ExpeRimental

Elmi təcrübə heç də həmişə ciddi daydaylar tərəfindən bahalı alətlərlə edilən bir şey olmamalıdır. Uşaqlarınızla ev şəraitində, məişətdə istifadə olunan ləvazimatlarından istifadə edərək əyləncəli elmi təcrübələr apara, müxtəlif elmi anlayışları və məfhumları araşdıra bilərsiniz və bütün bunları edərkən uşağınızla maraqlı vaxt keçirə və özünüz də yeni şeylər öyrənə bilərsiniz.

Bunun üçün Elmi Spektr jurnalı olaraq 1 iyun Uşaqlar Günü münasibətilə Britaniyanın Royal İnstitutunun hazırladığı ExpeRimental adlanan bu videolar seriyasının tamamını Azərbayanca dilinə tərcümə etdik. Hər bir video müəyyən bir mövzunu ələ alıb, onu uşaqlarla birlikdə əyləncəli şəkildə necə öyrənə biləcəyinizi izah edir.

1. Rezindən toplar

Bu eksperimentdə Andrea Sella və uşaqları fərqli materiallarlı sınaqdan keçirərək ən yaxşı sapandı (roqatkanı) düzəltməyə çalışırlar. Sapanddan istifadə edərək əşyaların göydə neçə uçduğunu da araşdırırlar. Uşaqlar müxtəlif dəyişənləri dəyişdirib, nəticələri təxmin edərək elmi metodu intuitiv olaraq öyrənirlər.

2. Evdə hazırlanan lava lampaları

Olympia Brown qızı ilə birlikdə sıxlığı araşdıran təcrübələr edirlər. Qabığı soyulmuş portağalın suda batdığı öyrənir, evdəki əşyalardan hansılarının suda batdığını, hansılarının üzdüyünü təyin edirlər. Bu fəaliyyət uşaqların təxminlər etməyinə, sual verməyinə imkan verərək, sıxlıq məfhumunun elmi tərəfini öyrənməyə şərait yaradır.

3. Nəhəng qabarcıqlar

Mei və qızı əvvəllər də qabarcıqlarla oynayıblar amma bu fəaliyyət vaxtı dəyişənləri dəyişəndə nələrin baş verəcəyini təxmin edərək qabarcıqların əmələ gəlməsini daha dərindən başa düşməyə çalışırlar. Meinin istifadə etdiyi nəhəng qabarcıq düzəltmək üçün lazımi çubuğu evdə düzəltmək çox asandır.

4. Oxuyan şərab qədəhləri

Marieke və Tilly evdə musiqi ilə elmi bir araya gətirir. Fərqli miqdarda maye ilə doldurulmuş şərab qədəhlərindən istifadə edərək səslərin titrəyişlərdən (vibrasiyadan) əmələ gəldiyini və maye həcmini dəyişdirməyin səsə necə təsir etdiyini araşdırırlar. Sadəcə barmağınızı qədəhin kənarları ilə hərəkət etdirərək əla səslər istehsal edə bilərsiz. Səsləri, musiqini və elmi uşaqlarla birlikdə bu əyləncəli fəaliyyətlə araşdırın.

5. Statik möcüzə

Bu sadə elmi fəaliyyətdə Sophie Scott və oğlu statik elektriki araşdırırlar. Şarı və tübiki parçaya sürtərək qələmi və qaşıqları onlara toxunmadan hərəkətə gətirirlər! Bu təcrübələr zamanı eyni yüklü şeylərin bir-birini itələdiyini, əks yüklü şeylərin isə bir-birini cəlb etdiyini öyrənirlər. Bundan əlavə, müşahidə etdikləri bu məfhumun fərqli əşyalarla (hətta axan suda belə) işləyib-işləmədiyini sınayır, eyni zamanda, oynaya-oynaya məsələnin elmi tərəfləri ilə bağlı suallar verirlər.

6. Şarlı yarış maşınları

Qütb okeanoqrafı və iki uşaq atası Mark Brandon evdə qızları ilə birgə elmlə məşğul olur. Karton, tübik və şardan yarış maşınları düzəldərək fizika, mühəndislik və hərəkətlə bağlı yeni şeylər öyrənirlər. Evdə edə biləcəyiniz bu təcrübə vasitəsilə uşaqlarınızı mühəndis və alimlər kimi düşünməyə vadar edə bilərsiz. Suallar verərək, maşının dizaynını dəyişdirərək və bir-birilə yarışdıraraq bu fəaliyyəti daha da əyləncəli və öyrədici edə bilərsiz.

7. Spagetti qüllələri

Spagetti və marşmelloudan qüllə düzəltmək uşaqları mühəndis kimi düşündürməyin yaxşı metodudur. Bu videoda Aoife McLysaght evdə uşaqları ilə birlikdə bu sadə və ucuz elmi fəaliyyəti həyata keçirir. Alice və Lorenzo belə ucuz mətbəx materiallarından istifadə edərək strukturlar tikə-tikə əşyaların xassələri, onların ümumi quruluşun stabilliyinə verdiyi töhfəni və ideyaları sınaqdan keçirmənin əhəmiyyətini öyrənirlər. Yaxşı struktur bərk və güclü olan, ağır yükə davam gətirə biləndir. Fərqli formaların fərqli üstünlükləri və zəiflikləri var. Kvadrat, üçbucaq və digər formalarla təcrübələr aparmaq, ev və körpü kimi strukturların tikintisi haqda öyrənmək üçün yaxşı başlağıc nöqtəsidir.

8. Musiqili asılqanlar

Petra və Adam bu sadə lakin eyni zamanda inanılmaz elmi təcrübəni evdə sınaqdan keçirirlər. İp, asılqan və evdə tapılan başqa bir neçə əşyadan istifadə olunan bu fəaliyyət, uşaqları səsin elmi ilə tanış etməyin əla yoludur. Səs hava üzərindən yox, qatı bir əşya üzərindən hərəkət edəndə əmələ gələn fərqli səs Adamı çox təəccübləndirir. Bundan başqa fəaliyyət uşaqları dəyişənlər ideyası ilə də tanış edir — bir şeyi dəyişməyin başqa şeyə necə təsir etməsi — və ətraf aləmi araşdırıb suallar verməyə həvəsləndirir.

9. Əl işi paraşütlər

Jackie Potter və oğlu Alex oyuncaq paraşütlər düzəldə-düzəldə elmlə məşğul olurlar. Yaxşı paraşüt üçün nələrin lazım olduğunu araşdırır, düzəltdikləri paraşütlərlə çiy yumurtanı yuxarı mərtəbələrdən aşağı sağ-salamat çatdırmağa çalışırlar. Paraşütləri fərqli materiallarla, formalarda və ölçülərdə düzəldib hansının daha yaxşı olduğunu sınaqdan keçirirlər. Bu zaman ədalətli sınamanın nə olduğunu öyrənir, hər paraşüt dizaynının üstünlük və zəifliklərini araşdırırlar.

Digər videolar üçün bütöv siyahıya buradan baxın

Tərcümə etdilər

Ərtoğrul Alışbəyli
Nəzakət Əzimli
İlahə Abaslı
Gülnar Bayramova

Subtitrlər üçün təlimatlar

Videoları Azərbaycan dilində subtitrlərlə izləmək üçün aşağıdakı təlimatları izləyin:

İlk öncə Settings (Ayarlar)-ə basıb subtitr seçiminə basın.
Daha sonra açılan siyahıda Azərbaycan dilini seçin.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top