Az qala hər istifadəçisi tərəfindən saysız hesabsız dəfə təmir oluna bilən VAZ2106-lar, onillərlə istifadə olunan su qabları, stəkanlar, istifadə olunduqdan sonra geri qaytarılan qatıq bankaları və heç vaxt zibilə atılmayan, evdə yığılan bankalarla əhatələnmiş şəkildə böyüyən bizlər üçün təmir, yenidən istifadə heç də yad bir anlayış deyil. Dəmir pərdənin o biri tayındakılardan fərqli olaraq bu biri tayında olan bizlərə yaşadığımız coğrafiyanın keçmişi əşyalara rahatlıqla atıla bilən bir şey kimi baxmamağı ətraf mühit haqqında bir kəlimə belə demədən, təbii şəkildə öyrədib.
Yamanıb həyata qaytarılmış paltar geyməyi ayıb deyil, ən yüksək siyasi fərqindəliyin göstəricisi olduğunun [təəssüf ki] fərqində olmayan Sovet və post-Sovet insanları sahib olduqları əşyalar ilə Qərb insanından fundamental olaraq fərqli əlaqə qururlar. Bunun təməlində bir tərəfdən maddi vəziyyətdəki fərqlər durursa belə (orta Sovet insanının daha kasıb olması), digər tərəfində bütöv bir dizayn və iqtisadi yanaşma durur. Böyümə kultuna görə işləyən iqtisadiyyatda istehlakçılıq mədəniyyəti daha basqıcı, əşyaların dəyişmə tezliyi isə daha yüksək olur və bu iqtisadi dinamikliyə böyük töhfə verir. Bunun gətirdiyi əsas üstünlük istehsalçıları yenilikçiliyə sövq etməsi, bu yolla daha sürətli innovasiyaya gətirib çıxara bilməsidir, çünki sürətli dəyişmə istehsalçılara yeni məhsul təqdim edib rəqabətdə önə çıxmağa daha tez-tez imkan verir. Buna görə kapitalist iqtisadiyyatlar (xüsusilə də idarə olunmayanlar) daha high-tech məhsullar istehsal edə bilsə də, çox vaxt əşyaları tez qırılan, təmir olunması çətin formada düzəldir, hətta bəzən onları bilərəkdən planlı şəkildə süni olaraq qocaldırlar. Bir sözlə, rəqabət-yönümlü kapitalist iqtisadiyyatda iştirak edən oyunçuların rəqabətdə önə çıxma şansı daha çox olur, ona görə də, burada yeniliklər daha sürətli tempdə gedə bilir. Kapitalist iqtisadiyyatların məziyyətlərindən bir başqası isə olmayan yerdən ehtiyac yaratmaq qabiliyyətləridir ki (“bu smartfonlar olmayan vaxtlar necə yaşayırdıq“), bu başqa bir yazının mövzusudur.
Müqayisə üçün əşyaların təmir, yenidən istifadə olunduğu yerlərdə məişət əşyaları sahəsində iqtisadi fəallıq eyni dərəcədə yüksək olmur, çünki satış-alış-istifadə-tullantı-alış dövrəsinin uzunluğu daha böyük olur və bu da rəqabət imkanlarını (əgər rəqabət edənlər varsa), yeniliklərə olan tələbi azaldır. Nəticədə 50 il normal işləyə bilən, rahatlıqla təmir olunan bir soyuducu almısınızsa, bir də 50 il sonra bazarda bu məhsul üçün tələbat yaradacaqsınız və məhsula olan tələbat əsasən uzun vadədə demoqrafik artımdan asılı olacaq. Bir sözlə, belə iqtisadiyyatlarda mövcud ehtiyacların uzunmüddətli qarşılanması mühitdəki resursların istifadəsi baxımından səmərəli baş versə də, istehsalçıların yeniliyi istehlakçılara təqdim etmək şansları daha az olur.
Bu gün iqtisadi olaraq geri düşmüş və sonda Soyuq Müharibədə məğlub olaraq məhv olmuş Sovet İttifaqında iqtisadiyyatın düzgün qurulduğunu iddia etmək nə qədər yersizdirsə, böyümə hərisliyi ilə planeti insanlar üçün yaşanmaz hala gətirməkdə olan kapitalist iqtisadiyyatının da uğurlu bir şey olduğunu demək bir o qədər çətindir. Bu təzad bizi bu həftənin sualına gətirir: Bir tərəfdən kapitalist innovasiyanı istəyiriksə, digər tərəfdən uzunömürlü əşyalar istəyirik. Bəs bu iki istəyi bir-biri ilə necə uzlaşdırmaq olar?
Həmişə olduğu kimi, bu dəfə də ən yaxşı, ətraflı cavabın müəllifi bizdən mövzu ilə əlaqəli kiçik amma mənalı bir hədiyyə əldə edəcək. Cavabınız bizə aşağıdakı form vasitəsilə göndərə bilərsiniz.