Yalçın İslamzadə ilə Müsahibə

Yalçın İslamzadə ODTÜ-də və Gazi Universitetində Fizika üzrə bakalavr və magistratura təhsilini almışdır. “Göydən Yerə” adlı bir kitabın müəllifidir. Su təmizləmə texnologiyaları sahəsində özəl sektorda işləyir. İctimai sferada Azadlıq Radiosunun internet səhifəsində, elmi-kütləvi kitabları tanıtdığı köşəsinə görə tanınır. Yalçın İslamzadə ilə tanışlığım elə bu köşə yazıları və BaşlaTV-dəki Elmi İnqilab mövzulu mühazirəsi ilə yaranıb. Ölkədə elmi populyarlaşdırmaq üçün əmək sərf edən barmaqla sayılacaq qədər az insan var və buna görə də, jurnalın ilk sayı üçün onların öndə gedənlərindən olan Yalçın bəydən facebook üzərindən müsahibə aldım.

Ərtoğrul Alışbəyli: Elmin dünyadakı və ölkəmizdəki hazırki vəziyyəti necədir?

Yalçın İslamzadə: Elmin üç aspektindən danışmaq olar. Birincisi, müxtəlif inkişaf etmiş ölkələrin dəstəklədiyi, araşdırma mərkəzləri, universitetlər, seminarlar və elmi jurnallar ətrafında mərkəzləşmiş nəzəri tərəfi — bu sahədə böyük uğurlar qazanılır, inkişaf etmiş ölkələr elmi araşdırmaları prioritet məsələ kimi qəbul edirlər. Elmsiz inkişafın olmadığını yaxşı bilirlər. Keçən il həm fiziki, həm də bioloji elm sahələri üçün olduqca uğurlu oldu, aparıcı istiqamətlərdə, genetik araşdırmalar və genetik xəstəliklərin müalicəsi, başqa planetlərdə insan koloniyalarının salınması imkanları, neft və qazı siyasi-iqtisadi faktor olmaqdan çıxaracaq alternativ enerji qaynaqlarının yaradılması, biosferin daha yaxşı anlaşılması kimi sahələrdə böyük uğurlar əldə edildi. Elm, hazırda dünyanın iqtisadi-siyasi mənzərəsində ciddi dəyişikliklərin əsasını yaradır. Bu, dünən olduğu kimi bu gün də davam edir. Elm sahəsindəki yenilikləri təqib etmək getdikcə çətinləşir, çünki elmin uğurlarının ardı-arası kəsilmir.

İkinci aspekt, elmin praktik tətbiqi, texnologiyaların inkişafıdır ki, bu sahədə də ciddi uğurlara şahid olduq. Bəzi ölkələr texnologiya və bilik yaradıcısi kimi çıxış edirlər, digərləri isə elmi düşüncəni yaxın buraxmamaqla, sadəcə texnologiyaların istehlakçısıdırlar, xammal satıb texnologiya alırlar. Hazırda içində olduğumuz qlobal iqtisadi sistem həm də bilgi iqtisadiyyatıdır; bilgi yükü çox olan məhsullar xammala görə olduqca bahalıdır.

Üçüncü aspekt, elmin geniş oxucu kütlələrinə çatdırılmasıdır. Bu sahədə maraqlı sənədli və elmi fantastik filmlər çəkilir, olduqca maraqlı elmi-kütləvi kitablar yazılır, elm adamı olmayanlara elmi daha yaxından tanıdan seminarlar verilir. Bu fəaliyyətlər həm elmin getdikcə şaxələnməsi nəticəsində araşdırmaçılara yaranan ehtiyacı qarşılamaq üçün yeni nəsildə elmə maraq yaradır, həm də insanların həyatlarında rasional qərarlar ala bilmələri üçün elmin nəticələrindən istifadə etmələrini təmin edir.

Biz hər üç istiqamət üzrə olduqca geri qalırıq. Dilimizə demək olar ki heç bir elmi-kütləvi kitab tərcümə olunmayıb, heç bir texnolojik yeniliyə imza atmamışıq. İstər ÜDM-dən elmi araşdırmalara ayrılan vəsaitin nisbəti, istər sitat indeksli jurnallarda çap olunan məqalələrin sayısı kimi parametrlərə görə fikir yürütsək, çox geridə qaldığımızı deyə bilərik.

Təəssüf ki, ölkəmizdə elm və onun nəticələri yaxşı tanınmır, təqdim olunmur. Nəticədə, poetik, mifik, metafizik, dramaturjik düşüncə kateqoriyaları geniş vüsət alsa da, elmi düşüncə lazımınca təbliğ olunub təqdir görmür. Bu gün varlığını qorumaq istəyən istənilən ölkə üçün elmə və modern düşüncəyə arxa çevirmək böyük “lüks”-dür. Seçim ya elmi-rasional düşüncəyə sahiblənib inkişaf etmək, ya da fatalistik görüşlərə sarılıb taleyini öz başına buraxmaq arasındadır.

ƏA: Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi böhrana görə elm üçün ayrılmış vəsaitin azalması müşahidə olunur. Akademiyaya ayrılan vəsait azalanda bu ilk öncə humanitar fakültələrə təsir edir. Bunun ən kəskin örnəyi bu yaxınlarda Yapon universitetlərində humanitar elmlər fakultələrinin bağlanması və kiçildilməsi göstərilə bilər. Bir çox halda səbəb olaraq humanitar elmlərin gəlir gətirməməsi, cəmiyyət üçün faydalı olmaması göstərilir. Buna münasibətiniz necədir? Doğurdandamı akademiyanın və cəmiyyətin humanitar elmlərə o qədər ehtiyacı yoxdur?

Yİ: Fundamental elmlər sahəsindəki araşdırmalar olduqca bahalıdır. Üstəlik, nəticəsi haqqında əvvəlcədən əminlik mümkün deyil. Maksvell elektromaqnetizmi öz tənlikləri ilə ümumiləşdirəndə, bugün yaşadığımız elektromaqnetik cəmiyyəti xəyal edə bilməzdi. CERN-nin quruluşuna və oradakı təcrübələrə milyardlarla vəsait xərclənməsi nəzərdə tutulanda heç kim Higgs bozonun kəşf ediləcəyini, ya da orada İnternetin bu günkü halıyla ortaya çıxacağını bilməzdi. Ernest Solvay, məşhur Solvay konfransları ideyasını irəli sürüb xərclərini öz üzərinə götürəndə bu konfransların kvant mexanikası sahəsində ciddi irəliləyişə səbəb olub olmayacağından əmin deyildi.

Belə misallar çoxdur, təbiət elmləri bahalı məşğuliyyətdir, sürpriz nəticələr doğura bilər və yalnız bilginin, elmin tamamlanmasının vacibliyini anlayan ölkələr fundamental sahələrdəki araşdırmaları dəstəkləyirlər.

Humanitar sahələrdə məsələ biraz fərqlidir. Humanitar sahələrdəki araşdırmaları sırf praqmatik baxışla dəyərləndirsək, onların qoyulan sərmayənin geri dönüşü baxımından ölçülməsi və dəyərləndirməsi çətindir; sosial araşdırmalar uzun vədədə nəticə verir, nəticələri mübahisəli ola bilir. Odur ki, Yaponiya təhsil nazirliyinin, bakalavr və bakalavr sonrası humanitar təhsilin məhdudlaşdırılması və ya daha faydalı sahələrə diqqət ayırması təklifi sırf faydaçı qərardır, 60 universitetdən cəmi 26-sı bu tövsiyəyə uyacaqlarını bildiriblər.

Yapon təhsil nazirliyinin bu təşəbbüsünü “akademik araşdırma və elmin faydaçı kriteriyalarla dəyərləndirməsi” olaraq tənqid edirlər. Məncə, yenə də yaponların humanitar elmlərlə bağlarını qoparmayacaqlarını düşünə bilərik. Yapon Riyaziyyat İnstitutu hər iki ildə bir olduqca geniş ictimai araşdırmalar aparır və dəyərləndirir. Yapon menecmenti Qərb menecment akademikləri tərəfindən ciddi şəkildə öyrənilir. Əslində, bu tövsiyyə çox güman ki, bir yanlış anlaşılmanın nəticəsidir, çünki Yaponiyanın maddi imkanları kifayət qədərdir və sosial psixologiya və primatologiya kimi yeni yaranan araşdırma sahələrində belə Yaponiya ciddi bilgi yarada bilir.

Bizim cəmiyyətə gəldikdə isə, sosial-humanitar elmlərin lazımlı olub olmadığının müzakirəyə açılması hələ tezdir, çünki bizdə humanitar sahələrin ciddi araşdırılması ümumiyyətlə yoxdur. Əksinə, bizdə humanitar sahələrin ciddi tədrisinə ehtiyac var. İnsanlar ictimai-siyasi hadisələrdə səbəb-nəticə əlaqələrini görə bilmədikləri üçün komploçu, konspirativ düşüncə getdikcə daha çox özünə yer tapır və insanlar faktlardan, məlumatlardan çox təbliğatçıların şüarlarına etibar edirlər.

Modern düşüncədə yeri olan tanınmış sosioloq, antropoloq, psixoloqların və tarixçilərin kitablarının tərcüməsi və onların müzakirəsi yox dərəcəsindədir. Araşdırmaçıların əksəriyyəti sovet sxolastikası sərhədləri daxilindədirlər, müasir ədəbiyyatı təqib etmirlər, xarici dil bilmirlər, yeniliklərdən xəbərdar deyillər. Dərsliklər ağır sxolastik üslubda yazılıblar, şəkillər, qrafiklər, paylanma əyriləri, faiz nisbətləri kimi açıqlayıcı vasitələrdən istifadə etmirlər. O dərslikləri oxuyan bir tələbənin özünü psixoloji ya da sosioloji subyekt kimi həmin mətnlərdə görməsi çətindir. Nəticədə, formal, əzbərçi yanaşma mövcuddur.

Sovet dövründə monolit, problemsiz cəmiyyət yaratdıqlarını düşünürdülər və sosiologiya bu səbəbdən inkişaf etmədi. Yeganə vəzifə ideoloji reseptlərin sovet insanına çatdırılması, ideologiyanın təbliği idi. Tarix, tarixin sadəcə marksist, birtərəfli şərhi idi. Menecment, yuxarıdan aşağıya doğru sadələşdirilmiş tapşırıqların icrası idi, təşəbbüs yox idi. Psixologiya da eyni çərçivəyə salınmışdı.

Bu gün humanitar fənnlərin tədrisi, insanın öyrənilməsi, dünyanın düzgün və əhatəli qavranılması üçün olduqca vacibdir.Qadın və uşaq problemlərinin araşdırılması, “başqası və onun hüquqları”, cəmiyyət və fərd anlayışlarının yerləşməsi üçün humanitar fənnlərin tədrisi vacibdir, bu gün bizim humanitar sahədəki bir çox araşdırma istiqamətləri və müzakirələri haqqında dolğun məlumatımız yoxdur. Humanitar fənnlər həm cəmiyyəti daha yaxşı anlayıb onu mütərəqqi istiqamətlərə yönləndirmək, həm də verilmiş bir halda cəmiyyəti düzgün dəyərləndirmək üçün sinir sistemi rolu oynaya bilir. Sağlam cəmiyyət sağlam fərdlərdən ibarət ola bilər, sağlam fərdlərin formalaşması üçün insanı tanımaq lazımdır. İnsanı isə biologiyadan gələn ciddi dəstəklə birgə, humanitar elmlər araşdırır. Əgər humanitar fənnlər tədris olunmursa, deməli insanlarda müxtəlifliyi yox eyniliyi görür, insanların asanlıqla, inzibati qaydada idarə edilə biləcəyini düşünürlər. İnsanı idarə etmək olmaz, insan özü özünü idarə etməlidir. Sosial elmlər tədris olunmasa, təhsil psixologiyası, Adlerin uşaq tərbiyəsi haqqında yazdıqları, “emosional zəka” anlayışını mərkəzə alan “Sosial və emosional öyrənmə” haqqında kim düşünəcək?

ƏA: Növbəti məsələn üçün, qayıdaq yuxarıda sadaladığınız elmi düşüncə məsələsinə. Sizcə, indiki dövrdə, cəmiyyətdə elmi düşüncəni möhkəmləndirmək üçün klassik metodlar (elmi-kütləvi jurnallar, mühazirələr, kitablar və .s) kifayət edirmi? Geniş elmi resursları olan cəmiyyətlərdə belə dünyaya elmi baxış bucağının çox geniş yayılmadığını iddia etmək olar; nisbət fərqlidir, təbii ki, amma nəticə etibarı ilə heç yerdə hansısa çoxluqdan söhbət gedə bilməz. Sizcə bu elmlə cəmiyyətin arasında bir boşluqdan xəbər verirmi? Daha qısa desək, elmin cəmiyyətə çatdırılması yollarından məmnunsunuzmu? Boşluqlar varmı, varsa, necə doldurulmalıdır?

Yİ: Kommunikasiya vasitələrinin artması ilə elmə qarşı olan, insanların elmin nəticələrini qəbul etmələrinə mane olan espitemolojik maneələri təşviq edən (bilməyə qarşı inanmağı) düşüncə formaları daha sürətlə təşkilatlanıb aktiv təbliğatla məşğul olmağa başladılar. Bu dəfə, əsrlər əvvəl olduğu kimi elmlə münaqişəyə yox, uzlaşmağa çalışır, onun nəticələrindən istifadə edirlər, imanla ağlın dünya haqqında eyni nəticələrə gəldiklərini iddia edirlər. Halbuki iman bir metod deyil, obyektiv bilgini bizə yalnız elmi metod təqdim edir.

İnsanlar emosional varlıqlardır, qısa və dəqiq izahlar istəyir, həyata konkretləşmiş məna verilməsini gözləyirlər. Səhayət və kommunikasiya sərhəd tanımadığı üçün düşüncələr sürətlə yayılır.

Bütün düşüncələr qlobal iddialara sahibdirlər, bütün insanlara səslənmək istəyirlər. Bu da həyatın mənası və elm üzərinə gündəlik düşünməyən insanlara öz fikirlərini daha asan qəbul etdirməyə səbəb olur. Əgər uzaq yollar qət edib sizə qədər gəlirlərsə və sizə “həqiqət” gətirdiklərini iddia edirlərsə, burda mütləq istismara cəhd vardır. Kimlərinsə bizim yaxşılığımız üçün bura gəldiklərini, burada özlərinə tərəfdar topladıqlarını, pul xərclədiklərini düşünmək sadəlöhvlükdür. Həqiqəti bizə ancaq elm verə bilər.

Bu təbliğatın qarşısını almaq mümkün deyil. Ancaq fərqli düşünənlər daha aktiv olmalıdırlar, avantajlar eyni deyil, dini fəaliyyətə təbii meyillik və ciddi mali dəstək var, elmi düşüncə olduqca yavaş yayılıb genişlənir. Yenə də fərqli düşünənlər öz arqumentlərini hər fürsətdə ifadə etməlidirlər.

Yeniyetmə və gənclərin, hətta uşaqların elmi düşüncə ilə tanış olmasına, skeptik yetişmələrinə bir iddianın doğru olub olmadığını araşdıra bilmələrinə nail olmaq lazımdır, xüsusiylə uşaqların naturalizmə böyük meyilləri və istedadları var, onlar səbəb-nəticə əlaqələrini biz düşündüyümüzdən də yaxşı anlayırlar. Bunun üçün elmin kütlələrə çatdırılması çox vacibdir.

Qərbdə Russell, Dawkins, Sagan, Hawking, Wilson, Shermer, Gribbin, de Waal kimi elmi-kütləvi kitab müəlliflərinin və rasional-skeptik düşüncə sahiblərinin fikirləri və əsərlərini yaymaq, elmi fantastik və sənədli filmləri təbliğ etmək lazımdır.

Elmin ciddiliyinin və dəyərinin anlaşılması üçün orta məktəblərdə elm tarixi fənninin keçilməsi xüsusiylə vacibdir.

ƏA: Sovet dövründə humanitar elmlər məsələsinə toxundunuz yuxarıda. Ümumiyyətlə Sovet alimləri əsasən fizika və riyaziyyat kimi əsasən nəzəri sahələrdə güclü sayılırdılar. Məsələn, biologiya və təbiət elmləri SSRİ-də çox zəif inkişaf etmişdi. Sovet dövründən sonra da, içində biz də daxil olmaqla, Şərqi Avropa ölkələrində (Avropa Birliyinə daxil ölkələri də daxil etmək olar bunlara) güclü bir elmi inkişaf baş vermədi. Bunu nə ilə əlaqələndirirsiniz? Texnologiyanın inkişaf etdikcə bahalaşması zəif iqtisadiyyatlı, kiçik ölkələrdə dünya ilə ayaqlaşacaq, təcrübəvi elmin qarşısını alır və sanki, elmin Qərb tərəfindən monopoliyalaşdırılması ilə nəticələnir. Bu kontekstdə, inkişaf etməkdə olan dövlətlərdə elmin inkişafının perspektivini necə dəyərləndirmək olar? Xüsusilə də, Azərbaycanın post-neft dövründə, ölkədə hansısa ciddi elmi quruluşun yarana bilməsi nə dərəcədə inandırıcı və mümkündür?

Yİ: Sovet elmi fizika, kimya və riyaziyyat sahəsində ciddi uğular qazandı. Çünkü bu elm sahələri təbiəti etibarı ilə ideologiyadan asılı deyillər. Fundamental elmlərdən bioloji və humanitar elmlərə doğru irəlilədikcə bu araşdırma sahələri ideologiyanın müdaxiləsinə daha açıq idi. Elmin bu sahələrinin inkişafına iki amil mane oldu — ideologiya və özəl sektorun olmaması. Lısenko misalı var — SSRİ-də molekulyar biologiyanın, kənd təsərrüfatının, genetikanın niyə inkişaf etmədiyini ifrat ideologiyalaşdırma siyasəti ilə açıqlamaq olar. Avtoritet ideologiya idi, eqoizmini ideologiyaya sadiqlik kimi təqdim edən qərarverici şəxsləri ani, hesablanmamış qərarları superdövlət iddiasında olan bir quruluşun ərzaq problemini belə həll edə bilməməsi ilə nəticələndi. Yaşlı liderlər və ya marksist sxolastika birləşdikdə ölkənin çöküşü qaçılmaz oldu.

Misal üçün, hesablama texnologiyaları və ya kompozit materiallar sahəsində uğurlar əldə edilmədi, çünkü bu texnologiyaları istifadə edib rəqabət yaradacaq və sonrakı araşdırmalara mali dəstək olacaq özəl sektor yox idi. Nəticədə sovet elmi natamam, texnologiyası isə — hərb sahəsi istisna olmaqla — ağır və faydalı iş əmsalı kiçik, enerji maliyyəti yüksək olaraq qaldı.

Əslində, texnologiyalar getdikcə ucuzlaşır, insan genomu proyekti yeni tamamlandığında bir insanın genom xəritəsinin çıxarılması 2.5 milyon dollara başa gəlirdi, sonra bu rəqəm 350 000 dollara qədər azaldı. Hazırda genom xəritəsinin çıxarılması 750 dollardır. İnkişaf etmək istəyən ölkələr elmin, onun idarəolunmasının və sənayeyə tətbiqinin vacibliyini qəbul etsələr, elmi inkişaf etdirmək üçün yol tapa bilərlər. İnkişaf etmək istəyən ölkələr birinci növbədə inkişafa mane olan siyasi-iqtisadi və elmi düşüncənin formalaşmasına mane olan epsitemolojik maneələrdən qurtulmalıdırlar. Gənclərində elmə maraq yaratmalıdırlar, bu gənclər hətta xarici ölkələrdə uğur qazansalar belə yenə həm rol model olaraq, həm bilgi tranferi sahəsində öz ölkəsinə edə biləcəyi kömək baxımından faydalı olacaqlar. Fundamental araşdırmalar inkişaf etmək istəyən ölkələr üçün çox maliyyətlidir, imkanları xaricindədir. Ancaq onlar müxtəlif böyük proyektlərdə iştirak edə, qrant layihələrindən faydalana bilərlər. Hər ölkənin mütləq əsas rəqabətyönümlülük (core competence) adlanan anlayışla uzlaşan üstün tərəfləri var. Azərbaycanda yarımkeçiricilər fizikası kifayət qədər inkişaf etmişdi, yarımkeçiricilər bugünkü texnologiyanın vacib materiallarından biridir. Yaxud nefti artıq xammal kimi satmanın mümkün olmadığı anlaşıldığına görə, farmakologiya, kosmetika, plastik sənayesi sahəsi üçün yarımfabrikatlar istehsal etmək olar. Burda yenə “biz özümüz bilərik” anlayışı ilə, xarici bazarın və mütəxəssislərin rəyini nəzərə almadan işə başlamaq uğursuzluq vəd edir. “Özümüz bilərik” kompleksini aşmaq və mütərəqqi təcrübələrdən istifadə etmək lazımdır. Ağlın yolu birdir.

ƏA: Halhazırda hansı elmi mövzularla maraqlanırsınız, nələri oxuyursunuz? Jurnalımız üçün hansısa məsləhətləriniz varmı? Nələri görmək istərdiniz?

Yİ: İnsanlara təvazökarlıq lazımdır, antroposentrizmdən əl çəkməlidirlər, təvazökarlıq şübhə ilə yaranır. İnsan tanımalıdır, tanımadığının düşməni olur.

Elm İnqilabı, Aydınlanma və Sənaye İnqilabı müasir dünyanı yaratdı. Ancaq elmi düşüncə hələ də dünyada üstünlüyə sahib olmaqda çətinlik çəkir. Bunun əsas səbəbi müxtəlif mədəniyyətlərdə həqiqətləri öyrənmək üçün zehinlərdə var olan epistemolojik maneələr, həqiqətin aşkara çıxarılmasında insanlara mane olan yanaşmalardır. İnsanlar tarixin böyük bir qismində qruplar halında yaşadılar — o zaman dünya böyük, insanların sayı az idi. Lakin indi dünya əhalisi 7 milyardı keçib və demək olar ki bütün resursların tükənmə limitinə gəlmişik.

İnsanlar bir zamanlar ali varlıqlar olduqlarına, kainatın mərkəzində yaşadıqlarına, əsasən yaxşı olub şeytan tərəfindən yoldan çıxarıldıqlarına inanırdılar. Copernicus, Darwin və Freud antroposentrizmin fəsadlarını, fərqli inanclardan olanlara və digər canlı növlərinə qarşı aqressiyanın səbəblərini göstərdilər. İnsan canlı və cansız təbiətin ən böyük həyat vahidi olan biosferi tükənmə həddinə çatdırıb. Növbəti mərhələ, insanların kainatın bir küncündə yaşayan, digər canlılarla ortaq keçmişi paylaşan, ali duyğularla bərabər vəhşi instinktlərə də sahib canlılar olduğunu anladacaq Bioloji Aydınlanma olmalıdır. İndi məsələ insan növünün həyatda qalıb qalmamasıdır və diqqətlər buna yönəlməlidir.

Son dövrlərdə “rasional insan” anlayışı ciddi şübhələrə yol açmaqdadır və şüurun instinklərin əsiri olduğu, zehni fəaliyyətimizin stereotiplərdən müstəqil olmadığı, ən təməl instinkt olan həyatda qalma instinktinin təsiri ilə insanları və digər canlıları təhdid etdiyini ortaya qoyur.

21-ci əsrdə biologiya mərkəzi yer tutacaq, biofizika, astrobiologiya, biomexanika, ekologiya, təkamül psixologiyası kimi biologiya elmləri daha çox inkişaf edəcək. Xüsusiylə təkamül psixologiyası düşüncədəki yetərsizlikər haqqında obyektiv məlumatlar təmin edir. Artıq “gözəllik” və “ədalət”, “yaxşılıq” və “empatiya” kimi anlayışlar belə biologiya vasitəsiylə anlaşılır, beyin görüntüləmə texnologiyalarındakı inkişaf şüur proseslərini, qavrama, düşünmə mexanizmlərini empirik olaraq araşdıra bilir.

Bu mənada təkamül psixoloqlarının, sosiobioloqların və etioloqların yazdıqları kitablar daha açıqlayıcıdır — təkamül canlılara dair ən böyük açıqlama gücünə sahib nəzəriyyədir.

Son dövlərdə bunları oxuyuram və jurnalınızın da biologiya elmlərinə, bu sahədəki yeniliklərə, tanınmış müəlliflərin və əsərlərinin tanıdılmasına daha çox yer verməsini istərdim. Xarici dil bilən hər bir gənc elmi xəbərləri oxumalı və bunlardan maraqlı olanları həm də digərlərinə çatması üçün tərcümə etməlidir. Jurnalınızda elm tarixinə də yer ayırmanızı arzu edərdim. Ənənəvi anlayış, dahi elm adamlarının heç bir çətinlik çəkmədən, dühaları sayəsində bir dəfədə böyük nəzəriyyələri yaratdıqları, insanların bu nəzəriyyələri alqışladıqları və o alimlərə böyük hörmət göstərib dəstəklədikləridir. Həqiqətdə isə, zəhmət dühadan daha çox rol oynayır. Elmdə xeyli səhv istiqamətlər, yanlış nəzəriyyələr olub, alimlər böyük maddi çətinliklər çəkiblər, yeni nəzəriyyələr çətinliklə qəbul edilib və çoxluğun eşitmək istədiyini deməyən alimlər lənətləniblər. Elm tarixi, elmin hansı fədakarlıqlar hesabına başa gəldiyini bizə xatırlatmaqla onun dəyərini daha yaxşı anlamamıza kömək edər. Üstəlik, keçmişdə nələrin bilgiyə mane olduğunu təsbit edib onları elmi fəaliyyətdən uzaq tutmaq bizə kömək edər.

21-ci əsrdə elmdən uzaq düşmək lüksünə sahib deyilik, insan tarixinin ən böyük həqiqəti istismardır — insanın digər insanları və təbiəti istismar etməsi həqiqəti — və bizi istismar etməkdən və olunmaqdan ancaq elm çəkindirə və xilas edə bilər.

Tövsiyyə qutusu

Aşağıdakı üç kitab Yalçın İslamzadənin Azadlıq Radiosu üçün yazdığı kitab tanıtımı yazılarından seçilmişdir. Digər elmi kitablar haqda yazdığı yazılarını buradan tapa bilərsiniz.

1. “Qaranlıq bir dünyada elmin şam işığı (ing. The Demon-Haunted World- Science as a Candle in the Dark), Carl Sagan

Maraq dairəsindən asılı olmayaraq hər bir müasir insanın oxumasının vacib olduğu bu kitab qaranlıq bir dövrün astanasında, yeni bir orta əsrlərə girmək üzrə olduğumuz indiki zamanda xilasın yalnız elmdə olduğunu inandırıcı şəkildə ortaya qoyur. Elmi bir iddianı elmi olmayandan, doğrunu aldatmacadan ayıra bilmək istəyən hər kəsin oxumalı olduğu bu kitabda, kütləvi isteriyalardan, müxtəlif “new age” cərəyanlardan, psevdo-elmi iddialarla insanları aldadıb istismar edən şarlatanlardan qorunmaq və sağlam düşünmək üçün tarixdən və günümüzdən zəngin nümunələr analiz edilir. Bundan əlavə, skeptik və elmi düşünmənin yolları təsvir olunaraq, sağlam arqumentləri əsassız iddialardan ayırd etmək metodları izah edilməkdədir. Heç bir texniki və terminoloji çətinliyi olmayan, bir roman kimi hər bir insanın rahatlıqla oxuyacağı müstəsna əhəmiyyətdə bir əsərdir. İnsanın öz ağlını istifadə etməsinə ciddi dəstək olacaq bu kitab, həm də Saganın “Dünyanı suallarımızın cəsarəti və cavablarımızın dərinliyi ilə mənalı edirik” fikrinin genişləndirilmiş manifestidir.

2. “Kiçik insanlardan böyük suallar, xeyli mühüm insanlardan sadə cavablar” (ing. Big Questions from Little People: And Simple Answers from Great Minds), Gemma Elwin Harris

Uşaqlar geniş maraq duyğusuna sahib canlılardır, bütün mövzular onlar üçün maraqlıdır və dayanmadan suallar soruşurlar. Onların öyrənmələrinə məsul böyüklər isə ya tənbəllikdən ya da cavabları bilmədikləri üçün uşaqların suallarından bezirlər və onlara sual verməməyi öyrədirlər. Daha sonra hazır, klişe, standart cavablar uşaqlara həqiqətlər kimi qəbul etdirilir. Uşaq beyni ən sürətli inkişafını ilk beş ildə göstərir. Bu dövrdə onlarda elmi açıqlamalara maraq oyatmaq, hər sualın cavabı olduğu qənaətini yaratmaq çox vacibdir. Uşaqlar anadangəlmə natulalistdirlər və təbii səbəb-nəticə əlaqələrini, rasional izahları böyüklərin zənn etdiklərindən daha rahat başa düşürlər. Bu kitabda G.E.Harris’in seçdiyi, uşaqlar tərəfindən soruşulmuş suallara filosof Alain de Button, neyropsixoloq David Eagleman, bioloq Richard Dawkins, linqvist Noam Chomsky və başqa tanınmış alimlərin verdikləri sadə izahlar toplanıb.

3. Aydınlanma (ing. The Enlightenment), Dorinda Outram

Kitabda modern dünyanın formalaşmasında tarixin ən əhəmiyyətli dövrlərindən biri olan, gender bərabərliyi, köləliyin ləğvi, azadlıq, inkişaf, rasionalizm, kilsə və dövlətin ayrılması ideyalarının eyni anda və intensiv müzakirə edildiyi dövr haqqında ətraflı məlumat verilir, bu ideyaları təbliğ edən müəlliflər və onların vacib əsərləri dövrün siyası kontekstində təqdim olunur. Aydınlanmanın yaranmasında kofe evləri kimi ictimai məkanların rolu, aydınlanma hərəkatı ilə siyasi və dini iqtidarlar arasındakı münasibət, kolonializm, fərqli mədəniyyətlər arasındakı münasibətlər, köləlik əleyhdarlığı və gender bərabərliyi arayışları, elm və aydınlanma arasındakı əlaqələrə dair araşdırmalar təqdim olunur. Əgər Renesans, Orta Əsrlərə emosional və karyerist üsyan, insan və dünyanın diqqət mərkəzinə alınması idisə, Aydınlanma və Elmi İnqilab dövrləri insan ağlının hər sahəyə çəkinmədən tətbiqi idi. Modern dövrün təməllərinin qoyulduğu bu iki dövr, modernizmlə orta əsrlər arasında qalan cəmiyyətlərin aydınlarının dərindən araşdırmalı olduqları düşüncə dövrləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Yuxarı qayıt