Milli Kitabxananın fəaliyyətinin 100-cü ilində bu kitabxanada Sovet dövrünə aid kitabların siyahısını çıxarıb ictimaiyyətlə paylaşırıq. Cədvəldə bu dövrə aid kitabxananın kataloquna daxil edilmiş 111 166 kitabın kataloq nömrəsi, adı, müəllifi, nəşr ili, dijitallaşdırılma statusu və nəşriyyatı haqda məlumatlar yer alır. Düşünürük ki, kitab siyahısının bu formatda əlçatan olması kitabxana istifadəçilərinə və tədqiqatçılara kitabxananın resursları haqda öyrənmək üçün əlavə imkanlar yaradacaq. Dövrü əhatə edən cədvəldə bütün kitabların bir faylda toplanması axtarış məsələsini sürətləndirə, başqa cür kəşf olunması onlarla click tələb edən prosesləri asanlaşdıracaq. Bundan əlavə, xatırlatmaq istəyirik ki, Cəfər İsbarovun yazdığı, daha öncə paylaşdığımız proqram vasitəsi ilə kitabxananın dijitallaşdırıb hamıya açıq şəkildə internetə yerləşdirdiyi kitabları pdf formatında endirmək də mümkündür.
Kitablar haqda cədvəli yaratmaqda bir məqsədimiz də kitabxananın dijitallaşdırma proqramı ilə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək idi: nə qədər kitab, hansı kitablar, hansı illərdə dərc olunanlar skan olunub? Əlbəttə ki, kitabxana məktubumuza cavab verməyə ehtiyac duymadığından, bunun üçün kataloqu scrape (kitabxana saytından məlumatları avtomatik toplayan alət) edən ayrıca bir proqram yazmaq məcburiyyətində qaldıq. Qarşılaşdığımız mənzərə bir qədər narahatlıq doğurur, çünki bu dövrdə çap olunub kitabxana fonduna əlavə olunmuş kitabların indiyədək yalnız 16%-i (17 804 kitab) dijitallaşdırılaraq insanlara açıq şəkildə onlayn mühitə yerləşdirilib. Proqramın necə aparıldığı, məqsədləri və s. haqda onlayn məlumat tapmaq çox çətin olduğundan proqramın detalları haqda yalnız cədvəldən yola çıxaraq müəyyən fikir bildirmək mümkündür. Cədvəldən isə görünən budur ki, hansı kitabların dijitallaşdırıldığı müəyyən bir seçim prosesinin nəticəsidir. Yəni bu proses sıra ilə deyil, kimlərsə tərəfindən razılaşdırılmış, hansısa kriteriyalara əsasən edilir. Tarixi mətnlərin sistematik şəkildə deyil, hansısa aydın olmayan kriteriyalara əsasən qorunması, əlçatan edilməsi isə həddən artıq təhlükəli bir prosesdir. Əgər dijitallaşdırma proqramı haqda daha konkret bilginiz varsa bunu rəylər üzərindən bizimlə paylaşmağınızı rica edirik.
Siyahını buradan yükləyə bilərsiniz:
Update: Kataloqun geri qalan hissəsini yükləmək üçün Resurs Mərkəzinə nəzər sala bilərsiniz.