Salih Özçubukçu ilə Müsahibə

Salih Özçubukçu Türkiyənin Gaziantep şəhərində anadan olub. İzmir Yamanlar Kollecində orta təhsilini alıb. 1995, 1996 və 1997-ci illərdə Beynəlxalq Kimya Olimpiadalarında iştirak etmiş və ardıcıl olaraq bürünc, gümüş və qızıl medallar qazanıb. Orta Doğu Teknik Universiteti (ODTÜ), Kimya Bölümünün həm bakalavr, həm də magistratura pillələrini bitirdikdən sonra, Aachen Universitetində Kimya üzrə doktorantura təhsilini tamamlayıb. İspaniyada, ABŞ-da və başqa ölkələrdə araşdırma təcrübəsi qazandıqdan sonra, 2011-ci ildə doğma universitetinə – ODTÜ-yə dosent doktor olaraq qayıdıb və o zamandan bəri müxtəlif dərslər deməkdə, keçirici peptid dizaynı ilə bağlı araşdırma aparmaqdadır. Bir müddət, onunla süni fotosintez üzərində çalışmışam. Bir fincan türk qəhvəsi içib, çox böyük zövqlə Salih hocadan müsahibə aldım. Bu maraqlı müsahibəyə görə hocamıza təşəkkür edirik.


TA: Bizə bir az Salih hocadan danışın. Salih hoca kimdir?

SÖ: Çətin giriş oldu. Qısa olaraq kimya aşiqimi deyim, kimyaya çox bağlanmış birisimi, necə ifadə edim bilmirəm. Kimya xaricindəki ən çox əmək verdiyim və sevdiyim iş isə, son 4-5 ildə çox vaxt ayıra bilmədiyim fotoqraflıqdır. 15 yaşımda mənə alınan “Zenit” fotoapparatı ilə başlayan bir macəradır. Bundan başqa, sakit insanam, arada futbol oynayıram, günəşi çox sevirəm, günəşli havaları… Əvvəllər, əslində günəşi yox, buludlu havaları daha çox sevərdim, amma, Almaniyada 4 il doktorantura vaxtı günəşli havaları sevər oldum (gülür).

TA: Bu qədər elmi fəaliyyətlər və fərqli ölkələrdə araşdırmalardan sonra niyə Türkiyəyə qayıtmağı seçdiniz?

SÖ: Əslində 22 yaşlarımda Almaniyaya doktoranturaya gedən vaxt, mən də bir çox xaricə təhsil almağa gedən insanlar kimi, geri dönməyi planlamırdım. Təbii ki, hələ çox təcrübəm də yox idi qərar verməklə bağlı. Amma, doktorantura məzuniyyəti və sonrasında 4 illik post-doktorantura (doktorantura sonrası araşdırma) ərəfəsində fikrim get-gedə dəyişməyə başladı. O ərəfədə evləndim və bir qızım oldu. Türkiyə üçün də darıxmağa başlamışdım. Bundan sonra, Türkiyəyə, daha doğrusu mənə nostaljik gələn ODTÜ Kimya bölüməsinə qayıtmaqla bağlı fikirlərim yarandı. Çünki 8 il xaricdə yaşadıqdan sonra, insan xarici vətəndaş kimi yaşamaqda çətinlik çəkir. Bir ölkə seçib, orada yaşayacaqdım və bunun üçün də ən rahat olanı, təbii ki, insanın öz vətənidir. Bəziləri, məsələn ABŞ-a gedib qayıtmır, deyir ki, mən burada yaşayaram, həqiqətən də. Amma, mənə bu fikirlər çox da cazibədar gəlmirdi. Mənə bu ölkələrin arasında, ən çox İspaniya maraqlı gəlmişdi. İspaniyaya ailə olaraq yerləşmək elə də asan deyildi. ODTÜ Kimya bölməsində müəllim heyətinə qəbul olma fürsəti (xaricdə doktoranturasını bitirmiş şəxslərə ODTÜ-də akademik vəzifədə çalışmaq üçün, Yüksek Öğrenim Kurulu tərəfindən hər bölmə üçün açılan müvafiq kvotalara müraciət imkanı) yarandıqdan sonra Türkiyəyə qayıtma işi xeyli asanlaşdı. Mənim üçün də cazibədar bir seçim idi, çünki, əslində Türkiyədən çox ODTÜ-yə qayıdırdım. Burada mənə maraqlı gələn çox şeylər var. Bir də ailə faktoru var ki, yeni doğulmuş qızımın vətəndə böyüyüb, öz qohumları ilə – xala, dayı, bibi, əmi və digərləri ilə vaxt keçirməsi idi. Bu səbəblərdən, Türkiyəyə qayıtmaq, başqa ölkələrdə qalmaqdan daha məntiqli idi.

TA: Ən son xaricdəki araşdırma yeriniz Chicago idi. 2011-ci ildə Türkiyəyə qayıtdığınız vaxt, “ölkəmə qayıdıb, elminin inkişaf etməsində işlər görməliyəm” kimi düşüncələriniz də var idimi?

SÖ: Öz ölkənizə qayıdanda fərqli hisslər yaşayırsınız. Təbii ki, o tərəfini də düşünürdüm. Özəlliklə, Türkiyədəki yeni kimya olimpiadaçılarına dərslər demək istəyirdim. Bilirsiniz, hər fənn üzrə (kimya, biologiya, fizika, riyaziyyat, kompyuter, dil, coğrafiya) olimpiada dərsləri ODTÜ-də keçirilir. Burada universitet tələbələrindən əlavə, olilmpiadçılarla maraqlanma imkanım olacaqdı. Bir köhnə olimpiadaçı kimi, könül borcu olaraq illərlə xaricdə topladığım bilikləri və təcrübələri Türkiyədə ortaya çıxarma həvəsim var idi, nəticədə.

TA: Və ortaya çıxardınız da…

SÖ: Bəli, bura qayıtdığım il Beynəlxalq Kimya Olimpiadası (ing. qısaltması – IChO) Türkiyədə, ODTÜ-də keçirilirdi. Mən də bu işin içindəydim. Sonrasında, 2013-cü ilədək Türkiyə kimya olimpiadasının koordinatoru olaraq çalışdım. Düzdür, indi əlaqəm kəsilib, amma ara vermişəm deyək (ironik bir şəkildə gülür, bu hadisənin ayrı hekayəsi var).

TA: Bizə o zaman olimpiadadan danışın bir az: olimpiadaçı nə deməkdir, onlar nələr edir, hansı ortaq nöqtələriniz var?

SÖ: Mənim üçün olimpiada dedikdə ağlıma ODTÜ gəlir. Çünki, lisey (orta məktəbdəki 9-cu, 10-cu, 11-ci siniflər) sonlarında, ODTÜ-yə həmişə imtahanlar ilə seçilən olimpiadaçılar olaraq qış və yay məktəblərinə gəlirdik. Burada 1-2 həftə arası qalıb dərslər görürdük. Başqalarından fərqli olaraq, mənim üçün dərslərdən əlavə, universitet kampusu və mühiti maraqlı idi. Çünki, olimpiada həm də sizi universitet dərslərinə hazırlayırdı. Gələcəkdə bu cür mühitlərdə dərslərə gələcəyim hissi məni həyəcanlandırırdı. Bundan başqa, dərs deyən professorlarla tez-tez söhbət etmək, onlarla eyni kampusda olmaq, birlikdə başqa ölkələrə səyahət etmək (beynəlxalq olimpiadaları nəzərdə tutur) bam-başqa bir təcrübə idi. Buna görə də, lisey illərində universitet mühitini göstərdiyi üçün, böyük bir şans idi olimpiadaçı olmaq. Liseydə universitetə qəbul imtahanına hazırlaşanlardan fərqli olaraq, məktəb partalarından uzaqlaşıb, hadisələrin niyə baş verdiyini araşdıran insanlardır, olimpiadaçılar. Liseydəki bəzi əzbərlədiyimiz fənnlərin sıxıcılığından qaçıb, daha akademik elmi oxuyub, anlamaqla, əslində özümüzü universitetə hazırlamış olurduq. Olimpiadaçı həm də, limitlərinin üstünə çıxmağa çalışır, bəlkə də kimsənin ağlına gəlməyən sualları ağlına gətirib, onlara cavab tapmağa çalışır. Yəni, zəkasını işlədir və gücə salır. Nəticəsində də, beyin çox nəzəri düşünməyə başlayır, praktiki həllər axtarmağa başlayır. Bəlkə də, buna görə mənə dəyərli gəlmişdi olimpiadaçı olmaq. Başqa yanı da var bu işin; olimpiada həm də əsgərlik kimidir. Müəyyən aralarla, bir qrup olimpiadaçı ilə birlikdə yataqxanada yaşayırsınız. İlin bir hissəsini, bu insanlarla vaxt keçirirsiniz və nəticə etibarı ilə bir şeylər paylaşırsınız onlarla. Dostluqlar qurursunuz, bağlar əmələ gəlir, dərdlərinizi, sirlərinizi onlarla bölüşürsünüz, birlikdə səyahət edirsiniz. Yəni, qısaca olimpiadaçı ikən əsgərlik dostunuz da olmuş olur.

TA: Olimpiadaçı olaraq nələr əldə etmisiniz? Xatirələrinizi bizimlə paylaşa bilərsinizmi?

SÖ: İlk beynəlxalq olimpiadaya 15 yaşımdaykən, Çində qatılmışam. İndi düşünürəm, həqiqətən də çox az yaşım var imiş. Bürünc medal aldım, az təcrübəmlə. Ondan sonrakı il Rusiyada gümüş medal aldım. Daha sonra, Kanadada isə birincilərin birincisi olaraq (ing. first of firsts) qızıl medal qazandım. Gördüyünüz kimi daimi artış var (gülür). Səyahət etmək çox maraqlı gəlirdi mənə; başqa ölkələrdən yüzlərlə olimpiadaçılar. Əslində, bu ilk xarici səfərlərlə anladım ki, insanlar fərqli deyil. Düzdür, fərqli görünürdülər, başqa dillərdə danışırdılar, amma orada belə ortaq dilimiz var idi – kimya. Medal almağı hədəfləyərək, nəzəri və təcrübə imtahanlarına girmək var bir də; insan çox həyəcanlanır. Özəlliklə, qapanış törənindən əvvəl, nə əldə edəcəyimizin açıqlamasını 1 saat ərzində bəyan edirdilər və bunları yaşamaq insana zövqlü həyəcan verirdi. Bu törənlərdən əvvəlki gecəni yatmaqda çətinlik çəkirdim. Nə isə ki, axırı yaxşı bitirdi; gözlədiyim nəticələrlə qarşılaşırdım. Hətta, sonuncu il Kanadada gözləntilərimdən çox daha üstünə layiq görüldüm. Ucundan qızıl medal alaram düşündüyüm anda, birincilərin birincisi seçildim. Səhnəyə çıxıb özəl bir çıxış etməyim də istənildi və bu duyğular inanılmaz və qürürverici idi.

TA: Səhnədə, “… Və sonda birincilərin birincisi – Türkiyə komandasından olan Salih Özçubukçu” bəyanı verilərkən və çıxış etdiyiniz zaman, sizcə, başqa ölkələrdən olan heyətlərin diqqətində Türkiyədə də elm yüksək səviyyədədir düşüncəsi yarandı mı?

SÖ: Bunu demək çətin olardı, onlardan soruşmaq lazımdır (zarafat etdiyini düşünür). Təbii ki, bunu hər hansı şəkildə test edə bilməyəcəyimiz üçün, hansısa qənaətə gəlmək səhv addım olardı. Bəlkə, özünüzü həmin fərqli heyətlərdən birinin yerinə qoyub, gözlənilməyən bir ölkənin olimpiadaçısının birincilərin birincisi olması sizə nə yaşadardı deyə yola çıxmaq olar. Amma, bunu bu cür də düşünməmək lazımdır. Orada bir bilik yarışması keçirilirdi və nəticədə dərsinə yaxşı çalışan, daha yaxşı nailiyyət əldə edirdi. Yəni, ölkə olaraq, elmi mərkəzləri və qurumları yaxşı olmayan bir ölkədən belə, yaxşı hazırlaşıb gələn yarışçılar medal qazana bilir. Amma, xətti bir əlaqə də var. Ümumi olaraq, elmi inkişaf etmiş ölkələrin uşaqları daha hazırlıqlı gəlir olimpiadalara. Sualınıza qayıtsaq, yəqin ki, insanlar “Hə, bax, Türkiyə də var imiş” demiş olabilər. Amma, bu hadisəylə Türkiyə elmi çox inkişaf edibdir qənaətinə gəlməzlər yəqin ki. Çünki, bir yarışma qalibi Türkiyə elmində böyük dəyişiklik edəcək qədər, ən azından, hələ ki iş görmüş sayılmır (Nəticədə bir Nobel mükafatı deyil deyib, zarafat edir).

TA: Olimpiadadan qayıtdıqdan sonra sizə dünyanın fərqli yerlərindən imtahansız qəbul olma fürsəti yarandımı? Diqqətində qalan bir professor və ya araşdırıcı sizə təbrik e-maili yazıb, sizinlə çalışmağı təklif etdimi?

SÖ: Xeyr. Belə təkliflər və fürsətlər olmadı. Əslində, bir çox ölkədə olimpiada işinə dərnəklər, orta məktəbdəki müəllim(ə)lər nəzarət edir. Araşdırma ilə məşğul olan professorlar olimpiadaya o qədər vaxt ayırmır. Bizdə bu iş daha çox ciddiyə alınır və ölkənin ən təcrübəli professorları məşğul olur olimpiadaçılarla. Xaricdə isə, bir çox inkişaf etmiş ölkələrdə hətta, bunun əksinə, araşdırma ilə sıx əlaqəsi olub, ancaq öz laboratoriya (qıs. lab) qrupuna vaxt ayıran professorlar, olimpiada ilə çox yaxından əlaqə saxlamır. Yəni, məktəblilərin yarışması o qədər də ciddi gəlmir onlar üçün.

TA: Tam da bunun üzərinə sualım var idi. Bəzən nəzərimizə çarpır, çox ciddiyə almadığımız ölkədən bir olimpiadaçı, məsələn Latviyadan, Norveçdən, İslandiyadan və digərlər ölkələrdən qatılanlar, həvəsləndirici mükafat və ya ən yaxşı ehtimalda bürünc mükafat əldə edirlər. Ancaq, onların gələcəkdə öz ölkələrində apardığı araşdırmalar gözləntilərimizin üstündə ola bilir, elm adına ağlımıza gətirmədiyimiz işlər görürlər. Hətta bir çox uğurlu elm adamının olimpiadaçı keçmişi yoxdur. Bunu nəyə bağlamaq olar?

SÖ: Dediyim kimi, bu sadəcə bir yarışmadır. Nə qədər yaxşı hazırlaşsanız, o qədər yüksək nailiyyət əldə etmə ehtimalınız çoxalır. Təbii ki, olimpiadanın nəzəri və təcrübə hissələri olur. Nəzəri imtahanı yaxşı yazıb, təcrübələri səhv edə bilərsiniz bəzən. Ya da, tam tərsi. Düzdür, təcrübə tərəfi gələcək akademik fəaliyyətinizdə faydalı olur. Amma, bunun araşdırma elmi ilə xətti əlaqəsi yoxdur. Olimpiadaçı keçmişi olmayan biri, çox dəyərli araşdırmalar edə bilir. Digər tərəfdən, qızıl medal alan olimpiadaçı çox yaxşı bir elm adamı olacaq deyə bir şey yoxdur. Yenə də, olimpiadaçılığın gələcək elmi araşdırmalarda müsbət tərəfi var, təbii ki. Nəticə etibarilə, orta məktəbdən başlayaraq universitet kitablarını oxumuş və qavramış olursunuz.

TA: Olimpiada mövzusunu sonlandırıb, ali səviyyədə təhsilə keçək. Deyək ki, bir tələbə Türkiyənin ən yaxşı kimya bölmələrindən birinə, məsələn ODTÜ Kimya bölməsinə, qəbul alır. Həmin tələbənin dərslərə başladığı anda gözləntiləri nələrdir, həm nəzəriyyə, həm də təcrübələr baxımından, zamanla universitetdən nələri əldə edir?

SÖ: Yüksek Öğrenim Kurulunun Türkiyədəki hər universitetə tətbiq etdiyi qaydaları var. Təəssüf ki, bu mərkəzləşdirilmiş sistemdə ilk ilində tələbə orta məktəbdə gördüyü dəqiq fənləri daha əhatəli öyrənir. Ümümi kimya dərsi isə, demək olar ki, orta məktəbdəki müfrədatla eynidir. Məsələn, indi mən özümü 1-ci kursda təsəvvür edərək deyim ki, əgər ODTÜ Kimya bölməsinə olimpiadaçı kimi yox, adi bir tələbə kimi gəlmiş olsaydım, dərslər mənə çox bezikdirici gələcəkdi və universitetdən gözlədiyimi almayacaqdım. Çünki, ilk gəldiyinizdə təcrübələr aparım, araşdırım, öyrənim deyirsiniz, lakin, sistem sizə “bir dayan, əvvəl bu fənləri yaxşıca öyrən, ingilis dilini inkişaf elətdir, ondan sonra araşdırma başlayacaq” deyir. Daha böyük kurslarda, kimyanın fərqli sahələrinin nəzəriyyəsini öyrənirsiniz, yenə təcrübə etmək eşqiniz oyanır. Sistem yenə sizə, “dayan, öncə nəyi necə araşdıracağını öyrən, sonra seçəcəyin bir sahədə araşdırma qrupuna daxil olub təcrübələr edərsən” deyir; artıq ikinci dəfə bezikirsiniz. Lakin, əgər şanslı tələbəsinizsə, 3-cü, 4-cü kurslarda dərslərin yanında hansısa bir professorun yanında da araşdırma etmə fürsətiniz yarana bilir. O zaman, araşdırmanın dərslərdən necə fərqləndiyini görürsünüz. Dərslərdə öyrəndiyiniz nəzəriyyə və həll etdiyiniz məsələlərdən çox fərqli bir şəkildə, planlama və qurulma sistemi öyrənirsiniz. Kimyəvi maddələrlə həşir-nəşir olub, cihazlarla ölçüm edirsiniz. Yəni, qısaca, kimya bölməsinə gələn tələbə daha ilk anlardan hansısa maddə sintez edəcəyini düşünür, nəyisə kəşf edəcəyini gözləyir. Ancaq, bunun əksinə, ilk illərdə fərqli dərslər öyrənməkdən sıxılır deyəsən. Bunun müqabilində, səbr edərsə, daha sonra, dərslərlə paralel şəkildə təcrübələr də apara bilər. Burda başqa bir məqama toxunmaqda fayda var. Kimyanın, qaba deyəsi olsaq, 5 sahəsi var – üzvi, qeyri-üzvi, analitik, fiziki kimya və biokimya. Tələbənin, bu sahələrdən hansında gələcəkdə araşdırma etmək istədiyindən əmin olması üçün, professorların lablarını gəzib öyrənməsi faydalı olacaqdır. Ümümiyyətlə, burada lab seçimləri orta məktəb stilində olur – professoru xoşlayar, onun dərsini sevər, ya da, dərsi sevər və onunla əlaqəli laba gedər. Əslində isə, nəzəri dərs ilə əlaqəli olan araşdırma reallıqda çox fərqli gələ bilər tələbə üçün. Buna görə də, araşdırma lablarını gəzməsi, tələbədə özünə əminlik qazandırar. Bir semestr hansısa professor ilə çalışıb, başqa semestr fərqli bir professor ilə çalışmaq ayıb olar deməmək lazımdır. Tələbələrin bu professor ilə başladım, onunla davam edim psixologiyasından uzaq durmaları lazımdır.

TA: Tələbələr bu bölümdən məzun olmazdan əvvəl kifayət qədər təcrübə əldə edib və praktiki qabiliyyətlərini istənilən səviyyəyə çatdırırlarmı?

SÖ: Əgər, sadəcə dərslərin lab hissəsindən danışsaq, təcrübə bilikləri oradaki müfrədatla məhdudlaşır. Yox, əgər, tələbə bakalavr təhsili ərzində könüllü olaraq (bu məcburi deyil) araşdırma qruplarına gedib layihələrdə çalışmaq istəyirsə, bu onun gələcək akademik fəalliyəti üçün müsbət bir təcrübə olur. Müfrədatdakı təcrübə dərsləri kifayət etmir, məncə. Lazımınca hazırlaşıb, təcrübələrə girən tələbə üçün bəlkə hal-hazırki müfrədat bəs edir. Təəssüf ki, bir az da tələbələrdən qaynaqlanan səbəblər— əlimizdə protokol var, onu izləyib təcrübəni edərik, alınmasa yanımızdakı yoldaşlardan köçürüb bir şeylər edərik, hesablamaları yuxarı kurslardakı tələbələrdən kömək istəyib yazarıq məntiqi— kifayət qədər praktiki qabiliyyətin əldə olunmasının qarşısını alır. Lab müfrədatı həqiqətən də, diqqətlə və kifayət qədər məlumatla hazırlanıb. Düzdür, hər nə qədər də, bəzi təcrübələr yetərsiz qalsa da, biz onları daim yeniləməyə, dəyişdirməyə çalışırıq. Əslində, tələbələr tapşırıqları özləri yerinə yetirməyə çalışsalar, bu təcrübələrdən çox şey qazanacaqlar. Əvvəllər, mən ODTÜ-də oxuduğum ərəfədə Yuxarı Səviyyəli Laboratoriya (ing. Advanced Laboratory) deyə bir dərs var idi. O dərsin təcrübə protokollarını tələbələr özləri hansısa qaynaqdan tapıb, yerinə yetirirdilər, başlarının üstündə köməkçi durmurdu. İş günləri istədikləri bir günün müəyyən saat aralığında gəlib öz təcrübələrini edib, nəticələrini dərsə nəzarət edən müvafiq araşdırıcıya (asistent) təqdim edirdilər. Bu növ dərslik sistemi tələbənin bir az daha azad və praktiki qabiliyyətini gücə salaraq işləməsinə təkan verirdi. Lakin, həmin lab dərsi naməlum səbəblərə görə artıq verilmir. Bunun daha üst səviyyəsini mən Almaniyada doktoranturada oxuduğum zaman görmüşdüm. Tələbələr kimyanın 5 sahəsi üzrə lab müfrədatını keçdikdən sonra, hər bir sahənin yuxarı səviyyəli lab dərslərini alırdılar. O dərslərdən birinin asistenti mən idim. Bu dərslərdə asistent laba girmirdi. Tələbə özünü təcrübəyə hazır hiss etdiyində asistentin otağına gəlib, hazıram deyir, asistent də onu şifahi imtahan edir və hazır olub-olmadığına qərar verirdi. Bizdə, məsələn, təcrübədən qabaq yoxlamaya (ing. quiz) girirsən və əgər minimum xalı yığa bilmirsənsə, kənarlaşdırılırsan və həmin təcrübədən 0 alırsan. İşləmə baxımından çox ağır bir prosedurdur. Nəticədə, tələbələr hansı suallar soruşula bilər deyə əvvəlcədən əzbərləyirlər ki, bunu istəmirik. Dərsi keçmək üçün hər üsula əl atılır, amma Almaniyada həmin danışdığım labda tələbələrə elə imkanlar verilirdi ki, onlar hazır olmasa belə biz onlara “get hazırlaş, həftə içində başqa bir gün gəl” deyə bilirdik. Onlara təcrübə protokollarını da biz vermirdik, özləri gedib araşdırma qruplarından alırdılar. Deyək ki, bir araşdırma qrupuna təcili olaraq hansısa maddə lazımdır, tələbələr gedib, onlardan həmin maddənin sintezi üçün protokolu alıb, maddəni öz təcrübə dərslərində sintez edirdilər. Beləliklə, həm araşdırıcıların işi asanlaşırdı, həm də tələbənin müstəqil əldə etdiyi və öyrəndiyi bir təcrübə alınmış olurdu. Bəzən buradakı labları gəzirəm, baxırsan, asistentlər proseduru həyata keçirməkdə tələbələrə kömək edir. Mənim Almaniyadakı asistentliyim sırasında əlimi nəyəsə vurduğum yadıma gəlmir. Özəlliklə, bu cür təcrübə sistemini ODTÜ-yə gətirmək istərdim. Bundan öncə isə, dediyim kimi, təməl sahə lablarındakı təcrübələri, tələbələrin haqqıyla edəcəyi bir sistem inkişaf etdirdikdən sonra, sözünü etdiyim yuxarı səviyyəli lab modelini bizə də gətirmək olar.

TA: Bəlkə də, orta məktəbdə şagirdlər müəllim nəzarəti altında təcrübələr apara bilsələr, universitetlərdə nəzarətsiz, rahat bir şəkildə praktiki qabiliyyətlərini artıra bilərlər.

SÖ: Elədir ki, var.

TA: Bizə bir az ODTÜ-də verdiyiniz dərslər və müfrədatları haqqında danışın.

SÖ: Mühəndislik və kimya bölməsində olan tələbələrə Üzvi Kimya III dərslərini verirəm. Bu dərslərin içində alkanlar, alkenlər, alkinlər, aromatik həlqələr, alkoqollar, eterlər, tiollar, sulfidlər, aldehidlər, ketonlar, karboksilat turşusu törəmələri – esterlər, asil halojenidlər, amidlər, və digər üzvi funksional qrupları öyrənilirFOOTNOTE: Footnote. Bundan başqa, ”Üzvi reaksiyalardakı reaksiya mexanizmləri” dərsini bəzi semestrlərdə mən verirəm. Bu dərsdə də, üzvi sintezdəki reaksiyaların hansı enerji səviyyəsi – keçid halını seçərək, necə müxtəlif maddələri sintez edə bilib-bilməyəciyini keçirəm. Bir də, müfrədatını özümün hazırladığı “Populyar Mədəniyyətdəki Kimya”. Serial və filmlərdən tutmuş, günlük yaşamdakı kimyanın işləyişi və maraqlı tətbiqləri ilə əlaqəli mövzuları keçirəm. Alternativ dərs kimi, klassik dərslərdən fərqli olaraq, istəyə görə seçməli olub, çox az nəzəriyyə yükü əhatə edir. Tələbələrdən aldığım rəylər çox müsbətdir. Onlar çox vaxt ailələrilə, dostları və tanışlarıyla bu dərsdən öyrəndiklərini paylaşırlar və beləliklə, cəmiyyətdə kimyanın sadəcə bir texniki elmdən ibarət olmadığı, eyni zamanda, həyatın bir çox sahəsində də özünü biruzə verən bir anlayış olduğu düşünülür.

TA: Keçək Salih hocanın lab qrupuna. Nələri araşdırırsınız? Elmi maraq sahələriniz nələrdir?

SÖ: Doktoranturada ikən üzvi sintez işindən başlayıb, asimmetrik katalizator dizaynı ilə davam etdim. ABŞ-da post-doc elədiyim sıralarda zülal (ing. protein) kimyası və peptidlərlə araşdırmalara başladım. Sonra, Türkiyəyə hoca kimi qayıtdığımda, baxdım ki, biokimya həm üzvi kimya, həm də zülallar ilə əlaqəsi olan bir sahədir və üzvi sintezlərdən qopmadan, bu sahə üzrə araşdırma qrupu qura bilərəm. Peptid kimyası olduqca zəngin və çəkici bir araşdırma kimi gəldi mənə. Nə edirik? Normal bilinən amin turşularının yanında, süni amin turşuları sintezləyib, peptid rabitələrinə fərqli özəlliklər qazandırmağa çalışırıq. Yəni, mövcud özəlliyini inkişaf etdirməyi yoxlayırıq. Məsələn, hal-hazırda etdiyimiz layihələrdən biri əqrəb zəhərindən əldə etdiyimiz və xərçəng xəstəliyinin 3-cü faza müalicəsində istifadə olunan bir peptid üzərinədir. Yəni, bu peptid hansı mexanizmlə xərçəng hüceyrəsi ilə əlaqə qurur və təsiredici gücünü göstərir. Biz bu peptidə süni qruplar əlavə etməklə necə daha yaxşı bir molekul dizayn edə bilərik deyə çalışırıq və bunu əvvəlcədən kimyəvi modifikasiya yolları ilə yoxlaya bilirik. Dizayn etdiyimiz molekulların, insan bədənində necə təsirlilik göstərdiyini müşahidə edirik. Bir yandan da, peptidlərin gel ola bilmə özəlliyindən yola çıxıb, yarım-keçirici gel maddə sintez edirik. Bu da, peptidlərin qıvrılıb, uclarındakı pi-pi rabitələrinin əlaqəyə girməsi nəticəsində mümkün olur. Bunun bir də üzvi elektrokimya sahəsində tətbiqi var ki, bu peptidlərdən tranzistorlar qurmaq olur. Biz, təbii ki, tranzistor qurmağı bilmirik, bu cür layihələrdə ortaq çalışırıq. Əqrəb zəhəri layihəsində, məsələn, Biotexnologiya bölməsindən Can hocayla birlikdə çalışırıq. Bu səbəbdən, peptid kimyasının özəlliyi ondan ibarətdir ki, siz maddəni dizayn edirsiniz və başqa sahələrdə tətbiq oluna bilməsinə yol açırsınız. Ortaq çalışdığımız digər sahələrin içində material elmi, biokimya, molekulya biologiya və digərləri var. Bundan başqa, yenə kimya bölümündən Levent bəylə, biosensorların aktivliyini artırmaq üçün keçirici polimerləri birləşdirmə deyə bir layihəmiz var.

TA: Az əvvəl, əqrəb zəhərindən əldə olunan peptidin xərçəng xəstəliyinə olan təsirindən danışdınız. Bunu nəzəri olaraq necə öyrənib tətbiq edirsiniz?

SÖ: Əvvəl, “Docking” dediyimiz kompyuter proqramı ilə bu peptidi və xərçəng hüceyrəsindən çıxan zülalı yaxınlaşdırırıq. İki maddənin hansı nöqtələrdə daha yaxşı əlaqəyə girdiyini müşahidə edirik və sonrasında riyazi düsturlarla hesablayırıq. Hesablardan əmələ gələn nəticələrə görə hipotezimizi qururuq və bu hipotezimizin doğruluğunu araşdırırıq. Yəni, bəli, öncəsində bir nəzəri çalışması var bu layihənin. Nəzəri çalışma demişkən, ağlıma gəldi, Gazi Universitetindən Yavuz Dede adlı professor ilə başqa bir araşdırmamız var. Yavuz hoca “Gaussian” deyilən proqramla kompyuterdə bir liqand maddə dizayn edib və bu liqandın bəzi metallara, dəmir, zink kimi, koordinasiya olub, müxtəlif reaksiyaları çox sürətləndirdiyini önə sürüb. Bu nəzəri çalışmasını da bizimlə paylaşdıqdan sonra, biz həmin liqandın sintezinə başladıq və həqiqətəndə yüksək səviyyəli katalizator olub-olmamasını yoxlamaq üçün səbirsizlənirik. Çünki, ilk dəfə nəzəri (buradaki anlamı ing. computational) bir araşdırmanı təcrübədə etmiş olacağıq. Hal-hazırda 8 pilləli sintezin 6 pilləsini sona çatdırmışıq, sintezin çox az hissəsi qalıb. Onları da tamamladıqdan sonra, Bilkent Universitetindən Ferdi Karadaş hocamız ilə, hələki açıqlaya bilmədiyimiz reaksiyaları, həmin metal-liqand kompleksi ilə yoxlayacağıq.

TA: Sizə və digər araşdırma qruplarına maddi dəstək verilirmi? Türkiyədəki dövlət və özəl universitetlərində bu dəstək necə dəyişir?

SÖ: Sizi inandırım ki, özəl universitetdə bir araşdırma qrupuna verilən dəstək, ODTÜ-nün verdiyi dəstəkdən daha azdır. ODTÜ, bəzi dövlət universitetləri kimi, öz araşdırmaçılarına daha çox pul ayırır. Özəl universitetlər, təəssüf ki, araşdırmaçılara daha yüksək maaş versələr də, araşdırma üçün dəstəyin özlərinin tapmasını gözləyirlər. Yəni, sən pulu bir şəkildə tap;  Türkiye Bilim ve Teknoloji Araşdırma Kurulundan (TÜBİTAK) tap, Avropa Birliyi dəstək layihələrindən tap, sənayədən tap, haradan tapırsan tap. Professorları, pul gətirə bilən birisi olaraq görürlər, təəssüf ki. Dolayısı ilə də, özləri üçün hoca seçərkən də, dəstək görməsi yüksək ehtimalla olan layihələrin sahiblərini gətirirlər. Hocaların universitetlə olan kontraktları 2 ildə bir yenilənir və görürsünüz ki, pul gətirə bilməyən hocanın kontraktını uzatmaya bilirlər bəzən. Bəli, bir tərəfdən, özəl universitetlərin xeyrinə işləyir bu üsul, bir az da, professorları rəqabət mühitinə yönəldirlər, amma bunun yanında, həm də stressli işdir. Bir də, Sənayə Nazirliyinin araşdırmaçılara açdığı böyük vəsaitli dəstəklər var. Yəni, əvvəlkinə görə, Türkiyədə araşdırma aparmaq istəsən, maddi dəstəyi daha rahat tapa bilirsən. Ancaq, yenə də, mentalitet baxımından problemlər davam edir. Təəssüf ki, Türkiyədə bürokratik sənədlər əsasında verilən pullar çox gülünc bir şəkildə istifadə edilə bilir. Bunlara misal olaraq, TÜBİTAK-dan layihəniz qəbul olundu deyək, sizə sonradan bir cihaz lazım olsa, bunu onlara qəbul etdirə bilməzsiniz. Başvuru etdiyiniz vaxt, bunu göstərməmisiniz deyə, sizə büdcədən pul ayırmırlar. Daha öncə, hansı cihaza ehtiyacınız varsa, bunu sıralamanız istənilir və sonradan da əlavə cihazlara pul ayrılmır. Amma, araşdırmalar bu tərzdə iləriləmir. Araşdırmanın ortasında qarşınıza çıxan nəticəyə görə fikirləriniz dəyişə bilir, bu cihaza da ehtiyacımız var deyə bilirsiniz. Sanki, əvvəlcədən hər şeyi bilinən bir layihə var, cihazları da öncədən bəllidir. Elmdə hər şeyi əvvəldən təxmin etmək, hər addımın planlaşdırıldığı kimi işləməsi mümkün deyil. Bu nöqteyi nəzərdən, bürokratik əngəllər pulu lazımlı şəkildə istifadə etməyə imkan yaratmır. Bundan başqa, həmən-həmən hər dövlət universitetində, mərkəzi lablar qurulur. Hər qrup bahalı və böyük həcmdə yer işğal edən cihazları almağa ehtiyac duymasın, hamı ortaq bir yerdən istifadə etsin deyə, bu cihazlar ve sistemlər ortaq bir yerə yığılır. Amma, bu cihazları istifadə etmək üçün, baxırsınız ki, elə sənəd işləri ilə sizi yorurlar ki, araşdırma etməyə vaxt qalmır. Öncə nümunə analizi formunu doldurursunuz, sonra sizə randevu (frans. rendez-vous) verilir. Nümunəni oraya aparırsınız təyin olunmuş randevu vaxtında. Cihazı siz istifadə etmirsiniz, oradaki texniki işçi nümunənizi analiz edir və onun bu mövzunu nə qədər bildiyi şübhəlidir, və ya sizin nəticələrinizi nə qədər dəqiq dəyərləndirəcəyi bəlli deyil. Sizin bu analiz üçün ödəməni etdiyinizdən əmin olduqdan sonra, mərkəzi labın müdiri bu sənədi imzalayır. Yəni, normalda 15 dəqiqə ərzində oluna biləcək bir analiz 1 həftəyə qədər uzanıb çatır. Buna görə də, Türkiyədəki araşdırma problemi ilkin olaraq yavaş işləyişdir. TÜBİTAK-a bəzən filan cihazı almalıyıq deyə müraciət edəndə, bu cihaz mərkəz labınızda var deyir. Ta bilmirlər ki, mərkəz labdaki cihazlar sizin işinizi görmür. Araşdırmanızda bəzi cihazları hər gün istifadə etmə gərəyi duyduğunuz olur. Belə olan halda, hər gün mərkəz labı üçün nümunə formu doldura bilməzsiniz. Yanlış olan digər məsələ, texniki işçi gözləmədiyiniz bir şəkildə analiz etmə bacarığıdır. Yəni məsələ 1 həftə ilə bitmir. Səhvlər olur, yenidən 1 həftəlik proseduru keçmək məcburiyyətində qalırsınız. Bilkentdəki Ulusal Nanoteknoloji Araştırma Merkezi (UNAM) bu cəhəddən daha rahatdır. Siz oradaki cihazları sürətli və limitsiz bir şəkildə istifadə edirsiniz və illik nə qədər ödəmə etməyiniz gərəkirsə, internet vasitəsilə bunu edə bilirsiniz. Cihazdan əlavə, kimyəvi maddə problemimiz də mövcuddur. Xaricdən sifariş olunmuş maddələr, gömrükdəki ləngimə və gözlədilmə səbəbiylə, ən tez 1 aya əlimizə çatır. Yoxsa, pul var, cihaz var, dəstək və həvəsləndirmə də var, ancaq, prosedurun işləməsində qərəzlər var. Bir də, dediyim kimi, yetişmiş texniki işçi əksikliyi var. Kimi texniki işçi, həqiqətən də işini yaxşı görür, nadir də olsa, kimiləri də çox təməl bilgilərlə gəlib analizlərinizi dəyərləndirir.

TA: Bütün bunlara baxmayaraq, TÜBİTAK-ın hətta xarici elm adamlarını Türkiyədəki araşdırmalara sövq etmə proqramı var. Bunun Türkiyəyə bir fayda verdiyini düşünürsünüzmü?

SÖ: Zaman-zaman panolarda da rastıma çıxır, hansısa bir layihəyə xaricdən də elmi araşdırmalara yer verilir deyə. Bunun Türkiyə üçün faydalı olduğu qənaətindəyəm. Xüsusilə də Asiya ölkələrindən – Hindistandan, Çindən və Pakistandan gəlmək şərtilə, ölkəmizə buyuran xarici elm adamları qısa vaxtlı layihələrdə yer alırlar. Gördüyüm qədərilə, buradakı araşdırma qruplarında çox tez bir zamanda isinib, həvəslə çalışırlar. Bir türk araşdırmaçı saat 4-də labdan çıxırsa, onlar 9-a, 10-a qədər çox böyük zövq və həvəslə işləyirlər. Yəni, illərlə bir labda çalışan türk məmuru araşdırmaçısı və qısa müddətlik gələn əcnəbi araşdırmaçı bəlkə də eyni qədər yükdə iş görmüş olurlar. Təbii ki, bununla yanaşı türk elminə yeniliklər də qatmış olurlar. Bu anlamda, necə bizim və digər ölkələrin ən yaxşı tələbələri ABŞ-a beyin köçü edib, oradakı amerikalı araşdırmaçılardan daha çox rəqabət aparıb çalışırlarsa, bayaq sadaladığım ölkələrin təcrübəli araşdırmaçıları da bizim lablara gələrək araşdırma səviyyəsini yüksəldirlər. Yenə də, Türkiyədə araşdırma çox ləng işləyir, çalışanlar çox düz baxır bu işə – səhər 9-la axşam 4 məntiqi ilə, ləng çalışan bürokratik sistem elmi anlamda çox fayda vermir ölkəmizə.

TA: Hocam, boş vaxt tapa bilirsinizmi bu qədər işlərin arasında? Deyək ki, tapdınız, nəyə daha çox zamanınızı xərcləyirsiniz?

SÖ: Əslində kimyadan çox uzaq olmasa da, tədrisdə də istifadə etdiyim kimya təcrübələrini araşdırıb, insanlara göstərməyi sevirəm (və bu anda cibindən kağıza oxşayan, tərkibi nitrosellüloz olan bir şey çıxarıb foks-poks edir və kağız yox olur). “ODTÜ-de bilim eğlencelidir” adında festival da keçiririk hər il, hazırladığım foksları gələnlərə göstərirəm. Son illərdə, maraqlı, rəngli və insanı təəccübləndirən təcrübələri öyrənirəm və çevrəyə uyğun bir şəkildə tətbiq edib, özəlliklə də uşaqların əylənməsi üçün və kimyaya maraqlarını cəlb etmək üçün çalışıram. Bundan çox böyük zövq alıram. Özümün də evdə kimyəvi oyuncaqlarım var, onlarla həşir-nəşir olmağı sevirəm. Bundan başqa, qızımın da getdiyi və valideynlərlə qurduğumuz fərqli bi ilkokul (azerb. ibtidai sinif) var, “Meraklı Kedi” deyə. Onlar üçün kiçik bir elmi emalatxana qurmuşam və Mayda daha da böyüdəcəyəm. İçərisini materiallarla təchiz etmişəm və hal-hazırda bu yaşdakı uşaqlar üçün necə təcrübələr göstərmək olar, onun üzərində plan qururam. Biraz daha maraqlarını cəlb edəcək, elmi o yaşlardan ağıllarında diri tutmaq üçün və gələcək üçün elmə marağı olan insanlar yetişdirmək üçün bu atelyeni qurdum. Geriyə vaxt qalanda, futbol oynamağa, fotoapparat ilə şəkil çəkməyə meyillənirəm. Bunlardan başqa çox da iş görmürəm. Doğurdan da, belə baxanda, asosial insan imişəm (hüzünlənir). Biraz da, həftə sonları evdən çölə çıxmaq istəmirəm. Evdə qızımla vaxt keçirtmək, yeyib-içmək, həyətdəki güllərə baxmaq mənə çox xoşdur və heç də çölə çıxıb bir iki insan görməyə ehtiyac duymuram.

TA: Gələcək planlarınız ilə əlaqəli olaraq bizimlə paylaşmaq istədiyiniz bir şeylər varmı? Başqa hədəfləriniz, planlarınız necədir?

SÖ: Araşdırma mövzusunda, Türkiyəyə geri dönəli 4 il yarım olduğu üçün, layihələrin nəticələnməsini gözləyirəm. Düzdür, içlərində, artıq nəticələnən da var, bitməyə çox az qalanı da var. Bunlardan bəzilərini beynəlxalq elmi jurnallarda dərc etmək istəyirik. Yəni, bu ilin lab qrupumuz üçün səmərəli keçməsini ümid edirəm. Bundan başqa, dillərə marağım var, amma, tələbəlik illərində öyrəndiyim yapon, alman və ispan dilləri bəs edər deyə düşünürəm. Yetər artıq, öyrəndim. Daha çox qol izlədiyimiz bir futbol ili olsun (gülür). Özüm orta cinahda oynayıram Sneijder kimi. Hədəfim də, peptid kimyası mövzusunda bunları-onları etdik demək istəyimdir.

TA: Son olaraq neçə məqaləniz elmi jurnallarda dərc olunub?

SÖ: Mənim beynəlxaq arenalardaki jurnallarda 10 məqaləm var. Bunların içindən ən prestijli jurnalı Nature Chemistry-dir. Özümün ən çox sevdiyim məqaləm, az əvvəl bəhs etdiyim bəzi zülalların kristallanmış halında uran metalına koordinasiyasıdır. Dünya kimya ədəbiyyatındaki bütün kristallana bilən zülalların uraniuma koordinasiya olma qabiliyyətini nəzəri ön-çalışma ilə öyrənib, içlərindən ən yaxşı koordinasiya olan 50 zülalı seçdik.Yəni 4 000-5 000 civarında zülal uraniuma koordinasiya ola bilir, amma bunların içindən 50-si daha yaxşı olur, amma zülalların amin turşularındaki yan qruplara modifikasiya etdikdən sonra. Ortaq qrupla çalışdığım bu araşdırmada 50 zülal bizə çox gəldi və biz bunu 10-a endirdik. Sonra isə 10-un içindən də sadəcə 2-sini alıb modifikasiya etdik və uraniuama bağladıq. Reaksiyaların kompleks formalaşma sabitini də hesabladıq və bu rəqəm həqiqətən də inanılmaz yüksək idi – 1015 molyarlıq bir sabit (komplek formalaşma sabiti, Kf, koordinasiyanın nə dərəcədə az və ya çox olduğunu göstərir). Yəni, çox maraqlı bir şəkildə heç bir metala bağlanmayan zülal, modifikasiya edildikdən sonra uraniuma çox yüksək koordinasiya ilə bağlanır. Bu araşdırmanı da Nature Chemistr-də dərc etdik.

TA: Çox sağolun Salih hoca, dəvətimizi qəbul edib, bu xoş müsahibəyə gəldiyiniz üçün.

SÖ: Mən də zövq aldım, təşəkkürlər dəvətinizə görə.

Söhbət arxası

TA: Doğurdan e, hocam, bir ara süni fotosintez layihəsini birlikdə görmüşdük. Mən misə və manqana bağlanan tripeptidlər sintez etmişdim. O söhbətin axırı necə oldu?

SÖ: Bayaq da dediyim kimi, cihazımız olsun ki gərək, o kompleksləri incələyək. İlk başda Siklik Voltametri (ing. Cyclic Voltammetry – CV) qrafiklərini çıxarırıq (bu qrafik maddənin ən yüksək oksidlənmə və reduksiya olunma potensiyallarını ölçür) bu cür maddələri analiz edərkən. Onu da, bölməmizdən Levent bəy etdi, lakin nəticələr istədiyimiz kimi deyildi. Alət də köhnədir, onsuzda. Bu maddələrin elektrokimyasını öyrənmək üçün,onları Bilkent Universitetindəki Ferdi hocaya verdik. Onun dediyinə görə, Bilkentdə elektrokimya analizi üçün cihaz tapıblar. Özümüz ön-çalışma etdiyimiz vaxt, manqana bağlanan tripeptid kompleksinin havaya məruz qalmasında çöküntü müşahidə etmişdik. İndi həyəcanla gözləyirik, Ferdi hoca, mis kompleksinin analizindən necə xəbərlər gətirəcək bizə. Bu arada, keçən dəfə yuxumda görmüşdüm ki, bölməmizdən qeyri-üzvi kimyaçı olan Saim hoca gəlir və söhbətimiz belə iləriləyir:

Saim hoca: Siz manqanla nəsə peptid araşdırması edirdiniz. Onun üzərindən hava keçirəndə çöküntü gördünüzmü?

Mən: Bəli, gördük.

Saim hoca: (həyəcanla) Bəs nə rəngdə çökdü?

Mən: Qəhvəyi rəngdə çökdü.

Saim hoca: Hə, çox yaxşı. Tamam.

Sonra, oyananda yadıma düşdü ki, Saim hoca da manqan koordinasiya ilə çalışır. Orada, çox yaxşı deməsi isə, onunla əlaqəlidir ki, onun da yoxladığı manqan kompleksləri var və sevinir ki, ondan qabaq nəsə yenilik tapan yoxdur (gülür). Amma, narahat olma, layihə hələ davam edir və Ferdi hoca cihazla analiz edib, bizə nəticələri deyəcək. Unutmamışıq yəni səni və sintez etdiyin maddələri (kompliment edir və zövqlə gülür).

TA: Çox sağ olun, hocam.


Salih Özçubukçunun beynəlxalq jurnallarda dərc olunan məqalələri ilə buradan tanış ola bilərsiz.

Posts created 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Begin typing your search term above and press enter to search. Press ESC to cancel.

Back To Top