Azad Açıq Laboratoriya

Azad Açıq Laboratoriya

Son 30 ildə aparılan təhsil siyasəti təhsil anlayışını bazar iqtisadiyyatı çərçivələrinə məhkum edib, çox vaxt xərclərin azaldılması naminə təhsili dəyərli edən bir çox elementi aradan qaldırmışdır. Bu prosesdə qurban getmiş məsələlərdən biri təhsil prosesinin praktiki tərəfləridir. Belə ki, təhsilə ayrılan pulların böyük hissəsi daşınmaz əmlak istehsalına israf edilmiş, çox sayda beton binalar tikilsə də, o binaların içində təhsili həqiqətən də dəyərli edən real praktiki imkanlar yaradılmamışdır. Xüsusilə elm təhsilində bu imkanların əsasında laboratoriyalar, avadanlıqlar, avadanlığı işlədə (və saxlaya) bilən kadrlar durur. Müasir elmi laboratoriyaları qurmaq, təhsildə praktikanın payını artırmaq böyük maddi vəsait, güclü siyasi iradə və uzunmüddətli siyasi vizyon tələb etdiyindən bazar ideologiyasına tabe olan düşüncə bu imkanları nəinki son 30 ildə yarada bilməmiş, hətta mövcud infrastrukturu belə dağıdaraq yox etmişdir. Bu proseslə mübarizənin bir cəbhəsi azad və açıq mənbə hərəkatıdır. Elmi Spektr olaraq bu mübarizəyə balaca da olsa töhfə vermək, təhsilin getdiyi istiqaməti dəyişdirmək üçün burada ucuz və/ya azad açıq mənbəli laboratoriya avadanlıqlarını sərgiləyir, problemin həllinə çalışan insanları bu mənbələrdən istifadə edərək məktəb laboratoriyalarının qurulmasında iştirak etməyə və bunu lazımi şəxslərdən tələb etməyə dəvət edirik. Burada sərgilənən və hazırlanması böyük maddi resurslar tələb etməyən alətlər həm elmi araşdırmada, həm də tədris prosesində tələbələrin aktiv şəkildə öyrənməsinə, onların dünyaya fərqli bir biçimdə baxmasına kömək edəcəkdir.

Ucuz Avadanlıqlar

Elmin demokratikləşməsi və əlçatan olması üçün çalışan bəzi qruplar əməklərinin nəticələrini bazara çıxarmağı bacarır. Bu çalışmaların sayəsində bu gün, məsələn, ən azı orta məktəb biologiyası səviyyəsində istifadə oluna biləcək mikroskopu, teleskopu və digər cihazları çox ucuz şəkildə əldə edib, asanlıqla yığmaq olur. Bu isə, bu avadanlıqların bahalı olduğunu bəhanə kimi istifadə edənlərin imkanlarını məhdudlaşdırır. Bu bölmədə müxtəlif şirkətlər tərəfindən istehsal olunan və artıq bazarda satışda olan bu alətlərə keçidlər yerləşdiririk.

Almaniyanın AstroMedia şirkəti tərəfindən istehsal olunan, təxminən 10-15 cm uzunluğundakı bu karton mikroskop sadə göründüyü qədər güclü və praktikidir. 4 plastik linzaya sahib bu mikroskop 20 dəfədən 40 dəfəyədək böyütmə gücünə sahibdir. Mikroskop kiçik ölçüsü və çəkisinə görə həm sinif daxilində həm də təbiət ekskursiyalarda istifadə etmək üçün əlverişlidir.

AstroMedia şirkəti tərəfindən istehsal olunan bir sıra karton teleskop növlərindən biri olan bu kiçik teleskop 6.5x böyütmə bacarığına malikdir. Qısa bir zamanda yığa biləcəyiniz bu teleskopu. tripod adaptoru ilə sabit bir tripoda bərkidib daha rahat istifadə edə bilərsiniz. Digər teleskop növləri üçün AstroMedia-nın saytını ziyarət edə bilərsiniz.

AstroMedia şirkətinin məhsulu olan bu spektroskop müxtəlif işıq mənbələrini araşdırmağa, ulduzların və fərqli maddələrin hansı elementlərdən təşkil olduğunu öyrənməyə imkan verir. İşıq mənbəyinə tutulan spektroskop işığı fərqli dalğa uzunluqlarına ayırır. Bu alətlə dalğa uzunluqlarını təxminən 5 nm dəqiqliyə qədər ayırmaq mümkündür.

Özün-Düzəlt

Laboratoriya avadanlıqlarının bahalı olmasının əsas səbəbi onlara olan tələbatın adi məişət avadanlıqlarına olan tələbatdan qat-qat az olmasıdır. Belə vəziyyətdə dünya miqyasında bir çox laboratoriya öz avadanlıqlarını özü istehsal etməyə və nəticələrini hamı ilə paylaşmağa başlayıb. Nəticədə HardwareX tipli akademik jurnallar ortaya çıxmağa başlayıb. Bu bölümdə elmi və tədris laboratoriyalarında çox istifadə olunan aparatların və avadanlıqların açıq-mənbəli alternativini hazırlamağın yollarını nümayiş etdirən çalışmaları nümayiş etdiririk.

Tom Baden-in Sussex Universitetindəki laboratoriyasında inkişaf etdirilən bu mikropipetlər satışda olan pipetlərdən heç də geri qalmır. Pipetin hissələrinin çoxu 3D printerlə çap oluna bilər, digərlərini isə internetdən rahatlıqla ucuz qiymətə əldə etmək mümkündür. Layihənin faylları və yığılması bağlı daha ətraflı bu keçiddən məlumat ala bilərsiniz.

Miçiqan Texnologiya Universitetində Anzalone, Glover və Pearce (2013) tərəfindən dizayn olunmuş bu kolorimetri təxminən 10 saata $50 aşağı qiymətə hazırlamaq mümkündür. Kolorimetr bazardakı mövcud kolorimetrlə oxşar performans sərgiləyə bilir. Layihə haqda ətraflı məqalədəAppropedia səhifəsində öyrənə bilərsiniz.

Kimya və biokimya laboratoriyalarının olmazsa-olmazlarından biri olan spektrofotometrin bazarda qiyməti minlərlə, bəzən on minlərlə manat həcmində olur. Açıq-mənbəli elmi avadanlıqlara həsr olunmuş HardwareX jurnalındakı məqalədə Katrina Laganovska və həmkarları belə bir alətin necə düzəldilə biləcəyini izah edirlər.

3D Çap

3D printerlər (bu səhifədə də nümayiş olunan) laboratoriya avadanlıqlarını ucuz şəkildə yerindəcə istehsal etməyə imkan verdiyinə görə elmdə və təhsildə avadanlıq probleminin həlli yolunda irəliyə atılmış nəhəng addımdır. Printer nəinki çox sayda bahalı avadanlığın ucuz istehsalına imkan verir, eyni zamanda printerlərlə iş görən tələbə və müəllim heyəti istifadə olunan avadanlıqla daha yaxından tanış olur ki, bu da laboratoriyanın uzun müddət işlək saxlanılması üçün lazımi servis xərclərini minimuma endirir.

RepRap layihəsinin məqsədi öz-özünü çoxalda bilən 3D printerlərin inkişaf etdirilməsidir. Layihə çərçivəsində hazırlanan printerlər öz hissələrinin çoxunu çap etmək qabiliyyətindədir. Bu printerlərdən birini hazırladıqdan sonra yeni printerləri hazırlamaq üçün sadəcə əlavə hissələri (əsasən elektronik hissələri) almağa ehtiyac olur ki, bu həm printerlərin istehsalını asanlaşdırır, həm də printerlərin işləmə mexanizmini öyrənməyə imkan verir.

Josef Prusa tərəfindən yaradılan və açıq mənbəli printerlər olan Prusa printerləri 3D printer dünyasında vacib yer tutur. RepRap layihəsinin bir qolu olan Prusa da öz-özünü çoxalda bilən printerlər və printerlərin istifadə etdiyi filamentləri istehsal edir. Yığılması asan olan bu printerlər dəqiq çap tələb edən hissələri çap etmək qabiliyyətinə malik olduğundan bir çox elmi və tədris laboratoriyalar, o cümlədən hobbiçilər tərəfindən geniş istifadə olunur.

RepRap layihəsinin başqa bir məhsulu olan RecycleBot 3D çapda istifadə olunan filamentlərin ekstruziyasını yerindəcə həyata keçirməyə imkan verən alətdir. Bu yolla, filament xərcləri böyük ölçüdə azaldıla və aparılan işin karbon izi kiçildilə bilər. Plastiki istifadəyə yararlı hala çevirən bu alətin hissələrinin qiyməti $700 olub, yığılma vaxtı 24 saatdır. Ekstruderin dizaynı, işləmə prinsipləri tanış olmaq üçün məqaləyə də nəzər sala bilərsiniz.

Resurslar

Bu səhifədə nümayiş etdirdiyimiz işlər aysberqin ucudur. Laboratoriya avadanlıqlarının ucuz və yerində istehsalına çalışan çox sayda mütəşəkkil layihələr və araşdırma-inkişaf qrupları var. Sahəni izləmək və onunla daha yaxından tanış olmaq üçün bizim də istifadə etdiyimiz resursları burada paylaşırıq.

Appropedia içində çox sayda açıq-mənbəli resursların toplandığı saytdır. Bunların əhəmiyyətli bir hissəsi elmi laboratoriya avadanlıqlarının hazırlanmasına həsr olunmuş səhifələrdir.

Joshua Pearce-in Miçiqan Dövlət Universitetindəki Michigan Tech Open Sustainability Technology (MOST) laboratoriyası açıq-mənbəli elmi avadanlıqların inkişafı ilə məşğuldur.

HardwareX azad və açıq mənbəli elmi infrastruktur dizaynını təbliğ etmək üçün yaradımış açıq çıxışlı akademik jurnaldır.

Hackteria açıq mənbəli bioloji laboratoriya avadanlıqlarını hazırlamaq üçün təlimatların (və digər resursların) toplandığı platformadır.

Public Library of Science (PLoS) da açıq-mənbəli elmi avadanlıqların hazırlanmasına əhəmiyyət verən akademik qurumlardandır.

Open Source Hardware Association (OSHWA; Açıq Mənbəli Avandanlıq Assosiasiyası) açıq mənbəli avadanlıqların inkişafına dəstək olan qeyri-kommersiya təşkilatıdır.

Stanford Universitetində fəaliyyət göstərən Manu Prakash-ın laboratoriyasındakı fəaliyyət istiqamətlərindən biri ucuz elmi alətlər istehsal etməkdir. Bunlara misal olaraq onların inkişaf etdirdikləri kağızdan mikroskop və sentrifuqanı göstərmək olar.

Public Lab icması ətraf mühitin monitorinqini demokratikləşdirmək və vətəndaş elmi təşəbbüslərinə dəstək olmaq üçün açıq mənbəli avadanlıqların və proqramların hazırlanmasını təşkil edən qeyri-kommersiya təşkilatıdır.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top