Giriş – Tərcümə Hərəkatı (1)

Ölkələrin və institutların elmi araşdırma məhsuldarlığını əks etdirən baza olan Nature Index-ə görə Azərbaycan elmi araşdırma məhsuldarlığına görə Qafqazda sonuncu, Qərbi Asiya regionunda isə ancaq İraq və Suriya kimi ölkələrdən öndədir. Nature Index göstəriciləri yalnız 68 öncül elmi jurnallarda dərc olunan məqalələrə əsaslansa da, hər hansı bir mütərəqqi göstəricidə Tanzaniya və Uqanda kimi ölkələrdən geri qalmağımızı açıqlamağın məntiqli bir yolu ola bilməz. Həqiqət çox sadə və hamıya məlumdur: Azərbaycan elm istehsalçısı ölkə deyil; daha dəqiq desək, Azərbaycanda elmi tədqiqat praktiki olaraq yox səviyyəsindədir və bu hal, son 25 il üçün səciyyəvidir. Bəzilərinə görə, bizim kimi dünya miqyasında kiçik və zəif ölkələrdə əsas prioritet nəzəri elmi bilgi istehsal yox, tətbiqi sahələrin (mühəndislik, tibb, informasiya texnologiyaları və s.) inkişafı olsa da, yuxarıda sözügedən göstərici Azərbaycanın akademik mühitində insan ehtiyatının yox dərəcəsində olduğunun göstəricisidir. Akademik insan potensialı olmayan ölkədə isə istər tətbiqi, istər nəzəri təhsilin inkişafından söz gedə bilməz. Qısaca desək, araşdırma getməyən ölkədə, alim olmur, alim olmayan ölkədə təhsil, təhsil olmayan ölkədə isə tətbiq. Yəni, özünü akademik olaraq təmin etmək gücündə olmayan ölkədə təhsil inkişaf etməyəcək və təhsil olmadan isə tətbiqi sahələr və onlara bağlı olan sənaye öz-özünə inkişaf etməyəcək–təkcə zavod tikməklə istehsal potensialı artmır, o zavodu işlədə biləcək insanlar lazımdır. Zəncirin ilk həlqəsi akademik insan potensialıdır.

Akademik istehsal edə bilməyən təhsil sistemini və ona bağlı olaraq geridə qalmış sənayeni bu sonsuz dövrədən necə çıxarmaq lazımdır sualına müxtəlif cavablar verilə bilər. Yuxarıda da qeyd etdiyim kimi, mənim fikrimcə, ən başlıca məsələ, ilkin akademik insan potensialının yaradılmasıdır ki, bu baza növbəti nəsil alim və sənayəçiləri istehsal edəcək təhsil sisteminin onurğasını təşkil edəcək. Bu yolda atılan azsaylı addımların ən vacibi Xaricdə Təhsil üzrə Dövlət Proqramı idi. Bu proqram çərçivəsində elmin müxtəlif sahələri üzrə oxumaq istəyən tələbələrin təhsili maliyyələşirilirdi. Proqram təhsili müxtəlif pillələr üzrə maliyyələşdirsə də, proqramdan faydalananların (3558 nəfər) böyük əksəriyyəti (78%) bakalavr və magistr səviyyəsində təhsil almış, yalnız 168 nəfər (4.7%) doktorantura təhsili almışdır. Proqramın nəticələri ilə bağlı indidən yekun fikir bildirmək mümkün deyil, çünki proqram çərçivəsində bakalavr və magistr pilləsində təhsil alan şəxslərin müəyyən bir qismi təhsillərini daha yüksək səviyyələrdə proqramdan müstəqil şəkildə davam etdirməkdədirlər və belədə, dolayı yolla proqram nəticəsində doktorantura səviyyəsində təhsil alanların sayı yuxarıda göstərilən rəqəmdən daha böyük olduğunu əminliklə demək mümkündür. Lakin qısa-müddətli nəticələrə nəzər saldıqda, bu rəqəmin və nəticələrin arzuolunanın çox gerisində olduğunu demək mümkündür. Buna həm də Azərbaycanda akademik mövqelərdə çalışan işçilərin gəlirlərinin gülməli dərəcədə aşağı olması faktorunu əlavə etsək, görərik ki, bu proqramın Azərbaycanda akademik insan potensialının artırılmasında təsiri arzuolunan qədər böyük olmayacaq.

Akademik insan potensialının artırılması yönündə özü də proqramın məzunlarından biri olan Nicat Qarayev tərəfindən edilmiş digər bir təklif isə əcnəbi alimlərin Azərbaycanda universitetlərə cəlb olunmasıdır. Yəni, xaricə tələbə göndərib onun təhsilinə on, bəzən yüz minlərlə dollar vəsait xərcləyib, daha sonra onların 200 manat maaş üçün Azərbaycana dönməsini gözləməkdənsə, xaricdən alimlər gətirib, onların burada eyni pula yüzlərlə, minlərlə tələbəyə dərs deməsinə çalışmaq olar. Zənnimcə, kifayət qədər məntiqli, lakin universitetlərin hazırkı iqtisadi vəziyyətləri nəzərə alındıqda o qədər də real olmayan bu təklifi, xüsusi bir dövlət proqramı şəklində həyata keçirib, 2015-ci ildə bitmiş Xaricdə Təhsil üzrə Dövlət Proqramından daha effektiv nəticələr almaq mümkündür. Lakin bu təkliflə bağlı ən çətin problemlərdən biri gələn alimlərin yerli mühitə necə adaptasiya olacağıdır. Azərbaycanda təhsil sistemi hələ də orta məktəbi bitirmiş tələbələrə yüksək ingilis dili bacarıqları verə bilmir, belədə ünsiyyət və resurs problemlərini həll etmək üçün yerli universitetlərdə, Türkiyədəki kimi, əlavə bir il ingilis dili üçün hazırlıq ili əlavə etmək lazım gəlməli ola bilər ki, bu da əlavə xərc deməkdir. Bundan əlavə, akademik fəaliyyətin dayanmış olduğu bir ölkəyə yalnız tədris məqsədilə gəlmək bir çox xarici alim üçün o qədər də çəkici görünməyə bilər.

Yuxarıda sadalanan yolların hər birinin özünəxas üstünlükləri olsa da, bu yazıda başqa bir yanaşma təklif edirəm. Sözünü açacağım yanaşma heç də yeni bir yanaşma deyil, əksinə, insanlıq tarixində baş verən elmi inqilabların təməlində duran prosesdir. Söhbət, İslam dünyasında yunan dilindən ərəb dilinə, daha sonra onun köməyi ilə Qərbdə ərəb dilindəki mətnlərin latın dilinə çevrilərək elmin inkişafında açar rolunu oynayan tərcümə hərəkatından gedir. Yaponiyadan Şimali Amerikaya qədər hər yerdə, bütün inkişaf etmiş ölkələrin akademik tarixlərində ilkin qığılcım rolunu oynamış elmi tərcümə mədəniyyətinin bünövrəsi, Azərbaycanda da Sovet dövründə müəyyən qədər atılsa da, istənilən qədər inkişaf etməmiş, daha sonra Sovetin dağılması ilə tamamilə məhv olmuşdur. Bu yazıdakı iddiam, tərcümə ənənəsinin əvvəlkindən də üstün şəkildə bərpa olunmasının ölkədə təhsilin inkişafı üçün həyati vacib, hətta ən başlıca prioritet olduğudur.

Hər bir dil, öz istifadəçiləri üçün müəyyən resurslar, hərəkət, karyera və ən başlıcası, ünsiyyət imkanları təklif edir. İnsanlar yeni dillər öyrənərək, yeni resurslara əl uzadır və özlərini bir peşəkar kimi inkişaf etdirirlər. Dil bu mənada, informasiya üzərinə qoyulmuş ən vacib qıfıllardan birinin açarıdır (digər qıfıllara maddi imkan, coğrafi məkan və s. aiddir). Tarix boyu inkişaf etmiş ölkələrin dilləri də yüksək dərəcədə inkişaf etmiş olub və öz istifadəçilərinə geniş informasiya bazası təklif edib. Güclü iqtisadi resurslar cəmiyyətlərə öz dillərində informasiya resursları yaratmağa, güclü informasiya bazası təşkil edən resurslar isə daha da güclü iqtisadi resurslar əldə etməyə kömək edib. Geniş resurslu dili danışan alimlər öz aralarında birgə işləyə və əldə olunan yeni bilgiləri aid olduqları cəmiyyətlərə ötürə bilib. Doğrudur, tarixin fərqli dövrlərində yunan, ərəb, latın, alman, fransız və ingilis dilləri elmin dominant dili olsa da, inkişaf etmiş ölkələrin hər birində elmi bilgi bu və ya digər şəkildə tərcümə yolu ilə yerli dilə nüfuz etmişdir və hələ də nüfuz etməyə davam etməkdədir. Buna səbəb, elm dilinin bir olmasına baxmayaraq, yerli dilin həmişə sənayedə və cəmiyyətdə daha vacib olmasıdır. Buna misal olaraq, Niderland və Skandinaviya ölkələrində insanların böyük əksəriyyəti ingilis dilində danışa bilsələr də, bu ölkələrdə belə ingilis dili iş yerlərində və adi həyatda yerli dili sıxışdırıb çıxara bilməyib. Bir sözlə, hər dil öz istifadəçilərinin informasiya bazasını təyin edir və milyonlarla istifadəçisi olan rəsmi dillər hələ ki, yox olmurlar.

Azərbaycan elm istehsalçısı ölkə deyil. Azərbaycanda dominant təhsil dili Azərbaycan dili, Azərbaycan cəmiyyətində dominant ünsiyyət yolu isə yenə də Azərbaycan dilidir. Həkimlər xəstələri ilə, müəllimlər şagirdləri ilə, mühəndislər fəhlələr ilə əsasən Azərbaycan dilində danışır və bunun yaxın müddətdə dəyişəcəyi gözlənilmir. Belə olduğu təqdirdə, Azərbaycan dilində müasir elmi-texnoloji resursların olmaması ölkənin sənayesinə və rifah səviyyəsinə birbaşa təsir göstərir. Belə ki, zəif resurslu dili danışan insanlar rəqabətədayanıqlı sənayənin yarada bilmir, güclü dili bilən insanlar isə həmin dili bilməyən çoxluqla ünsiyyət qura bilmir. Hər iki halda insanlar arasında məhsuldar informasiya axımının qarşısı alınır. İnformasiya axımı olmadan, məhsul, ixtisaslı peşəkarlar, onları yaradan müəllimlər də istehsal olunmur.

Bütün bunları nəzərə aldıqda, tərcümə yolu ilə Azərbaycan dilinin elmi bazasının inkişaf etdirilməsinin nə dərəcədə vacib olduğu artıq aydındır deyə düşünürəm. Azərbaycan dilində hələ ki, müasir elmi resurs istehsal etmək gücündə olmayan akademiyanın etdiyi yerli istehsalat yerinə, mövcud Qərb resurslarının Azərbaycan dilinə tərcümə yolu ilə gətirilməsi, yuxarıda sözügedən akademik insan potensialının inkişafı üçün ilk addım olmalıdır. Yerli dilin inkişafı daha yüksək ixtisaslı, dünya miqyasında rəqabətədayanıqlı iqtisadiyyat yarada biləcək kadrların istehsalına gətirib çıxaracaq. Lakin bundan daha da əhəmiyyətlisi, Azərbaycan dilinin akademik inkişafı ilkin mərhələdə, dünya səviyyəli Azərbaycanlı elm tələbələri istehsal edəcək ki, bu tələbələr daha sonra xarici akademik iş bazarlarında rəqabətə girib, özlərini akademik sahədə inkişaf etdirə biləcəklər. Bunun ölkədə akademik insan potensialının artırmanın ən təbii, sistematik və davamlı yolu olduğunu düşünürəm. Belə ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı kimi proqramların daimi olması mümkün deyil və belədə, hər bir ölkə öz alimlərini yetişdirmək üçün ucuz və davamlı bir metod tapmalıdır. Azərbaycanın son illərdə dünya akademik iş bazarında rəqabətədayanıqlı tələbə istehsalı əsasən Xaricdə Təhsil üzrə Dövlət Proqramı yolu ilə olub (yerli institutlardan da çox sayda yüksək səviyyəli kadrlar çıxsa da, bunların ümumi tələbə sayına nisbəti çox cüzidir). Elmi resursların Azərbaycan dilinə tərcüməsi Azərbaycanlı tələbələri ilkin mərhələdə ən azından nəzəri cəhətdən xarici yaşıdları ilə eyni səviyyəyə yerləşdirəcək–eksperimental cəhətdən inkişaf üçün aktiv elmi laboratoriyalara ehtiyac var ki, bu da ilkin mərhələdə mövcud olmayacaq. Bu mənada, iqtisadi baxımdan o qədər də çox resurs tələb etməyən tərcümə prosesinin nəticəsi o olacaq ki, daha çox sayda elm tələbəsi özünü peşəkar alim səviyyəsinə çatdırmaq üçün daha çox şans qazanacaq.

Tərcümə yanaşmasının xaricə tələbə göndərmək və ya xaricdən alim gətirmək yollarına nisbətən iqtisadi baxımdan daha sərfəli olduğunu göstərmək üçün kiçik simvolik bir hesablama aparaq. Dünyanın hər hansı bir yerində magistr dərəcəsində təhsil almağa hazır, məsələn, bir biologiya məzunu yetişdirmək üçün 4 il ərzində 40 dərsin tədris olunmalı olduğunu və bu dərslərin hər birinin özünəxas bir dərsliyə sahib olduğunu fərz edək (reallıqda isə rəqəm bundan qat-qat aşağıdır, çünki dərsliklərin bir çoxu müxtəlif dərslərdə istifadə oluna bilir). Bu o deməkdir ki, bir nəsil bakalavr bioloq yetişdirmək üçün uzağı 40 ədəd dərslik kifayət edir. 800 səhifəlik bir dərsliyin qanuni olaraq tərcüməsinin təxminən ₼100,000-a başa gəldiyini və hər bir dərsliyin ən azı 5-8 il aktual qaldığını nəzərə alsaq, bu 5-8 il müddətində ölkədə bioloq, laborant, həkim, və s. kimi biologiya ilə əlaqəli ixtisaslar üzrə yüksək keyfiyyətli kadrların istehsalı üçün cəmi ₼4,000,000-luq bir vəsaitin lazım olduğu mənasına gəlir (Maraq üçün qeyd edim ki, bu rəqəm 2017-ci ildə elm üçün büdcədən ayrılmış, onsuz da az olan vəsaitin (₼125,000,000) cəmi 3%-dir.). Biologiyanın elmin ən əsas sahələrindən biri olduğunu nəzərə alsaq, bu rəqəmin əslində nə qədər kiçik olduğunu görə bilərik. Bir sözlə, ilkin mərhələdə çox kiçik vəsaitlə akademik insan potensialını artırmaqla təhsil və sənayəni düşdükləri sonsuz dövrədən çıxarmaq üçün uzun-müddətli təsirə sahib olacaq qısa-müddətli layihələr həyata keçirmək olar.

Sənayenin davamlı inkişafından yalnız güclü alimləri və akademik resursları olan ölkədə bəhs etmək mümkündür. Dədə-baba adətləri ilə əkilib-becərilmiş Zirə pomidorunun, kənd təsərrüfatının arxasında Wageningen Universiteti kimi bir dağın durduğu bir ölkədə istehsal olunan pomidorla rəqabət apara biləcəyini düşünənlər özlərini aldatmaqdan başqa heç nə etmirlər. Düşünürəm ki, neft gəlirlərinin azaldığı və iqtisadi vəziyyətin pisləşdiyi bu dövrlərdə, 25 ildir geriyə gedən akademiyanın bərpası üçün çoxşaxəli bir tərcümə hərəkatına ehtiyac var. Qeyd etmək yerinə düşər ki, ehtiyacdan əlavə, ölkədə bu tərcümə hərəkatı üçün ciddi bir kadr potensialı da var. Belə ki, yuxarıda qeyd etdiyim kimi, Xaricdə Təhsil üzrə Dövlət Proqramı alim istehsal etməkdə böyük ölçüdə uğursuz olsa da, akademik nəşrlərin tərcümə və redaktəsinə vacib töhfə verəcək qədər səviyyəli kadrlar yetişdirə bilmişdir. Ona görə də, növbəti illərdə xarici elmi ədəbiyyatla tanış olan bu kadrların da iştirakı ilə, Azərbaycan dilində yeni resursların yaradılması proqramın və cəmiyyətimizin ən qalıcı akademik uğurlarından biri olar.


Foto: XII-XII əsrlərdə İspaniyada klassik ərəb alimlərinin əsərlərini latın dilinə tərcümə etmiş Toledo Tərcüməçilər Məktəbinin fəaliyyət göstərdiyi Toledo Katedralı.

Posts created 233

0 thoughts on “Giriş – Tərcümə Hərəkatı (1)

  1. Xaricdə təhsil üzrə dövlət proqramında çatışmazlıqlar vardı. Bunlardan birincisi ixtisaslar üzrə say kvotasının olmaması idi. Təhsil Nazirliyi digər dövlət qurumları ilə birgə iqtisadiyyatın ayrı-ayrı sahələri ilə bağlı araşdırma aparıb indeksləşdirmə təhlili həyata keçirməliydilər. Bu indeksləşdirmə əsasında ayrılan büdcə ilə ixtisaslar üzrə göndəriləcək sahələrdə say kvotası dərc olunmalıydı və bu prosedur daha yüksək tələbat olan sahələr üzrə həvəsləndirmə işlərinin görülməsi ilə eyni zamanda olmalı idi. Nəticə necə oldu? İqtisadiyyat yönümlü ixtisaslar üzrə daha çox tələbə xaricdə təhsil üzrə dövlət proqramından yararlandı, kadr çatışmazlığından daha çox əziyyət çəkən sahələr üzrə çox az sayda kadr təhsil aldı. Bu gün vəziyyət o həddə çatıb ki korporativ maliyyə üzrə xaricdə magistr təhsili almış gənclər aylarla iş tapa bilmirlər və ya əməkhaqqı yetərincə olmur.
    Təbii ki dərsliklərin tərcüməsi artıq vaciblildən daha çox məcburiyyət səviyyəsindədir. Sadəcə lazımi vəsaitin ayrılması məsələsi problem olaraq qalır. Dövlət qurumları bu işdə maraqlı deyil bir çox halda. Niyə? Çünki ömrü boyu vərəqdən leksiya oxumuş o “professor”larımızın həyata keçirdiyi araşdırma işlərinə sərf olunur ayrılan vəsait.

Shahlar Bayramov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top