Hazırlanmaqda olan koronavirus dərmanları və peyvəndləri üçün bələdçi

Orijinal yazı: An updated guide to the coronavirus drugs and vaccines in development

Müəllif: Damian Garde

Tərcümə: Ərtoğrul Alışbəyli


Yeni koronavirusun regional kriz olmaqdan çıxıb qlobal təhlükəyə çevrildiyi son aylarda kiçik və böyük dərman istehsalçıları pandemiyanın qarşısını almaq üçün ən yaxşı ideyalarını irəli çəkməyə çalışırlar. Bəziləri köhnə virusəleyhinə dərmanlardan ilhamlanır. Bəziləri sınanmış texnologiyalardan istifadə edir, digərləri isə insan tibbinə gələcəkçi yanaşmalar sərgiləyirlər.

Koronavirus infeksiyasını müalicə etmək və ya qarşısını almağa çalışan və haqqında ən çox danışılan çalışmalara dair bu bələdçini sizə təqdim edirik. Burada hər bir təşəbbüsün elmi, tarixi tərəfləri və zaman qrafiki haqqında yığcam məlumatlara yer verilib. Yazıda söhbət yeni məqsəd üçün uyğunlaşdırılan köhnə dərmanlardan deyil, tamamilə yeni dərmanlardan gedir. Qeyd olunan müalicə və peyvəndlər təsdiqlənməyə nə qədər yaxın olduqlarına əsasən sıralanıblar: III Faza sınaqlarında olanlardan, I Faza sınaqlarında olanlara və prekliniki inkişafda olanlara azalan sıra ilə. Dərmanları təsdiqi, əlbəttə ki, etibarlı və effektiv olduqları göstərilərsə baş verəcəkdir.


Qeyd: Dərmanların aptekə rəflərinə gələnə qədər keçdikləri yol haqda daha ətraflı öyrənmək üçün: Yusifov, R. (2016). Yeni Dərmanların Kəşfi.


Gilead Sciences

Yanaşma: Müalicə

Mərhələ: III Faza

Gilead-ın remdesiviri dünyanın fərqli yerlərində aparılan beş klinik sınaqlarla öyrənilməkdədir. Çində Gilead remdesivirin bir neçə dozası ilə infeksiyanın sağaldıla bilinib-bilinməyəcəyini təyin etmək üçün koronavirus diaqnozu qoyulmuş 1000-ə yaxın xəstəni sınaqlara cəlb edib. Əsas məqsəd qızdırmanı azaltmaq və xəstələrin iki həftə ərzində xəstəxanadan çıxmalarına kömək etməkdir. Əvvəllər Ebola virusu ilə bağlı bir araşdırmada uğursuz olan dərman, venadaxili qəbul edilir. Dərmanla bağlı daha ətraflı burada.

Ascletis Pharma

Yanaşma: Müalicə

Mərhələ: I Faza

Çinli dərman istehsalçısı Ascletis Pharma koronavirus infeksiyasını müalicə edə biləcək HİV və Hepatit C üçün təsdiqlənmiş virusəleyhinə dərman kombinasiyasını sınaqdan keçirir. Keçən ay şirkət koronavirus-mənşəli ağciyər iltihabı olan 11 xəstəni qeydiyyatdan keçirib, danoprevir və ritonavir qarışığı olan kokteyli tətbiq etmişdir. Ascletis görə, xəstələrin hamısı bir müddət sonra tərxis olunmuşdur. Şirkət daha geniş miqyasda araşdırma planlarını açıqlamayıb.

Moderna Therapeutics

Yanaşma: Peyvənd

Mərhələ: I Faza

Moderna yeni koronavirusun ardıcıllanmasından cəmi 42 gün sonra bir peyvənd namizədi— mRNA-1273—taparaq dərman sənayesi rekordunu təzələyib. Şirkət Milli Səhiyyə İnstitutu (National Institutes of Health) ilə əməkdaşlıq çərçivəsində bu ayın əvvəlindən başlayan, sağlam könüllülərlə aparılan araşdırma üzərində işləyir. mRNA-1273-in təhlükəsiz olduğu sübut edilərsə, Moderna peyvəndin infeksiyadan qoruduğunu müəyyən etmək üçün yüzlərlə xəstəni qeydiyyata alacaq. Moderna-nın məhsulu, bədən hüceyrələrini virusa qarşı anticisim istehsal etməyə inandırmaq üçün hazırlanmış sintetik məlumat RNA-sıdır (və ya qısaca mRNA). 2010-cu ildə qurulan şirkət, hələ ki, istehsal etdiyi heç bir mRNA dərmanı üçün Qida və Dərman Administrasiyasının (Food and Drug Administration) təsdiqini almayıb. Peyvənd namizədi ilə bağlı daha ətraflı burada.

CanSino Biologics

Yanaşma: Peyvənd

Mərhələ: I Faza

Baş ofisi Tianjin şəhərində yerləşən CanSino Biologics, yeni koronavirus peyvəndini Çində bir kliniki sınaqda yoxlamağa yaxındır. CanSinonun yanaşması koronavirusun genetik kodundan bir parça götürərək onu zərərsiz bir virusla paketləyib, bununla da sağlam könüllüləri yeni infeksiyaya məruz qoyaraq, anticisim istehsalını sürətləndirməyə hesablanıb. Şirkət, bu həftə Çin rəsmilərinin ən qısa müddətdə başlanması planlanan sınaqları təsdiqlədiyini açıqlayıb. CanSino Çində Ebola virusuna qarşı bir peyvəndi satır.

Arkturus Therapeutics

Yanaşma: Peyvənd

Mərhələ: Prekliniki

Arcturus Therapeutics, RNA mühəndisliyinə dayanan bir peyvənd irəli sürür. Şirkət bədəni infeksiyaya qarşı qoruyacaq proteinləri kodlamaq məqsədilə dəyişdirilmiş RNA viruslarını maye nanohissəciklərə dolduracaq. Şirkətdən verilən məlumata görə, Duke Universiteti ilə birlikdə hazırlanan peyvəndi, alternativ mRNA yanaşmalarından daha aşağı bir dozada daha yaxşı immun reaksiyası vəd edir. Peyvənd hələ ki, preklinik inkişaf mərhələsindədir və Arcturus insan sınaqlarına mümkün qədər tez başlayacağını vəd edib.

BioNTech

Yanaşma: Peyvənd

Mərhələ: Prekliniki

Almaniyadan olan BioNTech yeni koronavirus üçün aprel ayında klinik sınaqlara başlanacağı planlaşdırılan bir mRNA peyvəndi üzərində işləyir. Rəqibləri kimi, bu şirkət də qoruyucu anticisim istehsalını stimullaşdırmaq üçün mRNA ipliklərindən istifadə edir. Bu ayın əvvəlində, Şanxayın Fosun Pharma adlı şirkəti, dərman təsdiqlənəcəyi təqdirdə BioNTech peyvəndini Çində satmaq üçün müqavilə imzalamışdır. Pfizer də peyvəndi dünyanın digər hissələrində birgə inkişaf etdirməyə razılıq vermişdir.

CureVac

Yanaşma: Peyvənd

Mərhələ: Prekliniki

Moderna kimi CureVac da zülal istehsalını stimullaşdırmaq üçün süni hazırlanmış mRNA-dan istifadə edir. Moderna kimi, o da texnologiyasını koronavirusa tətbiq etmək üçün qeyri-kommersiya təşkilatı olan Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasından (Coalition for Epidemic Preparedness Innovations. CEPI) qrant almışdır. CureVac, bu yay bir klinik araşdırmaya başlamağı hədəflədiyini, aprel ayına qədər heyvan testlərinə hazır bir namizədin olacağını gözlədiyini açıqlamışdır. Şirkət eyni zamanda, səhiyyə işçilərinə peyvəndi tez bir zamanda, infeksiyanın yayıldığı yerdəcə istehsal etməyə imkan verə biləcək mobil mRNA istehsal texnologiyası inkişaf etdirmək üçün CEPI ilə işləyir.

Eli Lilly

Yanaşma: Müalicə

Mərhələ: Prekliniki

Eli Lilly, koronavirus infeksiyası üçün anticisim müalicələrini inkişaf etdirmək üçün Kanadanın AbCellera adlı bir şirkəti ilə ortaq çalışır. AbCellera koronavirusa yoluxub sağ qalmış birindən alınan qan nümunəsini tədqiq edərək, virusdan qoruya biləcək 500-dən çox anticisim təyin etmişdir. İndi isə bunlardan hansının ən güclü olduğunu müəyyən etmək üçün Lilly ilə birgə işləyir. İki şirkət qarşıdakı dörd ay ərzində insan sınaqlarına hazır bir müalicə hazırlamağı hədəfləyir.

GlaxoSmithKline

Yanaşma: Peyvənd

Mərhələ: Prekliniki

Dünyanın ən böyük peyvənd istehsalçılarından biri olan GlaxoSmithKline, texnologiyasını koronavirus peyvəndi üzərində işləyən Çin biotexnologiya şirkətinə borc verir. Keçən ay imzalanan müqaviləyə əsasən, GSK öz patentli adyuvantlarını— peyvəndlərin təsirini artıran birləşmələri— Chengdu şəhərində yerləşən Clover Biopharmaceuticals şirkətinə təqdim etmişdir. Clover-in yanaşması immunitet reaksiyasına təkan verən zülalların iynə ilə vurulması və bununla da vücudu infeksiyaya müqavimət göstərməyə hazırlamaqdır. Şirkət insan nə vaxt insan sınaqlarına keçəcəyini açıqlamayıb. Bundan əlavə, GSK elmi ekspertizasını CEPI ilə də paylaşır.

Inovio Pharmaceuticals

Yanaşma: Peyvənd

Mərhələ: Prekliniki

İnovio son dörd onillikdə DNA-nı dərmana çevirmək üçün çalışıb və texnologiyasının tez bir zamanda yeni koronavirus üçün peyvənd meydana gətirə biləcəyinə inanır. CEPI-dən aldığı qrant pulu ilə işləyən İnovio, qoruyucu anticisimləri əmələ gətirən və xəstələri infeksiyadan qoruya biləcəyinə inandığı bir DNT peyvəndi hazırlamışdır. Şirkət Çin istehsalçısı Beijing Advaccine Biotechnology ilə ortaqdır və INO-4800 adlı bir namizəd peyvəndlə prekliniki inkişaf üzərində işləyir. Şirkət aprel ayında klinik sınaqlara keçməyi gözləyir və bu il öz namizədindən 1 milyon doza istehsal etməyi vəd edib.

Johnson & Johnson

Yanaşması: Peyvənd və müalicə

Mərhələ: Prekliniki

Keçmişdə Ebola və Zika viruslarının yayılmasına qarşı reaksiya verən Johnson & Johnson, koronavirusa qarşı çoxtərəfli yanaşma sərgiləyir. Şirkət, xəstələri virusun deaktivləşdirilmiş bir versiyası ilə təmasa gətirən və infeksiyaya səbəb olmadan immun reaksiyası verə biləcək bir peyvəndi hazırlamağın ilk günlərindədir. İnsan sınaqları noyabr ayına qədər başlaya bilər. Eyni zamanda, federal Biotibbi Yüksək Araşdırma və İnkişaf İdarəsi ilə əməkdaşlıq edən J&J artıq infeksiyaya yoluxmuş xəstələr üçün potensial müalicələr üzərində işləyir və proses çərçivəsində, əvvəllər hazırladığı köhnə dərmanlarının hər hansı birinin koronavirusa qarşı işləyə bilib-bilməyəcəyini də araşdırır.

Pfizer

Yanaşma: Peyvənd və müalicə

Mərhələ: Prekliniki

BioNTech ilə birgə apardıqları peyvənd işləri xaricində, Pfizer öz texnologiyasını, elm adamlarını, təcrübəsini və istehsalını xarici təşkilatlara təqdim etməyi özündə ehtiva edən beş bəndlik bir plan hazırlamışdır. Şirkət, gələcək pandemiyalara cavab verməyi asanlaşdırmaq üçün sürətli reaksiya proqramı hazırlamağı da vəd edib.

Regeneron Pharmaceuticals

Yanaşma: Müalicə

Mərhələ: Prekliniki

Regeneron, insan anticisimlərini genetik baxımdan dəyişdirilmiş siçanlarda hazırlamaq qabiliyyətinə görə 50 milyard dollarlıq bir biznesə çevrilmişdir. İndi isə bu texnologiyanı koronavirusun müalicəsi üçün istifadə etmək ümidi ilə hərəkətə keçiblər. Şirkət, anticisim yaradan siçanları yeni koronavirusun zərərsiz bir analoqu ilə yoluxduraraq, potensial müalicə üsulları inkişaf etdirir. Regeneron, ən güclü iki anticismi seçib kokteyli yayın əvvəlinədək insan sınaqlarına doğru inkişaf etdirməyi planlaşdırır. Son dəfə Regeneron oxşar prosesə başladıqda, 2015-ci ildəki Ebola krizi vaxtı, müalicə olunan xəstələrin həyatda qalma ehtimalını ikiqat artıran bir anticisim kokteyli ortaya çıxara bilmişdi. Regeneronun müalicəsi haqqında daha ətraflı məlumat burada.

Sanofi

Yanaşma: Peyvənd və müalicə

Mərhələ: Prekliniki

Sarı qızdırma və difteriya üçün peyvəndləri uğurla inkişaf etdirən Sanofi, BARDA ilə koronavirusa qarşı cavab üzərində işləyir. Sanofinin yanaşması koronavirus DNA-sının bir hissəsini götürüb zərərsiz bir virusdan alınan genetik material ilə qarışdırmaq və xəstələrin vəziyyətini ağırlaşdırmadan immunitet sisteminin reaksiyasını gücləndirə bilən bir ximer yaratmaqdır. Sanofi, peyvənd namizədinin altı ay ərzində laboratoriyada sınaqdan keçməsini təxmin edir və bir ildən 18 aya qədər bir zaman çərçivəsində bu peyvəndi insanlar üzərində sınamağa hazırlaşır. Şirkətdən bildirirlər ki, təsdiqin alınması ən azı üç ilə qədər uzun bir vaxt ala bilər. Peyvənd xaricində, Sanofi və Regeneron, təsdiqlənmiş iltihab əleyhinə bir dərman olan Kevzara-nın Covid-19 simptomlarına kömək edə biləcəyini yoxlamaq üçün bir kliniki sınaq başladıblar.

Takeda

Yanaşma: Müalicə

Mərhələ: Prekliniki

Yapon farma nəhəngi Takeda, koronavirusa artıq yoluxmuş insanların qanından alınan bir müalicə üzərində işləyir. Şirkət koronavirusdan sağ qalanlardan qan alıb, plazmanı yığır və sonra həmin xəstələri sağ saxlayan qoruyucu anticisimləri təcrid edir. Bu yeni bir fikir deyil. Bu metoddan ən azı 1918-ci il İspan Qripi pandemiyasından bəri virus infeksiyaları ilə mübarizə üçün istifadə edilib. Lakin Takedanın yanaşmasınə tətbiq etmək digər müalicəvi yanaşmalardan daha sürətli ola bilər. Şirkətdən verilən məlumata görə, müalicə 12-18 ay ərzində xəstələrə çata bilər.

Vir Biotechnology

Yanaşma: Müalicə

Mərhələ: Prekliniki

Yoluxucu xəstəliklərdə ixtisaslaşan Vir Biotechnology yeni koronavirusun qohumu olan SARS-dan sağ qalan insanlardan anticisimləri təcrid edib, bu anticisimlərin infeksiyanı müalicə edib-etməyəcəyini müəyyənləşdirməyə çalışır. Çinli dərman podratçısı WuXi Biologics ilə bir araya gələn və San-Fransisko şirkəti olan Vir inkişafın ilkin mərhələsindədir və insan sınağına hazır məhsulların nə vaxta hazır olacağını açıqlamamışdır. Şirkət həmçinin Alnylam Pharmaceuticals ilə birgə RNA siqnalına müdaxilə edərək virus çoxalmasını dayandıra biləcək müalicələr üzərində işləyir. Vir-in icraçı direktoru, Biogen veteranı George Scangos, ticarət qrupu BİO-nun koronavirusun yayılmasına verdiyi reaksiyanın koordinatorudur.

Posts created 261

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top