Təhsillə bağlı müzakirələrin böyük hissəsi çatılması arzu olunan son nöqtələr üzərində gedir: son məhsul nəyə oxşamalıdır? (Yazı boyu təhsil dedikdə əsasən elmi təhsilini nəzərdə tutacağam, lakin oxşar iddialar başqa sahələr üçün də keçərlidir.) Burada bu növ müzakirələrin natamam olduğunu göstərməyə, əslində təhsil məsələsinə proses nöqteyi-nəzərdən yanaşılmalı olduğunu iddia etməyə çalışacağıq. Yəni, təkcə son nöqtənin yox, ora gedib çıxma prosesi ilə bağlı konkret təkliflərin də müzakirə olunmalı olduğunu göstərməyə çalışacağıq. Əsas iddiamız isə odur ki, çox sayda insana keyfiyyətli təhsil vermək qabiliyyətinə malik təhsil müəsisələrinin yaranması üçün ilk növbədə çox kiçik sayda insana çox keyfiyyətli təhsil vermək iqtidarında olan müəsisələr yaranmalıdır. Bu növ müəsisələrə yazı boyu elitist məktəblər deyəcəyəm.
“Gəlin ilk olaraq hazırki populist adlandıra biləcəyimiz təhsil sisteminin niyə işləmədiyinə bir qədər nəzər salaq” demək istərdim amma bu əlli iki dissertasiya mövzusu olacaq qədər əhatəli sualdır. Ondansa gəlin daha təvazökar bir təşəbbüsə baş vuraq və təcrübəmizdən yola çıxaraq universitet və təhsil sistemi ilə bağlı bəzi müşahidələr edək. Müasir universitetlərin çoxu populistdir, yəni, təhsilin xüsusi seçilmişlərin yox, hamının haqqı olduğunu iddia edir. Bu iddianı bərkitmək üçün universitetlərin və onu idarəedənlərin əlində çoxlu resurslar var, o cümlədən, propaqanda resursları. Buna misal olaraq davamlı olaraq dərc olunan universitet sıralamaları, saytlara yerləşdirilmiş rəngli şəkillər, gülən üzlər, infoqrafikalar və hər şeydən də vacib, bu iddialar ətrafında tikilmiş bütöv bir təhsil kurrikulumu. Mövcud sistemi zavoddakı konveyer kəmərinə bənzətsəm düşünürəm ki, o qədər də şişirtmiş olmaram. Hamı 4-5 yaşından bu kəmərə otuzdurulur, ibtidai məktəbə, orta məktəbə, ardından ali məktəbə sürülür və kəmər üstündə istehsal olunanların arzuolunan məhsul olduğu iddia olunur. Əlbəttə, bir çox təməl insan haqlarında olduğu kimi, təhsildə də müəyyən minimumun olması şərtdir və minimum bir cəmiyyətdə nə qədər yüksək olarsa bir o qədər yaxşıdır, bunu heç kəs dana bilməz; əhalinin təməl savadının olmasının ölkələrə gətirdiyi faydanı ölçən saysız-hesabsız statistika var. Lakin gəlin görək doğrudandamı bu konveyer kəməri sual olunmaz dərəcədə mükəmməl yanaşmadır?
Yuxarıda da qeyd etdiyim kimi, müəyyən minimumun olması şərtdir. Əsl sual o minimuma yetişəndən sonra nəyin baş verdiyidir. Müasir cəmiyyətlərin demək olar ki, hamısında universitet təhsilinə ciddi bir prestij yüklənib: Bakalavr eləmisən? Filan universitetdə? Lap gözəl! Magistr eləmisən? Beşməkan universitetdə? Pəh, gəl alnından öpüm! Ayə, doktorantura eləmisən? Gəl keçək yataq otağına! Sənaye də daha yüksək dərəcəli təhsili yüksək dəyərləndirir. Bütün bunlar üst-üstə gəldikdə diplom alverinə ciddi bir bazar açılır. İnsanların təhsil almaq üçün əsas stimulu (və ya insentivi) bu prestij, gələcək əlavə gəlir olanda isə məqsəd statistik olaraq dəyişir. İnsentivlərin yanlış paylandığı hər mühitdə (məsələn, yeganə məqsədi daha artıq gəlir əldə etmək üzərinə qurulmuş iqtisadi sistemdə) olduğu kimi, təhsildə də insentivlərin yanlışlığı insanların arzuolunandan fərqli strategiyalar edinməsinə yol açır. Bunu bir az açaq. Məsələn, normal kapitalist sistemdə məqsəd gəliri maksimallaşdırmaqdır. Bəzilərinə görə bunu etməyin yolu daha keyfiyyətli şeyləri daha ucuza istehsal etməkdir. Lakin di gəl ki, hamının bildiyi reallıq budur ki, məqsəd gəliri maksimallaşdırmaqdırsa, insanlar bunun üçün köləlikdən tutmuş yanlış reklama qədər saysız-hesabsız hiylələrə əl atacaqlar və atırlar da. Bu alternativ strategiyaların qarşısını almaq üçün hökümətlər bazarları idarə etməli, lazımi qaydaları yerləşdirməlidir (və ya işçilər inqilab edib sistemi tamamilə dəyişdirməlidir, amma gəlin bu mövzuya hələ ki girməyək) və buna görə də neoliberalizm adlandırdığımız “koy götüne rahvan getsin” prinsipinə dayanan iqtisadi nəzəriyyə ən bəsit davranış elmi qanunlarından xəbərsiz və axmaq bir sistemdir (ümumi əhalinin firavanlığını artırmaq üçün axmaqdır, varlıların gəlirlərini mümkün olan hər yolla artırması üçün kifayət qədər ağıllıdır).
İnsentivlərin yerləşdirilməsindəki yanlışlıq məsələsi təhsildə də oxşar nəticələrə gətirib çıxarır. Universitetlər və siyasətçilər istəyirlər ki, əhali savadlı olsun və ona görə də diplom verən, savadın göstəricisi olmalı olan diplomun prestijli olmasını təmin edəcək bir sistem qururlar. Lakin əgər təkcə diplom almaq insanın digər məqsədlərinə (prestij qazanmaq, daha çox gəlir və s.) çatmaq üçün kifayətdirsə, həmin insan bilik əldə etməyə yox, məhz diplom qazanmağa çalışacaq və bunun üçün əlindən gələn bütün strategiyalardan istifadə edəcək: düzdür bəziləri həqiqətən də oturub oxuyub qazanacaq diplomunu amma bir çoxu lazım gələndə rüşvət verəcək, rüşvət verməyən yoldaşlarını sıxışdıracaq, müəllimləri motivasiyadan salacaq, ən yaxşı halda, imtahandan keçməyə fokuslanıb imtahandan imtahana oxuyacaq, oxuduqları isə 10 gündən sonra sovrulub gedəcək. Yəni, yoldaşlar, əhalinin bilik səviyyəsini qaldırmaq üçün universitet sistemi düzəldə bilərsiz, sənayenin bu sistemin məhsullarını dəyərləndirməsinə nail ola bilərsiz, lakin bu şeyləri diplom, qiymət və s. kimi simvolik məna daşıyan və sürətli dəyərləndirməyə hesablanmış şeylər üzərində qurursunuzsa, işləriniz fırıqdır. Mahiyyət görüntü ilə müqayisədə çox uzaqdadır. Oxumuş kimi görünmək oxumaqdan qat-qat daha çətindir. Bu ikisini bir-birindən ayırmaq isə özlüyündə ciddi bir bilik, təcrübə, zaman və maddi resurslar tələb edir.
Belədə, sual yaranır bəs universitetlərin prestijini qoruyub eyni zamanda oradan çıxan insanların həqiqətən də müəyyən biliklərə hakim olduğunu necə yəqin etmək olar? Təəssüf ki, bu sualın cavabı illərdir bizim ictimai mühitdə iddia edildiyi kimi təkcə rüşvətin yığışdırılması deyil. Rüşvətin aradan qaldırılması işin vacib amma ən asan tərəflərindən biridir. Əsas məsələ yuxarıda sadalanan bir neçə faktoru aradan qaldırmaqdır.
1) Test imtahanı, rəqəmlə və ya hərflə qiymətləndirmə, diplom kimi simvolik şeylərə verilən həddən artıq yüksək dəyərin aradan qaldırılması. Test metodu müasir on minlərlə tələbəyə malik universitetlərin aşağı maddi resurslar qarşısında edindiyi bir uyğunlaşmadır (adaptasiya). Biliyi dəyərləndirmək üçün mövcud olan alternativ yollardan istifadə etmək üçün ya çox sayda professora, ya da az sayda tələbə lazımdır. Müəllim-tələbə nisbətini düzgün tutdurmayan, çox sayda tələbəyə, az sayda müəllimə sahib universitetlər biliyin dəyərləndirməsini test imtahanı kimi primitiv və heç bir dəyəri olmayan metodlara endirir. Bu metodun nə qədər problemli olduğunu hamı təcrübəsindən bilir, lakin kimsə çıxıb bu faktı ön plana çıxaranda hakim mövqe “vəziyyət belədir, neylək?!” yolu ilə onu kənara itələyir. Test metodundan daha yaxşı dəyərləndirmə metodları burada sadalanmayacaq qədər çoxdur (bunlardan ən tanış olanı tövsiyyə məktubudur, good old recommendation letter). Lakin məsələ heç təkcə dəyərləndirmədə də deyil. Məsələ tədris metodlarındadır. Yenə də müəllim azlığı tələbə çoxluğundan dolayı, universitet təhsili böyük ölçüdə 100 metrdən deyilən, tələbələrlə passiv bilik qazanı kimi davranan mühazirələrdən ibarətdir. Halbuki təhsildə aktiv iştirakın, müəyyən məhsulun (inşa, elmi məqalə, təcrübə, nə bilim memarsızsa bina və s.) istehsalının əhəmiyyəti dövri-qədimdən məlumdur: ustalar hər dörd aydan bir şəyirdlərini test imtahanı etmirdilər, verirdilər əlinə çəkici deyirdilər “elə”, eləmirdinsə götündən bir təpik vururdular; aftafanı düzəltmiş kimi görünmək olmur, aftafa ya var, ya da yoxdur.
2) Maddi resurslar. Burada sözü gedən bir çox məsələnin reallaşma imkanının qarşısında maddi resurs problemi durur (əlbəttə, vizyonun olub-olmadığı da əhəmiyyətlidir). Maddi resurslar professora dəyərləndirmədə, işində, araşdırmasında, ümumilikdə akademik həyatında müstəqillik verir. Bu müstəqillik olmadan həmin professor rüşvət də alar, beş işdə işləyib vaxtını bölmək məcburiyyətində qalar (və nəticədə keyfiyyətsiz təhsil verər), dərs demək üçün lazımi motivasiyadan da düşər. Belə professorun yetişdirdiyi tələbədən də çox şey gözləmək olmaz. Keyfiyyətli, simvolik göstəricələrə dayanmayan təhsili aparmaq üçün dünya səviyyəli araşdırma aparan, dünya səviyyəsində dərs deyə bilən və dünya səviyyəsində maaş alan– ki, bu rəqəm sən deyən düşünülməz dərəcədə böyük də deyil; insanlar maaş alım deyə elm oxumurlar onsuz da– professorlar lazımdır. Amma məsələ təkcə professorlarla bitmir; bu müəsisələrdə təhsil alan tələbələr növbəti gün nə yeyəcəklərini düşünməməlidir, valideynlərindən hər mənada müstəqil olmalıdırlar. Müasir universitetlər bu dərəcədə müstəqilliyi işçilərinə vermək iqtidarında deyil, çünki yenə də təhsilə ayrılan maddi dəstəyin gülməli dərəcədə azlığı, müəllim azlığı və tələbə çoxluğu hamısı bir yerdə akademik müstəqilliyin olmasına imkan vermir.
3) İnsan resursları. Bütün sadalanan faktorların hər biri yerində olsa belə, sonda hər şeyi təyin edən insan faktorudur. Hər bir təşkilatın müqəddəratını orada işləyən insanların professional və şəxsi keyfiyyətləri təyin edir. Çox pulunuz, alternativ qiymətləndirmə və tədris metodunuz ola bilər, lakin bu işi aparacaq keyfiyyətli professorlarınız və tələbələriniz yoxdursa, son nəticə sonda yenə də istənilən qədər yüksək olmayacaq. İnsan düşüncəsinin etdiyi ən təməl fəaliyyətlərdən biri mühakimə etməkdir: ağı qaradan, azı çoxdan, yaxşını pisdən seçmək aktı. Təhsil prosesinin məqsədi, ən abstrakt mənada, yaxşı mühakimə edən insanlar yetişdirməkdir. Akademik, elmi mühakimə heç də hamının edə bildiyi və ya etmək istədiyi bir şey deyil, heç olmamalıdır da. Bu növ mühakiməni edə bilən insanlar potensiallı tələbələri və müəllimləri həmin təşkilatlara gətirə bilir. Bundan başqa, unutmayaq ki, elmi tədqiqat insan fəaliyyətlərindən yalnız biridir, özü də heç də ilahiləşdirilməməli olan fəaliyyətlərdən biri. Yəni, hər ölkə elmdə olduğu kimi, sənayedə, mühəndislikdə də, incəsənətdə də, tibbdə də mümkün qədər irəli getməyə çalışmalıdır, bu digər sahələr olmadan təkcə elmlə heç bir yerə varmaq olmur. Lakin bu sahələrlə maraqlananların hamısı həyatlarını eyni cür yaşamalıdır, təhsillərini eyni cür almalıdır deyə də bir şey yoxdur. Tibb təhsilinin tələbatı, çilingərlik təhsilinin tələbatları tamamilə başqa-başqadır və bütün bu sahələr üçün müəyyən qədər xüsusiləşmiş sistemlərin, bütün bu sahələrdə mühakimə edə bilən insanların mövcudluğuna ehtiyac var. Universitetlər də öz növbəsində əsasən tədqiqat araşdırma ilə məşğul olan bir yerdir və vəzifələri əsasən elmlə məşğul olacaq, dərs deyəcək insanlar istehsal etməkdir. Buna görə də, təhsil adına hər şeyi universitetdən istəmək düzgün deyil, qeyri-elmi təhsil üçün müvafiq peşə məktəblərinə və xüsusiləşmiş institutlara ehtiyac var. Müasir cəmiyyətlərdə universitet təhsilinin göyə qaldırılıb, peşə təhsilinin yerə vurulması ikincilərin cəmiyyətdəki həyati roluna qarşı edilmiş haqsızlıq, birincinin tələbə və müəllim keyfiyyətinə vurulmuş böyük bir ziyandır– bir cəmiyyət üçün yaxşı bir mühəndis, yaxşı bir çilingər və yaxşı bir alim yetişdirmək eyni dərəcədə fəxr olunası bir şey olmalıdır. Təhsil quruluşları isə insanların maraq göstərdikləri sahə üzrə mümkün qədər keyfiyyətli təhsil almasına imkan yaratmalıdır. Maraq göstərməyən insanların maraq göstərən insanlarla hansısa ballara əsasən qarışdırılması ikinci qrupdakı insanların təhsil təcrübəsini zəiflətməkdən başqa heç nə deyil. Hamının dərsdə fikrini dağıdan, ortaq maraqları görməzdən gələn sinif yoldaşları olub, bəziləri üçün bu daha travmatik təcrübə olub. Bu vəziyyət onu göstərir ki, təhsil institutları lazımi insanları lazımi yerlərə yönəldə bilmir, yəni düzgün mühakimə edən insanlar düzgün vəzifələrdə deyillər və bunun nəticəsidir ki, universitetlər bir qoşun motivasiyasız və biliksiz müəllimlər və tələbələrlə doldurulub.
Bütün bu müzakirəni nəzərə alaraq universitetlər üçün elitist deyə biləcəyimiz təhsil modelinin ciddi bir alternativ olaraq ələ alınmalı olduğunu düşünürük. Elitist məktəb mühakimə qabiliyyəti, biliyi və təcrübəsi yüksək, bütün akademik azadlıqlara sahib tədqiqatçı-müəllimlərdən, tələbələrinin marağa və potensiala görə seçildiyi, valideynlərindən müstəqil olduğu bir yerdir. Bu yerdə tələbələr maddi imkanlarına görə və yaxud hansısa imtahandan yığıdığı ballara əsasən və yaxud hansısa qəbul yerlərini doldurmaq üçün yox, savadlı müəllimlərinin təcrübəsinə və biliyinə dayanaraq edilən mühakimələr əsasında seçilirlər. Bu isə avtomatik olaraq universitetdəki tələbələrin sayını azaldır, çünki bayaq da dediyimiz kimi akademik araşdırma hamını maraqlandıran və etmək niyyətində və potensialında olan bir şey deyil (və olmamalıdır da). Amma məsələ təkcə tələbə sayı azaltmaq deyil: elitist universitetin məqsədi məzun etdiyi insanın elmi bacarıqlarını və biliyini maksimallaşdırmaqdır. Məhz buna görə Salyan Universiteti kimi elitist universitetlərdə tələbələrin müəllimlərə olan nisbəti azdır. Məhz buna görə, Salyan Universitetində biliyin dəyərləndirilməsi qiymətlər, diplomlar əsasında aparılmır. Salyan Universiteti buna görə praktiki (ingiliscə, hands-on) məhsula yönəlik, tələbələrin aktiv iştirakı ilə baş verən təhsilə önəm verir. Bütün bunları edə bilmək üçün universitet mümkün qədər seçici və balaca olmalıdır; böyük miqyasda, sadalanan məsələləri düzgün həll etmək üçün kifayət qədər resurs (maddi və insan) olmur: Azərbaycan boyda ölkəni sıxsan neçə dünya səviyyəli alim, araşdırmaya maraqlı neçə dənə tələbə çıxararsan? Əlbəttə kifayət qədər çıxararsan, amma 40 000 tələbə çıxarmazsan, 10 000 müəllim çıxarmazsan. Təhsilin ümumi inkişafı, elmi tərəqqi yalnız bu növ elitist universitetlərin yaranması və onların məzunlarının sayəsində olacaq. Yazının əvvəlində də deyildiyi kimi, əgər çatmaq istədiyimiz nöqtə hamının mümkün qədər yüksək səviyyəli təhsil görməsidirsə, bunun üçün konkret və real addımlar atmaq lazımdır. Xarab təhsil sisteminin yaratdığı yarı-motivasiyalı insanlarla ümumi səviyyəni yuxarı qaldırmaq olmur. Bütün ağaclar bir nöqtədə kiçik fidan mərhələsindən keçməlidirlər və elitist universitetlər də yaxşı təhsil sistemi üçün yol açan fidanlardır. Böyük ölçüdə qurumuş ağacın daha yuxarı qalxmasını gözləməkdənsə, həmin ağacın sağlam budaqlarından, təzə toxumlarından kiçik fidanlar əkək bəlkə, nə deyirsiz?
Bu seriyada daha əvvəl:
Giriş – Salyan Universiteti (1)