Daha Qalın Dərsliklərə Doğru

Pionerin yanında Xan dayının ikinci əl kitab mağazasında eşələnirəm. Həmişəki kimi, Sovet vaxtının riyaziyyat-fizika kitabları arasında diqqətimi cəlb edənləri açıq-vərəqləyib təzədən yerinə qoyuram. Məqsədsiz bir axtarışın sonunda mağazadan çıxacaqda, üst-üstə qalaqlanmış dərslik qülləsinin üstündə, cəlbedici üz qabığına malik 11-ci sinif biologiya dərsliyi gözümə dəyir.


Öyrənmə prosesinin böyük hissəsi qəbul olunan informasiyanı hərəkətə çevirərək istifadə etməklə baş verir. Məsələn, saymağı ilk dəfə öyrənən uşaq rəqəmləri sadalayarkən barmaqlarını bir-bir açaraq və ya əşyalardan istifadə edərək rəqəmlər haqda intuisiyasını inkişaf etdirir. Daha mücərrəd fikirlərlə işləyən zaman da, materialı daha yaxşı mənimsəmək üçün çox vaxt müxtəlif hərəkətlərdən istifadə olunur; mətndəki fikirlər diaqramlar vasitəsilə bir-birinə bağlanır, səhifənin qırağına və ya ayrıca bir dəftərə qeydlər yazılır, sitatlar gətirilir, cümlənin altından xətt çəkilir və s. Bütün bunlar effektiv öyrənmənin passiv informasiya qəbulu yox, aktiv informasiya istifadəsi ilə olduğunu göstərir.

İnsanlar bütün günü götlərinin üstündə oturub, başqalarının diktəsi ilə bir şeylər etmək üçün təkamül etməyiblər; yəqin ki, sizin də təcrübəniz insanların belə vəziyyətdə heç də xoşbəxt olmadığını göstərir. Bir çox insanın, uşaqlıq dövrləri ilə bağlı xoş xatirələri, məhz bu dövrlərində azad şəkildə seçdiyi şeyləri edə bilmələri ilə əlaqəlidir. İqtisadi problemlərdən uzaq, hansısa bir avtoritetin təsir dairəsindən böyük ölçüdə kənarda, uşaqlar öz aralarında qruplar halında (və bəzən fərdi şəkildə) bir araya gəlib ortaq maraqlarını tapır və müxtəlif oyunlar kontekstində bu maraqlarını reallaşdırırlar. Sərbəst şəkildə yoldaşları ilə birgə oyunlar qurub oynayan uşaqlar, sosial mühitdə necə davranmağı, müzakirə edib, ortaq məxrəcə gəlməyi, kompromisə getməyi, hamı tərəfindən qəbul olunan ədalətli qaydalar hazırlamağı, onlara riayət etməyi və başqalarının da o qaydalara riayət etməsində iştirak etməyi, oyun zamanı yaranan çətin (və hətta təhlükəli) vəziyyətlərin öhdəsindən gəlməyi, müxtəlif əşyalar düzəldərək mövcud materialların xüsusiyyətlərini, bir-birilə əlaqəsini, ətraf mühitdəki ağacları, heyvanları öyrənir ki, bu, özlüyündə əyləncəli bir şey olmaqdan əlavə, həm də onları gələcək həyata hazırlayır.

Maşınların həyətləri, küçələri, uşaqların oynaya biləcəyi bütün məkanları zəbt etdiyi, hündür binaların minlərlə insanı bir ovuc əraziyə sıxışdırdığı, kubik hasarların getdikcə daha da ucalıb, ailələr və uşaqlar arasında daha da aşılmaz sərhəd olmağa başladığı, valideynlərin uşaqları passivləşdirib dörd divarın təhlükəsizliyində həbs eləmək üçün aqqressiv şəkildə elektronik cihazlardan istifadə etdiyi bir zamanda, bütün bunlar azmış kimi, uşaqları standartlaşdırılmış test imtahanlarına hazırlaşan maşınlara çevirən təhsil sisteminin ciddi tənqidə və dəyişikliyə ehtiyacı var. Sadalanan faktorların uşaqlar üzərindəki təsiri ilə bağlı bir KAMAZ dolusu araşdırma olsa da, bu ədəbiyyatı burada əhatə etmək real deyil. Bundan əlavə, tənqid nə qədər spesifik olarsa, o qədər təsirli olacağını düşünürük. Ona görə də, bu yazıda çox daha spesifik bir məsələyə toxunmaq istəyirik.

Yuxarıda haqqında söz açdığım 11-ci sinif biologiya kitabının cəlbedici üzqabığından əlavə başqa vacib bir xüsusiyyəti də var. Bu isə, təqdirəlayiq bir hal kimi, insan təkamülü mövzusu ilə başlayan bu kitabın həcminin cəmi 200 səhifəyə yaxın bir şey olmasıdır. Bu 200 səhifənin içindəki mətnin həcmi köhnə kitablara nisbətən qat-qat daha aşağıdır; əvəzində, kitabda şəkillərə, diaqramlara və bu kimi elementlərə daha geniş yer ayrılıb. Şəkil və diaqram kimi elementlərin informasiyanın uşaq tərəfindən mənimsənməsi üçün həddindən artıq vacib bir məsələdir; bu elementlər, uşaqların müxtəlif mücərrəd məfhumları intuitiv başa düşmələrinə kömək edir və məlumatı ətraf mühitlə əlaqələndirir. Lakin, elmi nəşriyyatın öldüyü bir ölkədə, 11-ci sinif şagirdi üçün biologiya adına mövcud olan əsas mənbənin bu şəkillə dolu 200 səhifə olması onun biologiya öyrənməsinin qarşısını almaq üçün çox effektiv vasitədir.

Uşaqların əqli inkişaf prosesi ilə elmi proses bir çox cəhətdən fərqlənsələr də, bu iki şeyi bir araya gətirən məsələ öyrənmədir. Birincidə, uşaqlar aid olduğu dünyanın və cəmiyyətlərin ənənələrini və qaydalarını öyrənirsə, ikincidə alimlər təbiətin qanunlarını öyrənirlər. Eynilə uşaqlarda olduğu kimi, elmdə də inkişafa müxtəlif ideyaların təcrübə və nəzəri müzakirələr şəklində sınanması ilə nail olunur. Lakin, burada çox incə bir məqam var. Doğrudur, istifadəsinə yenicə başlanmış kurrikulum sistemi uşaqları təqdimat, müzakirə və sair kimi aktiv fəaliyyətlərlə məşğul olmağa təşviq etsə də, bu yollarla öyrənmə, real elmdəki öyrənmədən çox ciddi bir şəkildə fərqlənir. Belə ki, alimlər, Newtonun sözü ilə, “özündən əvvəlki nəhənglərin çiynində dayansalar da”, 200 səhifəlik kitabla biologiya öyrənməyə çalışan bir şagird, uzağı həmin nəhənglərin şalvarlarının balaqlarından sallana bilər.

Müasir elmin əhəmiyyətli hissəsi axtarışdan ibarətdir. Sürətlə artmaqda olan elmi ədəbiyyat qarşısında çox vaxt ən təcrübəli alimlər belə aciz qalırlar. 19-20-ci əsrlərə qədərki dövrdən fərqli olaraq, artıq heç kəs, öz sahəsinin keçmişini və indisini mükəmməl şəkildə bildiyini iddia edə bilməz. Hər gün çap olunan yeniliklərlə ayaqlaşmağa çalışan alim, sahəsinin tarixini, hansısa elm sahəsinin keçmişini ciddi şəkildə öyrənmək istəyən alim isə, sahəsindəki yenilikləri izləyə bilmir. Artıq alimlər hətta öz sahələrində belə ədəbiyyatla ayaqlaşa bilmirlər və nəticədə, elm sahələri getdikcə daha da xüsusiləşir. Bu xüsusiləşməyə baxmayaraq, hər bir alim vaxtının əhəmiyyətli hissəsini elmi ədəbiyyatda axtarış içində keçirir, yeni şeylər öyrənir, həmin yeniliklərin öz işi ilə əlaqəsini tapmağa çalışaraq, öz işində yeni cığırlar açmağa çalışır, fikirlərinin daha əvvəl başqaları tərəfindən yoxlanıb-yoxlanmadığını öyrənir. Axtarış, alimin araşdırma ideyaları üçün süzgəc rolunu oynamaqdan əlavə, həm də maraqlandığı təbiət qanunlarını öyrənməsinin ayrılmaz bir hissəsidir; alim nəhəng bir informasiya landşaftında gəzinir, burada nələrin olduğunu, nələrin olmadığını öyrənir, öyrəndikcə öz istiqamətini tapır və ərazini inkişaf etdirir.

Təhsilin məqsədi dünya haqda öyrənməkdən universitetə qəbul olmağa doğru dəyişdikcə, onun mənası da paralel olaraq itir. Bizdə və dünyanın bir çox ölkəsində təhsil sistemi qarşısında qoyulan əsas məqsəd, uşaqların dünya haqda öyrənməsi yox, onların uğurlu şəkildə universitetlərə hazırlanmasıdır. Bunlar, bir-birilə birbaşa ziddiyət yaratmasa da, hansının başlıca məqsəd olduğu təhsil prosesinin necəliyini təyin edir. Universitetəhazırlayan təhsil sisteminin özünəməxsus resursları və metodları olur ki, bu metodlar və resurslar dünyaöyrədən təhsil sistemindəkindən ciddi şəkildə fərqlənir. Təəccüblü olmamalıdır ki, birinci metodlar çox vaxt cəmiyyət üçün azad düşüncəli, bilikli və bacarıqlı fərdlər istehsal etmir; sistemin məqsədi onsuz da bu deyil!

Sözünü açdığım 200 səhifəlik kitab da məhz universitetəhazırlayan təhsil sisteminin məhsuludur. Məktəb dərslikləri, bazarda mövcud olan, müvafiq yaş qruplarındakı uşaqlar üçün yazılmış kitablarla birgə, uşaqlara açıq olan məlumat bazasını təşkil edir. Yəni, 6-cı sinif şagirdi, coğrafiyanı ya dərslikdən öyrənəcək, ya da 12 yaşlı uşaqların başa düşəcəyi dildə yazılan elmi-kütləvi kitablardan. Elmi nəşriyyatın ölmüş olduğu ölkəmizdə, uşaqlara əlçatan olan məlumat bazası böyük ölçüdə dərsliklərlə sərhədlənir. Belə olan halda, dərsliklərin 200 səhifə və şəkillərlə dolu olması o deməkdir ki, 12 yaşlı uşaqların biologiya haqda öyrənəcəyi həmin 200 səhifə ilə sərhədlənməlidir. Hansısa elm sahəsini 200 səhifəyə sığışdırmağa çalışmaq isə, həm uşaqlara, həm də həmin elm sahəsində əsrlər boyu çəkilmiş əziyyətə təhqirdən başqa bir şey deyil. Ona görə də, ən azından ölkədə elmi nəşriyyat ənənəsi formalaşmadığı müddətcə, uşaqların dərslikləri daha genişləndirilməlidir. Daha qalın kitabda mövzunu daha maraqlı, daha yavaş, anlaşılan və əyləncəli şəkildə açmaq, onun keçmişindən, indisindən, dünya ilə əlaqəsindən danışmaq, yeni şəkillər əlavə etmək, real dünyadan misallar vermək və s. olar. Bir başqa sözlə, qalın kitab alimlərin gəzindiyi landşaftı uşaqlara üzünə açacaq və sərbəst şəkildə orada gəzinib, yeni kəşflər etmələrinə imkan verəcək.

Öyrənmə informasiyanı qəbul edib istifadə etməklə baş verir. Uşaqlarımızı 200 səhifəlik informasiya qutusuna qoyub, onlardan istədiyimiz qədər təqdimat vermələrini, müzakirə aparmalarını, aktiv olmalarını istəyə bilərik, lakin, məlumat bazası zəif olduqda istifadə edilməli də heç nə olmur, necə deyərlər, this is not rocket science. Təbii ki, qalın kitablar, kitabdan istifadənin də dəyişməsini tələb edir. Məsələn, hal-hazırda uşaqlardan dərslikləri məktəbə gətirmələri tələb olunur ki, bu da kitabların daha qalın olmasının qarşısını alır. Lakin, dərslik gətirmə məcburiyyətinin özü, məktəblərdə və onların istifadə etdiyi təhsil metodlarındakı əskiklərdən xəbər verir. Təhsillə məşğul olan qurumların başlıca məqsədləri uşaqların istifadə biləcəyi resurslar və mühitlər yaratmaq olmalıdır. Əgər uşaqların məktəbdə də hansısa resurslardan istifadə etməsi istənilirsə, bunun üçün yaxşı təchiz olunmuş, geniş kitabxanalar, əşyalarını qoymaq üçün şkaflar, internet çıxışı olan kompüterlər olmalıdır, kitabla dolu çanta yox. Qalın kitabların, geniş kitabxanaların, şkafların varlığında, onsuz da dünya ilə həddən artıq maraqlanan uşaqlar o resurslara əl uzadıb, dünya haqda öyrənib, maraqlarını kəşf edəcəklər

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top