Azərbaycan Dili Manifesti

Hər bir cəmiyyəti onun dili formalaşdırır. Dil mədəniyyətin təməli rolunu oynayır və dili zəif olan cəmiyyətlərin zəif mədəniyyətləri olur. Mədəniyyəti güclü olmayan cəmiyyətlər isə əvvəl-axır əriyib yox olur. Mədəniyyət AzTV kanalı deyil. Mədəniyyət öz aralarında rus və ya ingilis dilində danışanların ev heyvanı və yaxud başdan-ayağa boyanmış xalaların, özünü boğan kostyumlu daydayların obyekti də deyil. Mədəniyyət bir cəmiyyətin kollektiv şüurunun göstəricisidir. Hansısa aparatın istifadə təlimatı kağızı belə mədəniyyətdir və dilsiz cəmiyyət şüursuz, sənayesiz, rifahsız cəmiyyətdir.

Azərbaycan dili Azərbaycanın özü kimi tarixi olaraq yeni bir icaddır.
Azərbaycan dili Azərbaycan xalqının ən vacib icadıdır.
Azərbaycan dilinin inkişafı Azərbaycan mədəniyyətinin və cəmiyyətinin formalaşması və tərəqqisi deməkdir.
Azərbaycan dili Azərbaycanın sabahını təyin edəcəkdir.

Azərbaycan dilinin ayrı bir dil kimi inkişafı əsasən Sovet dövründə sürətlənmişdir. Bu dövrdə dilimizdə çox sayda əsərlər yazılmış, mədəniyyət nümunələri istehsal olunmuşdur. Bu dövrdə baş verənləri görməzlikdən gəlmək Azərbaycan tarixini əyməkdir, tarixi əymək isə mədəniyyət və tərəqqi düşmənlərinin işidir.

Buna baxmayaraq, Azərbaycan dilinin inkişafı post-Sovet dövründə ciddi şəkildə yavaşlamışdır. Buna səbəb Azərbaycanın resurslarının israfı və lazımsız yerlərdə, müharibələrdə dağıdılmasıdır. Bu gün, mədəniyyətin boğazından kəsilib ciblərə və tanklara tökülmüş yanacaq alışıb-yanmaqdadır. Azərbaycan mədəniyyəti pulgir, fürsətcil və fırıldaqçı inanc və maraq qrupları, rüşvətxor və öz maraqları üçün ortaq qazandan oğurlayanlar, Azərbaycan dilinə hörmət etməyən kəslər tərəfindən zəbt olunmuşdur. AMEA-nın təklif etdiyi 200 manatlıq təhqiri qəbul etməyən elm adamlarının ölkədən qaçırıldığı bu günlərdə, artıq Adnan Oktar kimi bir fırıldaqçının təmsilçiləri Bakının göbəyində, dənizkənarı bulvarda təkamül nəzəriyyəsinin yalan olduğu haqda sərgi keçirə bilir. Elmimiz, sənətimiz bu şəkildə məhv edilmiş, nəticədə, mədəniyyətimiz və ona bağlı olaraq cəmiyyətimiz dağılmanın astasında gətirilmişdir.

Bu vəziyyət qarşısında düzgün olan duruş, var gücümüzlə dilimizə sarılmaq və bu dili inkişaf etdirməkdir.

Azərbaycan dilində mədəni resursların istehsalı dilimizin, mədəniyyətimizin və cəmiyyətimizin inkişafına yol açacaqdır. Əgər yanacağın üstündə oturanlar bunda maraqlı deyillərsə, biz özümüz qollarımızı çırmalayıb, öz təşəbbüsümüzlə dilimizi ayağa qaldıracağıq.

Bu dilə elmi əsərlər, dərsliklər tərcümə edəcəyik: cəmiyyətimizi insan sivilizasiyanın gəldiyi nöqtə ilə ayaqlaşdıracağıq.

Bu dilə nə Sovet vaxtı nə də Sovetdən sonra resurs idarəedənlərin illərdir qazandırmadıqları yenilikləri, bilgiləri, yeni sözləri, ifadələri, düşüncə tərzlərini gətirəcəyik.

Bu dilə pox-püsür və ya nəyi gəldi yox, insan sivilizasiyanın dəyərli nümunələrini gətirəcəyik.

Bu dildə elmi məqalələr yazacaq, fəlsəfi əsərlər istehsal edəcəyik — çünki nağıl danışmaqla nə dil, nə də cəmiyyət inkişaf etmir. Azərbaycan cəmiyyətini insan sivilizasiyasına töhfə verəcək səviyyəyə qaldırmaq üçün bu dildə ciddi əsərlər yaradılmalıdır, işlərimizlə insan sivilizasiyasına töhfə verəcəyik.

Bu dildə elmi mövzularda müzakirələr aparıb, fəlsəfi mövzularda mübahisə aparacağıq.

Bu dili salındığı məişət həbsxanasından azad edib, bu dildə ciddi düşünməyi mümkün edəcəyik.

Bu dili danışanların dünyəvi mövzularda düşünməsinə imkan yaradacağıq.

Bu dildə danışanların suallar verməsinə yol açacağıq.

Beyin köçünün qarşısını dilimizə doğru bilgi axımı ilə alacağıq.

Bunun üçün dayanmadan Azərbaycan dilində keyfiyyətli və qalıcı resurslar istehsal edəcəyik, cəmiyyətimizi dünyadakı mədəni prosesə qoşacağıq.

Cəmiyyətimizin inkişafı və formalaşmasının başqa və ya kəsə yolu yoxdur.

Posts created 232

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top