Ana Dilində Danışan Adam

Aldım qələmi əlimə ilk yazımı yazmaq üçün, amma başlıqdaca ilişib qaldım. Əslində, niyyətim bir neçə dildə danışan adamların bu dillər arasında necə keçid elədikləri və beynin bu funksiyanı necə həyata keçirdiyi haqda oxuduqlarımı sizlərlə bölüşmək idi. Bəlkə, gələcəkdə bu mövzuya toxunarıq, indi isə, “Ana dilində danışan adam kimdir?” sualına cavab verməyə çalışaq. Dilçilik elmində ana dili məfhumu böyük əhəmiyyət kəsb edir. Ana dilinin nə demək olduğunu müzakirə etməmişdən əvvəl bu məfhumla onun başqa dillərdə mövcud qarşılıqları arasındakı fərqləri nəzərə çatdırmaq istərdim. İngilis dilçiliyində bu termin “mother tongue” (ana dili) sözləri ilə deyil, “native language” sözləri ilə ifadə olunur. “Native speaker” məfhumu isə dilimizə “ana dilində danışan adam” şəklində tərcümə oluna bilər, hansı ki, bu termin dilimizdə mövcud deyil. Rus dilçilik elmində bu məfhum “dil daşıyıcısı” kimi ifadə olunur. Daha dəqiq bir ifadə tapana qədər, “ana dilində danışan adam” məfhumundan istifadə eləmək qərarına gəldim.

Yaxşı bəs ana dilinin daşıyıcısı və ya ana dilində danışan adam kimdir? Bu yazıda bu suala cavab verməyə çalışacağam. Əslində “ana dilinin daşıyıcısı” məfhumu həm reallıq, həm də mifdir (1). Dilçilik elmində bu məfhum ətrafında çoxlu fikirlər irəli sürülmüşdür. Bu mövzu, bəlkə də, birdilli ölkələrdə o qədər aktual olmasa da, immiqrant və xarici vətəndaş axınına məruz qalan dövlətlərdə həmişə aktuallığını qorumuşdur: işə işçi cəlb olunan zaman, əcnəbi tələbələrin yeni mühitə uyğunlaşması və s. kimi hallara görə. Ən əsası da, dilçilik elminin dahiləri ana dilində danışan adamı həmin dilin ən etibarlı yeganə mənbəyi hesab etmişlər (2). Çünki hal-hazırkı dünyamızda bir-biri ilə danışan insanların əksəriyyəti ana dillərində deyil, ikinci və ya üçüncü dillərində, yəni, xarici dildə danışırlar. Xarici dil məfhumunun yerinə ikinci dil terminindən istifadə edilir. Müasir dilçilik elmində ana dili daha çox “birinci dil” (L1), xarici dil isə “ikinci dil” (L2) şəklində ifadə edilir.

Qayıdaq mövzumuza, ana dilində danışan adam kimdir? Bir daha vurğulamaq istəyirəm ki, sonrakı yazılarda bir çox mövzular “ana dilində danışan adam” məfhumu üzərinə qurulacaq. Ona görə də, əvvəlcə bu məfhumun sərhədlərini dəqiqləşdirmək məqsədəuyğun olardı.

Gəlin “ana dilində danışan adam” haqqında qəbul edilmiş fikirləri gözdən keçirək:

1. Əslində, hər kəs hansısa bir dildə danışır, bir başqa sözlə, hər kəsin bir ana dili vardır (3).

2. Ana dilində danışan adam ana dilini uşaqlıqda, dilçilik termini ilə ifadə etsək, kritik dövrdən (ing. critical period) əvvəl mənimsəyir. Bu fakt ana dilində danışan hər kəsə şamil edilə bilər. Onu da qeyd edim ki, kritik dövr (KD) dilçilik alimləri tərəfindən həmişə birmənalı qarşılanmır.

3. Ana dilində danışan hər kəsin o dilin qrammatikası haqqında intuisiyası olur. Qrammatika dedikdə dilçilikdə dilin bütün quruluşu nəzərdə tutulur; bunu məktəbdə tədris olunan dil qaydaları ilə qarışdırmamaq lazımdır. Yəni, dilin bütün fonetik və fonoloji, sintaktik və morfoloji, semantik və praqmatik ünsürlərini əhatə edir.

4. Ana dilində danışan adam özünəməxsus dil səlisliyinə malik olur və bu səlislik nitqdə, anlamada, yazma və oxumada bariz şəkildə ortaya çıxır.

5. Ana dilində danışan hər bir şəxsin Universal Qrammatikadan müəyyən səviyyədə istifadə etməsi labüddür. İndi belə bir sual meydana çıxır, bəs Universal Qrammatika nədir? Universal Qrammatika Noam Chomsky-nin meydana atdığı dil nəzəriyyəsidir, lakin gəlin, bu haqda müzakirəmizi gələn saylara saxlayaq.

6. Ana dilində danışan adamın fikirlərini çox səlis bir şəkildə ifadə edə bilməsinin arxa planında onun ana dili daşıyıcısına məxsus nəhəng söz və söz birləşmələri ehtiyatının olması durur (4).

7. Ana dilində danışan adam daşıyıcısı olduğu dildə bədii ədəbiyyatın hər növündə sərbəst yazmağı bacarır.

8. Son olaraq, ana dilində danışan adamın ikinci dildən (L2), ana dilinə (L1) fövqəladə şəkildə tərcümə etmə qabiliyyəti var.

Çox istərdim ki, Azərbaycan dilçilik elmində ana dilində danışan adam məfhumuna dair düşüncələri yuxarıda sadaladığımız fikirlərlə müqayisə edəm. Rastlaşdığım azsaylı azərbaycanca mənbələrdə dil mövzusunun millət, millətin kimliyi, xalq anlayışları ilə bir yerdə, onların bir parçası kimi dəyərləndirilməsinin şahidi oldum. “Ana dili bir xalqın etnik mədəni varlığının ifadəsidir” kimi fikirlər məsələyə obyektiv yanaşmağa mənfi təsir göstərən amillərdən sayıla bilər. Hətta, bəzi yerlərdə işlədilən “Azərbaycan dili Azərbaycanda yaşayan 9 milyon insanın ana dilidir” kimi ifadələri yuxarıda maddələr şəklində sadalanan xüsusiyyətlərlə eyni tərəzidə çəkmək çətindir. Ümumiyyətlə, dil məsələsi haqqında fikir irəli sürmək üçün o dilin daşıyıcısı olmaq və o dilin daşıyıcısı olan xalqı təmsil etmək kimi fikirlərdən uzaqlaşmadan obyektiv iddialar irəli sürmək o qədər də asan deyildir. Qərb dilçilik elminin inkişafında bu fakt mühüm əhəmiyyət kəsb etmişdir. İndiyədək heç bir məqalədə və ya kitabda “ingilis dili ingilis xalqının etnik mədəni varlığının ifadəsidir” kimi fikirlərlə rastlaşmamışam.

İndi isə qayıdaq yuxarıda sadalanan məsələlərə. Göründüyü kimi, müxtəlif alimlər ana dilində danışan adamı xarakterizə edərkən bir çox xüsusiyyətlərdən bəhs etmişlər ki, bunlarla razılaşmamaq çətindir. Amma bu amillər əhəmiyyətcə eyni səviyyədə deyildir. Gəlin sadalanan fikirlərə qısaca toxunaq.

“Hər kəsin bir ana dili vardır” fikri ilə razılaşmamaq mümkün deyil, amma bu zaman dialektlərin diqqətə alınması məsələsi ortaya çıxır. Məsələn, Hindistanda bir çox insanlar birinci dili (L1) ingilis dili olan ailələrdə dünyaya gəlirlər, məktəbdə ingilis dilində təhsil alırlar, yəni ana dilləri ingilis dili sayılır. Hətta mən bir çox hindistanlının urdu və ya hind dillərində danışa bilmədiyinə şahid olmuşam. Yaxşı, indi birinci dili ingilis dili olan bir hindistanlı Amerikada təhsil alarkən amerikalı tələbə yoldaşları arasında ana dili ingilis dili olan adam kimi qəbul edilirmi? Ağlınıza belə bir sual gələ bilər: O necə hindistanlıdır ki, hind dilini bilmir? Xatırlatmaq yerinə düşər ki, Bakıda doğulub böyüyən bir çox insan da azərbaycanca danışa bilmirlər. Yaxşı, bəs bu qərib hindistanlı balasının ana dili nədir? Hind dilində danışa bilmir, özündən soruşsan, ana dili ingilis dilidir, amma ətrafı onu ana dili ingilis dili olan bir şəxs kimi qəbul eləmir. Ancaq o, Washingtonda doğulub böyüsəydi, baxış dəyişərdi.

Ana dili məsələsində ən əsas amil KD-dən əvvəl bu dili mənimsəməkdir. Düzdür, dilçilik elmində ana dilinin mənimsəniləməsinin mümkün olub-olmadığını iddia etmək üçün xüsusi bir yaş həddi müyyən edilməyib (5). Bu səbəbdən də, KD müəyyən bir yaş kimi deyil, kritik zaman dilimi kimi izah olunur. Bəzi alimlər KD-yə qədər olan prosesi dili mənimsəmə (ing. language acquisition), KD-dən sonra, yəni “artıq nə qədər cəhd göstərsən də, bir dil sənin ana dilin ola bilməz” mərhələsindən sonrakı prosesi isə öyrənmə (ing. language learning) şəklində iki yerə ayırırlar (6). Fikrimcə, dilin uşaqlıqda mənimsənilməsi sadalananlar amillər arasında ana dilində danışan adamı təyin edən ən güclü faktordur.

Chomsky (1965) iddia edir ki, ana dilində danışan adam dilin ümumi strukturu ilə yanaşı, onun qrammatik qaydalarını da yaxşı bilməlidir (7). Chomsky-nin bu fikrinə qarşı səslənən irad budur: bu fikri uşaqlara da şamil etmək olarmı? Məsələn, götürək bir yaşında Azərbaycandan ABŞ-a köçmüş bir uşağı. İndi 6 yaşında olan bu uşaq ABŞ-da məktəbdə ana dili ingilis dili olan adam kimi xarakterizə olunur və onların siyahısına yazılır. O uşağın atası ingilis dilinin qrammatikasını mükəmməl bilir, öz uşağına, hətta yeri gələndə övladının amerikalı müəlliməsinə belə ingilis dilinin qramatikasından dərs keçər, amma heç vaxt ana dili ingilis dili olan adam sayılmaz. KD-nin əhəmiyyəti burada da bir daha özünü göstərir. Demək, dilin qrammatik qaydalarını bilmək prinsipi ana dilində danışan adamı xarakterizə etmək üçün yetərli sayılmır.

Səlislik məsələsinə gəlincə, sosial faktorları da nəzərə almaq faydalıdır. İnsanın böyüyüb boya başa çatması mürəkkəb prosesdir və demək olar ki, hamıda müxtəlifdir. Bu səbəbdən hər insanda dilin dörd sahəsində (danışmaq, yazmaq, qulaq asmaq, oxumaqda) eyni dərəcədə səlislik olması mümkün görünmür, amma bu, həmin insanın ana dili daşıyıcısı olmadığı mənasına da gəlmir.

Səlisliyin arxa planında leksik bazanın olduğunu vurğuladıq. Lakin bu faktorun da yetərli olmadığını sadə bir misalla izah eləməyə çalışaq. Götürək çox kiçik yaşdan Torontoya köçüb, ingiliscə, ana dili ingilis dili olan qrupda təhsil alan 6 yaşında bir azərbaycanlı uşağı; və Toronto Universitetində mühəndislik fakültəsində oxuyan, TOEFL imtahanında yüksək nəticə əldə edən azərbaycanlı tələbəni. 6 yaşlı uşaqla tələbənin leksik bazası arasında dağlar qədər fərq vardır. Lakin gələcək mühəndisin söz ehtiyatı, ingilis dilinin onun ana dili olması üçün yetərlidirmi? Əlbəttə, yox. Əvəzində, söz ehtiyatı qat-qat az olmasına baxmayaraq, 6 yaşlı uşaq ana dili ingilis dili olan şəxs kimi xarakterizə olunur.

3-cü maddədə vurğulandığı kimi, ana dilində danışan adamın o dilə aid intuisiyası ona tərcümədə ciddi kömək edir. Bir çoxumuz ingilis dilini o dilin daşıyıcılarından öyrənəndə həmin insanlardan öz dillərində bəzi şeylərin niyə məhz o şəkildə işləndiyini soruşuruq və aldığımız cavab belə olur adətən: “Bilmirəm niyə, amma biz bunu belə işlədirik”.

Xülasə, hər bir insanın ana dili vardır. Bir dilin ana dili olaraq qəbul olunmasını təyin edən ən əsas faktor onun uşaqlıqda, KD-dən əvvəl öyrənilməsi, mənimsənilməsidir. O ki, qaldı dilin daşıyıcısı olması məsələsinə, mən belə düşünürəm ki, bir insanın ana dilində danışıb-danışmadığını yaşadığı mühit təyin edir. Əgər yuxarıda qeyd etdiyimiz hindistanlı tələbəni Dehlidə onunla eyni məktəbə gedən, özü kimi hind dilində danışa bilməyən (və ya çətinliklə danışan) və ana dillərinin ingilis dili olduğunu düşünən dostları, ingilis dilinin daşıyıcısı kimi qəbul edirsə, o hindistanlı tələbənin ana dili ingilis (hind ingiliscəsi) dilidir.

Mənbələr

  1. Davies, A. (1991). Native Speaker in Applied Linguistics. Edinburg : Edinburgh University Press.
  2. Ferguson, C. (1983). Progress in language planning: international perspectives. Language planning and language change, 29-40.
  3. Martin-Jones, M. R. (1986). Semilingualism: a half-baked theory of communicative competence. Applied linguistics, 7(1), 26-38.
  4. Pawley, A. &. (1983). Two puzzles for linguistic theory: naturelike selection and naturelike fluency. Language and communication, 192-226.
  5. Silva. (2000). Pragmatics, bilingualism, and the native speaker. Language & Communication, 161-178.
  6. Lavesson. (2011). Differences in the language of six-year-olds who have been to day care centres versus those who have been at home with an adult. Adult versus peer input , 20-22.
  7. Chomsky, N. (1965). Aspects of the Theory of Syntax. Boston: MIT Press.

Foto: Azərbaycanın ən böyük etnik azlığı olan talışların məşhur musiqi qrupu. 2009-cu ilə olan rəsmi rəqəmlərə görə təkcə Azərbaycanda 112 000 nəfər talış yaşasa da bu gün talış dilində danışanların sayı getdikcə azalmaqdadır (Mənbə: Chai-Khana)

Posts created 4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top