Düzgün Yazılışa Doğru

Oxuduğunuz mətnlərdəki biabırçı dərəcədə saysız-hesabsız olan yazı səhvlərindən bezmisiniz? Dilimizdə keyfiyyətli resursların olmamasından şikayətçisiniz? Yoxsa sadəcə birilərinin yazınızı yoxlamasını istəyirsiz, amma o adamı tapa bilmirsiz? Bütün bunların səbəbi çox sadədir: Azərbaycan dilində elektronik mühitdə yazılmış yazıların avtomatik yoxlanması üçün vasitələr mövcud deyil. Bizə görə bu təxminən 50 milyonluq istifadəçisi olan bir dil üçün utancverici bir haldır. Problemə konstruktiv həll yolu təklif etmək əvəzinə (məsələn, dil yoxlayıcısı hazırlayaraq) hər səhər dil istifadəçilərini yazıdakı xətalara görə cərimələrlə hədələyən rəsmi qurumların heç biri bu mövzuda heç nə etmək istəmir və tətbiq etdikləri kadr siyasətini göz önünə alsaq, yəqin ki, heç etmək iqtidarında belə deyillər. Bu mövzuya on illərdir göstərilən etinasızlıq və Habitat—elmi dərsliklərin tərcümə layihəsi—çərçivəsində tərcümə etməkdə olduğumuz və korreksiya olunmağı gözləyən 1 000 000 sözlük mətn bizi məcbur edir ki, məsuliyyəti öz üzərimizə götürüb problemi həll etməyə cəhd edək.

Elmi Spektr olaraq biz bu işi görə biləcək insanları bir araya gətirmək və onların işlərini ictimaiyyətin diqqətinə çatdırmaq funksiyasını öz üzərimizə götürürük. Bundan əlavə, komandamızın bəzi üzvləri bu işdə birbaşa iştirak edəcəklər. Lakin bu iş bir-iki nəfər bizim kimi məsələ ilə uzaqdan əlaqəli (lakin kifayət qədər istəkli) adamların təkbaşına edə biləcəyi növdən iş deyil, bunun üçün dilçilik və proqramlaşdırma üzrə təcrübəsi olan insanların, habelə Azərbaycan dilinin qrammatikasını çox yaxşı bilən adamların aktiv iştirakına ehtiyac var. Buna görə də, Azərbaycan dili qrammatikası, dilçilik və kompüter elmləri üzrə təcrübəsi olan hər kəsi yazı yoxlayıcısının hazırlanmasına töhfə verməyə dəvət edirik!

Təşəbbüsə qoşulmaq üçün, zəhmət olmasa aşağıdakı formu doldurub bizə göndərin. Formu qəbul etdikdən sonra sizi müzakirələrin getdiyi müvafiq kanallara əlavə edəcəyik.

Mövzu ilə bağlı müzakirələr aşağıdakı forumda gedəcək. Qrupa qoşulub müzakirələrə töhfə vermək istəyirsinizsə, zəhmət olmasa, yuxarıdakı formu doldurun.

Posts created 261

2 thoughts on “Düzgün Yazılışa Doğru

  1. Salam,həmişə gözəl ideyalarınızla fərqlənirsiniz, komandanıza uğurlar, dilimizin qorunması üçün “telefonmaniya” xəstəliyinə tutulmuş bu günkü gənliyimizlə, məktəblilərlə təbliğat aparsanız böyük köməyi olar, 7-dən 77-nin əlində telefon olsa da əksəriyyəti əlifbamızdan istifadə etmir, Azərbaycan dili proqramını yükləmək heç ağıllarına da gəlmir, ona görə də “ə”,”ı”,”ü”,”ğ”,”ş”,”ö”,ç”… . yerinə ingilis hərfləri istifadə edilir, çox vaxt isə saitlər ixtisara düşür,təkcə samitlərdən yeni “sözlər” yaradırlar,belələri lazım olsa bir balaca ərizə yazmalı olsalar nə qədər qrammatik səhvlər buraxırlar,diqqət bu sahəyə yönəlməsə sadaladığınız dil problemləri həmişə olacaq!
    P.s.Mən heç vaxt rəy bildirmirəm, birinci dəfədir, güman edirəm ki, həm də sonuncu olacaq,narahat olduğum sahəyə bir daha diqqətinizi yönəltmək istədim,elmimizin inkişafında hər birinizə sağlam ruh, sağlam can arzu edirəm, uğurlarınız bol olsun!

    1. Salamlar. Şərhə və fikir bildirdiyinizə görə çox sağ olun. Mənə görə sözünü açdığınız məfhumun səbəbkarı təkcə elektronika deyil, eyni zamanda dilimizdə mövcud olan (daha doğrusu olmayan) resurslardır. Bənzətmə ilə ifadə etsəm, maşın qəzalarında ölüm halları təkcə insanlardan yox, yol hərəkəti qanunvericiliyindən, yolun ətrafındakı infrastrukturdan, maşının təhlükəsizlik özəllikləri kimi bir çox faktordan asılıdır, yəni, insanın istifadə etdiyi şeylə bağlı ortaya çıxan problemlərlə bağlı təkcə insanı yox, o şeyi əhatə edən digər məsələləri də günahlandırmaq və onları inkişaf etdirmək lazımdır.

      Azərbaycan dilində dürüst yazmaq üçün müvafiq texnologiya yerində olmalıdır, Azərbaycan dilində dürüst və içəriyi keyfiyyətli olan resurslar yaranmalıdır, kitablar yazılmalıdır, tərcümə olunmalıdır, və s., problem bura sığmayacaq qədər həddən artıq çoxölçülüdür. Qısaca desək, bir dil öz istifadəçisinə müəyyən intellektual və praktiki imkanlar verir və bu imkanların dairəsi nə qədər geniş, keyfiyyəti nə qədər yuxarı olsa dilin inkişafı və təkamülü bir o qədər müsbət yöndə gedir. Bizə görə konstruktiv yanaşma kimisə cərimə etmək və ya insanları qarşımıza düzüb dili dürüst istifadə etməklə bağlı onlara mühazirə oxumaq yox, dilə keyfiyyətli resurslar qazandırmaq (tərcümə və oriijnal yazılar üzərindən) və bu resurs yaratma prosesini çətinləşdirən faktorları aradan qaldırmaqdır (məsələn, korreksiya aləti düzəldərək). Burada sözünü etdiyimiz yazı yoxlayıcısı korreksiya prosesini avtomatlaşdıraraq Azərbaycan dilində keyfiyyətli mətn yaratmağı rahatlaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top