Charles Darwin İnsanın Mənşəyi kitabında musiqi barəsində yazır ki, “insanın nə musiqidən həzz alma, nə də musiqi bəstələmə bacarıqlarının onun gündəlik həyatında heç bir bir funksional dəyəri olmadığından, bu bacarıqları insanda olan ən müəmmalı qabiliyyətlər arasına daxil edə bilərik.” Daha sonralar isə o, öz gündəliklərində “əgər həyatımı yenidən yaşamaq şansım olsaydı heç olmasa həftədə bir dəfə musiqiyə qulaq asmağı özümə bir qayda olaraq təlqin edərdim; bəlkə də indi kütləşməkdə olan beynim musiqinin köməyi ilə daha sağlam qalardı. Bu kimi zövqlərin itirilməsi xoşbəxtliyin itirilməsi və emosiyalarımızın basdırılmasıdır, ki bəlkə də intellektə, ya da çox güman insan xarakterinə zərərləri vardır” deyə qeyd edirdi. Yazıya Darwin’in sözləri ilə başlamağımın səbəbi musiqinin yaranması və məqsədi haqda bildiklərimizin, öyrənməyə çalışdıqlarımızın iki əsr əvvəl yazılan bu misraların məcrasında olmağıdır. Musiqinin yaranışı haqda nəzəriyyələr olduqca bulanıq və dolayı faktlara əsaslanırlar. Digər incəsənət növləri ilə müqayisədə musiqi estetik ifadə vasitəsi olaraq çox abstraktdır; musiqi qayaların üzərində çəkilən rəsmlər kimi konkret heç nəyi təsvir etmir və qalıcı deyil (təbii ki, söhbət eradan əvvəlki ilk musiqi formalarından gedir). Bununla belə, 35 min il əvvəl Dunay çayı sahilindəki neandertal insan qətiyyən həvəsdən düşməmiş, kərkəs sümüyündən düzəltdiyi o beş dəlikli neyi çalmağa davam etmişdir (Şəkil 1) (1).
Sözü gedən və bizə məlum bu ilk neydən bəri, illər və mədəniyyətlərin təkamülü musiqini dəfələrlə dəyişmiş, eyni coğrafiyada ney çalan neandertal yoldaşımızı, məktəb vaxtı yazdığım inşalardakı dillə desəm, Bach’lar, Schubert’lər təki Homo sapienslərlə əvəzləmişdir. Bu gün musiqinin var olma səbəbi, bizim ondan həzz almağımızdır. Lakin, belə sadə cavab bizi qane etmir. İnsan və digər heyvanların beynində mükafat və həzz mexanizmi çox qədimdir. Yaşamaq və nəsli davam etdirmək üçün lazımi davranışlar beyində çox mexaniki olaraq mükafatlandırırlar. Yəni, beyində mükafat və həzz konsepti bir növ həyatda qalma instiktinin bir parçasıdır. Musiqidən həzz alma qabiliyyəti 35 min il bundan əvvəl yaşamaq uğrunda mübarizə verən insanın həyatda qalma və nəsil artırma şansına güman ki, heç bir müsbət təsiri olmamışdır. Elə isə, bu bacarığın təbii seçmə prosesində itməməsi və bizə gəlib çatması böyük müəmma doğurur. Ona görə də, musiqi barədə danışanda ilk ağlagələn və təkamül, antropologiya nöqteyi-nəzərdən verilən sual budur: insan beynindəki mükafat sistemi niyə musiqi kimi abstrakt və ilk baxışdan heç bir işə yaramayan stimula müsbət reaksiya verməyə başlamışdır? Musiqi ümumiyyətlə necə meydana çıxmışdır? Neyroelm tərəfdən verilən sual isə zənnimcə ikinci dərəcəli olub beynin musiqinin necə həzm etdiyini öyrənir— yəni, musiqi beynin hansı bölgələrində işlənir, həmin bölgələrin bir-birilə əlaqəsi nədir, bu məlumat mükafat və emosiya mərkəzlərinə necə ötürülür və s.
Musiqinin ilk dəfə ortaya çıxması və təkamülü barəsində ən çox qəbul edilən nəzəriyyə onun hominidlərdən (Hominid: primatlar fəsiləsində Qorilla, Homo və digər iki cinsin aid olduğu dəstə) də əvvəl digər növlərin istifadə etdiyi melodik çağırışlardan qaynaqlandığını iddia edir. Təkamül prosesində daha əvvəllər ortaya çıxmış növlərdə bu tip çağırışlar sadəcə kommunikasiya məqsədli olub, daha çox qida axtarışı, partnyor seçimi kimi heyvanın həyatında vacib məqsədlərə xidmət edib. Daha sonra peyda olmuş hominidlərdə isə, daha qəliz kommunikasiya və sosial quruluşa malik olmağa başladıqca, həmin çağırışların da repertuarı zənginləşməyə başlamışdır. Melodik çağırışların ilk dəfə müəyyən sosial qrupa aid heyvanlar tərəfindən emosional anlaşılmazlıqları həll etmək üçün istifadə edildiyi güman edilir. Bu növ çağırışların digər fərdlər tərəfindən təkrarlana bilməsi vacib idi və çağırışın melodik olması bu prosesi asanlaşdırırdı. Nəticədə həmin fərdləri müəyyən mesajın ötürülməsi üçün gərəkli olan qəliz sosial rutinlərdən xilas edirdi. Bu cür kommunikasiyanın varlığı qrup daxilində sosial əlaqələrin güclənməsinə xidmət edir və həmin qrupa təkamül prosesində üstünlük qazandırırdı (2).
Gördüyünüz kimi, musiqinin ortaya çıxması kommunikasiya və nitqin formalaşması zəminində izah olunur. Bu nəzəriyyə musiqinin nitqdən əvvəl formalaşmağa başladığını, lakin bir nöqtədə bu ikisinin bir-birindən ayrıldığını iddia edir. Bu düşüncə məktəbinə aid olanlar nitq və musiqinin ortaq mənşəyini göstərmək üçün həm də Chomsky’nin nitq formalaşması üçün ortaya qoyduğu universal qrammatika ideyasına üz tuturlar. Chomsky müəyyən dili ana dili kimi danışan insanların həmin dildə qrammatik səhvlikləri “qulağa xoş gəlmə” prinsipi tutma qabiliyyətinin olduğunu deyir. Bu isə sonradan alınma təhsildən asılı olmayaraq beynin dili incələmə bacarı olduğunu və qrammatikanı şüursuz öyrənə bildiyini göstərir. Musiqinin bəstələnməsində istifadə olunan prinsiplər də eynilə universaldır. Lakin fərqli dillərin mövcudluğu kimi, fərd üçün tanış olmayan musiqi janrlarına ilk dəfə qulaq asıldıqda xoş gəlməyə bilər. Deməli, fərdin musiqi savadı olmasa belə beyində musiqi barədə gözləntiləri və ya qulaq asmış olduğu musiqi nümunələrindən öyrəndiyi müəyyən qanunauyğunluqlar toplusu var (3).
Musiqi duyumunun isə əksinə, təcrübədən asılı olmayan, anadangəlmə bacarıq olduğu düşünülür. Lakin, körpələrin ana bətnində belə müəyyən musiqiləri eşitməsi faktı bu fikrə qarşı əks arqument olaraq istifadə olunur. Bu nöqtədə, heyvanlar musiqi bəstələmədikləri və dinləmədikləri üçün onlar üzərində aparılan eksperimentlər köməyə gəlir. Getdikcə aydın olur ki, nitqin başa düşülməsi üçün lazım olan neyronal quruluş təkcə insanlarda yox, digər yaxın növlərdə də mövcuddur. Məsələn, rezus meymunları üzərində aparılan bir təcrübədə meymunlara eşitdikləri musiqinin eyni olub-olmadığına qərar vermək təlim edilib. Meymunlar eyni musiqi bir və hətta iki oktava yuxarıdan və ya aşağıdan ifa edildiyində musiqiləri eyni olaraq dəyərləndirə biliblər. Fərq yarım və ya bir yarım oktava olduqda isə testi keçə bilməyiblər. Maraqlısı isə odur ki, meymunlar oktava ümumiləşdirməsini ancaq tonal musiqi (müəyyən tonal mərkəz ətrafında bəstələnmiş musiqidir və demək olar bütün qərb musiqiləri tonaldır) üçün edə biliblər. İxtiyarı notlardan ibarət qeyri-tonal musiqiləri bir və iki oktava yuxarıdan çaldıqda onları fərqli parça kimi qavrayıblar (4). Meymunlar musiqiyə qulaq asmasalar belə, onların beynindəki eşitmə və audio incələmə aparaturası tonal musiqini müəyyən dərəcədə dərk edə bilir. Bu isə o deməkdir ki, musiqini qavramaq üçün gərəkli strukturların bəziləri hominidlərdən əvvəl, ancaq başqa məqsədlər üçün mövcud ola bilərdi.
Həmin strukturlar çox böyük ehtimal heyvanların istifadə etdiyi çağırış tonlarını qavramaq üçün təkamül edib. Məsələn, bir çox itaət və ya yaxınlıq bildirən siqnallar daha harmonik, aqressiv siqnallar isə qısa və sərt olur. İnsanlar və digər heyvanlar emosional informasiyanı siqnalın tonunda ötürürlər və təbii ki, həmin siqnalları qavramaq və uyğun qarşılıq vermək üçün qavrayış mexanizmləri var.
Başqa maraqlı bir təcrübədə körpə uşaqlarla tamarin meymunlarının (Şəkil 2) dilləri ritmə əsasən ayırd edə bilib-bilməməsi araşdırılıb. Yapon və holland dilləri fərqli ritmlərə sahibdirlər və təcrübənin məqsədi həmin bu ritmləri ayırd edə biləcək mexanizmin varlığını sorğulamaq idi. Nəticələrə əsəsən həm körpələr, həm də tamarinlər bu ikisini ayırd edə bilirlər. Yəni, ritm alğılamaq üçün lazımi neyronal quruluşlar nitq və musiqi əmələ gəlməzdən əvvəl digər heyvan növlərində mövcud olub, hansı ki, başqa eşitmə məqsədləri üçün istifadə olunub (5).
İndi isə musiqi və ondan həzz alma məsələsinə geri dönək. Təəssüf ki, neyroelm çərçivəsində aparılan təcrübələr hələ ki, “niyə?” yox, “necə?” sualı üzərində cəmləşib. Ümumiyyətlə, apardığım elmi ədəbiyyat araşdırmasına əsasən bu sahədə tədqiqat aparan laboratoriyaların sayı elə də çox deyil. Musiqinin qavranışı ilə bağlı ağlagələn və bu gün üçün çox bəsit təcrübələr cəmi bir neçə il bundan əvvələ aiddir, yəni xeyli yubanıb bu sahədə görülən işlər. Musiqi və neyroelm üzrə araşdırma aparan ən tanınmış adlardan biri McGill Universitetində fəaliyyət göstərən Robert Zatorre’dir. Zatorre laboratoriyası 2000-ci illərin əvvəlində musiqinin beyində mükafatla əlaqəli quruluşların aktivləşməsinə səbəb olduğunu təsdiqləmişdir (6). Daha sonrakı təcrübələrdə isə musiqi parçasının pik nöqtəsi və ya maksimal həzzə səbəb olan hissəsinə olan gözləntinin fərqli anatomik quruluşlarda dopamin artışına gətirib çıxardığını göstərmişdilər (7). Mükafatın gözlənti ilə əlaqəsi, həzzə səbəb olan dopaminin mükafatlanma anında yox, mükafatın gözləntisindən dolayı ifraz edilməsi ideyası neyroelmdə uzun illərin dilemmasıdır. Ən son olaraq isə beynin əvvəlcədən öyrənilmiş və tamamilə yeni musiqiyə necə reaksiya verdiyini öyrənən təcrübələr aparılmışdır (8). Məlum olmuşdur ki, əvvəlcədən bilinən musiqi parçalarından fərqli olaraq yeni musiqi həm də beynin üst qatı olan korteksdə də aktivləşməyə səbəb olur. Bu isə, beynin yeni eşidilən musiqinin əvvəlki musiqi təcrübəsi ilə necə əlaqələndiyini yoxlamaqdan dolayı ola bilər. Yəni, çox güman ki, musiqi yaddaşı deyə bir məfhum var və yeni musiqi ilə qarşılaşdıqda, beyin yaddaşdakı motivlər əsasında proqnoz verir. Bəzi hallarda yeni musiqi parçasının həmin proqnoza uyğunluğu, bəzi hallarda isə gözlənilməz fərqliliyi və ya “sürprizlər” mükafat hissinə səbəb olur .Ona görə də, bir çox hallarda tamamilə yeni musiqi dinləmək bizə xoş gəlməyə bilər, amma həmişə dinlədiyiniz tipli musiqilərdə olan yeni motivlər xoş gəlir, hətta bəzən musiqini sevməyimiz üçün vacibdir.
Əfsuslar olsun ki, birbaşa kliniki dəyəri olmadığından dolayı bu gün bu cür təcrübələr elmi tədqiqatları maliyyələşdirən qurumların bir o qədər də maraq dairəsində deyil. Amma digər tərəfdən, musiqinin və ümumiyyətlə insanın təkamülünü öyrənmək əminəm ki, mənim kimi çoxlarının marağını cəlb edəcəkdir və ona görə də bu sahədəki irəliləyişi izləməyi ancaq tövsiyə etmək mümkündür.
Mənbələr
- Conard, N.J., Malina, M., and Münzel, S.C. (2009). New flutes document the earliest musical tradition in southwestern Germany. Nature 460, 737–740.
- Clark, C.N., Downey, L.E., and Warren, J.D. (2015). Brain disorders and the biological role of music. Soc. Cogn. Affect. Neurosci. 10, 444–452.
- Hauser, M.D., and McDermott, J. (2003). The evolution of the music faculty: a comparative perspective. Nat. Neurosci. 6, 663–668.
- Wright, A.A.A., Rivera, J.J.J., Hulse, S.H.S., Shyan, M., and Neiworth, J.J. (2000). Music perception and octave generalization in rhesus monkeys. J. Exp. Psychol. Gen. 129, 291–307.
- Ramus, F., Nespor, M., and Mehler, J. (1999). Correlates of linguistic rhythm in the speech signal. Cognition 73, 265–292.
- Blood, A.J., and Zatorre, R.J. (2001). Intensely pleasurable responses to music correlate with activity in brain regions implicated in reward and emotion. Proc. Natl. Acad. Sci. U. S. A. 98, 11818–11823.
- Salimpoor, V.N., Benovoy, M., Larcher, K., Dagher, A., and Zatorre, R.J. (2011). Anatomically distinct dopamine release during anticipation and experience of peak emotion to music. Nat. Neurosci. 14, 257–262.
- Salimpoor, V.N., van den Bosch, I., Kovacevic, N., McIntosh, A.R., Dagher, A., and Zatorre, R.J. (2013). Interactions between the nucleus accumbens and auditory cortices predict music reward value. Science 340, 216–219.
Rəsm əsəri: İranın İsfahan şəhərindəki Haşt-Bəhəşt sarayından 1669-cu ilə aid miniatür.