Əmək Razılaşması – Elmi Redaktor

Təşkilat: Habitat Tərcümə Layihəsi Campbell Biologiya – 2 (HTLCB2)

Məsul şəxs: Ərtoğrul Alışbəyli (İdarəçi)

Rol: Elmi Redaktor

Giriş

HTL-in əsas məqsədi müasir elmi dərsliklərin Azərbaycan dilinə hamıya əlçatan şəkildə tərcümə olunmasıdır. Təşkilat ictimai ianələrlə yığılan maddi vəsaitlə və könüllü əmək sayəsində bu missiyanı yerinə yetirir. HTL təşkilat olaraq heç bir kommersiya məqsədi daşımır.

Ümumi Müddəalar

  1. Bu sənəd təşkilat ilə işə götürülən şəxs arasındakı peşəkar əlaqələri təsvir və təsbit edir.
  2. Tərəflərin hər ikisi bu sənədi imzalamaqla sənəddə göstərilən müvafiq öhdəlikləri yerinə yetirəcəkləri ilə razılaşır, hüquqlarının nələr olduğunu anladığını təsdiqləyir.
  3. Əmək prosesində yarana biləcək problemlər bu sənəddə və HTLCB2 nizamnaməsində göstərilən şəkildə öz həllini tapır.

İşə Götürülənin Öhdəlikləri

Ümumi Öhdəliklər

  1. Nizamnamə ilə yaxından tanış olmaq və orada göstərilən qaydaları və normaları HTLCB2 çərçivəsində aparılan iş zamanı rəhbər tutmaq.
  2. Təhvil verəcəyi iş üçün son tarixin təyin olunmasında konstruktiv şəkildə iştirak etmək.
  3. İşin razılaşdırılan vaxtda yerinə yetirilməsi:
    1. Bu mümkün olmadıqda, bunun səbəbləri ilə bağlı koordinator və idarəçilərin vaxtında məlumatlandırılması və alınan qərarın yerinə yetirilməsi
  4. İşin razılaşdırılan formada yerinə yetirilməsi:
    1. İşin bu sənəddə “İşə Götürülənin Spesifik Öhdəlikləri” bölməsində göstərilən formada yerinə yetirilməsi
    2. İşin “Nizamnamə”də göstərilən qaydalara əsasən yerinə yetirilməsi
    3. Bu mümkün olmadıqda, bunun səbəbləri ilə bağlı idarəçilərin məlumatlandırılması və alınan qərarın yerinə yetirilməsi
  5. Komandadaxili kommunikasiyada aktiv iştirak
    1. Müzakirələrdə “Nizamnamə”də göstərilən davranış qaydalarına əməl olunması
    2. Kommunikasiya kanallarında şəxsinə göndərilmiş suala 2 iş günü ərzində cavabın verilməsi.
    3. Əgər 5b-də göstərilən müddətdə cavab vermək mümkün olmayacaqsa, bununla bağlı idarəçilərin mümkün qədər tez, ən geci 1 həftə əvvəldən məlumatlandırılması.

Spesifik Öhdəliklər

  1. Mətnin elmi redaksiyası
    1. Mətnin orijinalının və tərcüməsinin paralel olaraq oxunması
    2. Orijinalda sadalanan fikirlərin Azərbaycan dilinə elmi səhv olmadan tərcümə olunduğunun yoxlanılması və lazımi dəyişikliklərin Google Docs faylında edilməsi, tərcüməçi tərəfindən açılan elmi məsələlərin bağlanması
    3. Proses vaxtı Google Docs-un qeyd, təklif, tapşırma (“assign”) funksiyalarından aktiv şəkildə istifadə etmək
    4. Lazım gəldikdə, elmi terminlərin yerli və xarici ədəbiyyatda istifadəsinin araşdırılması
    5. Lazım  gəldikdə, yeni terminlərin yaradılması və elmi lüğətə əlavə olunması
    6. Mübahisəli məsələlərlə bağlı edilmiş seçimlərin əsaslandırılması və araşdırma zamanı istifadə olunan resurslara düzgün istinadların qeyd şəklində verilməsi
    7. Terminoloqla koordinasiyalı şəkildə termin istifadəsinin standartlaşdırılması, mübahisəli məqamların həlli
    8. Terminoloq tərəfindən hazırlanan lüğətə istinad etmək (lazımi termin lüğətdə mövcuddursa, razılaşdırılmış tərcümədən istifadə olunmalıdır)
    9. Cümlə quruluşunun düzəldilməli yerlər olduqda, bunun ədəbi redaktorlar üçün, başadüşülən dildə və şəkildə qeyd olunması

İşə Götürülənin Haqları

Ümumi Haqlar

  1. Göstərdiyi əməyə görə adının və gördüyü işin son məhsulda qeyd olunması.
  2. Öhdəlikləri ilə bağlı aydın və anlaşılan şəkildə məlumatlandırılmaq, məlumat əskikliyi hiss etdikdə məlumatı koordinator və ya idarəçilərdən tələb etmək
  3. Öz işi ilə bağlı son tarixlərin təyin olunmasında iştirak.
    1. Son tarixlər idarəçilər tərəfindən əvvəlki təcrübəyə əsasən və işin ümumi gedişatını nəzərə alaraq təyin olunsa da, işçi spesifik vəziyyətinə uyğun olaraq bu tarixi müzakirə yolu ilə müəyyən qədər dəyişdirərək öz planlarına uyğunlaşdıra bilər.
  4. Müvafiq email zəncirində və ya əmək razılaşmasında göstərilən məvacibin razılaşdırılmış zamanda alınması.
    1. Bu mümkün olmadıqda və işçini razı salan alternativ razılaşma qəbul edilənə qədər, işi dayandırmaq və edilmiş işə uyğun əmək haqqının ən geci 1 ay müddətində alınması.
  5. Öz iş təhlükəsizliyinə xələl vurmadan iş və ya komanda üzvləri arasında şəxsi zəmində yaranan narazılığını dilə gətirmək
  6. Öz iş təhlükəsizliyinə xələl vurmadan əmək şərtləri ilə bağlı idarəçilərlə sövdələşmək və əmək razılaşmasına ediləcək dəyişikliklərlə bağlı müzakirələrdə birbaşa iştirak etmək
  7. “İşə Götürülənin Öhdəlikləri” bölməsində yazılan şərtlərə uymaq şərtilə, istənilən vaxt, koordinatoru məlumatlandıraraq kommunikasiyada və işdə fasilə yaradacaq tətillərin götürülməsi
  8. “Nizamnamə”də daha ətraflı təsvir olunan fövqəlade hallarda, öz iş təhlükəsizliyinə xələl vurmadan iş yerindəki əmək pozuntuları ilə bağlı ictimaiyyəti məlumatlandırmaq

Spesifik Haqlar

  1. Tərcümə zamanı edilmiş səhvləri tərcüməçiyə konstruktiv şəkildə çatdırmaq və bu səhvlər davamlı xarakter aldığında və işin gedişatını ciddi şəkildə axsadanda, idarəçidən problemin daha fundamental həllini tələb etmək.
  2. Terminlərin quraşdırılması və ya tədqiqatı üçün lazımi resurslar (kitab, kitabxanalara çıxış və s.) ilə təmin edilmək.
  3. Tərcüməçiyə və terminoloqa verdiyi suallara 2 gün ərzində cavab almaq.
  4. Redaksiya etməyi öhdəsinə götürdüyü fəsilə görə təyin olunmuş məvacibi işini yekunlaşdırdıqdan sonra ən geci 1 ay müddətində almaq.

Təşkilatın Öhdəlikləri

Ümumi Öhdəliklər

  1. Təşkilatdaxili münasibətlərin və əmək prosesinin tənzimlənməsində “Nizamnamə”də göstərilən qayda və normaları rəhbər tutmaq.
  2. İşçinin işini lazımi formada görmək üçün lazım olan texniki və peşəkar imkanların yaradılması, işin yerinə yetirilməsində yaranan çətinliklərin konstruktiv şəkildə həll edilməsi.
  3. İşçidən gələn şikayəti adekvat şəkildə qəbul edib, lazımi ölçüləri götürmək və götürülən ölçülərlə bağlı işçini şəffaf şəkildə məlumatlandırmaq, bu mümkün olmadıqda isə, səbəblərini işçiyə çatdırmaq.
  4. İşçini ona birbaşa təsir edən təşkilati normalar və qaydalarla bağlı şəffaf şəkildə məlumatlandırmaq.
  5. İşçini ondan olan gözləntilərlə (məsələn, əmək üçün ayrılmış vaxt, işin necə görülməli olduğu və s.) bağlı şəffaf şəkildə məlumatlandırmaq.
  6. Əmək prosesində işçi yaxından əlaqədə olmaq, ona təsir edəcək qərarlarla bağlı onun mövqeyini göz önünə almaq.
  7. Əmək prosesi zamanı yaranan konfliktləri “Nizamnamə”də göstərilən qaydada, dəlillərə əsasən, lazım gələrsə, müstəqil məsləhətçilər şurası vasitəsilə, gəlinən hər bir nəticəni əsaslandıraraq həll etmək.
  8. İşçinin məvacibini bu müqavilədə göstərilən zaman normalarına əsasən ona çatdırmaq.
  9. İşçinin əməyini müvafiq məhsulda və digər yerlərdə (məsələn, veb saytda) lazımi qaydada qeyd etmək.
  10. Müvafiq işçiyə, lazım gələrsə, işinin keyfiyyətini və içəriyini, insani keyfiyyətlərini, komandada işləmə qabiliyyətini və digər əlaqəli amilləri əks etdirən tövsiyyə məktubu hazırlamaq.
  11. Təklif edilən əməyin sosial müdafiə və rifah baxımından etibarsızlığının işçiyə verdiyi iqtisadi qeyri-müəyyənliyə qarşı mübarizə aparmaq üçün bir təşkilat olaraq mümkün olan hər şeyi etmək.

Spesifik Öhdəliklər

  1. Tərcüməçiyə mətnin tərcümədən sonrakı, düzgün formatlanmış ən son halını və fəslin ingiliscə versiyasını təhvil vermək.
  2. Elmi redaktor və digər komanda üzvləri arasında effektiv kommunikasiyanı təmin etmək, iradlarını digər komanda üzvlərinə, lazım gələrsə, anonim şəkildə çatdırmaq.
  3. Elmi redaktora mövcud lüğətə və əgər lazım olarsa, digər fayllara çıxış vermək.
  4. Büdcə daxilində elmi redaktorun əsaslandırılmış resurs tələblərini yerinə yetirmək. Bu resurslara kitab, texniki məsələlər ilə bağlı ehtiyaclar aiddir.
  5. Bu müqavilədə göstərilməyən, lakin əmək prosesi vaxtı ortaya çıxan ehtiyacları dəyərləndirib onları qarşılamaq üçün mümkün olanı etmək.

Təşkilatın Haqları

  1. İşçidən işi bu müqavilədə göstərilmiş qaydalar çərçivəsində görməsini tələb etmək.
  2. İşçinin işi razılaşdırılmış vaxtda təhvil verilməsini tələb etmək, işçi keçərli səbəb olmadan son tarixlərə uymazsa bu barədə müvafiq tədbirləri görmək.
  3. Təşkilati qərarlarında “Nizamnamə”də və bu müqavilədə göstərilən normaları rəhbər tutmaq.
  4. Komanda üzvlərindən kommunikasiya kanallarından istifadə etməyi və verilən suallara müvafiq müqavilələrdə göstərilən zaman çərçivələrində cavab verilməsini tələb etmək.
  5. Əmək prosesində pozuntular olarsa müvafiq işçiyə xəbərdarlıqlar verdikdən sonra, lazım gələrsə, “Nizamnamə”də göstərilən şəkildə işçi ilə əməkdaşlığa son qoymaq

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top