Keçmişdəki iqlim şəraitini öyrənmək üçün ən effektiv metod sizcə hansıdır və niyə?

İqlim qısaca havanın uzunmüddətli statistikasıdır (bax: Alışbəyli (2019)). Hava kimi iqlim də qalıcı, əllə tutula biləcək bir şey deyil. Lakin iqlim şəraiti konkret fiziki faktorların qarşılıqlı əlaqəsi nəticəsində yarandığından və öz növbəsində konkret fiziki faktorlara təsir etdiyindən onun necə olduğu ilə bağlı uzun illər sonra da fikir bildirmək olur. İqlimin öyrənilməsində Antarktidadan çıxarılmış uzun buz özəklərindən tutmuş yaşlı ağacların gövdələrindən alınmış çubuqlardakı illik haqlara qədər fərqli metodlardan istifadə olunur. Alimlər bunun kimi bir sıra data mənbələrindən istifadə edirlər. Bu həftəki sualımız bu metodlarla bağlıdır: İqlimin öyrənilməsində istifadə olunan metodlardan hansı sizcə daha effektiv ola bilər? Nəyə görə? Ümumiyyətlə, bir metodun effektivliyini təyin edən faktorlar nələrdir?

İqlimin dəyişdiyini iddia etmək üçün alimlər uzun illər iqlim məfhumunu bir sıra metodlarla incələmişdirlər. Çəkilən bütün əziyyətə baxmayaraq hazırda dünyanın müxtəlif yerlərində bəzi qruplar iqlimin dəyişməsində qeyri-adi heç nə olmadığını, insan fəaliyyətləri tərəfindən yaranmadığını və bu dəyişmənin normal dəyişmə dövrələri çərçivəsində olduğunu iddia edirlər. Qrupun ölçüsü kiçik olsa da, ictimai düşüncə üzərində təsiri böyükdür. Bu mövzuda cəmiyyət səviyyəsində ortaq razılaşmanın əldə olunması üçün ən yaxşı seçimimiz ictimaiyyətin iqlimşünaslıqda aparılan tədqiqatlarla, istifadə olunan metodologiya da ilə daha yaxından tanış olmasıdır. Hər yerdə olduğu kimi, burada da deyilənin nə olduğu deyil, o nəticəyə necə varıldığıdır ən maraqlı və vacib olan. Bu həftənin sualı da iqlimi öyrənən elmlə bir tanışlıq üçün imkan və stimul yaradır.


Cavabınızda bir neçə yanaşmadan bəhs edə bilərsiniz, bir yanaşma seçməyinizə ehtiyac yoxdur. Sualın cavablandırılmasında önəmli olan iqlim kimi uzunmüddətli bir məfhumun öyrənilməsində nə kimi metodlardan istifadə olunduğunu araşdırmaq, istifadə olunan metodları kritik şəkildə incələmək, elmi metodların effektivliyi və etibarlılığını nəyin təyin etdiyi ilə bağlı düşünməkdir.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top