Yarat!

Dilimizdə keyfiyyətli və əlçatan elmi resursların yaranması Elmi Spektr olaraq bizim əsas məqsədimizdir. Oxşar məqsədi və əqidəsi olan digər təşəbbüslərə dəstək olmaq da, bizə görə, bu işin əhəmiyyətli bir hissəsidir. Bu səhifə məhz belə təşəbbüslərin görünürlüyünü artırmaq və dilimiz üçün resurslar yaratmaqda maraqlı olan insanlar üçün istinad nöqtəsi olmaq məqsədi güdür. Əgər siz də layihənizin burada göstərilməsini istəyirsinizsə, zəhmət olmasa, bizimlə əlaqəyə keçin.

Azərbaycan Dilində Orfoqrafiya Yoxlayıcısı

Orfoqrafiyanın yoxlanılması dildəki resursların dəqiqliyini təmin edir. Azərbaycan dilinin avtomatik orfoqrafik yoxlanması hazırda heç də 50 milyonluq istifadəçiyə yaraşan vəziyyətdə deyil. Microsoft Office məhsulları üçün müəyyən dəstək olsa da, Microsoftun kommersial şirkət olması və inkişaf etdirdiyi proqramları hündür maddi hasarlar arxasında saxlaması, bu şirkətin məhsulları üçün hazırlanmış proqram təchizatını adi insanlar üçün əlçatan etmir və buna görə də, real olaraq, bu vasitələri Azərbaycan dilində yoxmuş kimi qəbul edə bilərik. Bu vəziyyət isə öz növbəsində dilimizdəki resursların keyfiyyətini, oxunurluğunu aşağı salmaqdadır. Bizim apardığımız növdən irihəcmli kitabların tərcüməsi zamanı bu çatışmazlıq çox qabarıq şəkildə ortaya çıxır, çünki irihəcmli mətndə orfoqrafik səhvlərin bir-bir əllə yoxlanması həddən artıq qeyri-praktik və qeyri-effektiv metoddur və səmərəliliyi əhəmiyyətli dərəcədə aşağı salır. Mozilla Azərbaycan qrupu və Emin Məstizadənin təşəbbüsü ilə bu istiqamətdə müəyyən bir dəyişiklik qeydə alınıb. Belə ki, yoldaşlar Hunspell morfoloji təhlil və orfoqrafik yoxlama proqramına uyğun Azərbaycan dili üçün orfoqrafiya lüğəti hazırlamağa başlayıblar. Lüğəti inkişaf etdirmək açıq (free) proqram icması üçün böyük hədiyyə olacaq və ümumilikdə, Azərbaycan dilində yazan 50 milyona yaxın insana öz dillərində səhvsiz yazmaq imkanı verə bilər.

Töhfə vermək, əlavə məlumat və lüğət üçün: https://github.com/mozillaz/spellchecker
Emin Məstizadənin saytı: https://mastizada.com/
Mozilla Azərbaycan: http://mozillaz.org/

LibreOffice-in Azərbaycan Dilinə Tərcüməsi

LibreOffice ofis proqramları arasında Microsoft Office-ə ən real alternativ olmaqdan başqa, eyni zamanda həm də azad proqram təminatı əqidəsi ilə çalışan nəhəng bir icmanın məhsuludur. Azad proqram dedikdə proqramın təkcə pulsuz olması yox, həm də mənbəyinin açıq olması, dəyişdirilə bilinməsi nəzərdə tutulur. Hündür maddi hasarlar arxasında gizlədilməyən bu proqramı yerli dilə tərcümə etmək o dilin istifadəçilərini Microsoftun imperialist yanaşmasından azad edir. Lakin bunun Azərbaycan dilində danışan insanlar üçün reallığa çevrilməsi üçün əməyə ehtiyac var. Prosesə töhfə vermək üçün LibreOffice-in lokalizasiya (yəni, tərcümə) səhifəsinə daxil olub, qeydiyyatdan keçib, kömək etməyə başlaya bilərsiniz.

LibreOffice Localization: https://www.libreoffice.org/community/localization/

Azərbaycanca lokalizasiya səhifəsi (qeydiyyatdan keçmək lazımdır): https://translations.documentfoundation.org/az/

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt