Hava keyfiyyətinin izlənməsi üçün Azərbaycanın müxtəlif şəhərlərində yerləşdirməyi planlaşdırdığımız sensorlardan birincisini artıq əldə edib sınaqdan keçirdik. Almaniyanın Open Knowledge Foundation adlı təşkilatının Code for Germany adlı layihəsi çərçivəsində inkişaf etdirilmiş bu sensorlar havanın temperaturu, təzyiqi və rütubəti ilə bərabər, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1-ci dərəcəli karsinogen (xərçəng əmələgətirən) hesab olunan hava hissəciklərinin (PM2.5 və PM10) miqdarını da ölçəcək. Yerləşdirdiyimiz sensorlar şəhərlərimizdəki havanın keyfiyyəti ilə bağlı məlumatı hamı üçün açıq edəcək və həyati əhəmiyyət daşıyan bu məsələyə təkcə hansısa dövlət qurumunun deyil, daha çox insanın nəzarət etməsinə imkan verəcək. Məlumatlar fərqli saytlar üzərindən internetə yerləşdiriləcək (məsələn, https://sensor.community/en/).
Əldə olunan datanın etibarlı və məlumatlandırıcı olması üçün bu sensorlardan bir yox, bir neçəsini şəhərlərin müxtəlif yerlərinə yerləşdirməli olacağıq. Bu isə o deməkdir ki, sensorları əldə etməkdə maddi köməyə ehtiyacımız olacaq. Buna görə də, ətraf mühit araşdırmaları və mühafizəsi, ictimai sağlamlıq və şəhərsalma məsələləri ilə maraqlanan qurumları və fərdləri bizimlə əməkdaşlıq etməyə çağırırıq. Birlikdə ölkədə havanın keyfiyyətini daha ətraflı öyrənə, problemləri müəyyən edə və bu problemlərin həllinə, insanlarımızın sağlamlığına əhəmiyyətli töhfə verə bilərik.
P.S. Bu sensorun eynisini bir müddət əvvəl Bakıda sınaqdan keçirən Makerspace Azerbaijan-a da mövzunu qabartdığı və bu barədə bizi də məlumatlandırdığı üçün təşəkkür edirik.
P.P.S Bu məlumat qonşu Gürcüstan da daxil olmaqla bir çox ölkədə ətraf mühitlə əlaqəli dövlət qurumu (bizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi dövlət orqanları) tərəfindən ictimaiyyətə çatdırılır. Lakin ETSN hava keyfiyyəti datasını ictimailəşdirmir (baxmayaraq ki bu haqda bir müddət əvvəl xəbər yayılmışdı). Bir müddət əvvəl onlardan aldığımız cavab məktubunda bu haqda düşündüklərini qeyd ediblər, amma ortalıqda heç nə yoxdur.
One thought on “Hava keyfiyyətinə ictimai nəzarət”