Beyinin inanılmaz dərəcədə mürəkkəb kompüter olduğu inancı nəinki kütləvi informasiya vasitələri sayəsində cəmiyyətdə, həmçinin elmi icmada da kifayət qədər qəbul olunmuş fikirdir. Lakin bunun nə dərəcədə düzgün fikir olduğu ilə bağlı ciddi suallar mövcuddur. Beyini kompüter kimi ələ almaq, onu başa düşməyimizə nə dərəcədə kömək edir?
Hissiyat, idrak, düşüncə kimi sözlər deyildikdə çoxlarının ağlına beyin, beyin haqda düşünəndə isə saniyədə milyardlarla hesablama aparan, inanılmaz dərəcədə mürəkkəb şəkildə bir-birinə bağlanmış kiçik elementlərin bir-birilə vəhdətli şəkildə işlədiyi kompüterə bənzər bir şey gəlir. Metaforaların dünyanı başa düşməyimizdə vacib rolu olduğunu dana bilmərik. Məsələn, dövlət üçün istifadə olunan ailə, kainat üçün istifadə olunan saat, ürək üçün deyilən nasos metaforaları məşhurdur. Buna baxmayaraq, metaforaların həqiqətin özü yox, müəyyən məfhumlar haqda düşünməyi rahatlaşdıran zehni alətlər olduğunun daim fərqində olmaqda fayda var. Ürəyin necə işlədiyini başa düşmək istəyən üçün göz önündə bir nasos canlandırmaq, bu orqan haqda müəyyən bir ideyaya həyat vermək üçün yaxşı olsa da, sözsüz ki, ürək nasos deyil. Ürək hüceyrələrdən ibarət, milyon illərlə təkamül keçirmiş, bir sıra özünəxas xüsusiyyətləri olan bioloji məfhum, bir orqandır, onu sadəcə mexaniki nasos kimi görmək onu başa düşmək üçün kifayət etmir.
Elmdə istifadə olunan metaforaların çoxu müəyyən anlayışları paylaşmaq, müzakirə etmək üçün çox faydalı alətlər olsa da, bəziləri metaforalıqdan çıxıb hakim müddəa, ya da doqmaya da çevrilə bilir. Bunların iki ən məşhur misalı DNT molekulu üçün istifadə olunan kod və beyin üçün istifadə olunan kompüter metaforasıdır. Sadalananların hər ikisi metafora olsa belə, biologiyada bu fikirlər özlərini aşıb, bir çoxları tərəfindən qəbul olunmuş doqma halını almışdır. Bu və növbəti yazılarda “kompüter kimi beyin” bənzətməsinin doğru olub-olmadığını müzakirə edəcək və neyroelmdə oturuşmuş bu doqmanın bizi bəzən çıxılmaz dalanlara saldığını göstərəcəyik. Ardından, beyin və sinir sisteminə fərqli, təkamül tərəfindən məlumatlanmış, ətraf mühitlə canlının əlaqəsini vurğulayan nisbətən yeni bir yanaşmanı təqdim edib, bəzi hallarda əqli proseslərin heç də həmişə düşünüldüyü kimi qəliz hesablamalardan ibarət olmadığını və istifadə olunan informasiyanın heç də həmişə biz düşünən növ informasiya olmadığını göstərəcəyik.
Bütün dövrlərdə olduğu kimi, 20-ci əsrin əvvəllərində də texnologiyadakı yeniliklər, əldə olunan nailiyyətlər dünya ilə əlaqəmizi, baxış bucağımızı dəyişdirmiş, elmin, sənayenin və adi həyatın bütün sahələrinə təsir etmişdir. Ötən əsrin ortalarında kompüter elmində baş verən yeniliklər neyroelm və psixologiyadakı o zamana qədər dominant olan davranışçı düşüncəni idrakçı (koqnitivist) düşüncə ilə dəyişdirmiş, növbəti 60 il üçün sadalanan elm sahələrinin istiqamətini böyük ölçüdə təyin etmişdir. Bəs nədir bu iki düşüncə məktəbinin fərqlilikləri? Davranışçılara görə psixologiya və neyroelmdəki nəzəriyyələr hansısa mücərrəd, əlçatmaz zehni proseslərə yox, konkret, gözlə görülən və ölçülə bilən davranışlara əsaslanmalıdır. Başqa sözlə, davranışın səbəbləri daxildə baş verən proseslər yox, mühitdəki xarici faktorlar və onların canlıya olan əlaqəsidir (Graham 2017). Riyaziyyat və kompüter elmlərindəki yeniliklərdən ilhamlanan idrakçı düşüncə isə davranışın səbəblərini əsasən sinir sistemində baş verən, kodlaşdırma və hesablama kimi başa düşülə bilən elektrik fəaliyyətindəki dəyişikliklərə bağlayır. İdrakçılara görə beyindəki neyronlar ətraf mühiti, kompüterlərdə istifadə olunan 1 və 0-dan ibarət kodlara analoji kodlaşdırır və bu kodlar üzərində hesablamalar aparır. Müşahidə etdiyimiz davranışlar isə bu hesablamaların hərəki nəticələridir. Məsələn, bu düşüncəyə görə, gözdəki reseptorlar eynilə kameranın sensoru kimi görüntü dairəsindəki bütün işığı qəbul edib, məlumatı beyinə göndərir, beyindəki neyron şəbəkələri isə bu məlumatın arasında vacib olanları seçir və müxtəlif yollarla analiz edir (əşyaları tanıyır, kateqoriyalara bölür, gəlir-xərc analizi aparır) və gəlinən nəticələri qərarların verilməsində, hərəkətlərin planlanmasında və s. istifadə edir.
İdrakçı nəzəriyyənin ortaya qoyduğu yanaşma neyroelmə yeni eksperimental istiqamətlər bəxş edib, bu gün beyin haqda bildiyimiz bir çox şeyi öyrənməyimizə kömək etsə də, bu yanaşma ilə bağlı bir sıra problemlər var. Bunlardan fikrimcə ən başlıcası, amerikan filosof Daniel Dennett tərəfindən zarafatla “Descartes teatrı” deyə adlandırılan bir vəziyyətə bənzər bir halın əmələ gəlməsidir (Brette 2017). XVII əsr fransız filosofu Descartesa görə bədən və ruh müvafiq olaraq material və qeyri-material olan, lakin bir-birilə əlaqədə olan iki ayrı şeylər idi. İki məfhum bir-birilə beyində epifiz vəzində əlaqəyə girir və bu şəkildə material bədən, qeyri-material ruhla birlikdə işləyə bilir; bu mövqeyə fəlsəfədə ruh-bədən dualizmi deyilir. Yəni, Descartes’ın bu ideyasını modelləşdirsək, daha öncəki görmə misalında ətrafdakı mənzərə gözlərdən və beyindəki strukturlardan epifiz vəzinə proyeksiya olunur, orda oturan qeyri-material ruh və ya “balaca adam” mənzərəyə baxıb düşünür, mülahizələr yürüdür, gəldiyi nəticələri yenə də epifiz vəzi yolu ilə təzədən material bədənə ötürərək onu hərəkətə gətirir. Günümüzdə bu mövqedə olan adamlar çox azdır. Lakin kompüter kimi beyin bənzətməsi də bizi məhz buna bənzər bir nəticəyə gətirib çıxara bilir. Belə ki, əgər neyronların fəaliyyəti ətrafdakı şeyləri kamerada olduğu kimi kodlaşdırırsa, beyindəki digər neyronlar bu mənzərəyə “baxıb” dünya haqda fikir yaratmalıdırlar. Amma beyin belə bir şey edə bilməz, çünki beyini araşdıran elm adamlarından fərqli olaraq beyindəki neyronlar ancaq başqa neyronların elektrik fəaliyyətlərini qəbul edə bilir. Arqumenti başa düşmək üçün 2-ci Dünya Müharibəsində nasistlər öz aralarında əlaqə saxlamaq üçün istifadə etdiyi Eniqma maşınının kodunun qırılmasına qısa nəzər salaq. Bölüklər arasında paylaşılması istənən mesaj klaviatura ilə Eniqmaya daxil edilir və aparat hər hərfi başqa bir hərflə kodlayır. Nəticədə əmələ gələn hərf ardıcıllığı Morse kodu şəklində hədəf məntəqəyə göndərilirdi. Periodik olaraq dəyişdirilən bu kodun qırılması üçün ən vacib məsələlərdən biri göndərilən mesajlarda təkrar-təkrar deyilən şeylərin nə olduğunu bilmək idi. Mesajlarda standart olaraq deyilən şeylərdən biri isə hava haqqında məlumat idi. Yəni, kodu qırmaq üçün, kriptoqraflara mesajlarda nəyin ola biləcəyi ilə bağlı müəyyən fikir yaranmalı idi. Lakin neyronların digər neyronların fəaliyyətlərində kodlanmış şeyləri başa düşmək üçün xarici məlumatlara çıxışı yoxdur. Yəni, sinir sistemi dediyimiz şey bu milyardlarla kiçik sinir hüceyrələrindən və onların fəaliyyətinin cəmindən ibarətdir, onun içində elektrik fəaliyyətinin kodunu qıracaq adam yoxdur. Ona görə də, kompüter kimi beyin bənzətməsi ilə bağlı belə bir sual yaranır: əgər neyronların fəaliyyətləri də bir növ koddursa, sinir sistemi öz içində baş verən bu fəaliyyəti necə oxuyub ətraf aləm haqda fikir yaradır?
Kompüter bənzətməsindən ilhamlanan idrakçı düşüncənin cavab verə bilmədiyi bu suala cavab tapmaq üçün sinir sistemini təcrid olunmuş hesablama aparatı kimi yox, bədənin bir hissəsi kimi, digər orqanlar və əzələlərlə daimi qarşılıqlı əlaqədə olan bir sistem kimi görmək lazımdır (Gibson 1979; Varela və b. 1991; Pfeifer & Bongard 2006; Barrett 2011). Bundan əlavə, bu sistemin vəzifəsinin nə olduğu barədə daha dəqiq fikrə sahib olmalıyıq. Sinir sisteminin əsas funksiyası hesablama aparmaq yox, digər sistemlərlə, xüsusilə də əzələlərlə birlikdə davranışı ortaya çıxararaq, canlının həyatda qalıb çoxalmasına imkan yaratmaqdır. Yəni, davranışı anlamaq üçün sinir sistemindəki elektrik fəaliyyəti təcrid olunmuş şəkildə öyrənmək nəinki kifayət deyil, hətta məsələni bu şəkildə (yəni, hesablama problemi olaraq) çərçivələmək davranışın necə əmələ gəldiyini başa düşməyimizin qarşısında sərhədlər yarada bilər. Belə ki, canlının sinir sisteminin bədən müstəqil, təcrid olunmuş şəkildə analizi, bizi heç də məhsuldar olmayan konseptual alətlər və anlayışlarla sərhədləyə bilər ki, bu da, davranışı başa düşmək yolunda bizə əngəl yarada bilər.
Tropik bölgələrdə yaşayan, tullanan hörümçək (saltisid) növü Portia çoxlarını heyrətləndirəcək qabiliyyətlərə malikdir. İri və yaxşı inkişaf etmiş gözlərə malik olsa da iynənin ucu boyda beyinə sahib bu hörümçək daha çox digər hörümçəkləri ovlayaraq qidalanır. Portia-nı bizim üçün maraqlı edən xüsusiyyəti ovlanma zamanı istifadə etdiyi müxtəlif mürəkkəb manevrlərdir. Belə ki, bu hörümçək digər hörümçək növlərini yamsılaya, ovunun fikrini yayındırmaq və ya cəlb etmək üçün onun torunu hərəkətə gətirə, küləyin torda yaratdığı hərəkətdən istifadə edərək, tor üstündə cəld hərəkət edərək şikarına yaxınlaşa bilir. Ən maraqlısı isə odur ki, Portia uzaqdan ovunun yerini təyin edərək, onurğalıların etdiyi ilə müqayisə olunacaq dərəcədə mürəkkəb, dolambac yollarla şikarına doğru hərəkət edə bilir və yolda şikarını gözünün önündən itirsə də, sonda gedib ona çatmağı bacarır. Davranış kənardan baxan insan üçün yol xəritəsinin cızılması, yaddaşda saxlanılması və müəyyən bir zaman çərçivəsində istifadəsi kimi görünür. Əgər yolun ortasında hörümçək şikarını görmürsə amma yenə də, daha sonra seçdiyi dolanbac yolla davam edib şikarına çata bilirsə, deməli onun beyinində ətraf mühitin xəritəsi əmələ gəlir və o bu xəritədən istifadə edərək hərəkətini idarə edir, elə deyil? Xeyr, insan olaraq bizə təbii gələn bu açıqlama Portia üçün keçərli deyil. Belə ki, Portia şikarının yerini təyin etdikdən sonra, əgər şikara tərəf birbaşa yol yoxdursa, ikinci bir nöqtə təyin edib həmin nöqtəyə gedib, oradan ətrafı bir daha nəzərdən keçirir. Əgər birbaşa yol yenə də yoxdursa, daha bir aralıq nöqtə təyin olunub ora doğru gedilir. Hər hansı bir nəzərdən keçirmə mərhələsində ən çox hara baxırsa, hərəkətə keçəndən sonra o istiqamətə gedir. Hara çox baxdığını təyin etmək üçün istifadə olunan metod isə çox bəsitdir. Portia-nın gözləri mühitdəki horizontal, kəsintisiz xətləri təyin etməyə kömək edir və heyvan şikarının olduğu yerlə birləşən horizontal xətləri izləyərək, hədəfə çatır (Tarsitano 2006).
Portia misalı onu göstərir ki, üçüncü şəxs mövqeyindən baxaraq, heyvanın istifadə etdiyini düşündüyümüz məlumat, apardığını düşündüyümüz hesablamalar, heyvanın reallıqda istifadə etdiyi məlumatla, etdiyi şeylərlə eyni olmaq məcburiyyətində deyil. Yəni qıraqdan baxanda, hörümçək bizdə çox qəliz hesablamalar aparıb, uzunmüddətli planlar qurduğu təəssüratını yaratsa da, məsələyə hörümçəyin nöqteyi-nəzərindən baxanda onun davranışının başqa əsaslarla ortaya çıxa bildiyi məlum olur. Bu isə əslində çox təəccüblü olmamalıdır, çünki yaşadıqları mühit, sahib olduqları bədən canlılara müxtəlif davranış imkanları yaradır. Məsələn, möhkəm səth üstündə yeriməyə, hava uçmağa, iki ədəd qulaq və hərəkət edilə bilən boyun səsin haradan gəldiyini təyin etməyə, Portia-nın mürəkkəb gözləri mühitdəki şikarı və səthləri analiz eləməyə imkan verir. Ona görə də, heyvanın davranışını anlamaq üçün ilk öncə bədənin və yaşadığı mühitin ona hansı qabiliyyətləri verdiyini bilmək lazımdır (Wilson & Golonka 2013). Canlıların davranış zamanı istifadə etdikləri informasiyanı, onların quruluşu ilə mühiti arasındakı qarşılıqlı əlaqə təyin edir, qıraqdan baxan elm adamının aid olduğu düşüncə məktəbi yox. Heyvanların davranışları təbii seçmə prosesində onlara həyatda qalıb çoxalma imkanı verib-vermədiyinə görə seçilir. Buna görə də, heyvan üçün əsas olan mühitdəki fiziki olaraq ölçülə bilən parametrləri dəqiqliklə ölçüb, onlar üzərində mücərrəd hesablamalar aparmaq yox, həmin mühitdə mümkün qədər çox qidalanıb, çoxalmağa imkan yaradan davranışı sərgiləməkdir.
Deyək ki, canlının hissiyat orqanlarını, hərəkət orqanlarını, mühitindəki qanunauyğunluqları, bunların qarşılıqlı əlaqələrini öyrəndik, bu bizə, məsələn, qırmızı rəngin yaratdığı hissin, zəng səsinin yaratdığı hissdən nə ilə fərqləndiyini açıqlayırmı? Nəticə etibarı ilə, bunların hər ikisi beyin boyu müxtəlif sahələrin aktivləşməsinə gətirib çıxarırsa da, beyində bütün bu fəaliyyəti analiz edən adamcığaz oturmadığına görə, bu elektrik fəallığının dünya haqda fikir yaratmağımıza necə imkan verdiyi hələ də aydın deyil.
Fərqli hissiyat sistemlərinin orqanizmdə fərqli hisslərə necə gətirib çıxardığı ilə bağlı ən maraqlı fikirlər, mənim fikrimcə, amerikan psixoloq James Gibsona və onun müasir davamçılarına aiddir (Gibson 1979). Gibsona görə, görmə duyğusundan alınan məlumat gözün arxasına düşən şəkildən yox, canlının və ətrafdakı obyektlərin hərəkəti zamanı baş verən dəyişikliklərdən əldə olunur. Canlı hərəkət edərkən gözün reseptorlarının üstünə düşən mənzərə müəyyən qanunauyğunluqla dəyişir. Məsələn, obyektə doğru yaxınlaşdıqda onun ölçüsü artır və ya obyektin ətrafında hərəkət edərkən onun daha əvvəl görüntüdən kənar hissələri görünməyə başlayır və s. Hərəkətə bağlı olaraq gözə düşən işıqda baş verən dəyişikliklər və bu dəyişikliklərdəki qanunauyğunluqlar sistem üçün əsas informasiya mənbəyini təşkil edir. Gibsonun bu ideyasını bir addım daha irəli aparan O’Regan & Noë (2001), qırmızı rəngin zəng səsindən fərqlənməsinin səbəbini, duyğu sisteminin (görmə, eşitmə, və s.) fəaliyyətindəki qanunauyğunluqların özünəməxsus olmasında görür. İddianı başa düşmək üçün bir addım geri ataq və görmə duyğusuna fokuslanaq.
Göz, daxilində işığın müxtəlif dalğa uzunluqlarına qarşı qeyri-bərabər dərəcədə həssas olan reseptorlardan ibarət orqandır. Gözə düşən işıq şüaları bu reseptorların elektrik fəaliyyətini dəyişdirir və bu elektrik fəaliyyəti beyindəki müxtəlif ərazilərə ötürülür. Qulaqdakı səs dalğalarının əmələ gətirdiyi mexaniki dalğalanmaya həssas olan reseptorlar da analoji şəkildə qulağa daxil olan səsə bağlı olaraq elektrik fəaliyyətlərini dəyişdirirlər və bu dəyişiklik beyinin müvafiq ərazilərinə göndərilir. Məqalə boyu verdiyimiz sual isə budur: bu iki elektrik fəaliyyəti arasındakı hansı fərq onlardan birinin səs, digərinin rəng kimi hiss olunmasına gətirib çıxarır? O’Regan və Noënin iddiası budur ki, duyğu orqanlardakı elektrik fəaliyyətinin dəyişməsi canlının öz etdiyi hərəkətlərdən və mühitdəki obyektlərin hərəkətindən asılı olaraq görmə sistemində bir cür, eşitmə sistemində başqa cür dəyişikliklərə yol açır. Müəlliflərə görə, qırmızını bizim üçün qırmızı edən şey, müxtəlif hərəkətlər zamanı qırmızı səthlərin beyinimizdə yaratdığı fəaliyyətdəki özünəməxsus dəyişikliklərdir. Dəyişikliklərin özünəməxsusluğu isə işığa həssas hüceyrələrin gözdə paylanmasından yaranır. İşıq reseptorları adlandırdığımız bu işığa həssas hüceyrələr gözdə qeyri-bərabər şəkildə paylanıb və mühitdə qırmızı olaraq hiss etdiyimiz səth gözümüzdəki reseptor təbəqəsində hərəkətə bağlı olaraq özünəməxsus dəyişikliklər əmələ gətirir. Beləliklə, etdiyimiz hərəkətlər, hissiyat orqanlarının quruluşu mühitdəki rəng, ölçü kimi xüsusiyyətləri başa düşməyimizə kömək edir, görməyə imkan yaradır. Nəzəriyyəyə görə, duyğu sistemlərinin işləyişində onların hərəkətləri mərkəzi rol oynayır. Müəlliflərin fikrincə, canlı inkişaf prosesi ərzində müxtəlif duyğu orqanları ilə bağlı dəyişmə qanunlarını öyrənir və bu qanunları aktiv şəkildə istifadəsi sayəsində mühiti qavrayır. Bu iddianın ən intuitiv əsasını toxunma sistemində görmək mümkündür. Belə ki, hamımız bilirik ki, gözlərimizi yumub bir əşya haqda toxunma hissimizlə məlumat almaq istədikdə, əlimizi həmin əşyanın üstündə gəzdirməliyik, əks halda, hərəkətsiz təmas əşya haqda o qədər də çox məlumat vermir.
Müzakirəmizdə əsas iki əlaqəli məsələni ön plana çəkmək istərdim. Birinci təsvir etməyə çalışdığım məsələ, heyvanların fiziki olaraq üçüncü şəxs tərəfindən ölçülə biləcək məlumatlardan fərqli məlumatları istifadə etməsidir. Kompüter kimi beyin bənzətməsi beyindəki proseslərin məhz bu tipli ölçülər üzərində aparılan hesablama olaraq görür. Lakin fiziki xüsusiyyətlərin beyində təmsil olunması və hesablamalar vasitəsilə manipulyasiya olunması ideyası ilə bağlı bir sıra problemlərin olduğunu gördük. Bunlardan ən başlıcası sinir sistemindəki neyronların xarici dünyaya çıxışı olmamasıdır ki, bu da beyində gedən problemləri kodlaşdırma-dekodlaşdırma kimi görməyi daha az inandırıcı edir. Əvəzində sinir sistemi bədən ilə bir bütün şəkildə hərəkətlər və onlara uyğun olaraq duyğu orqanlarında əmələ gələn dəyişikliklərdəki qanunauyğunluqları öyrənir və onların istifadəsini koordinasiya edir. Bu yanaşma fərqli duyğu sistemlərinin bir-birindən necə ayrıldığını eleqant şəkildə izah etməkdən əlavə, davranışı, hissiyatı beyinin apardığı hesablama kimi yox, bütöv bədənin iştirakı ilə ortaya çıxan bir məfhum kimi görməyə imkan verir.
Mənbələr
-
- Barrett, L. (2011). Beyond the brain: How body and environment shape animal and human minds. Princeton University Press.
-
- Brette, R. (2017). Is coding a relevant metaphor for the brain?. bioRxiv, 168237.
-
- Gibson, J. J. (1979). The ecological approach to visual perception. Psychology Press.
-
- Graham, G. (2017). Behaviorism. In The Stanford Encyclopedia of Philosophy, Edward N. Zalta (ed.).
-
- O’Regan, J. K., & Noë, A. (2001). A sensorimotor account of vision and visual consciousness. Behavioral and brain sciences, 24(5), 939-973.
-
- Pfeifer, R., & Bongard, J. (2006). How the body shapes the way we think: a new view of intelligence. MIT press.
-
- Tarsitano, M. 2006. Route selection by a jumping spider (Portia labiata) during the locomotory phase of a detour. Animal Behaviour 72(6), pp. 1437–1442.
- Wilson, A. D., & Golonka, S. (2013). Embodied cognition is not what you think it is. Frontiers in psychology, 4.
0 thoughts on “Beyin Kompüterdirmi?”