“Əpl,” “Bləkberi,” “Şanel,” və s. … Bu sözlər əksər oxuculara qəribə, hətta gülünc gəlir. Məqalə başlığına bir baxış, “Əpl” sözünün yüksək tonla, səslərə ayrılaraq tələffüzü və istehzalı bir gülüş. Həyatında bəlkə bir dəfə də qəzet-jurnal oxumamış insanlardan tutmuş, özünü intellektual hesab edənlərə (və edilənlərə) qədər cəmiyyətin bütün təbəqələrində bu fenomenə rast gəlmək olar. Bəs bu istehzaya, laqeydliyə bürünmüş tənqidlərin altında nə dayanır? Xalq olaraq sevimli peşələrimizdən olan kütləvi qınağın bir təzahür formasıdır, yoxsa həqiqətən də dilçilərimizin diqqət yetirməli olduqları məqamlar var?
Bu yazını Azərbaycan dilinin tənqidçisi və ya analitiki kimi yox, sadəcə istifadəçisi kimi yazıram. Özümü ana dilimdə ifadə etmə, fərqli dillərdə olan ədəbiyyatları əlaqələndirmə cəhdlərinin arasında bir məsələ məni davamlı narahat edib: alınma xüsusi isimlərin Azərbaycan dilində yazılışı.
Bu məsələ əlbəttə ki daha geniş bir mövzunun – alınma sözlərin Azərbaycan dilinə yazılışının – bir parçasıdır. Elə ona görə də mövzuya dilimizdəki əlaqəli orfoqrafiya qaydalarının müzakirəsi ilə başlayaq.
Azərbaycan Respublikasında hal-hazırda Nazirlərin Kabinetinin təsdiq etdiyi orfoqrafiya normaları mövcuddur. Bu qanunun hal-hazırki versiyasının 10 bölümünün 2-cisi və 3-cüsü alınma sözlərin – müvafiq olaraq, saitlərin və samitlərin – yazılışı ilə bağlıdır. Ümumiyyətlə dilimizə dövlət səviyyəsində normaların tətbiq olunması və bu normalara riayət olunması tələbi öz-özlüyündə bəs qədər problemli məsələlərdir və bu yazının miqyasında müzakirə olunmaları təəssüf ki mümkün deyil. Amma günümüzün gerçəkliyi bundan ibarətdir ki, sözügedən normalar artıq geniş şəkildə qəbul olunub və önəmli bir referans nöqtəsinə çevrilib. Bəs bu normalar bizə nə deyir? Məqalənin həcminə uyğun olaraq bir neçə bəndi nümunə gətirək:
2.1 Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, … Moskva, … velosiped və s.
3.7 Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.
Bu normaları oxuduqda ilk gözə çarpan nöqtə söhbətin hansı dildən getdiyinin aydınlaşdırılmamasıdır. Məlum məsələdir ki, 2.1 rus mənşəli, 3.7 isə ingilis mənşəli sözlərə şamil edilir. Lakin bu olduqca sadəlöv yanaşma tərzidir. Bir dilin lüğət tərkibinidəki alınma sözləri mənşəyinə görə təxmini kateqoriyalara bölmək olar, lakin bir normada bu ölçüdə ümumiləşdirmə yolverilməzdir. Xüsusilə də dilimizə təsiri olan dillərin sayının artdığı bir dövrdə. Əlbəttə ki, bu normaların arasında spesifik dillərə şamil edilənləri də var. Amma ümumi olaraq normaların yetərsiz olduğu aydındır.
Nə isə, keçək mətləbə: xüsusi isimlərin transkripsiyasına. Bununla bağlı yalnız bir maddəyə rast gəlinir:
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
…
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır.
Olduqca spesifik olan bu maddə alınma xüsusi isimlərin çox az hissəsini əhatə edir. Həm onsuz da qanunun təməlində dayanan transkripsiya prinsiplərini qəbul etdiyimiz müddətcə problemli bir norma deyil. Amma zatən bizim əsas problemimiz elə bu prinsiplərin xüsusi isimlərə şamil olunması ilə bağlıdır. “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda xüsusi isimlərlə bağlı konkret bir mövqe bildirilməsə də, xüsusi və ümumi isimlər bir-birindən ayrılmır. Bəs bunu nə ilə izah etmək olar?
Çox güman ki, bu bir o qədər də müzakirə olunmuş mövzu deyil. Kiril əlifbasındakı normaların əksəriyyəti kimi, bu da dəyişilməyib. Və kiril qrafikalı Azərbaycan əlifbasına da ruscanın dilimizin üzərində yuxarıda bəhs etdiyimiz təsirlərindən biri kimi keçib. (Rus dilindən əvvəlki təsirlərə nəzər salmalı olsaq, eyni prinsip müxtəlif formalarda ərəb və fars dillərində də mövcuddur.) Qısacası,vaxtilə bu müzakirəni apara biləcəyimiz azadlığımız olmayıb, indi isə ya istəyimiz yoxdur, ya da savadımız.
Bəs bu müzakirəni yenidən açsaq, ortada hansı metodlar və o metodların leyhinə və əleyhinə hansı arqumentlər var? Qonşu dillərdən iki metodu nümunə kimi borc ala bilərik. Rus, fars, gürcü və erməni dillərində, Azərbaycan dilində olduğu kimi, xüsusi alınma isimlərin yazılışı deyilişi ilə uzlaşdırılır. Buna qısaca transkripsiya metodu deyə bilərik. Türk dilində isə sözlərin əsl yazılışı (bəzilərinə görə anormal dərəcədə) qorunur. Bunu isə transplantasiya (orijinalı fərqli əlifba ilə yazılan sözlərdə isə, transliterasiya) metodu adlandıraq. 50-60 il əvvələ qədər İstanbul və azəri türkçələri eyni dil hesab edildiklərinə görə, aralarında ən çox bu metodu nəzərə almalıyıq deyə düşünürəm. Amma bu ikisindən başaq da türk dilləri var və onların əksəriyyətində transkripsiya metodu işlənir.
Azəri və digər türk dillərinin transkripsiya metodundan istifadə etməsinin əsası rus dilinin təsirinə dayanır, türk dilinin transplantasiya metodundan istifadə etmə səbəbi isə Atatürkün öndərlik etdiyi qərbləşmə siyasətinə. Göründüyü kimi, sözügedən iki metod arasında edilmiş seçimlər dillərin daxili özəllikləri nəzərə alınaraq yox, siyasi aspektlərdən edilib. Lakin bu o demək deyil ki, məsləni qeyri-siyasi müstəvidə müzakirə edib bir nəticəyə gələ bilmərik. Tam tərsinə, aradakı siyasi qatları silib məsələnin məğzini ələ almaq lazımdır. Hansı metod (i) ədəbi-texniki dilin formalaşması, (ii) savadlılığın kəmiyyətcə və keyfiyyətcə inkişaf etdirilməsi, (iii) Azərbaycan dilli sferanın qlobal informasiya mübadiləsinə inteqrasiya olunması məqsədlərinə daha uyğundur?
Mənim şəxsi iddiam qısaca bundan ibarətdir: Alınma xüsusi isimlərin transkripsiyası yerli və xarici (orijinal) mənbələr arasında ciddi qırılmalara gətirib çıxarır və texniki dilin formalaşması yolunda ciddi maneə təşkil edir ki, bu problemin aradan qaldırılması nəticədə ortaya çıxa biləcək digər məslələrdən daha önəmlidir.
Bu mövqeyi müdafiədən daha çox izah etməyə ehtiyac var. Yuxarıda qeyd olunan üç məqsəd əslində həmişə bir-biri ilə razılaşmır; ortaya qeyri-ortaq, hətta bir-birinə zidd tələblər çıxarır. Məsələn, savadlılığın artırılması üçün vernakulyar dilin hesaba qatılması, onunla “ali” dil arasındakı fərqlərin və uyğunsuzluqların aradan qaldırılması lazımdır. Bu açıq şəkildə transkripsiya metoduna işarə edir. Digər tərəfdən isə, inteqrasiya məsləsində bir nömrəli faktor lingua franca və oxşar statuslu dillərin ədəbiyyatları ilə ortaq indeks yaratmaqdır. Bu isə yalnız və yalnız transplantasiya metodu ilə mümkündür. Deməli birmənalı bir nəticəyə gəlmək ümidi yoxdur, amma onsuz da bu dilçiliklə məşğul olan birini təəccübləndirməməlidir. Ortadakı vəziyyət müəyyən bir istiqamət seçməli olduğumuzu göstərir.
Mən ali azəricənin fərqli dillərin ədəbiyyatları ilə əlaqəli hala gəlməsi və həmin dillərin daha əlçatan olması naminə kütləvi savadlılıq məsələsində müəyyən qədər güzəştə getməyə razıyam. Orfoqrafik savadlılıq nə qədər vacib olsa da, orfoepik savadlılığın bir o qədər önəmsiz olduğunu düşünürəm. Qısacası, bir məktəblinin Kierkegaardla bağlı istədiyi məlumatı tapa bilməsi daha önəmlidir, nəinki onun adını düzgün tələffüz edə bilməsi.
Bu yazını polemikaya çevirmək fikrim yoxdur. Onsuz da məqsədim mövzu ilə bağlı son söz demək yox, onu gündəmə gətirməkdir. Bütün bu müzakirələrdən daha önəmlisi isə Azərbaycan dilinin qanunlarla, sərəncamlarla zənicrlənməməsidir. Dil sosial, dinamik bir obyektdir. Onun hərəkətliliyinin qarşısını almağa cəhd etmək ən yaxşı halda təsirsiz qalar, daha pis halda isə dilin inkişafını ləngidər. “Əpl” yazmayaq daha, “Apple” yazaq. Amma “Əpl” yazanları da tənqid edək, cərimə yox.
Q.
Həmçinin bax:
(Elmir Mirzəyev) Argumentum ad ignorantiam: Dilimizdə latın qrafikasının tətbiqinə dair
(Robert Denis) Elmir Mirzəyevin “Argumentum ad ignorantiam” məqaləsinə cavab
(Robert Denis) Boş Səs-Küy
(Ərtoğrul Alışbəyli) Robert Denisin “Elmir Mirzəyevin “Argumentum ad ignorantiam” məqaləsinə cavab” məqaləsinə cavab