Sual Ver
Elmlə maraqlanan insanın bəzən qarşılaşdığı problem həmişə sözünü etdiyimiz dərin institusional problemlərdən deyil, sadəcə sualı verməyə adam tanımadığından qarşısında keçilməz bir səddə çevrilir. Bu səhifənin yaranma məqsədi çox sadədir: bura sualı olan lakin sualı verməyə adam tapa bilməyənlər üçündür. Əgər elm, elm tarixi, fəlsəfəsi, təhsili ilə bağlı səni maraqlandıran, narahat edən sualın varsa onu buradan bizə ünvanlaya bilərsən, yoldaş oxucu, ola bilsin ki, sualına cavab verə bilərik, bilməsək də, ən pis halda sualını başqa biri ilə paylaşmış olarsan, bir yerdə fikirləşərik bu mövzuda. Cavabımızı bir müddət sonra elə bu səhifədə tapa bilərsən.
Sual 4: Bir müddətdir ki, bir məsələ məni bezdirənə kimi düşündürür, amma bir nəticəyə gələ bilmirəm, bəlkə, sizin fikirləriniz kömək oldu. Məsələ budur: Xarici dil bilmək nə dərəcədə vacibdir? Azərbaycan dilini mükəmməl öyrənib bu dildə əlçatan olan elmi dərslikləri və fəlsəfi kitabları oxumaqla kifayətlənmək olarmı? Yəni bu yolla filosofa çevrilmək olar ya yox? –Düşündüyün dilə mükəmməl səviyyədə bələd olursan və ən pis halda, elmi və fəlsəfi məlumatların müəyyən bir hissəsinə əlin çataraq bünövrə qura bilərsən, hətta hansısa fikri ifadə etmək üçün özündən söz də yarada bilərsən. Digər halda isə bir neçə xarici dil öyrənirsən və əlin genbolcasına məlumatlara çatır (hətta o qədər ki, heç özünün nə isə fikirləşməyinə ehtiyac qalmır: hər məlumat və fikir hazırcasına səni gözləyir). Üstəlik, xarici dillərdən qidalandığına görə fikirləşdiyin vaxt narahatlıq yaranır, axıcı və aydın fikirləşə bilmirsən.
Mən 6 il əvvəl –22 yaşımda mütaliə ilə məşğul olmağa başlamışam, ona qədər, demək olar ki, əlimi kitaba vurmamışam (məktəb dövrümdə isə təkcə riyaziyyatla məşğul olmuşam, hətta sinifin ən yaxşı riyaziyyatçısı idim). Antik fəlsəfə (əsasən yunan), klassik musiqi ( əsasən alman), və bir neçə yazıçı (əsasən rus) ilə müəyyən qədər tanış oldum, açığı, deyəsən, indi nə etməliyəm, hansı yolla getməliyəm, bilmirəm. Rus dili və alman dilini öyrənmək fikri məni narahat edir; bir tərəfdən də təkcə öz düşündüyün dili bilmək və kifayətlənmək. Bəlkə, təkcə ingilis dilini öyrənəsən, genbolca məlumatlardan qidalanasan və hətta öz dilin halına çevirəsən, azərbaycan dilini tamam qıtlaşdırasan, ingilis dili ilə fikirləşməyə başlayasan?
Cavab: Fəlsəfə ilə ciddi məşğul olmaq üçün xarici dil bilmək kifayət deyil, xarici dilləri bilmək lazımdır. Fəlsəfi ədəbiyyata ən çox töhfə vermiş dillərin bəzilərini sıralayası olsaq yunan, latın, çin, ərəb, sanskrit, fransız, italyan, ingilis, alman kimi dilləri göstərmək olar. Adətən filosoflar ixtisaslaşdığı mövzularda dominant ədəbiyyatın hansı dillərdə yazıldığından asılı olaraq o dilləri mümkün qədər yaxşı öyrənməyə və əsərləri orijinal mətnlərdən oxumağa çalışırlar. Bir sözlə, fəlsəfəni bir iş olaraq görən, akademik məşğul olan insanlar müasir diskursda iştirak etmək üçün ingilis, orijinal mətnləri oxumaq üçün ixtisaslaşdığı sahədə dominant olan dilləri öyrənirlər və bu hal bu gün və yaxın gələcək üçün aktualdır. O baxımdan hansı dili öyrənməli olduğunuz hansı mövzularla maraqlandığınızdan asılıdır, amma ingilis dilini öyrənməmək kimi bir seçiminiz yoxdur.
Bizim işlərimizdən biri Azərbaycan dilli düşüncə ekosisteminə əsaslı mənbələr qatmaq olduğundan, “Azərbaycan dilini öyrənmək vacib deyil” deyə bilmərik. Amma reallıq budur ki, Azərbaycan dili və mədəniyyəti hal-hazırda intellektual olaraq dünyadan təcrid olunub, blokada altındadır. Bəlkə də bir gün bu dildə maraqlı, orijinal fəlsəfə edənlər olacaq amma bu gün o gün deyil. Fəlsəfə də digər düşüncə sahələri kimi milli sərhədləri aşan və yalnız müvafiq fikirləri dəyərləndirmək qabiliyyətində olan icmanın kontekstində güclənən və məna qazanan bir şey olduğu üçün bu sahədə çalışmaq istəyən fərd ilk öncə diskursun aparıldığı dildə lazımi şəkildə özünü ifadə etməyi, fikirlərini sahədə çalışan başqaları ilə paylaşmağı bacarmalıdır. Dağın başına çəkilmiş tərki-dünya filosofun edə biləcəyi çox vaxt başqasının ən yaxşı halda on il, ən pis halda 2700 il əvvəl gəldiyi nəticələrə gəlib bundan həyəcanlanmaq olur adətən. Bundan əlavə, müvafiq dildə düşünən və aktiv fəaliyyət göstərən icmanın olması da vacibdir; bu icmanın yaranması üçün tərcümələr, oxuma qrupları, peşəkar cəmiyyətlər, jurnallar və s. lazımdır; Azərbaycanın intellektual mühiti bu gün mövcud boşluqdan qidalanan balonlarla doludur təəssüf ki. Təkəri yenidən kəşf etmək əvəzinə, müvafiq mövzularda marağınızı paylaşan beynəlxalq icmaya üzv olub sizdən əvvəl edilənlərdən xəbərdar olmaq, öz işlərinizi onlar üzərinə inşa etmək daha məntiqlidir. Bu o demək deyil ki, öz dilində və ya orijinal düşünməyin yeri yoxdur, var əlbəttə ki, amma orijinal düşünənlər adətən orijinallıqlarına min illərlə yığılmış insan mədəniyyətindən yola çıxaraq, indiyədək edilmiş işlərdə təsbit etdikləri boşluqlar üzərinə düşünərək nail olurlar.