dəyişikliyə işarə etmək üçün istifadə edirlər; və bu mənada, “çeşidlilik” irsən ötürülmüş olmalı deyil: lakin, kim iddia edə bilər ki, Baltik dənizinin şor sularındakı çanaqlıların kiçilməsi və ya Alp hündürlüklərindəki bitkilərin kiçilməsi və ya şimalda yaşayan heyvanların daha qalın dərisi, ən azı bir nəsil boyu, irsən ötürülməz? Bu hallarda, zənnimcə, sözügedən formaları çeşid adlandırardılar.
Eyni valideynlərin övladında və ya eyni məhdud ərazidə yaşayan növlərin fərdlərində ortaya çıxan kiçik fərqliliklərə fərdi fərqliliklər deyilir. Eyni növün bütün fərdlərinin eyni qəlibdən gəldiyinə heç kəs inanmır. Eynilə insanın əhliləşdirilmiş heyvanlardakı fərdi dəyişiklikləri istədiyi istiqamətdə topladığı kimi, bu fərdi fərqliliklər də, təbii seçmənin toplaması üçün material təmin etdiyindən, bizim üçün çox əhəmiyyətlidir. Bu fərdi fərqliliklər adətən təbiətşünasların əhəmiyyətsiz hissələr adlandırdıqları hissələrə təsir edir; lakin uzun bir fakt siyahısı göstərə bilərəm ki, istər fizioloji, istərsə də sinifləndirmə nöqteyi-nəzərindən vacib adlandırıla biləcək hissələr də bəzən eyni növün fərdləri arasında dəyişir. Əminəm ki, ən təcrübəli təbiətşünas belə mənim etdiyim kimi, vacib hissələrdə olanlar da daxil olmaqla, toplaya biləcəyi çeşidlilik hallarının çoxluğunu görüb təəccüblənər. Unutmaq lazım deyil ki, sistematikaçılar vacib hissələrdə çeşidlilik tapmağı sevmirlər və bir növün bir çox fərdində daxili və vacib orqanları müayinə edəcək adam yoxdur. Böcəyin böyük qanqlionuna yaxın sinirlərin budaqlanmasının eyni növdə dəyişkən olduğunu heç vaxt gözləməzdim; bu kimi fərqliliklərin çox kiçik olacağını təxmin edərdim; lakin, c-b Lubbock bu yaxınlarda Coccus2 sinirlərində dəyişkənliyin az qala ağac gövdəsinin qeyri-müntəzəm budaqlanması ilə müqayisə oluna biləcək dərəcədə olduğunu göstərmişdir. Əlavə edə bilərəm ki, bu fəlsəfi təbiətşünas, müəyyən həşəratların süfrələrində əzələlərin də müntəzəm olmadığını təzəlikcə nümayiş etdirmişdir. Müəlliflər bəzən vacib orqanların heç vaxt dəyişmədiyini iddia edirlər; çünki, eyni müəlliflər (bəzi təbiətşünasların açıq şəkildə boyunlarına aldıqları kimi) məhz dəyişməyən xüsusiyyəti vacib olaraq qəbul edirlər; və belə bir nöqteyi-nəzərdən, vacib hissənin dəyişməsinə misal tapmaq təbii ki, mümkün deyil: lakin hər hansı bir başqa nöqteyi-nəzərdən belə misalları əminliklə tapıb göstərmək olar.
Fərdi fərqliliklərlə bağlı bir məsələ həddən artıq karıxdırıcıdır: burada növlərinin qeyri-adi miqdarda çeşidlilik nümayiş etdirdiyi, bəzən “protean”1 və ya “polimorfik” adlandırılan cinsləri nəzərdə tuturam; bir də, hansı formaların növ, hansıların çeşid olaraq siniflədirilməsində ortaq məxrəcə gələn iki təbiətşünas tapmaq çox çətindir. Bitkilər arasında, Rubus (moruq), Rosa (itburnu) və Hieracium-u (qırğıotu), həşəratların və Braxiopod çanaqlılarının bir neçə cinsini buna misal göstərə bilərik. Bir çox polimorfik cinsdə, bəzi növlər sabit və müəyyən xüsusiyyətlərə malikdir. Bəzi istisnalar xaric, eyni ölkədə və zamanda polimorfik olan cinslər başqa ölkələrdə və dövrlərdə də polimorfik olurlar. Bu faktlar çeşidliliyin həyat şəraitindən müstəqil olduğunu göstərdiyinə görə bizə karıxdırıcı gəlirlər. Qarşıda izah edəcəyim kimi, polimorfik cinslərdə gördüyümüz bu şeylərin, növün leyhinə və əleyhinə olmayan və dolayısıyla, təbii seçmə tərəfindən müəyyənləşdirilməyən quruluş hissələrindəki çeşidlilik olduğuna inanmağa meylliyəm.
ŞÜBHƏLİ NÖVLƏR
Bir növün xüsusiyyətlərini önəmli dərəcədə daşımalarına baxmayaraq, digər formalara bəzəyən və ya o formalara müəyən tədrici aralıqlarla (ing. intermediate gradation) yaxın əlaqəli olduqlarından, təbiətşünaslar tərəfindən ayrı növ kimi sinifləndirilməyən formalar, bizim üçün xüsusi əhəmiyyət kəsb edirlər. Bu şübhəli və yaxından əlaqəli formaların, yaxşı və həqiqi növlərin etdiyi kimi xarakterlərini öz ölkələrində uzun müddət saxladığına inanmaq üçün hər cür səbəbimiz var. Praktikada, təbiətşünaslar iki formanı birləşdirəndə ən geniş yayılmış olanı, bəzən də ilk xarakterizə ediləni növ kimi, digərini isə çeşid kimi qəbul edirlər. Lakin burada sadalamayacağım çətin hallarda, formalar bir-biriləri ilə aralıq formalarla əlaqələnsələr də, hansının növ, hansının çeşid olduğuna qərar vermək çətin olur; heç aralıq formaların fərz olunan hibrid təbiəti belə bu çətinliyi aradan qaldırmır. Lakin bir forma bir çox hallarda aralıq əlaqələrin mövcudiyyətinə görə yox, müşahidəçiyə bu əlaqələrin ya hal-hazırda, ya da keçmişdə mövcud olduğuna inandırdığına görə digərinin çeşidi olaraq sinifləndirilir; və elə buradaca, şübhə və fərziyyə qapısı açılmış olur.
Buna görə də, görünür, bir formanın növ və ya çeşid olaraq sinifləndirilməsində sağlam mühakimə qabiliyyəti və geniş təcrübəsi olan təbiətşünasın fikrindən başqa ardınca gediləcək bələdçi yoxdur. Buna baxmayaraq, bir çox halda, təbiətşünasların səsverməsi və çoxluğun gəldiyi nəticə ilə qərar vermək məcburiyyətində qalırıq, çünki, növ sayıla biləcək, amma bəzi səriştəli şəxslərin növ saymadığı, məşhur və özünəməxsus bəzi çeşidlər mövcuddur.
Şübhəli xarakterə sahib çeşidlərin nadirlikdən xeyli uzaq olması mübahisə edilə bilməz. Müxtəlif botaniklərin Böyük Britaniya, Fransa, və ya Birləşmiş Ştatların floralarının təsvirini incələdikdə təəccüblü dərəcədə çox sayda bitkinin bəziləri tərəfindən növ, digərləri tərəfindən isə çeşid olaraq sinifləndirildiyini görəcəksiniz. Hər cür köməyinə görə xəcalətində olduğum c-b H. Watson mənim üçün adətən botaniklər tərəfindən çeşid olaraq qəbul olunan 182 Britaniya bitkisi qeyd etmişdir; və həmin siyahıya böyük əhəmiyyətə sahib olmayan, lakin bəzi botaniklər tərəfindən növ olduğu düşünülən bir neçə çeşidi və polimorfik cinsləri salmamışdır. Müəyyən cins daxilində polimorfik formaları da nəzərdə almaqla c-b Babington 251 dənə, c-b Bentham isə 112 növ təsvir etmişdir—bunların fərqindən ortaya 139 şübhəli forma çıxır! Hər doğum üçün bir araya gələn və çox hərəkətcil olan heyvanlar arasında, bir zooloq tərəfindən növ, digəri tərəfindən isə çeşid olaraq sinifləndirilən şübhəli formalar eyni ölkədə nadirən tapılsa da, ayrı-ayrı yerlərdə olduqca geniş yayılmışdır. Şimali Amerika və Avropaya aid, bir-birindən azca fərqlənən quş və həşəratlar dəfələrlə tanınmış təbitətşünasların bəziləri tərəfindən növ, bəzən də çeşid və ya onların təbiri ilə desək, coğrafi irq deyə adlandırılmışdır! Neçə illər əvvəl həm özümün, həm də digərlərinin Qalapaqos arxipelaqı adalarının quşlarını öz aralarında və ya Amerika materikinə aid quşlarla müqayisəsini görəndə, növ və çeşidlərin fərqləndirilməsinin ixtiyariliyi məni heyrətə salmışdı. Madeira qrupu adacıqlarında entomoloqlar tərəfindən növ olaraq sinifləndirilə bilinəcək quşlar, c-b Wollastonun valehedici işlərində çeşid kimi sinifləndirilib. Hətta İrlandiyada da indi çeşid olaraq bilinən, amma bəzi zooloqlar tərəfindən keçmişdə növ olaraq qeyd edilən heyvanlar mövcuddur. Bir neçə təcrübəli ornitoloq Britaniyanın qırmızı tetralarının əslində Norveçə aid bir növün irqi olduğunu düşünsə də, əksəriyyət onların Britaniyaya xas həqiqi növ olduğuna inanır. İki şübhəli formanın bir-birindən coğrafi uzaqlığı onları ayrı növ kimi sinifləndirməyə icazə vermişdir; amma bunun üçün nə qədər məsafə kifayətdir, Avropa və Amerika arası məsafə çoxdursa, Materik və Azor, ya Madeira, ya Kanar adaları, ya da İrlandiya arası kifayətdirmi? Qəbul etməliyik ki, çox səriştəli münsiflərin çeşid olaraq sinifləndirdiyi formalar növlərə xas bir çox xüsusiyyətlərə malik olduğuna görə, başqa eyni dərəcədə səriştəli münsiflər tərəfindən həqiqi növ olaraq təsvir olunurlar. Növ və çeşid terminlərinin dəqiq tərifini vermədiyimiz müddətcə, şübhəli formaların dəqiq olaraq hansına aid olduğuna qərar verməyə çalışmaq zaman itkisidir.
Özünəməxsus çeşidlərin və ya şübhəli növlərin bir çoxu diqqətə layiqdir; coğrafi paylanma, analoji çeşidlilik, hibridlik və s. ilə əlaqədar bir neçə maraqlı arqument onların siniflərini təyin etmək üçün istifadə olunmuşdur. Burada ancaq bir nümunə verəcəyəm—məşhur adi və hündür novruzgülü, ya da Primula veris və elatior. Bu bitkilər görünüşlərinə görə xeyli fərqlənir; fərqli ətirə sahibdirlər, fərqli vaxtlarda çiçək açır, fərqli yerlərdə bitir, fərqli dağ yüksəkliklərində rastlanır, fərqli coğrafi yayılma ərazilərinə sahidirlər; və sonda, diqqətli müşahidəçi Gartner tərəfindən aparılan çoxsaylı təcrübələrə görə, bir-biriləri ilə çarpazlaşdırılmaları çox çətindir. İki bitkinin xüsusi ilə fərqli olduğuna bundan bariz sübutları ancaq yuxuda görə bilərdik. Digər tərəfdən isə, sözügedən bitkilər bir-birinə bir çox aralıq çeşidlərlə bağlanmışdır və həmin çeşidlərin mələz olduğu çox şübhəli məsələdir; mənə elə gəlir ki, onların eyni əcdaddan törədiyi, dolayısıyla da, fərqli çeşid olaraq sinifləndirilmələri üçün kifayət qədər təcrübi fakt mövcuddur.
Bir çox hallarda, yaxından incələmə təbitətşünasları şübhəli formaları necə sinifləndirmək barədə razılığa gətirəcəkdir. Amma, qəbul etməliyik ki, şübhəli xarakterə sahib formalar ancaq çox bilinən ölkələrdə rastımıza çıxır. İnsana lazımlı olduğu, ya da diqqətini çəkdiyi təqdirdə hər hansı bitki və ya heyvanın çeşidinin hamı tərəfindən tapılıb qeyd edilməsi mənə heyrətə gətirmişdir. Bundan əlavə, bu çeşidlər bir çox halda bəzi müəlliflər tərəfindən fərqli növ olaraq təsvir edilir. Palıd ağacını götürək; o qədər yaxından öyrənilməsinə baxmayaraq, bir alman müəllif adətən çeşid olaraq bilinən müxtəlif formaları fərqli növlər olaraq qeydə almışdır; bu ölkədə ən nüfuzlu botaniklər və işgüzar insanlar tərəfindən hərəkətsiz palıdın və yay palıdının bəzən həqiqi növ, bəzən də sadəcə çeşid olaraq təsvir edilməsinə dair misallar gətirmək olar.
Gənc təbiətşünas tanımadığı canlılar qrupunu öyrənməyə başladıqda hansı fərqlilikləri spesifikliyə, hansıların da çeşidliliyə aid olduğunu qərar verməkdə çətinlik çəkir; çünki o, öyrəndiyi qrupda hansı dərəcədə çeşidliliyin olduğundan xəbərsizdir və bu halın özü ümumiyyətlə nə qədər çox çeşidliliyin olduğunu göstərir. Lakin o, diqqətini bir ölkəyə aid hansısa bir sinfin üzərində cəmləşdirsə, tezliklə ən şübhəli formaları belə necə sinifləndirməli olduğunu öyrənəcəkdir. Qarşılaşdığı müxtəlifliyin səbəb olduğu heyranlığa görə, o da göyərçin saxlayanlar və ya quşbazlar kimi çoxlu fərqli növlər tapmağa meylli olacaqdır; hələ ki, başqa ölkələrdə olan oxşar çeşidlilik barədə xəbərsizliyi ona ilkin təəssüratlarına düzəliş etməyə imkan vermir. Axtarışlarının əhatə dairəsini genişləndirdikcə, daha yaxın formalarla rastlaşması, onu daha çətin hallarla üz-üzə qoyacaqdır. Müşahidələrini genişlətdiyi təqdirdə, sonda, hansı formaların növ, hansılarının çeşid olduğu haqda özünə aid bir fikir formalaşdıracaqdır; lakin bu, bir çox çeşidliliyin normal olduğunu qəbul etmək bahasına baş verəcəkdir—və həmin qəbullanmanın doğruluğu tez-tez digər təbiətşünaslar tərəfindən mübahisə olunacaqdır. Bundan əlavə, arasında aralıq forma tapmaq demək olar mümkünsüz olan, bir-birindən uzaq ölkələrdən gətirilmiş çox yaxın formaları öyrəndikdə, tamamilə analogiyaya güvənməli olacaq və çətinlikləri zirvəyə varacaqdır.
Əlbəttə ki, növlər və altnövləri—yəni, tam fərqli növ olmağa yaxın, amma tam da fərqli olmayan formaları; altnövlər və özünəməxsus çeşidləri, və yaxud daha az çeşidlilik və fərdi fərqlilikləri—bir-birindən ayırd edən xətt təyin edilməmişdir. Bu fərqliliklər bir-birinə hiss edilə bilməyən silsilə ilə qarışır və bu silsilə, zehni hansısa bir keçidin olduğuna inandırır.
Bir sistematikaçıya maraqsız olsa belə, zəif çeşidlərə doğru ilkin addım olduğu və təbiətşünaslıq əsərlərində qeyd olunmağa dəyər sayılmadığından, fərdi fərqliliklər bizim üçün çox vacibdir və buna görə də onlara diqqət yetirirəm. Özünəməxsus və daimi olan, növbəti mərhələdə daha da özünəməxsus və daimi çeşidlər yaradan, onlardan da altnöv və növlər ortaya çıxaran çeşidlərə baxıram. Bir mərhələdən bir başqa yüksək mərhələyə keçid, bəzi hallarda, sadəcə iki fərqli regionda fərqli fiziki şərtlərin uzunmüddətli təsirinə görə olmuş ola bilər; lakin bu fikirlə o qədər də razı deyiləm; və çeşidlərin əcdaddan azca fərqləndikləri mərhələdən çox fərqləndikləri mərhələyə keçidlərini, təbii seçmənin quruluş fərqliliklərini müəyyən istiqamətdə toplaması ilə əlaqələndirirəm (irəlidə bu haqda daha ətraflı bəhs ediləcək). Buna görə də, inanıram ki, özünəməxsus çeşidləri haqlı olaraq əmələ gəlməkdə olan növlər adlandırmaq olar; lakin, bu inancın doğru olub-olmadığı kitab boyu təqdim etdiyim faktların və fikirlərin çəkisi ilə mühakimə edilməlidir.
Bütün çeşidlərin və ya əmələ gəlməkdə olan növlərin bir qayda olaraq növ səviyyəsinə qalxdıqları sanılmamalıdır. Əmələ gəlməkdə olduqları mərhələdə yoxa çıxa və yaxud, c-b Wollastonun tədqiq etdiyi Madeiradakı bəzi fosilləşmiş ilbizlərdə olduğu kimi, uzun müddət çeşid mərhələsində qala bilərlər. Əgər bir çeşid sayca əcdad növü keçərsə, həmin çeşid növ olaraq, növ isə çeşid kimi sinifləndirilə bilərlər; və yaxud sözügedən çeşid əcdad növü sıxışdırıb aradan çıxara; və yaxud hər ikisi də birlikdə müstəqil növlər olaraq mövcud ola bilər. Lakin, daha sonra bu mövzuya geri qayıdacağıq.
Bu qeydlərdən belə çıxır ki, növ terminini bir qrup bir-birinə oxşar fərdlərə ixtiyari (ing. arbitrary) verilmiş bir ad kimi görürəm və bu termin, daha az özünəməxsus və daha çox dəyişkən fərdlərə verilən çeşid terminindən mahiyyətcə fərqli deyil. Çeşidlilik termini sadəcə fərdi fərqliliklərlə müqayisədə, yenə də ixtiyari şəkildə və rahatlıq naminə istifadə olunur.
GENİŞ YAYILMIŞ ADİ NÖVLƏR ƏN ÇOX DƏYİŞƏNLƏRDİR
Nəzəri məsələlərdən yola çıxaraq yaxşı təsvir olunmuş florada bütün çeşidləri cədvəlləşdirərək, təbiət və ən dəyişkən növlər arasındakı əlaqə haqda maraqlı nəticələr almaq olar deyə düşündüm. Ən başda asan iş kimi görünürdü; lakin, c-b Hooker kimi, bu məsələdə dəyərli məsləhətlərinə və köməyinə görə özünə çox minnətdar olduğum c-b H.C. Watson da bu işdə çox çətinliyin olduğuna məni inandırdı. Bu çətinliklərin və dəyişkən növlərin proposional sayının müzakirəsini gələcək işlərimə saxlayıram. Əlyazmanı oxuyub, cədvəlləri nəzərdən keçirdikdən sonra c-b Hooker aşağıdakı iddiaların doğru olduğunu düşündüyünü əlavə etməyimə icazə verdi. Burada məcburən qısa şəkildə ələ alınmış mövzu, həqiqətən də karıxdırıcıdır və onu ələ alarkən, irəlidə müzakirə edəcəyimiz “həyatda qalma uğrunda mübarizə”, “xarakterin divergensiyası” və başqa məsələlərə istinad etmədən keçmək mümkün deyil.
Alph. De Candolle və başqaları geniş ərazilərə yayılmış bitkilərin müxtəlif çeşidlərinin olduğunu göstərmişdir; fərqli fiziki şərtlərə məruz qaldıqlarından və başqa üzvi varlıqlarla rəqabətə girdiklərindən (ki, bunun ən vacib faktor olduğunu irəlidə görəcəyik), vəziyyətin belə olmasını qabaqcadan təxmin etmək olardı. Lakin bundan əlavə, mənim işim göstərir ki, hər hansı bir məhdud ərazili ölkədə ən çox fərdi olan və ölkə içində ən çox səpələnmiş növlər, botaniki əsərlərdə qeyd ediləcək qədər özünəməxsus çeşidlərə sahib olur. Buna görə də, ən çox çeşid və yaxud mənim sözlərimlə deyəsi olsaq, əmələ gəlməkdə olan növ nümayiş etdirənlər, ən gur və ya dominant adlandırılanlar —bütün dünyaya yayılmış, öz ölkələrində ən çox səpələnmiş və fərdləri sayca ən çox olan— növlərdir. Və bu, yəqin ki, gözləniləndir; çünki, çeşidlər daha qalıcı olmaq üçün, ölkənin digər sakinləri ilə rəqabətə girməli olduğundan, dominant növlərin cüzi olaraq dəyişmiş nəsilləri, valideynlərinə həmyerliləri üzərində üstünlük verən xüsusiyyətləri irsən alırlar.
BÖYÜK CİNSİN NÖVLƏRİ DAHA DƏYİŞKƏNDİR
Əgər bir ölkədə yaşayıb florada təsvir olunmuş bitkilərdən böyük cinsə aid olanları bir, kiçik cinsə aid olanları isə digər tərəfə ayırsaq, ən çox yayılmış və ən çox fərdə sahib olanların böyük əksəriyyətinin böyük cinsə aid olan növlər olduğunu görərik. Bu da gözlənən nəticə ola bilərdi; çünki, təkcə eyni cinsə aid bir çox növün bir ölkədə yaşaması, həmin ölkədəki üzvi və ya qeyri-üzvi şərtlərin o cins üçü əlverişli olduğunu göstərir; və buna görə də, dominant növlərin əksəriyyətini daha çox növə sahib cinsin içindən tapacağımızı təxmin edə bilərdik. Lakin bu fakta kölgə salan o qədər faktor var ki, cədvəllərimdə kiçik bir əksəriyyətin böyük cins tərəfdə olması belə məni təəccübləndirir. Burada o faktorlardan ancaq ikisinə toxunacağam. Şirin su və duzsevən bitkilər adətən geniş ərazidə çox səpələnsələr də, bu fakt aid olduqları cinsin böyüklüyü ilə yox, əsasən yaşadıqları məkanlarla əlaqəlidir. Kiçik ölçülərə sahib bitkilər, böyük bitkilərdən daha çox səpələnmiş olurlar; burada yenə də cinsin böyüklüyü ilə güclü bir əlaqə yoxdur. Sadə bitkilərin daha geniş yayılma səbəblərindən coğrafi paylanma haqqındakı fəsildə bəhs ediləcək.
Növlərə özünəməxsus və dəqiq müəyyənləşdirilmiş çeşidlər kimi baxaraq, böyük cinsə aid olan növlərin daha çox çeşid göstərəcəyini təxmin etməli oldum; çünki, çoxlu yaxından əlaqəli növlərin əmələ gəldiyi yerdə, bir qayda olaraq, çoxlu çeşidlər və ya əmələ gəlməkdə olan növlər yaranmalı idi. İri ağacların bitdiyi yerdə fidanların bitdiyini təxmin edirik. Dəyişmə ilə çoxlu növlərin əmələ gəldiyi yerdə şərtlər dəyişmə üçün əlverişli olmuşdur; və buna görə, ümumən şərtlərin hələ də dəyişmə üçün əlverişli olduğunu təxmin edə bilərik. Başqa tərəfdən, növləri xüsusi bir yaradılış aktı olaraq görsək, çeşidliliyin daha çox növə aid olan cinsdə daha çox olması üçün açıq-aşkar bir səbəb yoxdur.
Bu təxminin doğruluğunu sınaqdan keçirmək üçün on iki ölkədən olan bitkiləri və iki rayondan olan mətbəx böcəklərini (coleopterus), bir tərəfdə böyük cinsin növlərinin, digərində isə kiçik cinsin növlərinin olduğu iki eyni ölçülü qrupa bölüm və bu, böyük cinsə aid olan növlərin kiçik cinsin nümayəndələri ilə müqayisədə daha çox çeşid nümayiş etdirdiyini birmənalı şəkildə isbat edi. Bundan əlavə, çeşid nümayiş etdirən böyük cinsin mümayəndələri ortalama olaraq, kiçik cinsin bənzər nümayəndələrindən daha çox çeşidə malikdirlər. Başqa bir bölgü aparıldıqda da—sadəcə bir və dörd arası növə sahib olan cinslər cədvəllərdən çıxarıldıqda—bu iki nəticəni yenidən müşahidə etmək oldu. Bu faktlar, növlərin çox özünəməxsus və qalıcı çeşidlər olduğu ideyası üçün əhəmiyyətlidir; çünki, eyni cinsin bir çox növünün formaladşdığı yerdə və yaxud, belə demək mümkünsə, növ istehsalının aktiv olduğu yerdə, xüsusilə də, növlərin istehsal prosesinin çox yavaş getdiyinə inanmaq üçün hər cür səbəbimiz olduğuna görə, istehsalın hələ də davam etməkdə olduğunu müşahidə etməliyik. Əgər çeşidlərə əmələ gəlməkdə olan növ kimi baxsaq, bu həqiqətən də belədir; çünki, mənim cədvəllərim göstərir ki, bir cinsin bir çox növünün yarandığı yerdə, həmin cinsin növləri ortalamadan daha artıq çeşid və ya əmələ gəlməkdə olan növ nümayiş etdirir. Bu o demək deyil ki, indi mövcud olan böyük cinslər çox dəyişsə də, kiçik cinslər dəyişmir; bu, mənim nəzəriyyəm üçün ölümcül olardı; geologiya açıq-aşkar sübut edir ki, kiçik cinslər qısa müddət ərzində böyümüş, böyük cinslər isə, maksimuma çatmış, azalmış və sonra yox olmuşlar. Burada göstərmək istədiyimiz şey, çox növün əmələ gəldiyi yerdə, ortalama olaraq bir çoxunun hələ də əmələ gəlməkdə olmasıdır; və bu doğurdan da belədir.
BÖYÜK CİNSİN NÖVLƏRİ ÇEŞİDLƏRƏ BƏNZƏYİR
Böyük cinsin növləri və onların çeşidləri arasında başqa diqqətəlayiq əlaqələr var. Daha öncə növləri və öxünəməxsus çeşidləri bir-birindən ayırd etməyin yaxşı yolunun olmadığını və şübhəli formalar arasındakı aralıq əlaqələrin tapılmadığı hallarda, təbiətşünasların onlar arasındakı fərqin, birini və ya hər ikisini növ mərtəbəsinə qaldırmaq üçün kifayət olub-olmadığını mühakimə etmək məcburiyyətində qaldığını gördük. Buna görə də, fərqin miqdarı iki formanın növ yoxsa çeşid olaraq sinifləndirilməsi üçün vacib kriteriyadır. Təzəlikcə, bitkilərlə bağlı olaraq Fries, həşəratlarla bağlı olaraq isə Westwood qeyd etmişdir ki, böyük cinslərdə növlər arasındakı fərqliliklər çox kiçikdir. İddianı ortalamaladan istifadə edərək rəqəmlərlə sınaqdan keçirməyə çalışdım və qeyri-mükəmməl nəticələrim bunu daim təsdiqlədi. Bəzi təcrübəli və dərrakəli müşahidəçilərlə məsləhətləşdim və müzakirələrdən sonra onlar da bu fikirlə razılaşdılar. Bu baxımdan, böyük cinslərin nümayəndələri çeşidlərə kiçik cinsin nümayəndələrindən daha çox oxşayır. Bir başqa sözlə, ortalamadan daha yuxarı sayda yeni çeşidlərin və ya əmələ gəlməkdə olan növlərin istehsal olunduğu böyük cinslərdə, artıq istehsal olunmuş növlərin çoxu müəyyən qədər çeşidlərə bənzəyir, çünki, onlar bir-birindən adətən müşahidə olunandan daha az fərqlənirlər.
Bundan əlavə böyük cinslərin növləri bir-birilə növlərin çeşidlərinin bir-birilə olduqları kimi əlaqədədirlər. Heç bir təbiətşünas cinsin bütün növlərinin bir-birindən eyni dərəcədə fərqləndiyini iddia etməz; onları adətən altcinslərə, hissələrə və ya kiçik qruplara ayırmaq mümkündür. Friesın da yaxşı qeyd etdiyi kimi, növlərin kiçik qrupları müəyyən növlərin ətrafında, onların peyki şəklində cəmləşirlər. Çeşidlərin özləri müəyyən bir əcdad növün ətrafında peyk kimi cəmləşmiş forma qrupları deyil, bəs nədir? Şübhəsiz ki, çeşidlər və növlər arasında vacib bir fərqlilik var; çeşidlər arasındakı fərqlilik eyni cinsin növləri arasındakı fərqlilikdən daha azdır. Bunun niyə belə olduğunu Xarakterin Divergensiyası prinsipi adlandırdığım prinsipi müzakirə edəndə görəcəyik və həmçinin çeşidlər arasındakı xırda fərqliliklər, növlər arasındakı daha böyük fərqliliklərə necə çevrildiyini görəcəyik.
Diqqətəlayiq başqa bir məqam daha var. Çeşidlərin yayıldığı ərazilər daha məhduddur: bu hamıya məlumdur, çünki, əgər çeşidin əcdad növdən daha geniş əraziyə yayıldığı müşahidə olunsaydı, onun siniflədirilməsini dəyişdirmək lazım gələrdi. Lakin, başqa növlərə çox bənzəyən və belədə, çeşidləri xatırladan növlərin də məhdud yayılma ərazisi olduğuna inanmaq üçün yaxşı səbəblər var. Məsələn, c-b Watson nəzərimə çatdırmışdır ki, yaxşı tədqiq olunmuş London bitki kataloqunda növ olaraq göstərilmiş 63 bitki, digər növlərlə o qədər yaxından əlaqəlidir ki, o, onları şübhəli növ sayır; sözügedən 63 növ, c-b Watsonun Böyük Britaniyanı ayırdığı əyalətlərindən ortalama olaraq 6.9-una yayılıb. Eyni kataloqda qəbul olunmuş 53 çeşid də göstərilib və bunlar 7.7 əyalətə yayılıb; halbuki, bu çeşidlərin aid olduğu növlər 14.3 əyalətə yayılıb. Beləliklə, çeşid olaraq qəbul olunmuş bitkilər, c-b Watson tərəfindən diqqətimə şübhəli olaraq çatdırılmış, lakin Britaniya botanikləri tərəfindən yaxşı və həqiqi növ olaraq seçilmiş bitkilərlə, demək olar ki, eyni genişlikdəki məhdud əraziyə yayılmışlar.
Sonda, belə çıxır ki, çeşidlər—birincisi, aralıq formaların mövcud olduğu halları çıxmaq şərtilə—ki, bu aralıq formalar əlaqələndirdikləri formaları dəyişdirə bilməz—və ikincisi, aralıq formalar tapılmasa aralarındakı müəyyən fərqlilik dərəcəsini çıxmaq şərtilə,—ki, bu dərəcənin nə qədər olduğu çox naməlumdur—növlərdən ayırd edilə bilinmədiklərindən, növlərlə eyni ümumi xüsusiyyətlərə malikdirlər. Hər hansı bir ölkədə ortalamadan çox növə sahib olan cinsin növləri, ortalamadan çox çeşidə sahibdir. Böyük cinslərdə növlər bir-birinə yaxından, lakin qeyri-bərabər miqdarda bənzəyib, müəyyən növlər ətrafında kiçik dəstələr əmələ gətirirlər. Digər növlərlə çox yaxından əlaqəli olan növlər məhdud yayılma sahəsinə malikdirlər. Bütün bu məsələlərdə böyük cinsin növləri çeşidlərə çox oxşayırlar. Əgər növlər ilk öncə çeşidlər kimi var olub, onlardan yaranıbsa, bu oxşarlıqları başa düşmək asandır; lakin növlər bir-birindən müstəqil şəkildə yaradılıblarsa, bu oxşarlıqları açıqlamaq mümkün deyil.
Bundan əlavə, böyük cinsin ən çox dəyişən növünün ən yaxşı inkişaf etmiş və dominant növ olduğunu gördük; qarşıda görəcəyimiz kimi, çeşidlər yeni və özünəməxsus növlər yaratmağa meyllidirlər; və təbiətdə hal-hazırda dominant olan həyat formaları geriyə çox sayda dəyişmiş və dominant nəsil qoymaqla daha da dominant olmağa meyllidirlər. Lakin, yenə də qabaqda bəhs edəcəyimiz kimi, böyük cinslər kiçik cinslərə parçalanmağa da yatğındırlar. Kainatdakı həyat formaları da məhz bu şəkildə qrup və altqruplara ayrılmışdır.
Qeydlər
- Coccus – Bərabərqanadlılar dəstəsinə aid bir həşərat növü.
- Protean – Qədim Yunan allahı Proteusdan gəlir; Proteus kimi bir formadan müxtəlif formalara keçə bilən.
Mənbələr
Darwin, C. R. (1975). On the origin of species. Cambridge, MA: Harvard University Press. 44-59.
Tərcümə: Ərtoğrul Alışbəyli və Rəşad Yusifov