Habitat Tərcümə Layihəsi Campbell Biologiya 2 Nizamnamə

Məqsəd

Habitat Layihəsinin məqsədi ən təməl elmi dərsliklərin Azərbaycan dilinə tərcüməsidir. Hal-hazırda Campbell Biology adlı dərsliyin 11-ci nəşri tərcümə edilməkdədir.

Fəaliyyətlər

Ümumi müddəalar

Bu bölmə Habitat Tərcümə Layihəsi (HTL) çərçivəsində fəaliyyətin əsasını təşkil edən ortaq dəyərləri, qəraralma mexanimzlərini, əlaqə yollarını və metodlarını, təşkilatdaxili iş prosesini, davranış qaydalarını və yarana biləcək problemlərin necə həll olunacağını göstərir. Bu sənəddə bəhs edilən məsələlər “Qərarların alınması” bölməsində göstərilən metodlarla dəyişdirilə bilər. Bu sənəd Campbell Biologiya kitabının tərcüməsini həyata keçirən komandalardan yalnız birinə (HTLCB2)  şamil olunur.

Ortaq dəyərlər

Habitat tərcümə layihəsinin əsas məqsədi Azərbaycan dilində yüksək keyfiyyətli elmi dərsliklər istehsal etməkdir. Biz inanırıq ki, gedilən yol ən azı son nöqtə qədər vacibdir. Ona görə də prosesdə işimizi tənzimləyən dəyərləri aşağıdakılar olaraq təyin edirik:

  • Keyfiyyət: işin keyfiyyəti ən yüksək səviyyədə olmalıdır.
  • Ədalət və işçi haqları: bu işə əmək verən hər kəs əməyinin qarşılığını ədalətli şəkildə almalıdır.
  • Şəffaflıq: prosesin hər hansı bir hissəsi ilə bağlı məlumat idarəçilər və lazım gələrsə, digər komanda üzvləri arasında paylaşılmalıdır.
  • Əməkdaşlıq və qarşılıqlı hörmət: proses zamanı mehriban və kollektiv əməkdaşlıq mühiti yaradılmalı və qorunmalıdır.
  • Uzunmüddətlilik: əməyin nəticəsinin uzunmüddətli olması üçün əldən gəlinən hər şey edilməlidir.
  • Azadlıq: əməyin nəticələri maddi və digər imtiyazları olanlara yox, azad şəkildə kütlələrə yayılmalıdır.

Qərarların alınması

  • HTLCB2 zamanı alınan qərarlar idarəçilər arasında demokratik prinsiplərə əsasən alınır. Hamının fikrini tələb edən mövzularda müzakirə bütün komanda üzvlərinə açılır.
  • Müzakirədə iştirak edənlərin sayı 3-dən artıq olduğunda, müzakirə koordinator tərəfindən yazılı şəkildə qeydə alınıb, müvafiq Google Drive qovluğuna yerləşdirilir.
    • Koordinator müzakirədə iştirak etmədikdə, bu vəzifə başqa bir komanda üzvünə ötürülür.
  • Mövzu və mövzu  ilə bağlı bütün məlumatlar müzakirə iştirakçıları tərəfindən “Kommunikasiya” bölməsində göstərilmiş kanallar vasitəsilə müzakirəyə çıxarılır.
  • Konsensusa varılana qədər müzakirələr aparılır və bütün alternativlər dinlənilir.
  • Bütün müzakirələr “Davranış qaydaları və cəzalar” bölməsində göstərilən qaydalara uyğun olaraq aparılır və qaydalara əməl etməyənlərə eyni bölmədə göstərilən cəzalar tətbiq olunur.

Kommunikasiya

  • HTLCB2 çərçivəsində aparılan bütün müzakirələr müvafiq Slack ünvanında aparılır.
  • Kommunikasiya kanallarını mütəmadi olaraq izləmək və ünvanlanan suallara ən qısa zamanda cavab vermək hər bir üzvün vəzifəsidir. Kommunikasiya kanallarını izləməməkdən ortaya çıxan problemlərdən müvafiq şəxslər cavabdeh sayılır.
  • HTLCB2 kommunikasiya kanallarını izləmək üçün bütün istifadəçilərin tələblərini mümkün qədər nəzərə alır, mövcud texnoloji çətinlikləri aradan qaldırır.

Davranış qaydaları

  • HTLCB2 çərçivəsində aparılan bütün müzakirələrdə, sivil davranış qaydalarına əməl olunur.
  • Bu qaydaların bəziləri bunlardır:
    • Qarşındakı insanı axıra qədər dinləmək;
    • Qarşındakı insanın şəxsiyyətinə, intellektinə hörmət etmək
    • Verilən ən kiçik əməyi qiymətləndirmək;
    • Müzakirələrə açıq fikirlə daxil olmaq və fikrini dəyişdirməyə hazır olmaq;
    • Gəlinmiş konsensusa hörmət və birgə alınmış qərarlara əməl etmək;
    • Tənqidə açıq olmaq və edilən tənqidi, konstruktiv olduğu təqdirdə, qiymətləndirmək;
    • Yalnız konkret dəlillərlə əsaslandırılmış fikirlərlə çıxış etmək, əsaslanmamış fikirlərlə vaxtı və enerjini israf etməmək.
  • Yuxarıda göstərilən qaydalar və yanaşmalara mütəmadi olaraq uymayan şəxslər aşağıda göstərilən qaydada və bir neçə mərhələdə cəzalandırılır.
    • Bu qərarları idarəçilər verir.
    • Əgər idarəçilərdən biri özü bu qaydalara uymursa, o zaman öncədən razılaşdırılmış və tərəflərin hər birinin ədalətli mühakimə qabiliyyətinə inandığı insanlardan ibarət məsləhətçilər şurası qərar alır.
  • Davranış və bu sənəddə (və müvafiq müqavilələrdə) göstərilən digər qaydalara uymayan komanda üzvləri aşağıdakı mərhələlərlə cəzalandırılırlar:
    • 1. Şifahi xəbərdarlıq: edilən xəta heç bir komanda üzvünün sağlamlığına və təhlükəsizliyinə ciddi şəkildə təsir etmirsə, işin gedişatını zəiflədirsə, işçi tərəfindən edilmiş ilk xətadırsa, işçi səhvini anlayır və yenidən təkrarlanmayacağına dair əlindən gələni edəcəyi ilə bağlı söz verir, işində konkret  dəyişikliklər etməyi söz verirsə, şifahi xəbərdarlıq edilir.
    • 2. Sonuncu xəbərdarlıq: İşçinin xətası işin gedişatını ciddi şəkildə zədələmiş və yaxud digər işçi(lər)in sağlamlığına və təhlükəsizliyinə ciddi ziyan vurubsa və yaxud əvvəllər şifahi xəbərdarlıqla nəticələnmiş davranışlar dəfələrlə təkrarlanmışsa, müvafiq işçiyə idarəçilər tərəfindən son dəfə yazılı xəbərdarlıq edilir.
    • 3. İşdən azad olunma. İşçi artıq yazılı və şifahi xəbərdarlıq alıbsa və yaxud digər işçilərin sağlamlığına və təhlükəsizliyinə bərpası mümkün olmayan ziyan vurulubsa, işin gedişatını və keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bir iş görübsə, işdən azad olunur.
  • Əgər kənarlaşdırılmış şəxs komandaya geri dönmək istəyirsə bunun üçün müvəqqəti imkan yaradılır və yoxlama periodundan sonra komandaya geri alınma və ya rədd qərarları verilir.

Konfliktlərin həlli

  • Konfliktlərin həlli konkret dəlillərə əsasən aparılır. Bu zaman hər bir tərəfdən mövqeyini dəstəkləyən dəlilləri təqdim etmək gözlənilir.
  • Müəlliflik, əmək haqları və başqa məsələlər üzrə yaranan konfliklərin həlli ilk olaraq idarəçilər səviyyəsində aparılır.
  • Əgər ilkin müzakirədə həll yolu tapılmırsa məsləhətçilər şurasına müraciət olunur.
  • Əgər məsləhətçilər şurası da konfliktin həll olunmasına nail olmursa, konflikt hüquqi yolla (məhkəmə ilə) həll olunur.
  • Sonda konfliktin necə həll olunduğu, istifadə olunan arqumentlər, dəlillər birlikdə bir sənədə toplanıb arxivə yerləşdirilir və prosesin detalları hamıya açıq şəkildə paylaşılır.
  • HTLCB2 təşkilat daxilində “whistleblower” (xəbərçi) haqqının olmasını həddən artıq vacib hesab edir və ona görə də, təşkilatdaxili problemlərin mətbuata çıxmasını heç bir şəkildə cəzalandırmır. Əgər sosial əhəmiyyət kəsb edən ciddi problem aşkarlanıbsa və təşkilatdaxili proses üzərindən öz həllini tapmayıbsa, “whistleblower”-in bu barədə mətbuatı məlumatlandırılması təşviq olunur.

Keyfiyyət kontrolu

  • HTLCB2 çərçivəsində aparılan bütün fəaliyyətlərin müstəqil dəyərləndirilməsi üçün məsləhətçilər şurası mövcuddur.
  • HTLCB2 məsləhətçilər şurasının fəaliyyətini effektiv və obyektiv etmək üçün aparılan işi mümkün qədər ətraflı və keyfiyyətli şəkildə sənədləşdirir, fəaliyyəti hamıya açıq şəkildə yazılı şəkildə bu sənədlərdə təsbit edir.
  • Şuranın öhdəliyi ildə 2 dəfə layihə çərçivəsində aparılan işləri idarəçilər tərəfindən təqdim olunmuş administrativ sənədlər, mühasibat faylları və Google Drive qovluğu üzərindən təhlil etmək və işin keyfiyyətini və sürətini artırmaq məqsədilə idarəçilərə məsləhətlər və yön verməkdir.
  • İşin keyfiyyətinin gündəlik kontrolu idarəçilər tərəfindən aparılır və təsbit olunmuş problemlər və onların həlli üçün atılan addımlar administrativ loq faylında qeyd olunur.

Mətn istehsalı

Ümumi prosedur

  • Mətnin istehsalı “Rollar” sənədində göstərilmiş və fərqli əmək növlərinə paylanmış vəzifələr şəklində aparılır.
  • Kitabın tərcüməsinə başlamadan əvvəl idarəçilər ümumi mətni hissələrə ayırır və

bu hissələri tərcüməçi, elmi və ədəbi, qrammatik redaktorlar arasında bölüşdürür.

  • Mətnin hissələrə (Campbell Biologiya üçün fəsil) görə istehsalı aşağıdakı cədvəldə qeyd edilmiş sıra ilə yerinə yetirilir:
Mərhələ nömrəsiMərhələ adıƏtraflı açıqlama\ƏməliyyatMəsul şəxs
1Xam tərcüməMətni ingilis\ana dilindən azərbaycan dilinə tərcümə edir. Bu mərhələdə ən önəmli şey tərcümədə elmi mənanın eynilə qorunması və mətnin düzgün formatlanmasıdır.Tərcüməçi
2Elmi redaksiyaXam tərcümədə elmi mənanın doğru verildiyini yoxlayır və lazımi düzəlişləri edir.Elmi redaktor
3Ədəbi redaksiya və qrammatik korreksiyaMətnin azərbaycan dilində yaxşı başa düşülən və axıcı olması üçün dəyişikliklər təklif edir.
Mətni qrammatik baxımdan yoxlayır və dəyişikliklər təklif edir.
Ədəbi redaktor
4Elmi yoxlamaXam tərcümədən sonra aparılan dəyişikliklərin elmi mənanı qoruyub qorumadığını yoxlayır və müvafiq düzəlişlər edir.Tərcüməçi
5DizaynDizayner son yoxlamaların nəticələrini mətnə və dizayna daxil edir və mətnin son versiyası hazırlanaraq təhlükəsiz bir yerdə saxlanılırDizayner
6Dizayn yoxlamaMüvəqqəti PDF faylı üzərində düzəlişlər qeyd olunur.Tərcüməçi
7Dizayn düzəlişPDF-dəki düzəlişlər InDesign faylına keçirilir.Dizayner
8YekunlaşdırmaKitab nəşr olunanadək qərar verilən dəyişikliləri PDF faylına qeyd edir və yekunda kitabın əsas dizaynına keçirilməsi təmin olunur. Tərcüməçi
  • Prosesin təkmilləşdirilməsi üçün həll yolları (bax: Araşdırma və inkişaf) idarəçilər arasında müzakirə edilir və birgə qərarlarla layihə fondundan və ya fərdi təşəbbüslə şəxsi hesabdan maliyyələşdirilir.

Əmək proseduru

  • Hüquqi əhəmiyyət daşıyan bütün əməliyyatlar email üzərindən baş verir. İşlərin hər biri koordinatorun müvafiq işçiyə yazdığı emaillər tərəfindən rəsmi şəkildə sənədləşdilir. 
  • Bu emaillərdə işçinin və HTLCB2-in vəzifələri və haqlarının qeyd olunduğu müqavilə işçiyə təqdim olunur. İşə razılıq vermiş işçi müqavilədəki şərtləri yerinə yetirməyi boynuna götürür və kənaraçıxmalar olarsa, bu nizamnamədə göstərilən şəkildə cəzalandırılmağa razılaşır.
  • İşçi işə başlamazdan əvvəl koordinatorla müzakirə edərək özü üçün real bir son tarix seçir və bu seçimi email zənciri vasitəsilə təsdiqləyir. 
  • İş müvafiq email zəncirində göstərilən tarixə qədər bitirilir və ödəniş üçün vaxt təyin edilir. Ödənişin miqdarı koordinatorlar tərəfindən işçiyə əvvəlcədən email vasitəsilə bildirilir.
  • İş bitdikdən sonra, əvvəldən razılaşdırılmış vaxtda və miqdarda ödəniş işçiyə çatdırılır, mühasibatla bağlı sənədlər müvafiq yerlərə təqdim olunur, mühasibat faylarına lazımi dəyişikliklər qeyd edilir.
  • İşçi təqdim etdiyi işlə bağlı yaranan əlavə sualları cavablandırmağı və yaranan problemləri həll etməyi də öz boynuna götürür.
  • Prosesin hər bir mərhələsi mümkün olduğu qədər detallı şəkildə həm email zəncirləri, həm də administrativ loq faylları tərəfindən sənədlərə keçirilir.

Hüquqi məsələlər

Müəllif hüquqlarının əldə olunması

  • İdarəçilər müəllif hüquqlarını xarici nəşriyyatdan əldə edirlər.
  • Müəllif haqları yerli nəşriyyata verilir. Buna görə də, yerli nəşriyyatla HTLCB2 və ES arasındakı əlaqələr müvafiq müqavilələr əsasında təyin olunur. Bu əlaqələr HTLCB2-in məqsədlərini prioritet olaraq götürülərək təyin olunur.
  • Kitabın satışından gələn ilkin gəlirlər müəllif hüquqlarının müvafiq müqavilədə göstərilmiş tarixdə yenilənməsi üçün ayrılır.
  • Kitabın satışından gələn əlavə gəlirlər isə növbəti kitab layihələrinin maliyyələşdirilməsinə və texniki bazanın inkişafına yönəldilir

Tərcümə haqları

  • Kitabın Azərbaycan dilindəki tərcüməsinin müəllif haqları idarəçilərə aiddir.
  • Kitabın Azərbaycan dilindəki mətni Creative Commons İstinadlı Qeyri-Kommersiya 4.0 Beynəlxalq Lisenziyası altında dərc olunur. Bu o deməkdir ki, dərc olunan mətn bütöv və ya hissə-hissə, idarəçilərin adını və HTLCB2-i mənbə olaraq göstərdiyi müddətcə və qeyri-kommersiya məqsədilə istənilən şəxs tərəfindən təzədən dərc oluna bilər.
  • Kitabın üz qabığında tərcümənin elmi hissəsində ən az ümumi işin 20%-ini görmüş bioloqların adı tərcüməçilər olaraq qeyd olunacaqdır. Digər üzvlərin adları və oynadıqları rollar kolofonda detallı şəkildə qeyd olunacaqdır.
  • Kitabın hər hansı bir formada çoxaldılması, paylanması idarəçilərlə və onlar arasında razılaşdırılaraq həyata keçirilir.
  • Müəllif hüquqları “Ortaq dəyərlər” bölməsində qeyd edilən “ədalət”, “uzunmüddətlilik”, “azadlıq” prinsiplərinə xidmət edir. Buna görə də, tərcümə hüquqları maddi və ya digər formalarda birbaşa şəxsi mənfəət üçün istifadə oluna bilməz.

Kənar təşkilatlarla əlaqə

  • Kənar təşkilatlarla əlaqələr idarəçilər tərəfindən aparılır. Alınan əməkdaşlıq təklifləri idarəçilər tərəfindən razılaşdırılaraq dəyərləndirilir.
  • Bütün xarici əlaqələr hüquqi çəkisi olan müqavilələr əsasında qurulur və pozuntular hüquqi yollarla həll olunur.
  • Bağlanan bütün müqavilələr müvafiq şəkildə arxivlənir və lazımi məlumatlar mühasibə verilir.
  • HTLCB2 əməkdaşlıqlarını “Ortaq dəyərlər” bölməsində göstərilən dəyərləri göz önündə tutaraq qurur, gələcəkdə bu dəyərlərin qorunmasına potensial olaraq maneə ola biləcək və yaxud keçmişdə bu dəyərlərə zidd fəaliyyətlərlə məşğul olmuş təşkilatlarla əlaqə qurmur.

İşəalma və işdənçıxarma

  • HTLCB2 üçün işçilərin işə alınması qabiliyyət və şəxsi keyfiyyətlər əsasında, idarəçilər tərəfindən, konsensusa varılaraq həyata keçirilir.
  • İşəalınma prosesində potensial işçinin keçmiş fəaliyyəti və bunları təsdiqləyən konkret dəlillər əsas götürülür. Bundan əlavə, işçiyə sınaq üçün tapşırıqlar verilir və bu sınaqların nəticələri də qərara təsir edir.
  • İşə alınan işçi vəzifələri və haqları barədə tamamilə şəffaf şəkildə məlumatlandırılır. HTLCB2 işçilər üçün ən uyğun iş şəraiti yaratmağı, onların haqlarını qorunmağı öz üzərinə götürür.
  • İdarəçilər işçilərə layiq olduqları hörməti göstərir. “Davranış qaydaları və cəzalar” bölməsində göstərilən qaydalara uymayan hərəkətlər müşahidə olunduqda müvafiq cəzalar tətbiq olunur.
  • Heç bir işçi dini inancına, genderinə, etnik mənsubiyyətinə görə qiymətləndirilmir və işçi bu müstəvilərdə özünə qarşı ayrıseçkilik müşahidə edərsə, bu halı birbaşa idarəçilərə bildirir, bu mümkün olmadıqda isə məsləhətçilər şurasına məlumat ötürür. Həssas məlumat ötürən işçinin iş təhlükəsizliyi qorunur. Belə bir məlumatın verilməsi işçinin işdən çıxarılmasında səbəb olaraq göstərilə bilməz.
  • İşə alınan hər bir işçidən “Ortaq dəyərlər” bölməsində qeyd olunmuş dəyərlərə hörmət göstərməsi və bu dəyərləri gördükləri işdə əks etdirmələri gözlənilir. Buna görə də, işçinin siyasi kimliyi və davranışları işəalınmada və işdən çıxarılmada dolayı yolla rol oynaya bilər.
  • İşdən çıxarılma qərarı idarəçilər tərəfindən, işçinin əmək mühitindəki fəaliyyətinə, şəxsi keyfiyyətlərinə əsasən və bu sənəddə göstərilmiş qaydalara əməl edib-etmədiyindən asılı olaraq alınır.
  • İdarəçilərin işdən çıxarılması yalnız məsləhətçilər şurasının səs çoxluğu ilə aldığı qərarı ilə baş verir. İşdən çıxarılan idarəçinin müəllif hüquqları digər idarəçilər arasında bərabər bölünür, işdən çıxarılan şəxsin əməyi isə son məhsulda normal qaydada qeyd olunur.

İctimai əlaqələr

Crowdfunding kampaniyası

  • Crowdfunding kampaniyasının təşkili idarəçilər tərəfindən aparılır.
  • HTLCB2-in maliyyələşməsi ictimai ianələrlə həyata keçirilir.
  • İanələr ES-in hüquqi şəxs hesabına və yaxud idarəçilərin şəxsi hesablarına göndərilir.
  • HTLCB2-ə daxil olmuş ianələrin hər biri haqda mühasibə məlumat verilir və idarəçilər üçün əlçatan şəkildə arxivə yerləşdirilir.
  • HTLCB2-ə daxil olmuş ianələr ilə bağlı periodik olaraq ictimaiyyətə məlumat verilir.
  • Crowdfunding kampaniyası üzərindən HTLCB2-ə donorluq etmiş şəxslərin və təşkilatların adları müvafiq məhsulda göstərilir.
  • HTLCB2 əldə etdiyi ianələrə qarşılıq olaraq lazımi əməyi yerinə yetirməyi, kifayət qədər ianə yığıldıqda isə kitabı istehsal edib, “Məhsulun paylanması” bölməsində göstərilən qaydada paylanmasını öz üzərinə götürür.
  • HTLCB2 ianələrə qarşılıq olaraq əlavə başqa heç bir öhdəlik götürmür.
  • HTLCB2 “Ortaq dəyərlər” böməsində göstərilən dəyərlərə zidd fəaliyyət tarixçəsi olan təşkilatlardan və fərdlərdən ianə qəbul etmir. Belə bir hal sonradan kəşf edildikdə isə, alınan ianə uşaq evlərinə və digər təşkilatlara ötürülür.

İctimaiyyəti məlumatlandırma

  • HTLCB2 donorları işin necə getdiyi ilə bağlı mütəmadi olaraq məlumatlandırır.
  • İctimaiyyət şəxsi kanallar və ES-in veb və sosial şəbəkə səhifələrindən idarəçilər tərəfindən məlumatlandırılır.
  • Yuxarıda göstərilən kanallardan daxil olan suallar idarəçilər tərəfindən ən qısa müddətdə cavablandırılır.
  • Komanda üzvlərinin təhlükəsizliyinə təsir edə biləcək həssas məlumatlar qorunur və heç kimlə paylaşılmır.
  • Belə məlumatın paylaşılması nəticəsində müvafiq şəxs “Davranış qaydaları və cəzalar” bölməsində göstərilən şəkildə cəzalandırılır.

Tədbirlərin təşkili

  • Tədbirlərin təşkili idarəçilər və müqavilə əsasında HTLCB2 ilə əməkdaşlıq edən təşkilatlar tərəfindən təşkil edilir.
  • Tədbirlər mümkün qədər ictimaiyyətə açıq, pulsuz və əlçatan zamanda və məkanda keçirilir.
  • Tədbirlərin təşkilində iştirak üçün ES üzərindən könüllülər də cəlb olunur.
  • Tədbirlərdə layihənin məhsullarının təhlükəsizliyini qorumaq üçün müvafiq addımlar atılır.
  • Tədbirlərin proqramları və təqdim olunacaq məzmun (təqdimat slaydları, əlavə iştirakçılar və s.) idarəçilər tərəfindən razılaşdırıldıqdan sonra hazırlanır.
  • Tədbirin gedişatına maneə olan ünsürlər idarəçilər tərəfindən, bu mümkün olmadıqda isə hüquq mühafizə orqanları tərəfindən tədbir məkanından uzaqlaşdırılır.

Məhsulun paylanması

  • HTLCB2-in məqsədi aldığı ictimai dəstəyi dayanıqlı şəkildə yeni kitabların tərcüməsi üçün toxum şəklində istifadə etməkdir. “Ortaq dəyərlər” böməsində qeyd olunan “uzunmüddətlilik” məsələsi əməyin düzgün şəkildə dəyərləndirilməsi və gələcəkdə oxşar işlərin aparılması üçün kapital rolunu oynamasını tələb edir. Buna görə də, istehsal olunan hər bir resurs insanlara əlçatan olmaqla bərabər, HTLCB2-in gələcək işləri üçün lazımi maddi vəsaiti toplama funksiyası görür. Yəni, tərcümə olunan hər bir kitab növbəti kitablar üçün kapitalı yığma funksiyası daşımalıdır. Bu müddəa hər bir resursun paylanmasında göz önünə alınır.
  • Tərcümə olunan kitabın orijinalı ictimaiyyətə açıq şəkildə paylanıbsa, HTLCB2 də kitabı ictimaiyyətə açıq şəkildə paylayır (share-alike prinsipi).
  • Tərcümə olunan kitabın müəllif hüquqları ilə qorunursa, HTLCB2 tərəfindən müəllif hüquqları alınır və istehsal edilmiş məhsul müvafiq müəllif hüquqları tərəfindən qorunur. Bu kitabların müəllif hüquqlarından və satışlarından alınan gəlirlər ictimaiyyətə açıq kitabların tərcüməsində, eləcə də gələcək kommersial tərcümələrdə də istifadə olunur.
  • Məhsulun paylanması idarəçilər tərəfindən idarə olunur və müqavilə və ya könüllülük əsasında HTLCB2 ilə əməkdaşlıq edən şəxslər tərəfindən aparılır.
  • Məhsul iki əsas istiqamətdə paylanır:
    • Müvafiq sənəddə göstərilmiş təhsil təşkilatlarına və kitabxanalara pulsuz şəkildə;
    • Müvafiq sənəddə göstərilmiş kitab evlərinə və onlayn kitab satıcılarına, müqavilə əsasında.
  • Bundan əlavə müəyyən miqdardan daha artıq kömək edən donorlara kitabın bir nüsxəsi pulsuz şəkildə poçtla və ya birbaşa çatdırılır.
  • HTLCB2 çərçivəsində yaradılan resurslar əsas iki formatda hazırlanıb paylanır:
    • fiziki
    • elektronik
  • Kitabın elektronik forması müvafiq şəkildə qorunmuş formada onlayn kitab mağazalarından satılır.
  • Kitabın paylanmasına başlamazdan iki ay əvvəl marketinqi aşağıdakı formada həyata keçirilir:
    • Kitab haqda ictimai müharizələr yolu ilə
    • Satış razılaşmaları əldə edilmiş kitab mağazalarında afişalar ilə
    • ES-in veb və sosial şəbəkə səhifələri üzərindən
    • Universitetlərin afişa lövhələrində
    • ES-in YouTube səhifəsindən video roliklər formasında
  • Kitabın elektronik forması bütün lazımi təhlükəsizlik tədbirləri alınaraq qorunur və idarəçilər tərəfindən razılaşdırılaraq müəyyən üçüncü şəxslərlə paylaşılır.

Mühasibat

Əmək haqqının təyini

  • Əmək haqları idarəçilər tərəfindən, bazardakı qiymətlərə və “Ortaq dəyərlər” böməsində qeyd olunan “ədalət və işçi haqları” prinsiplərinə əsasən təyin olunur.
  • Əmək haqqının təyini aşağıdakı mərhələlərdə aparılır 
    • 1) İşə cəlb olunacaq işçinin vəzifələrinin yazıldığı sənəd tərtib olunur və ya bu nizamnamədən (istinad vermək şərtilə) alınır.
    • 2) İşçidən tələb olunacaq həftəlik saat miqdarı təxmin edilir.
    • 3) İdarəçilər müvafiq sahədə təcrübəli olan şəxslərdən bazar qiymətləri ilə bağlı məlumatı alıb şəffaf şəkildə bir-birilə paylaşır.
    • 4) Potensial işçinin əvvəlki işləri və təcrübəsi konkret dəlillərə dayanılaraq nəzərə alınır.
    • 5) Mühasibdən mümkün əmək haqqı aralığı ilə bağlı məlumat alınır.
    • 6) Yuxarıdakı məlumatlardan istifadə olunaraq potensial işçiyə əmək haqqı təklif olunur.
  • Kitabın tərcüməsi üçün lazım olan əmək haqqı, mümkün olduqca ətraflı şəkildə (hər fəsili, hər bölümü, hər mərhələni göstərəcək şəkildə) bir faylda toplanır və idarəçilər arasında paylaşılır.

Maddi vəsaitin paylanması və çatdırılması

  • Əmək haqları və digər ödəmələr idarəçilər tərəfindən, ES-in hüquq şəxs bank hesabından və ya idarəçilərin hesabından aparılır.
  • Hər bir ödəmə aşağıdakı şəkildə sənədləşdirilir:
    • İdarəçi və qarşı tərəf tərəfindən imzalanmış qəbz HTLCB2-in mühasibət qovluğuna yerləşdirilir.
    • Mühasibat qovluğunda yerləşən loq faylına yeni sətir əlavə olunur. Sətirdə qəbz faylına keçid, tarix, idarəçi, qarşı tərəfin adları, vəsait miqdarı, məqsədi barədə məlumatlar yerləşdirilir.

Mühasibatın aparılması

  • HTLCB2-in bütün xərcləri master faylda şəffaf şəkildə qeyd olunur
  • Aparılan bütün maddi əməliyyatlar aşağıdakı formada arxivləşdirilir:
    • İdarəçinin bank hesabından çıxarışlar hər üç aydan bir çıxarışlar qovluğuna qoyulur.
    • Vəsaitin alınması və ya verilməsi ilə bağlı hər iki tərəf tərəfindən imzalanmış qəbz qəbzlər qovluğuna yerləşdirilir.
    • Mühasibat loq faylına əməliyyat barədə qeyd olunmuş detallar (açıqlama, qeyd olunur.
    • Master faylındakı müvafiq səhifə yenilənir.
  • Mühasibatla əlaqəli bütün sənədlər hər 6 aydan bir məsləhətçilər şurasına baxış üçün göndərilir.

Araşdırma və inkişaf

İşlərin avtomatlaşdırılması

  • HTLCB2 apardığı işlərin səmərəliliyinin artırmaq və təsir dairəsini oxşar təşəbbüslərə doğru genişlətdirmək üçün araşdırma və inkişaf (Aİ) işləri aparır.
  • Aİ təşəbbüslərini maliyyələşdirmək üçün ayrılan vəsait HTLCB2-in büdcəsinin 15%-ini təşkil edir.
  • Aİ təşəbbüsləri və təklifləri hər hansı bir komanda üzvü tərəfindən irəli sürülə bilər.
  • Təkliflər idarəçilər və müvafiq işlə əlaqəli komanda üzvləri tərəfindən ətraflı müzakirə olunub, dəyərləndirilir.
  • Təklifin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunarsa, təklif üçün işçi qrup yaradılır və büdcədən vəsait ayrılır.
  • İşçi qrupun tərkibinə idarəçi, təklifi verən şəxs və təklifi həyata keçirəcək olan üçüncü şəxslər daxil edilir.
  • Yaradılmış texnologiyanın bütün haqları və oradan gələr gəlirlər HTLCB2 və təklifi verən şəxs(lər) arasında bərabər bölünür.
  • İşçi qrup yaradılmış texnologiyanın ümumi ictimaiyyətə də faydası toxunacağı qənaətini vardığı təqdirdə, sözügedən texnologiya ictimaiyyətə açıq şəkildə paylaşılır.

Lüğət

  • Tərcümə prosesində terminoloji ardıcıllığın təmin olunması üçün, tərcüməyə paralel olaraq müvafiq sahənin elmi lüğəti hazırlanır.
  • Lüğət idarəçilər və terminoloqlar tərəfindən birgə hazırlanır.
  • HTLCB2 büdcəsi ilə yaradılan lüğətlər onlayn mühitdə (ES üzərindən) və ya fiziki formada (kitab şəklində) dərc olunur.
  • HTLCB2 büdcəsindən müstəqil (könüllü şəkildə) yaradılan lüğətlərin dərci terminoloqlar tərəfindən müstəqil şəkildə aparılır.
  • HTLCB2 çərçivəsində aparılan layihələr HTLCB2 tərəfindən yaradılan lüğətlərdən istifadə etməyə razılıq verir. Hər hansı bir layihə lüğətdə mövcud olan ifadəni orada göstəriləndən fərqli şəkildə işlədərsə, bu hal müvafiq layihənin idarəçilərinin nəzərinə çatdırılır və səhvlər düzəldilir.
  • Fərqli layihələr arasında terminlər mövzusunda narazılıq yaranarsa, lüğətin yaradılmasında edilən seçimlər müzakirə olunur və razılaşdırılmış variant lüğətdə dəyişdirilir.

Hazırkı Komandanın Tərkibi

adrol
Ərtoğrul Alışbəyliidarəçi, tərcüməçi, elmi redaktor
Nəzakət Əzimlikoordinator
Rəşad Yusifovelmi redaktor

Hazırkı Məsləhətçilər Şurasının Tərkibi

AdTəşkilat
İlahə AbaslıFemiskop
Nicat QarayevGİZ
Arslan İbrahimiReddit

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top