Salyan Universiteti (1)

Zamanla, iqtisadi və ideoloji faktorların diqtəsi ilə digər sosial quruluşlar kimi, təhsil sistemi də təkamül edir. Baş verən dəyişikliklər bir çox halda, ciddi etirazla qarşılaşa bilir və bu qarşıdurmalar cəmiyyətdə akademiyanın gələcəyi ilə bağlı ideyaların ortaya çıxmasına və müzakirəsinə imkan yaradır. Son illər, dünyanın bir çox yerində, (Yaponiya, Niderland və s.) humanitar elmlərə ayrılan vəsaitin kəskin azaldılması, bəzi hallarda müvafiq fakültələrin ümumiyyətlə aradan qaldırılması, akademik çevrələrdə həyəcan təbili çalmağa səbəb olub. Bəzi hallarda, geniş tələbə və müəllim etirazları ilə qarşılaşan bu dəyişikliklər, tələbələrin təhsilin idarə olunmasındakı rolunu daha da aktuallaşdırıb. Canlılar kimi, sosial quruluşlar da doğru və problemsiz işləmək üçün müxtəlif yerlərdən gələn əks rabitədən (feedback) asılıdırlar. Əzalarından, orqanlarından xəbərsiz canlının həyatda qalması nə qədər mümkünsüzdürsə, tələbələrinin tələblərindən və istəklərindən xəbərsiz, qeyri-demoktratik təhsil quruluşlarının da, bir nöqtədə üzvlərindən kəskin reaksiya alması o qədər labüddür. Bu kontekstdə, müxtəlif ölkələrin təhsil sistemləri ilə olan birbaşa təcrübəmdən yola çıxaraq yazdığım bu yazı, təhsil sisteminin gələcəyinə tələbə perspektivindən bir baxışdır. Düşünürəm ki, bu mövzu ətrafında fərqli mövqelərdən olan insanlar arasında dialoqun açılmasının vaxtı gəlib çatıb.


İyun, 2027-ci il, Salyan, Azərbaycan. Salyan Universiteti (SU) ilk bakalavr məzunlarını verməyə hazırlaşır. Tədbir universitetin Kür sahilindəki Axundzadə Auditoriyasında təşkil olunub. həlməşik ailəsi olaraq bu tarixi anı yaddaşlara köçürmək üçün buradayıq. Nələr hiss elədiyini öyrənmək üçün bir tələbəyə yaxınlaşırıq:

həlməşik: məzuniyyətinlə bağlı nə düşünürsən?

Ləman: İllərimiz keçib buralarda, ona görə də bəzi yoldaşlarımdan ayrılacağıma görə bir az təəssüflənirəm, amma ümumilikdə, bir çoxumuz üçün məzuniyyət universiteti tərk etmək mənasına gəlmir. İçində mən də daxil olmaqla böyük bir qrup burada qalıb təhsilimizi davam etdirməyi düşünürük. (yoldaşları çağırır) Gedim, başqa vaxt danışarıq, buralardasan da onsuz da, yox? (cavabımızı gözləmədən tərk edir)

SU fəaliyyətinə 2023-cü ildən başlamışdır. 2 ilə ərsəyə gələn kampus, çox sayda kiçik və orta sahibkarların və dövlətin maliyyələşdirməsi ilə yaradılmışdır. Universitetin tikintisində, professional kadrlarla birlikdə, bir çox könüllü də iştirak etmişdir. Aran və Cənub regionlarında akademik həyatı canlandırmaq və regional problemlərin həllində iştirak etmək universitetin əsas məqsədlərindən olsa da, qısa müddətdə məqsədlər Azərbaycan sərhədlərini keçmişdir. Belə ki, ilk öncə kənd təsərrüfatı institutu, mühəndislik məktəbi və təhsil fakültələri yaransa da, universitet qısa müddətdə elmin demək olar ki, bütün sahələrini əhatə etmişdir. Burada həmçinin humanitar elmlərin tədris və araşdırmasına da başlanılmışdır. SU dünya təhsil təcrübəsində yeni bir era başlatmış bir universitetdir. Layihə-əsaslı təhsil uzun müddət bu və ya digər formada müxtəlif sahələrdə tətbiq olunsa da, SU’da bu ideya, eksperimental deyilə biləcək qədər uzağa aparılmışdır.

İlk öncə araşdırma-yönümlü universitet olaraq düşünülsə də, sonralar təhsil məsələsi önə çıxarılmış və universitet, ideya mərhələsində ikən tamamilə dəyişərək, indiki gördüyümüz vəziyyətinə gəlmişdir. SU’nu xüsusi edən də məhz bu dəyişiklikdir. Belə ki, burada təhsil və araşdırma tamamilə iç-içədir. Gəlin universitetin müxtəlif özəlliklərinə birgə nəzər salaq.

Başlayaq lap əvvəldən. Bütün ixtisaslar üzrə universitetə qəbul olmaq üçün tələbələrdən onları maraqlandıran sahə üzrə, oxuduqları tədris müəssisəsindəki bir müəllimin nəzarəti altında araşdırma aparıb yazı yazmaları və yaxud sahələrinə uyğun hansısa orijinal məhsul istehsal etmələri tələb olunur (məhsulun nə olduğu sahədən sahəyə dəyişir və maddi cəhətdən şagirdlərə yük olmamasına diqqət edilir). Məsələn, elmlə maraqlanan tələbə müəyyən mövzuda geniş bir yazı yaza bilər, kino və fotoqrafiya ilə maraqlananlar qısametrajlı film və ya fotolar çəkə bilər, və s. Qəbul üçün əsas göstərici bu layihələr olsa da, sənəd təqdim edənlərin əvvəlki fəaliyyətlərinə də nəzər salınır. Bunlara könüllü fəaliyyət, iş təcrübəsi və s. də daxildir. Bundan sonra seçilmiş tələbələr müsahibə mərhələsinə keçirlər. Göndərilən materiallar tələbə və professorlardan ibarət şuranın müzakirəsindən keçdikdən sonra müvafiq qərarlar qəbul olunur və tələbə universitet həyatına başlayır.

SU’da dərslər layihələr ətrafında qurulur. Layihə dedikdə elmi ədəbiyyat araşdırmalarından tutmuş, kiçik konseptual memarlıq nümunələrinə qədər müxtəlif şeylər nəzərdə tutulur. Yəni, yazıların, texnologiyanın, sənət əsərlərinin, bir sözlə, məhsulun istehsalı, tədrisin özəyini təşkil edir. Buna görə də, dərslər fənlərə görə yox layihələrin mövzularına görə ayrılıb. 2026/2027-ci dərs ilindən bəzi dərs adları:

  • Salyan Rayonunda Suvarma Sistemləri və Şoranlaşma (Kənd Təsərrüfatı İnstitutu)
  • Şüurlu Robot Sistemləri (Salyan Neyroelm İnstitutu və Mühəndislik Məktəbi)
  • Xəzər Dənizində Canlıların Müxtəlifliyi və Mühafizəsi (Biologiya Fakültəsi və Ətraf Mühit Araşdırmaları İnstitutu)

Ümumiyyətlə, məhsul istehsalı universitetlər üçün heç də yeni və yaxud yad bir anlayış deyil, belə ki, əvvəllər bu proses, diplom işi şəklində, bir çox ixtisaslar üzrə tətbiq olunurdu. SU, sadəcə olaraq, bu təcrübəni özünə fokus nöqtəsi seçmiş və inkişaf etdirmişdir. Bununla da, köhnə sistemdən yeniyə keçidi tədrici etmiş, asanlaşdırmışdır.

Bu nöqtədə onu qeyd etmək lazımdır ki, SU’da təhsil illərə ayrılmır və tələbələrdən universiteti 4-5 ildən sonra bitirmələri gözlənilmir. Dövlət təqaüdü limitli müddətə verilsə də, tələbənin performansından və istəyindən asılı olaraq uzadıla bilir. Universitet tərəfdən isə, məsləhət görülən müəyyən minimum və maksimum dərs/layihə sayı var, lakin bu limit sadəcə məsləhət xarakteri daşıyır. Tələbələrə tədris müddəti boyu məsləhətlər verən professorlar və daha təcrübəli tələbə yoldaşları olur. Onların köməyi ilə tələbə təhsilini hansı istiqamətdə aparacağı ilə bağlı qərarlar verir. Təhsilin illərə ayrılmaması nəticəsində, müxtəlif illərdən olan tələbələr eyni dərsləri götürə bilirlər.

Dərsləri götürən tələbələr, qruplar halında və ya fərdi şəkildə, araşdırma mövzularını təyin etdikdən sonra, müəyyən bir zaman çərçivəsində, həmin layihələri həyata keçirməyə başlayırlar. Layihə icrası zaman, xüsusi texniki biliklərin lazım olduğu vaxtlarda, yaradılmış sistem vasitəsilə, lazımi dərsi daha təcrübəli tələbələrdən və professorlardan istəyə bilirlər. Yaranan xüsusi texniki bilik qrupları tələbəyə lazım olan bilikləri mühazirə formatında ötürür. Bilik alış-verişinin baş verdiyi qeyri-formal birliklərin, toplantıların çoxluğu mühazirələrin sayını minimal saxlamağa imkan verir. Mühazirələrin rolunun klassik metodla müqayisədə kiçik olması, tələbələrin daha müstəqil şəkildə işləmələrinə imkan yaradır, professorlara isə, tələbələrlə daha səmərəli, birbaşa yollarla əlaqə saxlamaları üçün əlavə vaxt qazandırır. Dərs mövzuları eyni vaxtda fərqli elm sahələri ilə birbaşa bağlı olduğundan, müxtəlif fakültələrdən tələbələr bir layihə üzərində birlikdə işləyə bilirlər. Birgə fəaliyyət nəticəsində hər tələbə daha yaxşı bildiyi sahə üzrə biliklərini digər tələbələrə ötürür, əvəzində isə, başqa səhələrdən olan tələbələrdən o sahələrlə bağlı məlumatları öyrənir. Sonda hasil olan nəticə isə növbəti dərslərin (layihələrin) mövzularını təyin edir, çünki bir problemin həlli həmişə yeni problemləri görməyə imkan yaradır.

SU’da imtahanlar, qiymətlər yad ifadələrdir. Layihələr tələbələrdən və professorlardan ibarət komitələrə təqdim olunduqdan sonra layihəyə ətraflı rəylər verilir. Bundan əlavə layihədə iştirak etmiş tələbələr bir-birilərinin fəaliyyətini dəyərləndirirlər. Daha sonra bu rəylər toplanaraq layihə haqda fikirləri daha yığcam ifadə edən sənəd hazırlanır və tələbənin nəticə kitabçasına əlavə olunur. Beləliklə, təhsilin sonunda tələbənin gördüyü işlərlə bağlı kiçik bir kitabça hasil olur ki, bu da klassik qiymət kitabçasının və tövsiyyə məktublarının rolunu oynayırFOOTNOTE: Footnote. Tələbə ehtiyac hiss elədiyi qədər dərs götürdükdən sonra, məzun olmaq üçün müvafiq məsləhətçilərə müraciət edir. Məzun olmaları məsləhət bilinməzsə, tələbə təhsilini tövsiyyə olunan istiqamətlərdə təkmilləşdirmək üçün davam edirFOOTNOTE: Footnote.

Universitetdə təhsil pulsuzdur və tələbələr bütün vacib xərclərini (yemək, yataqxana, və s.) qarşılamaq üçün yetəcək qədər məvacib alırlar. Buna baxmayaraq, layihələrdən yaranan ideyalar çox vaxt patentlərə yol açdığından, həm universitet, həm də tələbə üçün davamlı əlavə gəlir mənbələri yaranır. Ümumilikdə universitetin büdcəsinin 20%-ni təşkil edən patentlər və birbaşa məhsul satışlarından gələn gəlirlər universitetin rentabelliliyini sağlam dayaqlar üzərinə qoymuşdur. Buna baxmayaraq, universitet özünü gəlir mənbəyi olaraq yox, kamil insan yetişdirən, aid olduğu icmaya və insanlığa xidmət edən bir müəssisə olaraq görür. Ona görə də, məqsədi başqa universitetlərlə yarışmaq, bu yarışda daha da böyümək, daha da böyük gəlir qazanmaq deyil. SU böyümək üçün yox, inkişaf edib, çoxalmaq üçün yaranmış universitetdir. Buradan qazanılan gəlir, Azərbaycan Dövlət Universitetləri Fonduna gedir ki, bu fond da öz növbəsində SU kimi (lakin SU’dan müstəqil) təhsil müəssisələrinin ölkənin digər regionlarında yaranmasına vacib dəstək verir. Bu yazının yazıldığı vaxt (Noyabr, 2027-ci il) Xaçmaz və Şuşada analoji universitetlər artıq müvafiq olaraq, 3 və 4 fakultə ilə fəaliyyətə başlamış, Tovuz və Ordubadda da yeni universitetlərin təməlləri atılmışdır. Gəlirin bir başqa hissəsi, Salyanda SU’nun təhsil fəlsəfəsinə uyğun tədris verən orta təhsil müəssisələrinin yaradılmasına işlənir.

Çox yox, sadəcə 10-15 il öncə xülya kimi görünən ideyalara həyat verən SU, bir çox mövzuda, neoliberal sistemin cəmiyyətə mütləq olaraq sırıdığı təhsil metodlarını və tələbatlarını tamamilə dəyişdirib, öz ayaqları üstündə qala bilən bir mərkəz olaraq ortaya çıxmağa bacarmışdır. Obyektivlik illüziyası verən test imtahanlarını, tələbələri, güya biliklərini ifadə edən rəqəmlərə (və ya hərflərə) reduksiya edən düşüncəni, təhsil və araşdırma arasında çəkilən böyük sərhədləri yox etmiş, yerini daha insani, daha məlumatlandırıcı və insanlıq üçün daha faydalı bir sistemlə əvəz etməyə nail olmuşdur. Lakin bunu, köhnə sistemdən anidən qopararaq yox, o sistemin müəyyən uğurlu xassələrini seçib, inkişaf etdirərək bacarmışdır. Növbəti yazılarımızda universitetin necə idarə olunduğuna, necə maliyyələşdiyinə, cəmiyyətlə əlaqələrinin necə təşkil olunduğuna, indiyədək nələrə nail olduğuna və gələcəklə bağlı planlarına nəzər salacağıq.

Məzuniyyət mühazirələrindən sonra Ləmanla yenidən görüşürük.

həlməşik: Həsən Məmmədov Kinoteatrında Xavier Dolan’ın filmi var, gedək?

Ləman: (bir az düşünür) gedək, gedək.

 

Oxuma siyahısı

Boren, M. E. (2001). Student resistance: A history of the unruly subject. Psychology Press.

Collini, S. (2012). What are universities for?. Penguin UK.

Maxwell, N. (2014). How universities can help create a wiser world: The urgent need for an academic revolution (Vol. 18). Andrews UK Limited.

The George Lucas Educationa Foundation. (2008). Edutopia, http://www.edutopia.org/.*

* Edutopia layihə-əsaslı təhsil və başqa təhsil strategiyaları ilə bağlı məlumat və təcrübə paylaşımını dəstəkləyən onlayn peşakarlar icması və platformasıdır.

Posts created 25

0 thoughts on “Salyan Universiteti (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top